Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2544/2024 25.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “inzibati aktın dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-7748/2023 nömrəli, 22 dekabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə, Dövlət Sosial Müdafiə Fonduna, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əlillik dərəcəsinin təyin olunmasından imtina edilməsi barədə Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının inzibati aktının dəyişdirilməsi və iddiaçıya ödənilən əlilliyə görə sosial müavinətin və təqaüdün bərpa edilməsi, xx.xx.2021-ci il tarixindən iddiaçıya ödənilməli olan əlilliyə görə sosial müavinətin və təqaüdün ödənilməsi (kompensasiya məbləği) barədə Dövlət Sosial Müdafiə Fondunun və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı birinci Qarabağ müharibəsi əlilidir. xx.xx.1993-cü ildə Laçın rayonu uğrunda gedən döyüşlərdə hər iki ayağından güllə yarası almışdır. 05 yanvar 1994-cü il tarixdən ona əlillik təyin edilmiş, xx.xx.1994-cü il tarixindən ona ikinci qrup əlilliyə görə sosial müavinət (bundan sonra - sosial müavinət), xx.xx.2008- ci il tarixindən müharibə ilə əlaqədar əlilliyi olan şəxs kimi, ona Azərbaycan Respublikasının Prezidentinin təqaüdü təyin olunmuşdur. Lakin 27 il sonra, xx.xx.2021-ci il tarixində qanunsuz şəkildə əlil statusu ləğv edilərək, xx.xx.2021-ci il tarixindən əlillik müddətinin bitməsi səbəbindən, ona ödənilən sosial müavinətin və təqaüdün ödənilməsi dayandırılmışdır. Həm əvvəlki dövrlərə aid və həm də 2023-cü ildə edilmiş həkim müayinələri əsasında verilmiş müvafiq tibbi rəylər vasitəsilə ona odlu silah yaralanması nəticəsində sağ və sol budun sümüyünün orta 1/3 kəsiminin qeyri-düzgün bitişmiş sınığı, ayaqlarında çoxsaylı kiçik ölçülü metal qəlpələr-yad cismlərin olması, cərrahi əməliyyatdan sonra ağrılı çapıqların mövcud olması, sol diz oynağının deformasiyaedici artrozu, ağrı sindromu ilə kontrakturası və ətrafın əzələ atrofiyası ilə (bükmə 150 dərəcə) L1 fəqərəsinin bitişmiş sınığı, bel fəqərələrinin osteoxondrozu, spondiloartrozu, vertebragen köklü ağrıları ilə ağrıların sol aşağı ətrafa irradiasiyası diaqnozu təyin edilmişdir. Hal-hazırda yeriməyə və hərəkət etməyə ciddi ağrılar çəkir və ağrıkəsicilər qəbul edir. Məhkəməyə sübut qismində təqdim edilmiş həm əvvəlki dövrlərə aid, həm də 2023-cü ildə verilmiş rəsmi həkim müayinəsi rəylərində onun sağlamlıq vəziyyətinin yaxşılaşdığını əks etdirən heç bir dəyişiklik yoxdur. Əksinə vətənin müdafiəsi naminə aldığı və bədənində gəzdirdiyi qəlpə yaraları nəticəsində sağlamlıq vəziyyəti getdikcə pisləşməyə davam edir. Əlillik statusunun təsdiq olunması üçün yenidən tibbi sosial ekspert kommissiyasına müraciət etsə də, ona əlillik dərəcəsinin müəyyən olunmasından qanunsuz şəkildə imtina edilmişdir. Əlil statusunun ləğv olunması və ona ödənilən əlilliyə görə sosial müavinətin dayandırılması haqqında ona heç bir inzibati orqan tərəfindən heç bir inzibati akt təqdim edilməmişdir. Sosial müavinətin ödənilməsinin dayandırılması haqqında və əlilliyin təyin olunmasından imtina edilməsi haqqında inzibati aktın nüsxələrinin əldə olunması məqsədilə Dövlət Sosial Müdafiə Fonduna PVB-07 nömrəli 07 fevral 2023-cü il tarixli, Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə PVB-08 nömrəli 07 fevral 2023-cü il tarixli, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə PVB-014 nömrəli 20 fevral 2023-cü il tarixli müvafiq vəkil sorğuları ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(112)-7748/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(103)-2930/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7748/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «inzibati aktın dəyişdirilməsi barədə» iddia tələbinin mümkün sayılmaması hissəsində ləğv edilmiş, həmin hissədə işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmış, qalan hissədə qərardad dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7748/2023 nömrəli, 22 dekabr 2023-cü il tarixli qərardadı ilə (hakim S.Salahova) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 7748/2023 nömrəli, 22 dekabr 2023-cü il tarixli qərardadının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, inzibati aktın ona təqdim edilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 7748/2023 nömrəli, 22 dekabr 2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: -xx.xx.1974-cü il təvəllüdlü İddiaçı xx.xx.1994-cü il tarixdə 1 il müddətinə “hər iki budun 1/3-də dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət, sol budun 1/3 bitişmiş sınığı, L1 fəqərəsinin köhnə kompressiv sınığı, onurğa sütununda hərəkət məhdudluğu” diaqnozu ilə üçüncü dərəcə əlillik təyin edilmişdir. - xx.xx.2014-cü ildə iddiaçıya eyni diaqnozla bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. - xx.xx.2015-ci ildə iddiaçıya “hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, hər iki budun yuxarı üçdə iki hissəsini dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət, sol budun yuxarı üçdə bir hissəsinin bitişmiş sınığı, bel fəqərəsinin sınığı, köhnə kompression sınığı, onurğa sütunun hərəkət məhdudluğu” diaqnozu ilə 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. - xx.xx.2016-cı ildə iddiaçıya elektron təyinat əsasında 5 il müddətinə “hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, hər iki budun yuxarı üçdə iki hissəsini dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət, sol budun yuxarı üçdə bir hissəsinin bitişmiş sınığı, bel fəqərəsinin sınığı, köhnə kompression sınığı, onurğa sütunun hərəkət məhdudluğu” diaqnozu ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir. - Şəmkir Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçı barəsində “Qonartroz [diz oynağının artrozu], Sol diz oynağının deformasiyaedici artroz, ağrı sindromu ilə, Yumşaq toxumalarda qalmış yad cisim, Sol bud sümüyünün orta 1/3-də qeyri-düzgün bitişmiş sınığı, Çoxsaylı kiçik ölçülü metal qəlpələr- yad cisim, Cərrahi əməliyyatdan sonrakı vəziyyət, ağrılı kelloid çapıqlar, Oynaqların kontrakturası, Sol diz oynağının kontrakturası və əzələ atrofiyası (bükmə 150 dərəcə, açma tamdır)” diaqnozu ilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) vermiş, cavabdeh xx.xx.2021-ci il tarixdə həmin göndəriş əsasında iddiaçının əlilliyini qiymətləndirərək, “Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. - Şəmkir Rayon Mərkəzi Xəstəxanası tərəfindən yenidən xx.xx.2022-ci il tarixdə iddiaçı barəsində “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, hər iki budun yuxarı 1/3-nin dəlib keçən güllə yarası. Hipertrofik çapıq, Sağ budun yuxarı 1/3-nin lateral-medial səthində sol budun çoxsaylı kobud kelloid çapıqları” diaqnozu ilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) vermiş, cavabdeh xx.xx.2022-ci il tarixdə həmin göndəriş əsasında iddiaçının əlilliyini qiymətləndirərək, “Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə iddiaçıya təkrar əlillik təyin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının 3 sentyabr 2022-ci il tarixli **********0 saylı qərarında göstərilmişdir ki, “Şəmkir rayon sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0346003AAMV5 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilmişdir. Daha sonra əlillik vəziyyətinin yenidən qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Həkim Ekspertiza komissiyası tərəfindən xx.xx.1994-cü il tarixli 129 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Odlu silahla güllə yaralanması nəticəsində sol budun orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, bud- çanaq və diz oynağında nəzərəçarpan hərəkət məhdudluğu ilə. Odlu silahla qəlpəli güllə yaralanması nəticəsində sağ budun bərkimiş çapığı" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı sol dizinin bükülməməsindən, ayaq üstə duranda ayaqlarının şişməsindən şikayətlənmişdir. Baxış zamanı hər iki budun iç səthində, sol budun bayır səthində və aşağı 1/3-nin ön səthində yumşaq toxuma çapığı izlənmiş, əzələ inkişafı paralel olmuş, atrofiya, parez, hərəki məhdudluq aşkar olunmamışdır. X2 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli Arayışında diaqnoz “Odlu silah yaralanması-güllə yaralanması, sağ və sol budun güllə yaralanması. Sol bud sümüyünün orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığı. Çoxsaylı kiçik ölçülü metal qəlpələr (yad cisim). Cərrahi əməliyyatından sonrakı sindromu ilə kontrakturası və əzələ atrofiyası ilə (bükmə 150 açma törədir), L1 fəqərənin bitişmiş sınığı. Bel fəqərələrinin osteoxondrozu, ağrı sindromu ilə” kimi qeyd edilmiş, obyektiv müayinə zamanı əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İlk növbədə qeyd edilməlidir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq, xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM): - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddia hesab olunur. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ona əlillik təyin edilməsinə yönəlmiş hazırkı iddiası məcburetmə haqqında iddiaya aiddir və qanunvericiliyə əsasən məcburetmə haqqında iddia üzrə iddia müddəti, tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya məlumat verilməsindən sonra 30 gün təşkil edir. Bu müddətin ötməsindən sonra həmin inzibati akt qanuni qüvvəyə minir. Hazırkı işin hallarından görünür ki, iddiaçı ona əlilliyin təyin edilməsi ilə bağlı cavabdehə sonuncu dəfə xx.xx.2022-ci il tarixli göndərişlə müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə əlilliyi qiymətləndirilərək “Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə müraciətinin təmin edilməsindən imtina edilmiş, xx.xx.2022-ci ildə isə yenidən iddiaçıya əlillik təyin edilməsindən imtina etmişdir. Lakin iddiaçı bu imtinadan sonra yeni göndərişlə cavabdehə müraciət etməmiş, 6 aydan artıq müddət keçdikdən sonra, xx.xx.2023-cü il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, bununla qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürmüş, müddətin ötürülməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddialar üzrə xüsusi mümkünlük şərtinə - iddia qaldırmaq müddətinə cavab vermir. Belə ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). İddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: - Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. - Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İstinad olunan normalardan görünür ki, şəxsin əlilliyinin qiymətləndirilməsi, yəni ona əlillik təyin edilməsi üçün ilk növbədə həkim-məsləhət komissiyası tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməli, şəxsin əlilliyi məhz həmin göndərişə əsasən qiymətləndirilməlidir. Yəni qanunvericiliyə əsasən əlilliyin qiymətləndirilməsi ilə bağlı cavabdeh tərəfindən inzibati icraatın başlanması üçün ona müvafiq göndərişin təqdim edilməsi mütləqdir. Çünki əlillik şəxsdə müəyyən fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır ki, bu pozuntular ambulator və ya stasionar müalicə nəticəsində aradan qalxa da bilər. Məhz buna görədir ki, qanunverici 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması halında, yaxud əlillik müddətinin bitməsindən sonra qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında şəxsə əlilliyin təyin edilməsini təsbit edir, hansı ki, bu pozuntular şəxs barəsində verilən müvafiq göndərişdə öz əksini tapmalıdır. Hazırkı halda sonuncu göndərişin verilməsindən 1 ildən artıq müddət keçməsini nəzərə alaraq iddiaçıya izah edilməlidir ki, o, əlilliyinin qiymətləndirilməsi üçün yenidən yuxarıda istinad olunan Qaydalara uyğun göndəriş verilməsi üçün həkim-məsləhət komissiyasına müraciət edə, verilən göndəriş əsasında əlilliyi qiymətləndirilməklə qəbul edilən qərarla razılaşmadıqda qərarı aldığı tarixdən 30 gün müddətində müvafiq iddia ilə inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından, belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla, əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7748/2023 nömrəli, 22 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2544/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2544/2024
25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver