Məhkəmə qərarları › İş №2-1(103)-2543/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2543/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2543/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “01.09.1980-20.07.1981-ci illərdə Sumqayıt şəhər 7 saylı X6 Məktəbində təhsil dövrünün sosial sığorta stajı hesab edilərək 57 yaşının tamam olduğu tarixdən, yəni 12.08.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4646/2021 saylı 30.06.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01.09.1980- 20.07.1981-ci illərdə Sumqayıt şəhər 7 saylı X6 Məktəbində təhsil dövrünün sosial sığorta stajı hesab edilərək 57 yaşının tamam olduğu tarixdən, yəni 12.08.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.1963-cü ildə anadan olmuşdur. 01.09.1980-ci ildən 20.07.1981-ci ilə qədər Sumqayıt şəhər 7 saylı X6 məktəbində təhsil almış və təyinatla Bakı İstilik İzolyasiya Quraşdırma İdarəsinə göndərilmişdir. Bakı İstilik İzolyasiya Quraşdırma İdarəsində 28.07.1981-ci ildə əmək fəaliyyətinə başlamış və orada 02.07.2012-ci ilə qədər işləmişdir. 01.07.2019-cu ildə yenidən həmin idarəyə (hazırki adı "xxxx" ASC) işə qəbul edilmiş və hal-hazırda da həmin müəssisədə işləyir. 20.10.1981- 03.11.1983-cü illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. İddiaçının ümumi iş stajı 41 ildən artıqdır. İddiaçı cavabdeh orqana, ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının ərizəsinin icrasından 02.12.2020-ci il tarixli, **********8 saylı məktubu ilə imtina etmişdir. İmtinanın əsas səbəbi kimi onun 01.01.2006-cı ilə qədər iş stajının 24 il 2 ay 09 gün olması qeyd edilmişdir. Cavabdeh orqan iddiaçının Sumqayıt şəhər 7 saylı X6 Məktəbində oxuduğu dövrü, yəni 01.09.1980-20.07.1981-ci illəri iş stajı kimi nəzərə almamışdır. İddiaçı cavabdehin imtinasını əsassız hesab edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4646/2021 saylı 30.06.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir.(hakim: M.Hacıbəyova) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” qanun iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun (bundan sonra - ƏPQ) 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinin (b) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun İddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; və 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2-ci şərtə əməl edilməmişdir. İddiaçının 04.08.1981-ci il tarixli ИТ-1 ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçının 01.01.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən azdır (cəmi 24 il 2 ay 9 gün). ƏPQ-nin 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alman, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. ƏPQ-nin 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. ƏPQ-nin 6.2-ci maddəsinə görə, əməkpensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. ƏPQ-nin 6.3-cü maddəsinə görə, əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanm fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. ƏPQ-nin 45-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 48,000.00 manat hesablanmışdır. İddiaçının cəmi pensiya kapitalı isə 41,077.60 manat təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi-vəkili X3 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı 01.09.1980-20.07.1981-ci illərdə Sumqayıt şəhər 7 saylı X6 Məktəbində təhsil dövrünün sosial sığorta stajı hesab edilərək 57 yaşının tamam olduğu tarixdən, yəni 12.08.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qeyd etmişdir ki, cavabdeh iddiaçının ümumi iş stajını müəyyən edərkən onun 01.09.1980-20.07.1981-ci illərdə Sumqayıt şəhər 7 saylı X6 Məktəbində təhsil aldığı müddətini nəzərə almamış, ümumi stajının 24 il 2 ay, 9 gün təşkil etdiyini bildirmişdir. Halbuki, iddiaçının təhsil aldığı 1980- 1981-ci illərdə “Dövlət pensiyaları” haqqında SSRİ Qanunu qüvvədə olmuşdur. 01.10.1956cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin “v” bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Yuxarıda istinad olunan və iddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş pensiya qanunvericiliyinin normalarından göründüyü kimi təhsil müddəti onun iş stajına, hazırkı halda sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan 759001 nömrəli iddiaçıya aid diplomun surətindən görünür ki, İddiaçı 01.09.1980-ci ildən 20.07.1981-ci ilə qədər Sumqayıt şəhər 7 saylı X6 məktəbində təhsil almışdır. İş materiallarında olan iddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada Azərbaycan dilinə tərcümə edilmiş və təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 28.07.1981-ci ildə Sumqayıt sahəsinə 3-cü dərəcəli tənəkəçi vəzifəsinə işə qəbul edilmiş, 25.09.1981-ci ildə Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinin 3-cü bəndinə əsasən, Sovet ordusunda xidmətə çağırıldığı üçün işdən azad edilmiş, 20.10.1981ci ildən 03.11.1983-cü ilədək Sovet ordusunda xidmət etmiş, 02.01.1984-cü ildə Sumqayıt sahəsinə 3-cü dərəcəli tənəkəçi vəzifəsinə işə qəbul edilmiş, 11.01.1985-ci ildə 4-cü dərəcəli izolyasiyaçı vəzifəsinə keçirilmiş, 01.07.1987-ci ildə “Termoizolyasiya” Sumqayıt montaj idarəsinin yaranması ilə əlaqədar olaraq, “Azistilikmontaj” tresti həmin idarənin sərəncamına verilmiş, 01.07.1987-ci ildə “Termoizolyasiya” Bakı Montaj İdarəsindən “Azistilikmontaj” trestinin “Termoizolyasiya” Sumqayıt montaj idarəsinə köçürülməklə 4-cü dərəcəli izolyasiyaçı vəzifəsinə işə qəbul edilmiş, 01.12.1987-ci ildə əməyin ödənilməsinin yeni tarif şərtlərinin tətbiqi ilə əlaqədar olaraq, üçüncü dərəcəli izolyasiya vəzifəsi verilmiş, 01.07.1989-cu ildə “Azistilikmontaj” trestinin ləğvi ilə əlaqədar olaraq, “Azmontaj və xüsusi tikinti” “Termoizolyasiya” Sumqayıt montaj idarəsinin tabeliyində hesab edilmiş, 01.01.1993cü ildə 5-ci (beşinci) dərəcəli izolyasiyaçı vəzifəsi verilmiş, 17.06.2004-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin qeydiyyatı üzrə Sumqayıt bölgə şöbəsinin 17 iyun 2004-cü il tarixli, 0204-S-2845 saylı şəhadətnaməsinə əsasən Sumqayıt “istilikizolyasiya” ATSC-nin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmış, 01.07.2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69(1) maddəsi ilə (öz xahişi ilə) 5-ci dərəcəli sarıyıcı (briqadir) vəzifəsindən azad olunmuş, əmək müqaviləsinə xitam verilmiş, 30.04.2013-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2(b) maddəsinə əsasən və Əmək Məcəlləsinin 73.1-ci maddəsinin birinci cümləsində göstərilmiş qaydaya uyğun olaraq 30.04.2013-cü il tarixdə xitam verilmiş, 31.05.2013-cü ildə 17 nömrəli əmr etibarsız hesab edilərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2(a) maddəsinə əsasən (işçinin öz təşəbbüsü ilə) və Əmək Məcəlləsinin 69.3-cü maddəsində nəzərdə tutulmuş qaydada xitam verilmiş, 01.06.2013-cü ildə "xxxx" MMC-də izolyasiyaçı vəzifəsinə təyin edilmiş, 19.01.2017-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 (a) bəndinə əsasən (öz təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmiş, 14.11.2016cı ildə “X4 X2 Sanayi ve Ticarət Limited “ şirkətinin Azərbaycan Respublikası filialının tikinti sahəsinə “izolyasiyaçı” işinə qəbul edilmiş, 10.02.2017-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2(a) bəndinə əmək müqaviləsinə xitam verilmiş, 05.07.2017-ci ildə "xxxx" MMC-yə usta işinə qəbul edilmiş, 20.06.2019-cu ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi (tərəflərdən birinin təşəbbüsü) ilə əmək müqaviləsinə xitam verilmiş, 01.07.2019-cu ildə "xxxx" ASC-də usta izolyasiyaçı işinə qəbul edilmiş və 01.11.2020-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi (öz xahişi ilə) ilə əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 11 nömrəli, 26 oktyabr 2020-ci il tarixli arayışına əsasən, İddiaçı həqiqətən 11.01.1985-ci il tarixdən 117/5 saylı əmrlə Aztermoizol ASC-də (əvvəllər “Termoizolyasiya” BQİ-nin Sumqayıt sahəsi, 1987-ci ildə Sumqayıt Termoizolyasiya Qİ, 1998-ci ildə İstilikizolyasiya ATSC, 20014-cü ildə Aztermoizol ASC olub) 5-ci dərəcəli sarıyıcı (izololyasiyaçı) peşəsi üzrə işləmişdir. 02.07.2012-ci il tarixdən 11/k saylı əmrlə əmək müqaviləsinə xitam verilib. 01.07.2019-cu ildə yenidən Aztermoizol ASC ilə əmək müqaviləsi imzalanmış və izolyasiyaçı işinə qəbul edilmişdir. Hal-hazırda Aztermoizol ASC-də izolyasiyaçı peşəsi üzrə çalışır. İşlədiyi dövrlər: 11.01.1985-ci ildən 31.12.2006-cı il tarixə kimi; 01.04.2007-ci ildən 31.01.2008-ci il tarixə kimi; 01.08.2010-cu ildən – 31.10.2010-cu il tarixə kimi; 01.04.2011-ci ildən – 30.11.2011-ci il tarixə kimi; 01.07.2019-cu ildən hal-hazırki vaxta kimi işləyir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının XXVİİ bölməsinin (bina, qurğu və digər obyektlərinin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) a) bəndinin 2290000a-12520,29,31,33 saylı siyahısına əsasən güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 02.12.2020-ci il tarixli, **********8 saylı imtina məktubundan görünür ki, Mərkəzi Filiala təqdim edilən 04 avqust 1981-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasının surətindən göründüyü kimi iddiaçının 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 02 ay 09 gün) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunverciliyə uyğun olaraq ona münasibətdə 48000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 41077,60 manat təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 12 il 6 aydan, ümumi stajı 25 ildən az olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 57 yaşı 12.08.2020-ci il tarixdə tamam olmuşdur və o, 01.09.1980-ci il tarixdən 20.07.1981-ci il tarixə kimi Sumqayıt şəhər 7 saylı X6 məktəbində təhsil almış, (10 ay 19 gün), 28.07.1981-ci il tarixdən 25.09.1981-ci il tarixə kimi “Termoizolyasiya” Bakı Montaj İdarəsinin Sumqayıt sahəsində 3cü dərəcəli tənəkəçi vəzifəsində (1 ay 27 gün), 20.10.1981-ci il tarixdən 03.11.1983-cü il tarixə kimi Sovet ordusunda xidmət etmiş, (2 il 13 gün), 02.01.1984-cü il tarixdən 01.07.2012-ci il tarixə kimi Sumqayıt sahəsinə tənəkəçi, izolyasiyaçı vəzifələrində (01.01.2006-cı il tarixə kimi 21 il 11 ay 29 gün), 06.08.2012-ci il tarixdən 31.05.2013-cü il tarixə kimi Stork Technical Services şirkətində, 01.06.2013-cü il tarixdən 19.01.2017-ci il tarixə kimi "xxxx" MMC-də izolyasiyaçı vəzifəsində 14.11.2016-cı il tarixdən 10.02.2017-ci il tarixə kimi “X4 X2 Sanayi ve Ticarət Limited “ şirkətinin Azərbaycan Respublikası filialının tikinti sahəsində izolyasiyaçı vəzifəsində, 05.07.2017-ci il tarixdən 20.06.2019-cu il tarixə kimi "xxxx" MMC-də usta vəzifəsində, 01.07.2019-cu il tarixdən 01.11.2020-ci il tarixə kimi "xxxx" ASC-də usta izolyasiyaçı vəzifəsində işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil və hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 25 il 28 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin işə götürən tərəfindən verilmiş arayışa əsasən iddiaçının 11.01.1985-ci ildən 31.12.2006-cı il tarixə kimi; 01.04.2007-ci ildən 31.01.2008-ci il tarixə kimi; 01.08.2010-cu ildən – 31.10.2010-cu il tarixə kimi; 01.04.2011-ci ildən – 30.11.2011-ci il tarixə kimi; 01.07.2019-cu ildən hal-hazırki vaxta kimi işləyir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının XXVİİ bölməsinin (bina, qurğu və digər obyektlərinin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) a) bəndinin 2290000a-12520,29,31,33 saylı siyahısına əsasən güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verilir. (01.01.2006-cı il tarixə kimi 20 il 11 ay 20 gün) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İşə götürən tərəfindən verilmiş arayışdan göründüyü kimi iddiaçı 01.01.2006-cı il tarixədək 20 il 11 ay 20 gün güzəştli iş stajına malik olmuşdur. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Cavabdeh inzibati orqanın iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsinə dair irəli sürüdüyü dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin bu imtina əsası əsassızdır. Çünki “Əmək pensiyaları haqqında” Qanunun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması şərtlərini müəyyən edən 9-cu maddəsinin 9.8-ci bəndində qeyd edilir ki, Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İşin araşdırılmış hallarından da bəllidir ki, iddiaçı 01.01.2006-cı ilədək qüvvədə olmuş qanunvericiliyin tələbləri üzrə ümumi və xüsusi stajı toplamışdır. 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalının olması tələb olunmurdu. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, cavabdeh tərəfindən əlavə olaraq iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb edilməsi, iddiaçını ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərə münasibətdə daha ağır vəziyyətə salır və bu hal sosial ədalət prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Göründüyü kimi, yuxarıda qeyd edilən hər iki şərt - ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə ödənildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni 12.08.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İş materiallarından göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin ilk dövründən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. “Andreyeva Latviyaya qarşı” məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması müddəasını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4646/2021 saylı 30.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar