Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2545/2019 26.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Baxışova Vüsalə Ələkbər qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (xx.xx.1991-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, iddiaçının şəxsiyyət vəsiqəsinə əsasən ünvanı: ünvan 2 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplom üzrə ixtisasın tanınması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)- 2320/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “onun xx.xx.2018-ci il tarixli, **********0 saylı diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1991-ci il 19 aprel tarixində Sumqayıt şəhərində anadan olmuşdur. 2008-ci ildə orta məktəbi bitirmiş və qəbul imtahanında 563 bal toplayaraq Bakı Dövlət Universitetinin Regionşünaslıq/Amerikaşünaslıq ixtisasına qəbul olmuşdur. 2012-ci ildə təhsilini başa vuraraq diplom əldə etmişdir. 2015-ci ildə Türkiyə Respublikasının İstanbul Aydın Universitetində Özəl Hüquq ixtisası üzrə magistr təhsili almağa haqq qazanmış və elə həmin ildən magistr pilləsi üzrə təhsil almağa başlamışdır. Bakalavr təhsilinin fərqli olduğu üçün hazırlıq proqramı (kursu) təyin olunmuşdur. Həmin hazırlıq proqramı üzrə bakalavr dəsrləri almış və hazırlıq kursunu uğurla başa vurduqdan sonra magistr pilləsi üzrə dərslərə başlamışdır. 2018-ci ildə təhsilini başa vurmuş və diplom işini (tezis) uğurla müdafiə edərək diplom əldə etmişdir. Qeyd etmişdir ki, magistr pilləsi üzrə universitet tərəfindən edilən güzəştli şərtlərlə təhsil almışdır. Universiteti isə yaxşı qiymətlərlə bitirdiyi üçün fəxri tələbə olaraq diplom əldə etmişdir. 2019-cu ilin fevral ayında diplomun təsdiqlənməsi üçün Təhsil Nazirliyinin nəzdində olan Akkreditasiya və Nostrifikasiya İdarəsinə diplomunun tanınması ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq və bütün qoyulmuş şərtlərə əməl edərək ərizə ilə müraciət etmişdir. Lakin müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi Nazirlər Kabinetinin xx xxx 2010-cu il tarixli, 88 nömrəli qərarının 1.2-ci bəndinə əsasən magistr səviyyəsində bakalavr təhsili bazasında ayrı-ayrı ixtisasların ixtisaslaşması üzrə müvafiq təhsil proqramları əsasında mütəxəssilərin hazırlandığı qeyd olunmuşdur. Hesab edir ki imtina əsassızdır. İlk növbədə qeyd etmişdir ki həmin qərarın müvafiq bəndində “magistr səviyyəsində bakalavr təhsili bazasında ayrı-ayrı ixtisaslarınixtisaslaşması üzrə müvafiq təhsil proqramları əsasında mütəxəssislərin hazırlandığı” qeyd edilmiş lakin “yalnız” müvafiq təhsil proqramları əsasında mütəxəssislərin hazırlandığı qeyd edilməmişdir. Yəni, həmin normativ hüquqi aktda bununla bağlı qəti məhdudiyyət qoyulmamışdır. Həmçinin, magistr pilləsi üzrə təhsil alsa belə, bakalavr üzrə müvafiq hazırlıq kursu keçmişdir. Bu isə o deməkdir ki, müvafiq ixtisas üzrə baza bilikləri formalaşmışdır. Eyni zamanda qeyd etmişdir ki, Azərbaycan Respublikasında bakalavr ixtisası üzrə fərqli olan və magistr pilləsi üzrə fərqli sahədə ixtisaslaşdırılmış mütəxəssislər hazırlayan təhsil proqramı vardır. Buna misal olaraq “Master of Business Administration”, yəni Biznesin İdarəedilməsi ixtisasını göstərmək olar. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarının 3.7-ci bəndinə əsasən mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa);xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyaniqiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Göründüyü kimi, yuxarıda qeyd olunan hallardan hər hansı biri baş verdikdə mənfi rəy verilir. Lakin, iş materiallarına əlavə etdiyi diplomun notarial qaydada təsdiq edilmiş surətindən də görünür ki, yuxarıda sadalanan mənfi rəy verilməsinə dair hallardan heç biri baş verməmiş və eyni zamanda imtinanın yuxarıdakılardan məhz hansına uyğun gəlməməsi barədə əsaslandırılmış səbəb göstərilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən ali təhsil sahəsində ixtisasların tanınması üçün ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması zəruridir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)- 2320/2019 saylı qərarı ilə(hakim-E.Mustafayev) iddia tələbinin təmin edilməsi, İddiaçı adına verilmiş xx.xx.2018-ci il tarixli, **********0 saylı diplomu üzrə ixtisasın tanınması (nostrifikasiyası) və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh xx.xx.2019-cu il tarixdə apellyasiya şikayəti verərək xx xxxx 2019-cu il tarixli, 2-1(82)-2320/2019 saylı qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,Nazirlikdə iddiaçının sənədləri araşdırılarkən iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi Ekspert Qrupu tərəfindən müəyyən edilmişdir. İddiaçı “Regionşünaslıq” ixtisası üzrə bakalavr səviyyəsində təhsil almışdır. Ali təhsilin ikinci səviyyəsi olan magistraturanı isə “Hüquqşünaslıq” ixtisası üzrə bitirmişdir. Bu da “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 22.3-cü və 22.4-cü maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”na ziddir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq, 2012-ci ildə bakalavr pilləsi üzrə BDU-nun regionşünaslıq ixtisasını bitirdiyini, ixtisasının tarix kafedrasının tərkibində olduğunu, Magistratura səviyyəsi üzrə Aydın Universitetində xüsusi hüquq ixtisasını bitirdiyini, hal-hazırda X3 hüquq sahəsində işlədiyini, Magistratura üzrə əyani 3 il oxuduğunu və 1 il bakalavr dərsləri üzrə hazırlıq keçdiyini, təhsilin ödənişli olduğunu, lakin yarı burslu oxuduğunu, sessiyaların müddətlərinin Azərbaycandakı kimi olduğunu qeyd etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)-2320/2019 saylı qərarı ləğv edilməli, yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməməli, cavabdehin apellyasiya şikayəti isə təmin olunmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Belə ki, iş materiallarına əlavə edilmiş Türkiyə Respublikası İstanbul Aydın Universiteti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli **********0 saylı diplomun və diploma əlavənin notariat qaydasında tərcümə və təsdiq edilmiş surətindən görünür ki, İddiaçı magistratura təhsili almış, xx.xx.2018-ci ildə Türkiyə Respublikası İstanbul Aydın Universitetini bitirmişdir. İddiaçı magistr diplomu üzrə ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə ərizə ilə müraciət etmişdir. Cavabdeh orqan müraciətə baxaraq iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir və cavabdeh orqanın elektron imtina məktubunda qeyd olunmuşdur ki,Siz bakalavr təhsilinizi "Regionşunaslıq", magistr təhsilinizi isə "Hüquqşünaslıq" ixtisası üzrə bitirmisiniz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2010-cu il tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş ‘Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları'nın 1.2-ci bəndinə görə magistratura səviyyəsində bakalavr təhsili bazasından ayrı-ayrı ixtisasların ixtisaslaşmaları üzə müvafiq təhsil proqramlarının əsasında mütəxəssislər hazırlanır. Nəticədə, Azərbaycan Respublikasında magistratura təhsili bakalavriat İxtisasının ixtisaslaşmaları üzrə həyata keçirilir. Göstərilənlər nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin alı təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının 3.7-ci bəndinə əsasən, A78B340FFD21245 nömrəli müraciətiniz üzrə aldığınız ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki, Sizin 30 (otuz) gün müddətində qəbul edilmiş qərara dair məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan qeydiyyat vərəqəsinə əsasən ekspertlər - Turan Topalova, Eldar Orucov və Həsən Həsənlinin mənfi rəylərindən görünür ki, iddiaçı magistratura təhsilini 2016-2018-ci illər ərzində əyani formada almışdır. Həmin ekspert rəyində olan qeydə əsasən təhsil səviyyəsi magistratura 060212 Hüquqşünaslıq Mülki və təsərrüfat hüququ qeyd edilmişdir və həmçinin təhsil səviyyələri arasında ixtisas uyğunsuzluğu var. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.28-ci bəndlərinə görə Nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»nın 3.6-cı bəndinin tələbində isə göstərilir ki, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda, sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən təhsilin dövlət standartları isə belədir: «Təhsil haqqında» Azərbaycan Respublikası Qanunun 6.3-cü maddəsinə əsasən dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 №-li qərarı ilə təsdiq edilmiş «Magistratura təhsilinin məzmunu, təşkili və magistr» dərəcələrinin verilməsi Qaydaları»nın 1.2-ci bəndində isə nəzərdə tutulur ki, magistr hazırlığı ali təhsilin ikinci səviyyəsi olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş magistr ixtisaslaşmalarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslaşmalar üzrə mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir. Bu səviyyədə bakalavr təhsili bazasından ayrı-ayrı ixtisasların ixtisaslaşmaları üzrə müvafiq təhsil proqramları əsasında mütəxəssislər hazırlanır. Həmin Qaydaların 1.9-cu bəndi isə nəzərdə tutur ki, müvafiq ixtisas üzrə magistr hazırlığı yalnız həmin ixtisas üzrə ali təhsilin birinci səviyyəsi (bakalavriat) buraxılışı olan ali məktəblərdə həyata keçirilir. Eyni zamanda, Nazirlər Kabinetinin 2011-ci il 14 iyun 95 saylı qərarı ilə təsdiq edilmiş ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatından görünür ki, “regionşünaslıq” ixtisası üzrə: ölkəşünaslıq (ölkələr üzrə) və regionşünaslıq (regionlar üzrə) üzrə bakalavr buraxılışı olan ixtisasların regionşünaslıq ixtisası üzrə magistratura təhsili alması mümkündür. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Belə ki, iddiaçının aldığı ilkin ali təhsil «regionşünaslıq» ixtisası «hüquqşünaslıq» ixtisasını əhatə edən ixtisaslar qrupuna aid edilmir və ona bərabər tutula bilməz. İddiaçı ilkin təhsili üzrə aldığı ixtisas başqa sahə ilə əlaqədar olduğu halda, onun magistratura təhsili tamamilə başqa bir ixtisas üzrə («hüquqşünaslıq») olmuş və bu hal həmin təhsil müəssisəsi tərəfindən qəbul edilən olsa da, bu cür təhsil qaydası Azərbaycan Respublikasının təhsil standartlarına qətiyyən uyğun gəlmir, əhəmiyyətli dərəcədə ondan fərqlənir. İşin apellyasiya icraatı zamanı məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 33/6393 nömrəli İddiaçı dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazası məlumatlarına əsasən iddiaçının hərəkət istiqamətləri - xx.xx.2015 – çıxış – Gürcüstan; xx.xx.2015 – giriş – Gürcüstan; xx.xx.2015 – çıxış – Gürcüstan; xx.xx.2015 - giriş – Gürcüstan; xx.xx.2015 – çıxış – Türkiyə; xx.xx.2016 – giriş – Türkiyə; xx.xx.2016 - çıxış – Türkiyə; xx.xx.2016 - giriş – Türkiyə; xx.xx.2016 - çıxış – Türkiyə; xx.xx.2017 - giriş – Türkiyə; xx.xx.2017 - çıxış – Gürcüstan; xx.xx.2018 - giriş – Türkiyə; xx.xx.2018 - çıxış – Türkiyə; xx.xx.2018 giriş – Türkiyə; xx.xx.2019 - çıxış – Türkiyə; xx.xx.2019 - giriş – Türkiyə olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, «1997-ci ildə aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın Vİ.1-ci maddəsində də razılığa gələn Tərəfə belə bir diskresion səlahiyyət verilir ki, ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər aşkar edildikdə ixtisasın tanınmasından imtina oluna bilər (Azərbaycan Respublikasının xx.xx.1997-ci il, 367-İQ №-li Qanunu ilə təsdiq edilmişdir). Göründüyü kimi, cavabdeh tərəfindən «Qaydalar»ın 3.2-ci bəndinə müvafiq olaraq iddiaçının magistratura diplomu üzrə aldığı ixtisasın ekvivalentliyinin ekspertiza qaydasında müəyyən edilməsi qanuna zidd hərəkətlər kimi qəbul oluna bilməz. Cavabdeh orqanın iddiaya qarşı etirazından da məhz görünür ki, onun tərəfindən yaradılmış Ekspert Qrupu tərəfindən iddiaçının təqdim etdiyi diplomun «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»na uyğun gəlmədiyi müəyyən edilmişdir. Yəni magistratura təhsilinə dair mənfi rəy verilmişdir. Sözügedən «Qaydalar»ın 3.6-cı bəndi ilə müəyyən olunmuşdur ki, ekvivalentlik haqqında təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy olduqda verilir. Həmin «Qaydalar»ın 3.7-ci bəndinin birinci hissəsində isə təsbit olunur ki, mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, Təhsil Nazirliyində yaradılmış Komissiya tərəfindən qanunvericiliyin tələblərinə əsasən diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar aşkar olunduğundan və bu hallar məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapdığından cavabdeh inzibati orqan olan nazirliyin iddiaçının magistr diplomunun tanınmasından imtinası qanuna uyğun olmaqla onun hüquqlarının pozulmasına səbəb olmamışdır. İPM-in 73.1-ci maddəsinin mənasından da görünür ki, o zaman məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, cavabdehin imtinası və ya hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Ümumiyyətlə, qanunvericliyin yuxarıda qeyd olunan tələblərindən birmənalı olaraq göründüyü kimi, diplom üzrə ixtisasın tanınması cavabdeh nazirliyin diskresion səlahiyyətidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz (73.3.1.). İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır (74). Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, məhkəmə iclasında iştirak edən iddiaçı izahatında magistratura təhsili zamanı sessiyaların müddətlərinin (sentyabr-yanvar, fevral-iyun) Azərbaycandakı kimi olduğunu qeyd etsə də, iddiaçının İAMAS bazası məlumatlarına əsasən o, xx.xx.2017 – xx.xx.2017-ci il ; xx.xx.2018-xx.xx.2018-ci il müddətlərində, yəni təhsil müddəti ərzində Türkiyə Respublikasında olmamışdur. Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normaları baxımından qanunsuz, işin faktiki halları baxımından əsassız, apellyasiya şikayətinin dəlilləri isə əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)-2320/2019 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə, iddia tələbi təmin edilməməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara a l d ı: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)- 2320/2019 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “xx.xx.2018-ci il tarixli, **********0 saylı diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi, 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-2545/2019
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2545/2019
26.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver