Məhkəmə qərarları › İş №2-1(103)-2545/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2545/2023

25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2545/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2598/2023 nömrəli 09 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********644500 nömrəli Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Tural Məlikov) e-2-1(112)-2598/2023 nömrəli 09 fevral 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********644500 nömrəli Qərarı ləğv edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən xx.xx.2022ci il tarixdə təqdim edilmiş 2021-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində araşdırılması zamanı iddiaçının "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********) və “Minor Group 13" MMC-dən (VÖEN: **********) əldə edilmiş elektron qaimə-fakturalar üzrə alınmış malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin, malları təqdim edən şəxslərin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar iddiaçıya "2021-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə" xx.xx.2022-ci il tarixli **********729100 nömrəli məktub göndərilmiş və müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixli **********004500 nömrəli cavab məktubu ilə 2021-ci il ərzində "xxxx" MMC-dən əldə edilmiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 73050.00 manat, "xxxx" "MMC-dən əldə edilmiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 75610.00 manat, "xxxx" MMCdən əldə edilmiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 49930.00 manat olmaqla cəmi, 198590,0 manat dəyərində malların həqiqətən alındığı və həmin əməliyyatların əmtəəli olduğunun əlavə təsdiqi üçün alqı-satqı müqavilələri, elektron qaimələr, təhviltəslim aktları və qiymət razılaşma protokollarının təqdim edildiyi bildirilmişdir. Təqdim edilmiş sənədlərin vergi orqanının uçot-baza məlumatları ilə üzləşdirilməsi zamanı iddiaçının 2021-ci il üzrə təqdim etdiyi mənfəət vergisi hesabatında riskli vergi ödəyiciləri hesab edilən "xxxx" MMC-dən əldə edilmiş xx.xx.2021-ci il tarixli EBBL seriyalı 069919 nömrəli elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 73050.00 manat, "xxxx" MMC-dən əldə edilmiş xx.xx.2021-ci il tarixli EBBK seriyalı 022554 nömrəli elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 75610.00 manat və "xxxx" MMC-dən əldə edilmiş xx.xx.2021-ci il tarixli EBBJ seriyalı 602017 nömrəli elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 49930.00 manat məbləğində mallar alındığına görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********792600 nömrəli, xx.xx.2022-ci il tarixli **********00400 nömrəli və xx.xx.2022-ci il tarixli **********823100 nömrəli qərarlarına əsasən müvafiq olaraq "xxxx", "xxxx" və "xxxx" MMC-lər riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir ki, nəticədə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 109-cu maddələrinə əsasən 2021-ci ilə görə mənfəət vergisi bəyannaməsinə 39718,0 manat əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı iddiaçıya xx.xx.2022-ci il tarixli **********644500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar” göndərilmişdir. Məhkəmə iş üzrə qərar qəbul edərkən işin hallarını hərtərəfli, obyektiv və qərəzsiz araşdırmamış, bununla da bir sıra maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə qərarında cavabdeh vergi orqanı tərəfindən məhkəməyə iddiaçı "xxxx" MMC ilə "xxxx", "xxxx" və "xxxx" MMC-lər arasında baş tutmuş alqı-satqı əməliyyatlarının əmtəəsiz əməliyyat olduğuna və başqa əməliyyatı pərdələyərək mənfəət əldə etmək məqsədilə həyata keçirildiyinə dair hər hansı mötəbər sübut təqdim edilmədiyindən, "xxxx", "xxxx" və "xxxx" MMC-lər əməliyyatlar baş tutan tarixdə riskli vergi ödəyiciləri siyahısında olmadığından, satıcılarda malların alışına dair təsdiqedici sənədin mövcudluğunu müəyyən etmək iddiaçının öhdəliyi olmadığından və vergi orqanı iddiaçının xərclərini Vergi Məcəlləsinin 14, 14-1 və 67-ci maddələrinə əsasən hesablamaq əvəzinə tam şəkildə sildiyindən, mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********644500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara əsasən hesablanmış əlavə vergi məbləğinin düzgünlüyü öz təsdiqini tapmadığı nəticəsinə gəlinərək, iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iddiaçı ilə "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC arasında baş vermiş alqısatqı əməliyyatlarını subyektiv əsaslarla deyil, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMCnin səlahiyyətli nümayəndəsini üçüncü şəxs kimi məhkəmə işinə cəlb edərək "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin idxal etmədiyi və almadığı malların hansı formada iddiaçıya satışının həyata keçirildiyini aydınlaşdıra bilərdi, habelə həmin malların həqiqətən mövcud olmasını əks etdirən müvafiq sübutları (anbara giriş-çıxışını təsdiq edən digər sənədləri və s.) tələb edə bilərdi. Lakin məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaq, eyni zamanda öz təşəbbüsü ilə digər zəruri sübutları toplamaq vəzifəsini ümumiyyətlə yerinə yetirməmiş, yalnız iddiaçının iddia ərizəsində qeyd etdiyi məqamları əsas götürməklə qərarın qəbul edilməsi ilə kifayətlənmiş, mübahisənin həllinə bilavasitə təsir edən "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC tərəfindən idxal etmədiyi və almadığı malların iddiaçıya hansı formada satılması, iddiaçıya satılan malların çeşidində uyğunluğun olub-olmaması (misal üçün mütəxəssis cəlb etməklə) məsələlərini ümumiyyətlə araşdırmamışdır. Bundan başqa, vergidən yayınma hallarının qarşısının alınması və şəffaflığın təmin edilməsi məqsədi ilə riskli vergi ödəyiciləri ilə qarşılıqlı əməliyyatlar aparılan zaman (elektron qaimə-faktura əldə edəndə, həmçinin ƏDV sub-uçot hesablarından vəsait köçürəndə) vergi ödəyicilərinin bu barədə məlumatlandırılması üçün müvafiq xəbərdarlıq mesajı avtomatik qaydada əks olunur. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdehin xx.xx.2022-ci il tarixli **********644500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanılması barədə” Qərarın surətindən görünür ki, 2021-ci il ərzində "xxxx" MMC (VÖEN **********) əldə edilimiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 73050.00 manatlıq, "xxxx" MMC (VÖEN **********) əldə edilimiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 75610.00 manatlıq, "xxxx" MMC (VÖEN **********) əldə edilimiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 49930.00 manatlıq alınan malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin, cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığının aşkar edilməsi nəticəsində kənarlaşma yarandığı qeyd edilərək "xxxx" MMC-yə 39718.0 manat əlavə vergi məbləği hesablanmışdır. Bəyannamə və hesabat növü - Mənfəət vergisi, Bəyannamə və hesabat dövrü - 2021-ci il. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********546300 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarının surətindən görünür ki, "xxxx" MMC-nin inzibati şikayətləri təmin edilməmiş, cavabdeh tərəfindən qəbul edilmiş "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********644500 nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə "Minor Group 13” MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 17 nömrəli alqı-satqı müqaviləsinə və EBBJ seriyalı №602017 saylı, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən "xxxx" MMC-dən ümumilikdə 49930.00 manat dəyərində mallar alınmış və satıcı tərəfindən bununla bağlı elektron qaimə-faktura tərtib edilərək iddiaçıya göndərilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə "Evras ST” MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 14/21 nömrəli alqı-satqı müqaviləsinə və EBBK seriyalı №022554 saylı, xx.xx.2021-ci il tarixli Elektron qaiməyə əsasən "xxxx" MMC-dən ümumilikdə 75610.0 manat dəyərində mallar alınmış və satıcı tərəfindən bununla bağlı elektron qaiməfaktura tərtib edilərək iddiaçıya göndərilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə "Bentika SS” MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 09-1 nömrəli alqı-satqı müqaviləsinə və EBBL seriyalı №069919 saylı, xx.xx.2021-ci il tarixli Elektron qaiməyə əsasən "xxxx" MMC-dən ümumilikdə 73050.0 manat dəyərində mallar alınmış və satıcı tərəfindən bununla bağlı elektron qaiməfaktura tərtib edilərək iddiaçıya göndərilmişdir. İş materiallarında olan “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********823100 nömrəli Qərara əsasən "xxxx" MMC, xx.xx.2021-ci il tarixli **********300400 nömrəli Qərara əsasən isə "xxxx" MMC, xx.xx.2021-ci il tarixli **********792600 nömrəli Qərara əsasən "xxxx" MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). İddiaçı tərəfindən mübahisələndirilən qərardan görünür ki, 2021-ci il ərzində "xxxx" MMC-dən əldə edilimiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 73050.00 manatlıq, "xxxx" MMC-dən əldə edilimiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 75610.00 manatlıq, "xxxx" MMC-dən əldə edilimiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 49930.00 manatlıq alınan malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin, cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığının aşkar edilməsi nəticəsində kənarlaşma yarandığı qeyd edilərək iddiaçıya 2021-ci il mənfəət vergisi üzrə 39718.0 manat əlavə vergi məbləği hesablanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh vergi orqanı iddiaçı "xxxx" MMC ilə "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC arasında baş tutmuş alqı-satqı əməliyyatlarının faktiki olaraq baş tutub-tutmadığını və malların faktiki olaraq təqdim edilib-edilmədiyini araşdırmadan və həmin əməliyyatların başqa əməliyyatı pərdələmək məqsədilə həyata keçirilib-keçirilmədiyini müəyyən etmədən, sadəcə malları təqdim edən hüquqi şəxslərdə həmin malların alışına dair təsdiqedici sənədin olmadığını və həmin hüquqi şəxslərin riskli vergi ödəyiciləri siyahısında olduğunu əsas götürərək, iddiaçı tərəfindən mənfəət vergisi bəyannaməsində bəyan edilmiş malların alışına dair 198590,0 manat məbləğində xərci qəbul etməkdən imtina etmişdir. Halbuki "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC iddiaçı "xxxx" MMC ilə alqı-satqı əməliyyatlarını həyata keçirdikdən sonrakı tarixlərdə riskli vergi ödəyicisi siyahısına daxil edilmişlər, onlar alqı-satqı əməliyyatları həyata keçirilən dövrdə riskli vergi ödəyicisi olmamışlar, belə olan halda iddiaçının həmin hüquqi şəxslərin riskli vergi ödəyiciləri olduğunu bilməsi mümkün deyildir. Həmçinin cavabdeh vergi orqanı tərəfindən məhkəməyə iddiaçı "xxxx" MMC ilə "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC arasında baş tutmuş alqı-satqı əməliyyatlarının əmtəəsiz əməliyyat olduğuna və başqa əməliyyatı pərdələyərək mənfəət əldə əldə etmək məqsədilə həyata keçirildiyinə dair hər hansı mötəbər sübut təqdim edilməmişdir. Öz növbəsində vergi qanunvericiliyində mal alan vergi ödəyicisinin satıcının sərəncamında olan malların alışına dair təsdiqedici sənədin mövcud olub-olmadığını müəyyən etmək öhdəliyi təsbit edilməmişdir. Qeyd olunanlara əsasən mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olan hal, o cümlədən göstərilən məbləğin iddiaçının xərcinə aid edilməməsi üçün əsas mövcud olmamışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2598/2023 nömrəli 09 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar