Məhkəmə qərarları › İş №2-1(103)-2543/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2543/2023

09.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2543/2023 09.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X2 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı X4 və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın azaldılması və pensiya məbləğindən tutulmalarla bağlı hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5172/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla ona münasibətdə pensiyasının azaldılması və pensiya məbləğindən tutulmalarla bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və bununla bağlı qəbul edilən qərarın ləğv edilməsi, ona ilkin təyin edilmiş pensiya məbləği bərpa edilməklə, ödənilməyən pensiya məbləği fərqinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (təvəllüdü xx.xx.1955-ci il) 1977-1998-ci illərdə Azərbaycan ETMEK və KPİ-də mütəxəssis, kiçik elmi işçi, böyük elmi işçi, 1998-2000-ci illərdə 16-cı dərəcə üzrə aparıcı elmi işçi vəzifəsində, 2000-2007-ci illərdə 1 saylı Yerli İqtisad Məhkəməsinin hakimi, 2007-2020-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışmış və xx.xx.2020-ci ildə pensiyaya çıxmışdır. «Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında» Qanunda dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli Qanuna və «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinə əsasən 2018-ci il mayın 1-dən pensiyaya çıxdığı tarixədək onun vəzifə maaşı 1782 manat (2475 x 90% x 80% = 1782) məbləğində müəyyənləşmiş, bu vəzifə maaşı və onun əsasında müvafiq əlavələr, müavinət, aylıq pul təminatı hesablanaraq aylıq əmək haqqı məbləği 4829,22 manat təşkil etmişdir (1782 manat vəzifə maaşından 14% vergi tutulmaqla 1532,52 manat, vergi tutulmayan əlavə vəzifə maaşı 1782 manat, hakimlik stajının 15 ilinə görə 45%, elmi dərəcəyə görə 15% və səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün 25% miqdarında aylıq pul təminatı olmaqla vəzifə maaşının cəmi 85% miqdarında - yəni 1514,7 manat). Bakı Apellyasiya Məhkəməsinin hakimi kimi çalışdığı həmin dövrdəki aylıq əməkhaqqı məbləği, bu əməkhaqqı məbləği əsasında aldığı və məcburi dövlət sosial sığortasına cəlb olunan məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət, eləcə də müalicə olunmaq üçün iki aylıq əməkhaqqı məbləğində pul təminatı nəzərə alınmaqla iddiaçıya xx.xx.2020-ci il tarixindən 4642 manat məbləğində pensiya təyin olunmuşdur. Bundan sonra, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamına əsasən pensiya məbləğinə 10% aylıq maddi yardım əlavə olunaraq, 2022-ci il yanvarın 1-dən iddiaçının pensiyası 5106,72 manat məbləğində müəyyən edilmiş və o, həmin pensiya məbləğini 2022-ci ilin sentyabr ayınadək almışdır. «AR Milli Məclisi deputatının statusu haqqında» Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə və «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 29 iyun 2022-ci il tarixli Qanunlara əsasən 01 iyul 2022-ci il tarixdən apellyasiya məhkəmələri hakimlərinin vəzifə maaşları artaraq 2556 manat (3550 x 90% x 80% = 2556) manat məbləğində müəyyənləşmiş, bu isə vəzifə maaşlarının 43%-dən çox artması deməkdir (2556 : 1782 = 1,4343). İddiaçı hesab edir ki, qanunvericiliyin «əməkhaqqındakı sonrakı artımların da nəzərə alınması» normasına əsasən, ona təyin olunan 4642 manat pensiya məbləği 43% artmaqla 6675,18 manat məbləğində müəyyən olunmalı, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022ci il tarixli Sərəncamı əsasında pensiya məbləğinə 10% aylıq maddi yardım nəzərə alınaraq iddiaçının pensiyası 7342,7 məbləğini təşkil etməli idi ki, bu da onun əvvəl aldığı 5106,72 manat pensiyanın 43 % artması (7342,7 : 5106,72 = 1,43) deməkdir. İddiaçı bildirir ki, əmək haqqındakı sonrakı artımlar nəzərə alınmaqla müəyyənləşən pensiyanı xx.xx.2022-ci il tarixdən almalı olduğu halda, ona iyul-avqust-sentyabr aylarında 5106,72 manat məbləğində pensiya verilmiş, xx.xx.2022ci il tarixində isə pensiya kartına 6148,03 manat pul köçürülmüşdür ki, bu məbləğin nəyi ifadə etdiyi ona aydın deyil. Belə ki, bu məbləğ həm xx.xx.2022-ci il tarixdən almalı olduğu pensiya məbləğindən aşağıdır, həm də iyul-avqust-sentyabr ayları üzrə pensiya artımı hissəsinin iddiaçıya verilmədiyini göstərir və bunun səbəbləri barədə iddiaçıya hər-hansı məlumat verilməmişdir. Bununla əlaqədar iddiaçı xx.xx.2022-ci il tarixli məktubla Dövlət Sosial Müdafiə Fonduna məktubla müraciət edərək, bu məsələlərə aydınlıq gətirilməsini xahiş etmişdir. Lakin müraciətindən sonra 1 ay keçməsinə baxmayaraq və xx.xx.2022-ci il tarixədək iddiaçıya cavab verilmədiyindən xx.xx.2022-ci il tarixdə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın “Çağrı mərkəzi”nə zəng edib bunun səbəbini öyrəndikdə ona bildirmişlər ki, onun xx.xx.2022ci il tarixli məktubuna cavab məktubu hazırlanaraq göndərilmiş və yəqin ki, onu yaxın günlərdə alacaqdır. Bundan sonra da onun xx.xx.2022-ci il tarixli məktubuna cavab məktubu təqdim olunmadığından məcbur olub xx.xx.2022-ci il tarixdə Yasamal rayonundakı “DOST” Mərkəzinə gedib XŞTÜ Mərkəzi Filialının cavab məktubunun elektron variantda surətini almış və nəhayət xx.xx.2022-ci il tarixdə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli cavab məktubu ona təqdim olunmuşdur. Həmin məktubla qeyd olunmuşdur ki, hakimlərin vəzifə maaşları 1 iyul 2022-ci il tarixindən artırıldığı üçün sabiq hakimlərin də pensiya məbləğləri həmin tarixdən artırılmalı olması ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, hakim kimi pensiya təyinatı üçün iddiaçı tərəfindən vaxtilə təqdim edilmiş sənədlər son 24 ay üzrə ödənilmiş əmək haqqına aiddir. Bu səbəbdən də iddiaçının pensiyasının hesablanması zamanı vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı 5 il üzrə deyil, son 2 il üzrə hesablanmışdır. Cavab məktubunda həmçinin bildirilmişdir ki, göstərilən səbəbdən də əmək pensiyasının qanunvericiliyə uyğunlaşdırılması məqsədilə ona 60 ay ərzində ödənilmiş əmək haqqına dair məlumatların təqdim olunması üçün Bakı Apellyasiya Məhkəməsinə sorğu verilmiş və cavab olaraq təqdim edilmiş iddiaçıya dair əmək haqqı cədvəlinə əsasən pensiyası yenidən hesablanmışdır. Həmçinin bildirilmişdir ki, orta aylıq əmək haqqının (4868,07 manat) 80 faizi - 3894,45 manat məbləğində hesablanmalı olduğu halda, 4642,47 manat müəyyən edildiyi və buna görə də həmin dövr üzrə ona artıq pul vəsaiti ödənildiyi üçün, ona ödənilməli olan 2839,95 manat fərq məbləğinin artıq ödənilmiş pul vəsaiti ilə əvəzləşdirilərək büdcəyə bərpa edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərini pozmaqla ona münasibətdə qəbul etdiyi qərarla pensiyanın azaldılması və pensiya məbləğindən tutulmalarla (məktubda bu halın «əvəzləşdirmə» kimi göstərilməsi işin mahiyyətini dəyişmir) bağlı hərəkətlərə yol vermişdır. İddiaçı bildirir ki, verilməli olan pensiya məbləğində hər-hansısa dəyişiklik (pensiyanın azaldılması, pensiya məbləğindən tutulmalar və s.) edilməsi qaydaları «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsi ilə müəyyən edilmişdir və həmin normaya əsasən «artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur». İddiaçı bildirir ki, Qanunun tələbinə baxmayaraq, ona pensiya məbləğinin azaldılmasi və pensiya məbləğindən tutulmalar barədə hər-hansı məlumatlar verilməmiş, bu barədə iddiaçının razılığı olmamış, bu məsələ ilə bağlı hər-hansı bir məhkəmə qərarı yoxdur. İddiaçının məlumatı və iştirakı olmadan cavabdeh inzibati orqan 60 ay ərzində ödənilmiş əmək haqqına dair məlumatların təqdim olunması üçün Bakı Apellyasiya Məhkəməsinə sorğu verilmiş (hansı əsaslarla və hansı 60 ay üzrə sorğu verilməsı ona məlum deyil) və cavab olaraq təqdim edilmiş əməkhaqqı cədvəlinə əsasən pensiyanın yenidən hesablanmasına qərar verilmişdır. İddiaçı xüsusi olaraq onu vurğulayır ki, qanunvericiliyə əsasən pensiyaya çıxanın razılığı və müvafiq müracıəti əsasında tələb oluna bilən «istənilən ardıcıl gələn 60 ay» ifadəsində seçim hüququ pensiyaya çıxana aiddir. Ona görə də hesab edir ki, onun xəbəri olmadan və bu məsələ ilə bağlı hər-hansı bir məhkəmə qərarı olmadan pensiyanın azaldılması və pensiya məbləğindən tutulmalarla bağlı cavabdeh inzibati orqanın qərarı və etdiyi hərəkətlər qanuna ziddir. Yaranmış mübahisənin qanunamüvafiq həll olunması üçün iddiaçı isə hesab edir ki, bunun üçün tərəflər ilkin vəziyyətə gətirilməli, yəni iddiaçıya ilkin təyin olunmuş pensiya məbləği bərpa olunmalı, bundan sonra ona müraciət olunmalı, razılığı olarsa artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyasını təyin edən orqanın qərarı əsasında tutulmalı, razılığı olmadıqda isə məhkəmə qaydasında tutulması üçün müvafiq iddia qaldırılmalıdır. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla ona münasibətdə pensiyasının azaldılması və pensiya məbləğindən tutulmalarla bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və bununla bağlı qəbul edilən xx.xx.2022-ci il tarixli 017066 nömrəli qərarın ləğv edilməsi, ona ilkin təyin edilmiş pensiya məbləği bərpa edilməklə, ödənilməyən pensiya məbləğinin fərqinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın dəqiqləşdirilməsi barədə ərizə əlavə olaraq belə əsaslandırılmışdır ki, cavabdeh DSMF XŞT üzrə Mərkəzi Filialın xx.xx.2020-ci il tarixli 017066 nömrəli qərarı ilə iddiaçıyaa hakim kimi 29.090.2020-ci il tarixdən yaşa görə müddətsiz 4642,47 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Sonradan isə cavabdeh qəbul etdiyi xx.xx.2022ci il tarixli 017066 nömrəli digər qərarı ilə iddiaçıya xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək verilməli olan pensiyanın məbləğinin 4642,47 manat yox, 3894,45 manat olması “nəticəsinə” gəlmiş və pensiyası artımlarla birgə 6148,03 manat məbləğində müəyyən edilmişdir. Halbuki, qanunvericilikdə edilən dəyişikliklər və AR Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamı əsasında pensiya məbləğinə 10 faiz aylıq maddi yardım nəzərə alınmaqla iddiaçının pensiyası 7342,7 manat təşkil etməli idi. Təqdim edilmiş sənədlərdən görünür ki, xx.xx.2020-ci il tarixli 017066 nömrəli qərar ləğv edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.010-cu və 2.0.11-ci maddələrinə əsasən xx.xx.2020-ci il tarixli qərar əlverişli inzibati akt, xx.xx.2022-ci il tarixli qərar isə əlverişsiz (yükləyici) inzibati aktdır. Ona görə də sözügedən Qanunun 67-ci maddəsində nəzərdə tutulan normalar baxımından qüvvədə əlverişli inzibati akt olduğu halda, həmin inzibati akt ləğv edilmədən azaldılmış pensiya məbləğinin müəyyən edilməsi və ödənilmiş pensiyanın geri qaytarılması barədə qərarın qəbul edilməsi yolverilməzdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5172/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilən xx.xx.2022-ci il tarixli, **********1 nömrəli qərar ləğv edilmiş və iddiaçıya ödənilməyən pensiya məbləği fərqinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5172/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı, ona cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla pensiyanın azaldılması, pensiya məbləğindən tutulmalarla bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və bununla bağlı qəbul edilən qərarın ləğv edilməsi öhdəliyinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalın üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh hesab edir ki, iddiaçının tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. İddiaçı iddia tələbinə dair Mərkəzi Filial tərəfindən həyata keçirilmiş inzibati icraat tədbirləri haqqında aşağıdakılar bildirilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına iddiaçının 4 noyabr 2022-ci il tarixində daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmışdır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci, 20.7.1-ci və 20.7.2-ci maddələrinə əsasən sabiq hakimlərə əmək pensiyası onların hakim vəzifəsində işlədikləri son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki aldıqları əmək haqqının orta aylıq məbləğinə əsasən hesablanır. Pensiyanın faiz dərəcəsi isə 15 il hakim kimi iş stajına görə 50 faiz, 15 ildən yuxarı hər ilinə görə 3 faiz miqdarında müəyyən edilir (80 faizdən çox olmamaq şərti ilə). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən xx.xx.2005-ci il tarixinədək vəzifəyə təyin edilmiş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinin əmək pensiyası həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinə uyğun hesablanmalıdır. Yəni, sözügedən Plenum Qərarına əsasən xx.xx.2005-ci il tarixinədək hakim təyin olunmuş şəxsə beş il iş stajına əsasən maksimum 80 faiz miqdarında pensiya təyin edilə bilər. Həmin şəxsin vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı son 24 ay üzrə deyil, istənilən beş il üzrə hesablanmalıdır. Çünki "Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin xx.xx.2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasında “hakimlərin işlədikləri son 24 ayı üzrə pensiyanın hesablanması” anlayışı mövcud deyildi, sözügedən Qanunda yalnız 5 illik əmək haqqına uyğun hesablanma nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Qanuna əsasən hakimlərə son 24 ay üzrə ödənilmiş əmək haqqı əsasında pensiya hesablandıqda 25 ildən az hakim kimi iş stajı olan şəxslərin faiz dərəcələri 80 faizdən aşağı olur. Göründüyü kimi, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinə əsasən pensiya təyin edilmiş olsa idi pensiya faizi 20 il 27 gün hakimlik stajına uyğun olaraq 65 faiz müəyyən ediləcəkdir, yəni müvafiq Plenum Qərarı ilə müəyyən edilmiş faiz dərəcəsindən (80 faiz) aşağı olacaqdır. Eyni zamanda bildirilir ki, hakimlərin vəzifə maaşları 1 iyul 2022-ci il tarixindən artırıldığı üçün sabiq hakimlərin də pensiya məbləğləri həmin tarixdən artırılmalıdır. Bununla əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, hakim kimi pensiya təyinatı üçün iddiaçı tərəfindən vaxtilə təqdim edilmiş sənədlər son 24 ay üzrə ödənilmiş əmək haqqına aiddir. Bu səbəbdən də iddiaçının pensiya hesablanması zamanı vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı 5 il üzrə deyil, son 2 il üzrə hesablanmışdır. Əmək haqqının tərkibinə daxil olan bəzi əlavələr əvvəllər mövcud olmadığından son 5 il ilə müqayisədə son 2 il üzrə orta aylıq əmək haqqı daha yüksək məbləğdə olmuşdur. Buna görə də onun pensiyası ya “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinin tələblərinə uyğun son 24 ay üzrə orta aylıq əmək haqqının 65 faizi miqdarında hesablanmalı idi, ya da Plenum qərarına uyğun 60 ay ərzində orta aylıq əmək haqqının 80 faizi miqdarında hesablanmalı idi. Lakin iddiaçının pensiyası 24 ay üzrə əmək haqqı əsas götürülməklə 80 faizlə hesablanmışdır. Nəticədə, ona artıq pul vəsaiti ödənilmişdir. Göstərilən səbəbdən də, əmək pensiyasının qanunvericiliyə uyğunlaşdırılınası məqsədilə ona 60 ay ərzində ödənilmiş əmək haqqına dair məlumatların təqdim olunması üçün cavabdeh tərəfindən Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə sorğu verilmişdir. Cavab olaraq təqdim edilmiş ona dair əmək haqqı cədvəlinə əsasən pensiyası yenidən hesablanmışdır. Belə ki, ona sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edildiyi 29 sentyabr 2020-ci il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1781,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 801,45 manat, təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə 445,25 manat, elmi dərəcəyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 267,15 manat, digər növ əlavələr 1573,22 manat olmaqla orta aylıq əmək haqqısı 4868,07 manat təşkil etmişdir. Bununla əlaqədar onun əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 20 il 27 gün sabiq hakim kimi ış stajına uyğun olaraq orta aylıq əmək haqqının (4868,07 manat) 80 faizi-3894,45 manat məbləğində hesablanmalı olduğu halda, 4642,47 manat müəyyən edilməklə xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində hər ay müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də, həmin dövr üzrə iddiaçıya 15758,29 manat artıq pul vəsaiti ödənilib. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 iyul 2022-ci il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2556,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 1150,20 manat, təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə 639,00 manat, elmi dərəcəyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 383,40 manat, digər növ əlavələr 2257,80 manat olmaqla orta aylıq əmək haqqının 6986,40 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 20 il 27 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (6986,40 manat) 80 faizi-5589,12 manat məbləğində müəyyən edilmiş, lakin xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində pensiyaçı sabiq hakimlərin orta aylıq əmək haqlarının hesablanması zamanı vəzifə maaşında artımlar tətbiq edilmədiyi üçün həmin dövr üzrə hər ay 4642,47 manat pul vəsaiti müvafiq kart hesabına köçürülüb. Nəticədə ona göstərilən dövr ərzində ödənilməli olan 2839,95 manat fərq məbləği müəyyən edilib. Həmin 2839,95 manat pul vəsaiti ona artıq ödənilmiş 15758,29 manat pul vəsaiti ilə əvəzləşdirilərək büdcəyə bərpa edilib. Qalan artıq ödənilmiş pul vəsaiti 12918,34 (15758,29 2839,95) manat təşkil edib. Əlavə olaraq bildirilir ki, 01 yanvar 2022-ci il tarixindən hesablanmaqla ona “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım ödənilir. Bununla əlaqədar olaraq, ona xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 4013,43 manat məbləğində maddi yardım ödənilməli olduğu halda, 4178,25 manat ödənilib və 164,82 manat artıq pul vəsaiti ödənilmişdir. Nəticədə, iddiaçının ümumi qalıq borcu 13083,16 (12918,34+164,82) manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Əlavə olaraq inzibati icraat materiallarından da göründüyü kimi, tələb olunan məbləğlə bağlı Mərkəzi Filial tərəfindən iddiaçının pensiyasından heç bir tutulma aparılmamışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, iddiaçı Dövlət Sosial Müdafiə X5 Sədr müavini Zəka Mirzəyevin, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyevin və X1 baxılması departamentinin müdiri Fuad Zalıyevin birgə qəbulunda olmuş və iddiaçının əmək pensiyasının yenidən hesablanmasının, pensiyasının məbləğinin qanunvericiliyə uyğun müəyyənləşdirilməsinin qanunauyğunluğu ona tam və hərtərəfli izah olunmuşdur. Eyni zamanda, iddiaçı müvafiq rəhbər vəzifəli şəxslərin qəbulunda olarkən keçirilmiş dinlənmənin müddəti 2 saatdan artıq çəkmişdir. İddiaçı həm Fond, həm də Mərkəzi Filial tərəfindən rəhbər vəzifəli şəxslərin iştirakı ilə qəbul edilərək inzibati aktın qəbul olunmasına əsas olan hallar ona izah edilmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi inzibati orqan tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli qərar iddiaçının hüquq və qanuni maraqlarını pozan və mübahisələndirmək hüququ verən əlverişsiz inzibati akt hesab oluna bilməz. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5172/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Аzərbаycаn Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildiririlmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci, 20.7.1-ci və 20.7.2-ci maddələrinə əsasən sabiq hakimlərə əmək pensiyası onların hakim vəzifəsində işlədikləri son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki aldıqları əmək haqqının orta aylıq məbləğinə əsasən hesablanır. Pensiyanın faiz dərəcəsi isə 15 il hakim kimi iş stajına görə 50 faiz, 15 ildən yuxarı hər ilinə görə 3 faiz miqdarında müəyyən edilir (80 faizdən çox olmamaq şərti ilə). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən xx.xx.2005-ci il tarixədək vəzifəyə təyin edilmiş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinin əmək pensiyası həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinə uyğun hesablanmalıdır. Yəni, sözügedən Plenum Qərarına əsasən xx.xx.2005-ci il tarixinədək hakim təyin olunmuş şəxsə beş il iş stajına əsasən maksimum 80 faiz miqdarında pensiya təyin edilə bilər. Həmin şəxsin vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqısı son 24 ay üzrə deyil, istənilən beş il üzrə hesablanmalıdır. Çünki “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin xx.xx.2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasında “hakimlərin işlədikləri son 24 ayı üzrə pensiyanın hesablanması" anlayışı mövcud deyildi, sözügedən Qanunda yalnız 5 illik əmək haqqına uyğun hesablanma nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında" Qanuna əsasən hakimlərə son 24 ay üzrə ödənilmiş əmək haqqı əsasında pensiya hesablandıqda 25 ildən az hakim kimi iş stajı olan şəxslərin faiz dərəcələri 80 faizdən aşağı olur. Göründüyü kimi, sizə “Əmək pensiyaları haqqında" Qanunun 20.7.2-ci maddəsinə əsasən pensiya təyin edilsəydi pensiyanızın faizi 20 il 27 gün hakimlik stajına uyğun olaraq 65 faiz müəyyən ediləcəkdir, yəni müvafiq Plenum Qərarı ilə müəyyən edilmiş faiz dərəcəsindən (80 faiz) aşağı olacaqdır. Eyni zamanda bildirilir ki, hakimlərin vəzifə maaşları 1 iyul 2022-ci il tarixindən artırıldığı üçün sabiq hakimlərin də pensiya məbləğləri həmin tarixdən artırılmalıdır. Bununla əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, hakim kimi pensiya təyinatı üçün İddiaçı tərəfindən vaxtilə təqdim edilmiş sənədlər son 24 ay üzrə ödənilmiş əmək haqqına aiddir. Bu səbəbdən də İddiaçı pensiyasının hesablanması zamanı vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının 5 il üzrə deyil, son 2 il üzrə hesablanmışdır. Əmək haqqının tərkibinə daxil olan bəzi əlavələr əvvəllər mövcud olmadığından son 5 il ilə müqayisədə son 2 il üzrə orta aylıq əmək haqqının daha yüksək məbləğdə olmuşdur. Buna görə də İddiaçı pensiyasının ya “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinin tələblərinə uyğun son 24 ay üzrə orta aylıq əmək haqqınızın 65 faizi miqdarında hesablanmalı idi, ya da Plenum qərarına uyğun 60 ay ərzində orta aylıq əmək haqqınızın 80 faizi miqdarında hesablanmalı idi. Lakin İddiaçı pensiyasının 24 ay üzrə əmək haqqı əsas götürülməklə 80 faizlə hesablanıb. Nəticədə ona artıq pul vəsaiti ödənilib. Göstərilən səbəbdən də iddiaçının əmək pensiyanın qanunvericiliyə uyğunlaşdırılınası məqsədilə ona 60 ay ərzində ödənilmiş əmək haqqına dair məlumatların təqdim olunması üçün inzibati orqan tərəfindən Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə sorğu verilmişdir. Cavab olaraq təqdim edilmiş İddiaçı dair əmək haqqı cədvəlinə əsasən onun pensiyası yenidən hesablanıb. Belə ki, İddiaçı sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edildiyi 29 sentyabr 2020-ci il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 1781,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 801,45 manat, təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 445,25 manat, elmi dərəcəyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 267,15 manat, digər növ əlavələri 1573,22 manat olmaqla orta aylıq əmək haqqı 4868,07 manat təşkil etmişdir. Bununla əlaqədar Ü,Mayılovun əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 20 il 27 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (4868,07 manat) 80 faizi- 3894,45 manat məbləğində hesablanmalı olduğu halda, 4642,47 manat müəyyən edilməklə xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində hər ay müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr üzrə ona 15758,29 manat artıq pul vəsaiti ödənilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 iyul 2022-ci il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşının 2556,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 1150,20 manat, təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 639,00 manat, elmi dərəcəyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəniz 383,40 manat, digər növ əlavəsi 2257,80 manat olmaqla orta aylıq əmək haqqı 6986,40 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 20 il 27 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (6986,40 manat) 80 faizi- 5589,12 manat məbləğində müəyyən edilmiş, lakin xx.xx.2022xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində pensiyaçı sabiq hakimlərin orta aylıq əmək haqqlarının hesablanması zamanı vəzifə maaşında artımlar tətbiq edilmədiyi üçün həmin dövr üzrə hər ay 4642,47 manat pul vəsaiti müvafiq kart hesabına köçürülüb. Nəticədə Ü.Maılova göstərilən dövr ərzində ödənilməli olan 2839,95 manat fərq məbləği müəyyən edilib. Həmin 2839,95 manat pul vəsaiti sizə ona ödənildiyi 15758,29 manat pul vəsaiti ilə əvəzləşdirilərək büdcəyə bərpa edildiyi, qalan artıq ödənilmiş pul vəsaitinin 12918,34 (15758,29-2839,95) manat təşkil ediyi bildirilmşdir. Əlavə olaraq bildiririlmişdir ki, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla ona “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım ödənilir. Bununla əlaqədar olaraq, İddiaçı xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 4013,43 manat məbləğində maddi yardım ödənilməli olduğu halda, 4178,25 manat ödənilmişdir. Nəticədə həmin dövr üzrə ona 164,82 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, ümumilikdə İddiaçı qalıq borcunun 13083,16 (12918,34+164,82) manat təşkil etdiyi, həmin vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə onun əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığın qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş edilmiş, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. - AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1955-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. - Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2020-ci il tarixli, **********0 saylı qərardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı xx.xx.2020-cı il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyası xx.xx.2020-ci il tarixdə işdən çıxması ilə əlaqədar yenidən hesablanaraq ona 4642,47 mant məbləğində pensiya məbləği müəyyən edilmişdir. - Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli, **********1 saylı qərardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı pensiyası vəzifə maaşlarının artımı ilə əlaqədar yenidən hesablanmış və ona xx.xx.2020-ci il tarixdə təyin edilmiş yaşa görə əmək pensiyasının məbləği 3894,45 manat müəyyən edilmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “iddiaçıya sabiq hakim kimi yaşa görə xx.xx.2020-ci il tarixli qərarla pensiya təyin edilmişdir. Sonradan iddiaçı qanunvericilikdə edilmiş dəyişikliklərlə əlaqədar vəzifə maaşlarının artımı ilə əlaqədar onun pensiyasına əlavə edilmədiyini müəyyən edərək bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, nəticədə isə barəsində xx.xx.2020-ci il tarixli qərarla təyin edilmiş pensiya məbləğinin dəyişdirilməsi ilə nəticələnmiş xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərarla cavabdeh tərəfindən iddiaçıya 15758,29 manat artıq ödəmələrin hesablandığı müəyyən edilmiş və 2839,95 manat vəsait büdcəyə bərpa edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” və “Əmək pensiyaları haqqında” Qanunların tələblərinə əməl edilmədən pensiyanın azaldılması və pensiya məbləğindən tutulmalarla bağlı hərəkətlərə yol vermişdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2-ci maddəsinə görə bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Qanunun qeyd edilən müddəalarından görünür ki, artıq ödənilmiş əmək pensiyası və ya əmək pensiyasına əlavə əmək pensiyaçısına hər ay ödənilən əmək pensiyası məbləğindən tutula bilər. Bunun üçün Qanun iki mühüm şərti müəyyən etmişdir: 1.Tutulmanı həyata keçirən orqan əmək pensiyaçısına müraciət etməli, onun razılığını almalıdır. Razılığını aldığı təqdirdə inzibati orqan vəsaitin geri qaytarılması barədə qərar qəbul etməlidir. 2. Əmək pensiyaçısı tutulma barədə razılıq vermədiyi təqdirdə inzibati orqan tutulmanın həyata keçirilməsi üçün məhkəməyə müraciət etməlidir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanun 39-cu maddəsi inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən edir. Qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsi zəruridir. Hazırkı halda iş materiallarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun qeyd edilən tələblərinə uyğun olaraq cavabdeh ödənilmiş hesab etdiyi pensiya məbləğinin geri qaytarılması ilə bağlı iddiaçıya müraciət edərək onun razılığını almamış, lakin buna baxmayaraq iddiaçıya ödənilməli olan 2839,95 manat vəsaiti artıq ödənilmiş məbləğlə əvəzləşdirmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya ödənilməli olan fərq məbləğinin ona ödənilməyərək artıq hesablandığı hesab edilən məbləğlə əvəzləşdirilməklə büdcəyə bərpa edilməsi dolayısı ilə artıq hesablanan məbləğin bir hissəsinin tutulması ilə bağlı qanunvericiliyin şərtlərinə əməl edilmədən icra edilməsinə yönəlmiş hərəkətdir. Hazırkı halda, əmək pensiyaçısının (ərizəçinin) artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə, yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh də bu barədə heç bir dəlil təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən inzibati akt həmçinin inzibati icraat haqqında hüquq normalarının pozulması nəticəsində də qəbul edilmiş inzibati aktdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5172/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5172/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar