Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2544/2023 11.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair cizginin tərtib edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4731/2023 nömrəli 06 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1994-cü il tarixli, 1578 nömrəli sərəncamı ilə Balayeva (Kərimova) Yeganə Ağaxan qızına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Fabrik küçəsi, dalan 2, 2-li podrat sahəsinin qarşısındakı 600 kv.m hissəsində yerləşən sahəyə dair cizginin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aysev Almazova) 2-1(112)-4731/2023 nömrəli 06 mart 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 1578 saylı xx.xx.1994-cü il tarixli sərəncamı ilə İddiaçı ayrılmış Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Suraxanı İ2-nin 12 nömrəli ixtisaslaşdırılmış təsərrüfat hesablı podrat sahəsinin 600,0 kv.m torpaq sahəsinə dair cizginin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə inzibatı işə baxılarkən Azərbaycan Respublikasının İnzibatı Prosessual Məcəlləsinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və digər hüquq normalarına istinad edilmədən qərar qəbul edilmişdir Belə ki, Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən həmin dövrdə torpaq sahələri ayrılarkən natura qaydada bölgülər aparılmış və torpaq sahəsinə cizginin (plan sxemin) RİHB-nın sərəncamları ilə birlikdə onun ayrılmaz hissəsi olaraq vətəndaşlara təqdim edilmişdir. Sözügedən torpaq sahəsinin 1994-cü ildən İddiaçı faktiki istifadəsində olması, onun həmin sahəyə sahiblik hüquqlarının həyata keçirilməsi və 30 ilə yaxın müddət ötdükdən sonra cizginin verilməsi ilə bağlı RİH-ə müraciət etməsi cavabdeh tərəfdə ciddi və əsaslı şübhələr yaratmağa səbəb olmuşdur. Belə hallarda RİHB-nin müvafiq sərəncamı ilə ayrılmış torpaq sahəsinin yaxınlığında eyni ölçüdə zəbt edilmiş digər torpaq sahələrin sənədləşdirilməsinə cəhdlər göstərilir və bu da ciddi qanun pozuntuları ilə nəticələnir. Eyni zamanda şübhə yaradan məqamlardan biri də bundan ibarətdir ki, torpaq sahəsi ayrılandan sonra qısa müddət ərzində deyil, uzun illər keçdikdən sonra iddiaçı sözügedən torpaq sahəsinə dair cizginin verilməsi ilə bağlı sənədləşmə qərarına gəlmişdir. Birinci instansiya məhkəməsində inzibati işə baxılarkən Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti başçısının 01,09.1994-cu ıl tarxli, 1578 nömrəli sərəncamı ilə sözügedən ərazinin uyğun gəlib-gəlməməsi, yəni sözügedən sahəyə aid olması araşdırılmamış və zərurət yarandığı halda yerində baxış keçirilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”də Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək səlahiyyətləri nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerqurluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələblərinə əsasən yerqurluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Qeyd olunanlara və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən Suraxanı rayon İcra Hakimiyyətinə qarşı cizginin (ayrıc aktının) verilməsi tələbinə dair iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməli idi. Göstərilənlərə əsasən qərarın ləğv olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Əmircan qəsəbəsində yerləşən torpaq sahəsinə dair cizginin verilməsinə köməklik göstərilməsi haqqında iddiaçının ərizəsinə Suraxanı RİH-də baxılmışdır, RİH-nin sənədləri 2016-cı il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyi və bu barədə Suraxanı RİH-də heç bir məlumat olmadığını nəzərə alaraq, müraciətinin müsbət həlli səlahiyyətləri xaricindədir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Rayon İcra Hakimiyyətinin sənədləri 2016-cı il də daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyindən və bu barədə Suraxanı Rayon İcra Hakimiyyətində heç bir məlumat olmadığından sorğunun cavablandırılması imkan xaricindədir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”də Rayon icra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək və surətini təsdiqləmək səlahiyyətləri nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələblərinə əsasən yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 1578 saylı xx.xx.1994-cü il tarixli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, X1 fərdi yaşayış evi tikmək üçün Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Suraxanı İ2-nin 12 nömrəli ixtisaslaşdırılmış təsərrüfat hesablı podrat sahəsinin 600,0 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, X1 torpaq sahəsi ayrılması barədə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə 1578 saylı xx.xx.1994-cü il tarixli sərəncamı Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Lakin həmin sərəncama akt və cizgi əlavə edilməmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 876180 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 və X2 xx.xx.2003-cü il tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Kərimov, arvada Kərimova soyadı verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 65-ci maddəsinin 3-cü bəndinə əsasən torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır (28 oktyabr 2008-ci il tarixdə 1-ci cümlə çıxarılmışdır). 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 65-ci maddəsinin 6-cı bəndinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. 65-ci maddəsinin 7-ci bəndinə əsasən torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 65-ci maddəsinin 8-ci bəndinə əsasən torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi qüvvədə olmuşdur (27 fevral 2001-ci il tarixli 96- İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür). Həmin Torpaq Məcəlləsinin 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.1999-cu il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə»nin 13-cü bəndinin “q” yarımbəndinə əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə əsasən müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. İşin faktiki hallarına görə Bakı şəhəri Suraxanı RİH başçısının 01 sentyabr 1994-cü il tarixli 1578 saylı sərəncamına əsasən iddiaçıya fərdi yaşayış evi tikmək üçün Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Suraxanı İ2-nin 12 nömrəli ixtisaslaşdırılmış təsərrüfat hesablı podrat sahəsi 600,0 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi yerində təhvil verilmişdir. Hazırda iddiaçı torpaq sahəsinin cizgisinin ona verilməsini tələb edir. Göründüyü kimi, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyildir. Fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair cizgi həmin dövrdə qərarla birlikdə vətəndaşa təqdim edilməli idi. Qeyd olunan qərar ləğv edilməmişdir və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Qeyd olunanlara əsasən qərar icra olunmalıdır. Lakin iddiaçı ona ayrılmış torpaq sahəsinə dair cizginin hazırlanaraq ona verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Halbuki iddiaçıya torpaq ayrılması barədə müvafiq qərar qəbul edilənədək ayrılmış torpaq sahəsinin sərhədlərini yerində və xəritədə müəyyən etmək, buna dair plan və ölçüsünün hazırlanması, daha sonra torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış cizginin təsdiq edilməsi cavabdehin səlahiyyətlərinə aid olmuşdur. Bu da iddiaçının qanuni əsaslarla istifadəsində və sahibliyində olan torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən torpaq ayrılan və ondan sonrakı dövrlərdə torpağa sahiblik və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında cizginin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxildir. Eyni zamanda qanunvericilik torpaq istifadəçilərinin hüquqlarını qorumaqla həmin hüquqların həyata keçirilməsinə maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin cizgisi sərəncam qəbul olunan zaman onun ayrılmaz hissəsi kimi təqdim olunmalı idi, hətta həmin vaxt sözügedən cizgi təqdim olunsa belə, onu təkrar tələb etməkdə iddiaçı haqlıdır. İddiaçı məhz həmin sərəncam əsasında ona ayrılmış torpaq sahəsinin cizgisinin verilməsini tələb etdiyindən, cavabdehin bunu zəbt edilmiş digər torpaq sahələrinin sənədləşdirilməsinə cəhd kimi qiymətləndirməsi və bununla əlaqədar dəlilləri əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdedin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4731/2023 nömrəli 06 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2544/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2544/2023
11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver