Məhkəmə qərarları › İş №2-1(103)-2545/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2545/2025

19.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2545/2025 19.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Qasımov Vidadi Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə“torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6690/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 29 dekabr 2005-ci il tarixli 384 saylı qərarına əsasən alqı-satqı yolu ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılan 600 kv. metr torpaq sahəsinə dair çıxarışın, plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 29 dekabr 2005-ci il tarixli 384 saylı qərarı ilə ona fərdi yaşayış evinin tikintisi üçün 600 kv. metr torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə satılması haqqında qərar qəbul edilmişdir. Bələdiyyənin müvafiq orqanları tərəfindən yerində tələb olunan qaydada yoxlanılaraq torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi məqsədə müvafiq hesab edilmişdir. X8 İnkişaf daimi komissiyasının xx.xx.2005-ci il tarixli iclasında ərizəsinə baxılaraq xx.xx.2005-ci il tarixli 16 saylı ümumi iclasında ona 600 kv. metr torpaq sahəsi ayrılması, satılması məqsədə uyğun hesab edilmişdir. Qeyd olunanlara əsasən, “X1 haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 12 saylı ümumi iclasında qərara alınmışdır.Binəqədi rayonu, 6-cı mkr., qərb hissəsində, fərdi yaşayış evinin tikintisi üçün 600 kv. metr torpaq sahəsi əlavə edilmiş cizgiyə uyğun olaraq (hər kv m. üçün 20.800 (iyirmi min səkkiz yüz manat) ödəmək şərti ilə) onun mülkiyyətinə ayrılması qərara alınmışdır. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin sədri tərəfindən imzalanaraq möhürlənmiş və təsdiqlənmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsini və “X1 haqqında” Azərbaycan Respublikası Qanunun 6, 7, 9, və 20-ci maddələrini əsas tutaraq 29 dekabr 2005-ci il tarixli 453 №li tarixli müqavilə ilə Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin, İnzibati ərazisi 6-cı mkr, qərb hissəsində yerləşən 600 kv m. torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı yolu ilə mülkiyyətinə ayrılan torpaq sahəsinin sərhədləri və dönmə nöqtələri yerində müəyyənləşdirilərək naturaya və xəritəyə keçirilmiş, torpaq sahəsinin plan-cizgisi alanın yəni ki, onun hesabına hazırlanmışdır. Torpağın satış qiyməti, bazar məzənnəsi, tələb və təklif, sahənin təyinatı, coğrafi yeri, ölçüsü keyfiyyəti və digər amillər nəzərə alınmaqla tərəflər arasında sahənin hər bir kv. m. üçün 20.800 (iyirmi min səkkiz yüz) məbləğində razılaşdırılmış və tərəfindən ödənilmişdir. Bakı şəhəri Binəqədi rayonu X3 ərazisində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətimə verilməsi haqqında 29 dekabr 2005-ci il tarixli 541 saylı alqı-satqı müqaviləsi aralarında imzalanmış, sədri tərəfindən imzalanaraq möhürlənmişdir. xx.xx.2024-cü il tarixdə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə torpaq üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və torpaq sahəsinə dair çıxarışın, plan və ölçünün verilməsinə dair ərizə məktub ilə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddia tələbi təmin olunmalıdır. Daha sonra İddiaçı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, Bakı şəhəri Binəqədi Bələdiyyəsinin 29 dekabr 2005- ci il tarixli 384 saylı qərarına əsasən alqı-satqı yolu ilə Binəqədi rayonu, 6-cı mikrorayon qərb hissəsində fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılan 600 kv. metr torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, torpaq sahəsinə çıxarışın plan və ölçünün verilməsi vəzifəsinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamış və cizgi səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Torpaq sahəsi xx.xx.2005-ci il tarixli, 384 nömrəli qərarla ayrılsa da, alqı-satqı aktında xx.xx.2005-ci il tarixli, 384 nömrəli qərara istinad olunmuşdur. Elektron kadastr məlumatlarına əsasən təqdim olunmuş yerləşmə cizgisində dəqiq istinadlar, istinad məsafələri qeyd edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsi 2 nömrəli Zığ- Zeytunçuluq sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir və dövlət mülkiyyəti torpağı olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Habelə, torpaq sahəsinin üzərindən və daxilindən yüksək gərginlikli elektrik xətti və qaz xətti keçir. Elektron baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinə dair X6 və X7 Bakı İnzibati Məhkəməsində iddia tələblərinə baxılmaqdadır və məhkəmə mübahisələri davam edir. “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli qərarı ilə tənzimlənir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsini həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi yolu ilə aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.2-ci maddəsinə əsasən (hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması) hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6690/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 29 dekabr 2005-ci il tarixli 384 saylı qərarına əsasən alqı-satqı yolu ilə Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv. metr torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının qeydə alınmaqla, Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın, plan və ölçünün verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin qərardadı ilə Binəqədi rayon İcra Hakimiyyəti hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin “Vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” xx.xx.2005-ci il tarixli, 384 №li qərarının surətindən müəyyən olunur ki, Binəqədi rayonu, 6 mkr., Qərb hissəsində, fərdi yaşayış evinin tikintisi üçün 600 kv.metr torpaq sahəsi əlavə edilmiş cizgiyə uyğun olaraq (hər kv.m. üçün 20.800 (iyirmi min səkkiz yüz ) manat ödəmək şərti ilə ) vət. İddiaçı mülkiyyətinə ayrılması qərara alınmışdır. “Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin ərazisində olan torpaq sahəsini alqısatqı yolu ilə mülkiyyətə verilməsi haqqında” xx.xx.2005-ci il tarixli, 453 №-li müqavilənin surətindən müəyyən olunur ki, satıcı Binəqədi rayonu X5 rayonu Binəqədi Bələdiyyəsini ümumi iclasının xx.xx.2005-ci il tarixli, 16 №-li qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün Binəqədi rayonu, 6-cu mkr., Qərb hissəsində 600 kv.m. torpaq sahəsi alıcı İddiaçı istifadəsinə vermişdir. İddiaçı ilə Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında bağlanmış “Torpaqların alqısatqısına dair” aktın surətindən müəyyən olunur ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən bələdiyyə ərazisində 600 kv.metr torpaq sahəsinin satılması barədə xx.xx.2005-ci il tarixli, 384 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı bələdiyyənin hesabına 20.800 (iyirmi min səkkiz yüz) manat ödəmişdir (qəbz № 034853). İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********48 saylı cavab məktubunda göstərilmişdir ki, “... təqdim etdiyiniz sənədlər toplusunda olan torpaqların alqı- satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamış və cizgi səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Torpaq sahəsi xx.xx.2005-ci il tarixli, 384 nömrəli qərarla ayrılsa da, alqı-satqı aktında xx.xx.2005- ci il tarixli, 384 nömrəli qərara istinad olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.2-ci maddəsinə əsasən (hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması) hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.” Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-16-9/2-8778/2025 №-li cavab məktubunda qeyd olunmuşdur ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 384 №-li qərarı Bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. ... Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı istifadəsində olan torpaq sahəsinin bələdiyyə orqanının qərarı əsas götürülməklə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etmişdir ki, cavabdeh həmin hüququn dövlət qeydiyyatına alınmasından imtinanı onunla əsaslandırır ki, 1.Torpaqların alqı-satqısına dair aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməməsi;

2. Torpaq sahəsi xx.xx.2005-ci il tarixli, 384 nömrəli qərarla ayrılsa da, alqı-satqı aktında xx.xx.2005-ci il tarixli, 384 nömrəli qərara istinad olunması;

3. Torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamış və cizgi səlahiyyətli şəxs tərəfindən imzalanmaması və təqdim olunmuş yerləşmə cizgisində dəqiq istinadlar, istinad məsafələri qeyd edilməməsi;

4. Elektron kadastr məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsi 2 nömrəli Zığ- Zeytunçuluq sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşməsi;

5. Torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik və qaz xəttinin keçməsi;. Məhkəmə kollegiyası cavabdehin imtinası ilə razılaşır. Belə ki, xx.xx.2007-ci ilə qədər verilmiş bələdiyyə torpaqlarına dair müvafiq qaydada təsdiq edilmiş alqı-satqı aktı təqdim edilməlidir ki, hazırkı iş üzrə alqı-satqı aktının təsdiq edilməsi müəyyən edilmir. Bu halda torpağın qanunvericiliyin tələblərinə uyğun formada ayrılmasını müəyyənləşdirmək imkanını aradan qaldırır. Digər tərəfdən mübahisəli torpaq sahəsi kollegial orqan olan bələdiyyənin müvafiq qərarı əsasında alqı-satqı qaydasında ayrılmalı olduğu halda, qeyd edilən tələblərə riayət edilmədən və qanunvericilikdə nəzərdə tutulmuş normalar gözlənilmədən ayrılmışdır Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqısatqısı qaydaları”na əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı- satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin İİ hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir. Bu hüququ qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüquqları əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər. Azərbaycan Respubklikasının xx.xx.1999-cu il tarixıli Qanunu ilə təsdiq edilmiş «X2»nin Vİ bəndinə görə bələdiyyə iclaslarında baxılan yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə, digər qərarlar isə bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsində torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları müəyyən edilmişdir. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur... 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli Fərmanının 2ci bəndinə görə həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. (15 fevral 2016-cı il tarixədək olan redaksiyası) Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya Binəqədi bələdiyyəsi tərəfindən torpaq ayrılan zaman aidiyyəti qurumların (RİH və DTXK-nın yerli qurumunun) rəylərinin alınması barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Digər tərəfdən iş materiallarından müəyyən edilir ki, alqı-satqı aktında xx.xx.2005-ci il tarixli, 384 nömrəli qərar qeyd edilsə də, torpaq sahəsinin ayrılma əsası kimi xx.xx.2005-ci il tarixli, 384 nömrəli qərar göstərilmişdir. Göründüyü kimi iddia tələbinin əsası kimi göstərilən alqı-satqı aktı ilə bələdiyyə qərarı arasında uyğunsuzluqlar mövcuddur. Qeyd olunanlar nəzərə alınmaqla, qanunvericiliyin tələbləri araşdırıldıqda müəyyən olunur ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlıdır. Azərbaycan Respublikası İPM-in 14.3-cü maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Belə olan halda, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və əsaslı imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İPM-in 73.1-ci maddəsi isə onu nəzərdə tutur ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarının pozmuş olsun. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; Yuxarıda qeyd edlənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, daşınmaz əmlaka dair hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduğundan və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin tələbləri təmin edilmədiyindən, iddiaçının sözügedən daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas mövcud olmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6690/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6690/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Binəqədi Bələdiyyəsinin 29 dekabr 2005- ci il tarixli 384 saylı qərarına əsasən alqı-satqı yolu ilə Binəqədi rayonu, 6-cı mikrorayon qərb hissəsində fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılan 600 kv. metr torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, torpaq sahəsinə çıxarışın plan və ölçünün verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar