Məhkəmə qərarları › İş №2-1(103)-2544/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2544/2022

20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2544/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “iddiaçının yaşayış yerinin şəxsiyyət vəsiqəsində dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2-1(112)-9989/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi RPİ-yə qarşı “iddiaçının yaşayış yerinin şəxsiyyət vəsiqəsində dəyişdirilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya verilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”ndə onun yaşayış ünvanı “M.Əlizadə küçəsi, ev 48” göstərilmişdir. Lakin onun qeydiyyat ünvanı “M.Əlizadə küçəsi, ev 46/48” olmalıdır. Ona məxsus şəxsiyyət vəsiqəsinin “qeydiyyat ünvanı” qrafasında “M.Əlizadə küçəsi, ev 46/48” qeydinin aparılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2-1(112)-9989/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim etdiyi forma A-nın təsdiq edilmiş surətindən göründüyü kimi xx.xx.1965-ci ildən Bakı şəhərində anadan olmuş, həmin ünvandan hərbi xidmətə çağırılmış, xx.xx.1986-cı ildə həmin ünvana yenidən hərbi qeydiyyata düşmüş, hal-hazıradək həmin ünvanda, M.Əlizadə 46/48 ünvanında qeydiyyatdadır. Bundan başqa məhkəməyə təqdim edilmiş 59 saylı MKİS tərəfindən verilmiş arayışdan göründüyü kimi atası X1 qeydiyyatı M.Əlizadə küçəsi, ev 46/48-dir. Qanunvericiliyə görə uşaqların yaşayış yeri onların valideynlərinin yaşayış yeri hesab edilir. Qeyd etmək istəyir ki, anadan olduğu vaxtdan hal-hazıradək qeydiyyat ünvanı dəyişilməmişdir. Şəxsiyyət vəsiqəsində qeydiyyat ünvanı səhv göstərilmiş və həmin səhv düzəldilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2-1(112)-9989/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri Nəsimi RPİ-nin İddiaçı ünvanlanmış 25 avqust 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Sizin (İddiaçı) 20 avqust 2021-ci il tarixli məktubunuza cavab olaraq bildirilir ki, şəxsiyyət vəsiqəsində ünvan dəyişikliyinin edilməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə əsasən məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə olunur. Bakı şəhəri Nəsimi RİH Mənzil Kommunal Təsərrüfatı Birliyinin 59 saylı MKİS-in 31 avqust 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı digər şəxslərlə (ailə 14 nəfərdən ibarətdir) birlikdə ünvan 3 ünvanında yaşayır, bina özbaşına tikilidir. AZE seriyalı ******** nömrəli 24 may 2016-cı il tarixli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin “yaşayış yeri” qrafasında İddiaçı yaşayış yeri “Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 48” göstərilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi, 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” AR Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Həmin Qanunun 3-cü maddəsinə görə şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAOnun) tələblərinə uyğun fotoşəkli yerləşdirilir. Şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) aşağıdakı məlumatlar daxil edilir: bu maddənin birinci hissəsində göstərilən məlumatlar; vətəndaş soyadını və (və ya) adını dəyişdiribsə, əvvəlki soyadı və (və ya) adı; vətəndaşın yaşadığı yer, ailə vəziyyəti, boyu, gözlərinin rəngi, əl-barmaq izləri, hərbi vəzifəsi; vətəndaşın valideynlərinin soyadı və adı; vətəndaşın ərinin (arvadının) soyadı və adı (nikaha daxil olarkən soyad dəyişdiribsə, nikahdan əvvəlki soyad da göstərilir); vətəndaşın uşaqlarının soyadı və adı; vətəndaşın istəyi əsasında onun gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları (imza yaratma məlumatları oxunuş üçün bağlıdır); şəxsiyyət vəsiqəsini verən orqanın adı və vəsiqənin verilmə tarixi; “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə»də nəzərdə tutulduğu halda digər məlumatlar. Həmin Qanunun 4-cü maddəsinə görə şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir. Həmin maddənin “Qeyd” hissəsində göstərilir: 2018-ci il sentyabrın 1-dək verilən şəxsiyyət vəsiqələri vətəndaş 25, 35, 50 yaşına çatanadək və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişilənədək, yaxud şəxsiyyət vəsiqəsi itənədək, yararsız hala düşənədək və ya vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır. Apellyasiya baxışı zamanı ünvanlanmış sorğuya ünvan 4ənzil Kommunal İstismar Sahəsinin 01 dekabr 2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Nəsimi rayon Mənzil Kommunal Təsəsrrüfatı Birliyinin 59 saylı Mənzil Kommunal İstismar Sahəsinin xidməti ərazisində olan M.Əlizadə küçəsi ev 46 və M.Əlizadə küçəsi ev 48 ünvanındakı fərdi yaşayış evləri özbaşına tikilidir. M.Əlizadə küçəsi ev 46 ünvanında 5 fərdi yaşayış evi var və həmin ünvanda təxminən 41 nəfər qeydiyyatdadır. M.Əlizadə küçəsi ev 48 ünvanında isə 4 fərdi yaşayış evi var və həmin ünvanda qeydiyyatda olanlar təxminən 32 nəfərdir. 2005-ci ildə X2 (kirayəçi) yaşa görə şəxsiyyət vəsiqəsini dəyişərkən onun şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” qrafasında dəyişiklik edilmiş, onun ünvanı M.Əlizadə küçəsi ev 46/48 kimi göstərilmişdir. Qeydiyyat ünvanda aparılmış dəyişikliyin hansı səbəbdən və hansı əsasla aparılması barədə MKİS-də hər hansı bir rəsmi sənəd yoxdur. Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən göründüyü kimi X2 ailə tərkibi 16 nəfərdən ibarət olmaqla ünvan 5 ünvanda qeydiyyatdadırlar. Lakin, İddiaçı İmanverdi oğlunun 59 saylı MKİS-də olan Forma “A” kartında qeydiyyatı Nəsimi rayon M.Əlizadə küçəsi ev 46/48 kimi göstərilmiş, şəxsiyyət vəsiqəsində isə onun qeydiyyatı Nəsimi rayon M.Əlizadə küçəsi ev 48 kimi yazılmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi RPİ tərəfindən “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi” 24 may 2016cı il tarixdə verilmiş (AZE seriyalı ******** nömrəli) və iddiaçı həmin sənəddəki “yaşayış yeri”nə dair əks olunan məlumatın səhv göstərildiyini iddia edir və dəyişdirilməsini tələb edir. Lakin cavabdeh həmin sənəddə göstərilməsini tələb etdiyi ünvanla, yəni “M.Əlizadə küçəsi, 46/48 saylı ev”lə bağlı hər hansı sənəd təqdim etmir və ünvandakı evin özbaşına tikili olduğunu da təkzib etmir. Belə olan halda “Bakı şəhəri, M.Əlizadə küçəsi, 46/48 saylı ev” özbaşına tikili olduğundan, eləcə də həmin evlə bağlı hazırkı iddiaçının subyektiv hüququ yaranmadığından, onun qeydiyyat ünvanının sözügedən ünvana dəyişdirilməsi üçün əsaslar mövcud deyil. Odur ki, cavabdeh Bakı şəhəri Nəsimi RPİ-nin imtinası qanuna zidd sayıla bilməz. Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğun olmuş, cavabdehin imtina etməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqları pozulmamışdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2-1(112)-9989/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar