Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2545/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı (xx.xx.1949-cu il tarixdə İsmayıllı rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır, iddia ərizəsinə əsasən faktiki ünvan – İsmayıllı şəh., R.Bədəlov küç., ev 39) cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinə qarşı “hərəkətsizliyə hüquqi qiymət verilməsi və s.” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(112)- 6669/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri. Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında yoxlayaraq Müəyyən etdi: İddiaçı 18 may 2021-ci il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsi 18-ci Polis Bölməsinin hərəkətsizliyinə hüquqi qiymət verilməsi, barələrində qanuni ölçü götürülməsi üçün uyğun tədbir görülməsi, "xxxx" MMC-nin qəsdən törətdiyi hadisənin aktlaşdırılmasının 18-ci Polis Bölməsindən tələb edilməsini, "xxxx" MMC-nin ona qarşı növbəti qanunsuz hərəkəti barəsində nəhayət qanuni tədbir görülməsini tələb etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC 27.03.21-ci il tarixdə, saat 15:15 radələrində ona məxsus, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 34 ünvanlı “B” (118,4 m2 ) tikiliyə aid həyətyanı torpaq sahəsinin, Ə.Əlizadə küçəsi ilə həmsərhəd olan 4- 5 metr hündürlükdə olan, qalınlığı 80 sm-lik enli divarını qəsdən ekskovatorla zərbə endirərək söküb dağılmışdır. Həyətinə, yaşadığı mənzilin (“B”- 118,4 m2 - tikilisi) qarşısına aşan divar bir çox əşyalarını sındırıb məhv etmişdir. Dəfələrlə 102 xidmətinə və 18-ci PBnin ******* nömrəsinə zəng edib təkidlə tələb etdikdən sonra, nəhayət, ünvana gələn polis əməkdaşları baş verən hadisəni aktlaşdırmamış, MMC-nin həyətinə icazəsiz soxulan işçilərinə törətdikləri cinayətin izlərini itirməyə şərait yaratmışlar. Həyətinə dağıdılmış divar qalıqları üzərindən keçərək soxulan MMC işçilərinin həyətindən rədd edilməsini, foto və video görüntülər götürməyi, akt tərtib etməyi P.B polislərindən (4 nəfər) dəfələrlə, israrla tələb etsə də. polislər vəzifə borclarını icra etməkdən açıq-aşkar imtina etmiş, MMC fəhlələrinin həyətində var-gəl etmələrinə göz yummuşlar. İşin birinci instansiya icraatı zamanı məhkəmənin 20 may 2021-ci il tarixli məktubu ilə iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq, iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. Bakı İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(112)-6669/2021 nömrəli qərardadı ilə (hakim Ş.Həsənova) İddiaçı iddiası mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaçı tərəfindən əsaslandırılmamışdır. Eyni zamanda apellyasiya şikayətində iddiaçının bölgədə yaşadığı, maddi çətinlik səbəbindən paytaxta gəlib məhkəmə iclasında iştirakının mümkünsüz olması qeyd edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclası 28 sentyabr 2021-ci il tarixinə təyin edilmiş və iddiaçıya göndərilmiş 09 sentyabr 2021-ci il tarixli məhkəmə bildirişində apellyasiya şikayətinin əsaslandırma hissəsinin 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi təklif edilmişdir. 28 sentyabr 2021-ci il tarixli məhkəmə iclasında iddiaçı iştirak etməmiş, həmçinin apellyasiya şikayətinin əsaslandırma hissəsini məhkəməyə göndərməmişdir. Bu səbəbdən məhkəmə iclası 26 oktyabr 2021-ci il tarixinə təxirə salınmışdır. İddiaçı sonuncu məhkəmə iclasında da iştirak etməmiş, həmçinin apellyasiya şikayətinin əsaslandırma hissəsini məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsaslandırılmadığından qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə (bundan sonra - İPM) əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, 'bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır (81.1.). Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir (85.2.). Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir (85.3.). Göründüyü kimi iddiaçının apellyasiya şikayəti əsaslandırılmamış, ona təklif edilməsinə baxmayaraq şikayətin əsaslandırma hissəsi apellyasiya məhkəməsinə təqdim olunmamışdır. Yaranmış vəziyyət isə işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Azərbaycan Respublikası İPM-ə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasivanm mümkünlüyü əsaslarını yoxlayır (87.2.). Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir (87.3.). Ona görə də qərardaddan verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası əlavə olaraq iddiaçının nəzərinə çatdırır ki, iddiaçı məhkəməyə təqdim etdiyi ərizələrində, müraciətlərində iddia tələbinə aid olmayan, kənar ifadələri istifadə etməkdən çəkinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 87, 90 və 94- cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2- 1(112)-6669/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2545/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2545/2021
26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver