Məhkəmə qərarları › İş №2-1(103)-2546/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2546/2021

01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2546/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 18.02.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Günel Firudin qızı Əliyevanın katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 18.02.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3453/2021 saylı 14 iyun 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. NZ seriyalı ******* saylı 06 may 1974-cü il tarixli hərbi biletdən görünür ki, İddiaçı 06 may 1974-cü il tarixdən 15 iyun 1976-cı il tarixədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. SSR X6 Təhsili Komitəsi tərəfindən verilmiş 4481 saylı 28 iyun 1982-ci il tarixli attestatdan görünür ki, İddiaçı 23 noyabr 1981-ci il tarixdə Azərbaycan SSR 112 saylı kənd texniki peşə məktəbinə daxil olmuş, 26 iyul 1982-ci ildə təhsil müddəti 8 ay olan həmin məktəbi bitirmişdir. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasından görünür ki, iddiaçı 09 iyul 1976-cı il tarixdən 10 oktyabr 1979-cu il tarixinədək (3 il 3 ay 1 gün) Bakı şəhəri “Yaşayış fondunun əsaslı təmiri” trestinin 4 saylı xüsusi idarəsində fəhlə və izoləedici vəzifələrində, 11 oktyabr 1979-cu il tarixdən 22 aprel 1980-ci il tarixinədək (6 ay 11 gün) “Xüsusitəmirtikinti” trestində izoləedici vəzifəsində, 23 aprel 1980-ci il tarixdən 08 noyabr 1980-ci il tarixinədək (6 ay 15 gün) “Könüllü” xüsusi təsərrüfat idarəsində dülgər vəzifəsində, 05 dekabr 1980-ci il tarixdən 04 may 1981-ci il tarixinədək (4 ay 29 gün) “Xüsusitəmirtikinti” trestinin 5 №-li “Xüsusitəmirtikinti” idarəsində izoləedici vəzifəsində, 05 iyun 1981-ci il tarixdən 30 sentyabr 1981-ci il tarixinədək (3 ay 25 gün) Krasnodar vilayətinin “Oraks” sovxozunda dülgər vəzifəsində, 27 yanvar 1982-ci il tarixdən 04 aprel 1984-cü il tarixinədək (2 il 2 ay 7 gün) Bakı şəhəri Kirov rayon İctimai-İaşə İdarəsində fəhlə və aşbaz vəzifələrində, 14 aprel 1984-cü il tarixdən 19 noyabr 1984-cü il tarixinədək (7 ay 15 gün) Krasnodar vilayətinin Şirasnovsk sovxozunda aşbaz vəzifəsində, 03 dekabr 1984cü il tarixdən 03 sentyabr 1992-ci il tarixinədək (7 il 9 ay) Bakı şəhəri Kirov rayon İctimai İaşə idarəsində fəhlə və aşbaz vəzifələrində, 03 sentyabr 1992-ci il tarixdən 10 dekabr 1994-cü il tarixinədək (2 il 3 ay 7 gün) “Bakıbaştikinti” trestinin ETK-də yeməkxananın anbar müdiri vəzifəsində və 01 mart 1996-cı il tarixdən 27 dekabr 2004-cü il tarixinədək (8 il 9 ay 26 gün) “Bakı Baş Tikinti İdarəsi”nin 1 №-li ETK-da yeməkxananın anbar müdiri vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 4/869 saylı 27 aprel 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Əli oğlu barəsində olan sorğuda qeyd olunan "xxxx" ASC-nin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İddiaçı 18.02.2020-ci il tarixdən yaşa görə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********6 saylı 21 dekabr 2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 2020-ci ilin 1 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun ümumi iş stajı 20 il olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. 13.07.1976-cı il tarixli əmək kitabçasında qeyd olunmuş 10.09.1996-cı il tarixdən sonra öz hesabına məzuniyyətdə olmuşdur. 27.12.2004-cü il tarixdən sonra ona əmək haqqı hesablanmamışdır. Bu səbəbdən həmin dövrlərin sığorta stajına əlavə olunması mümkün hesab olunmur. Həmçinin 01.01.2006-cı il tarixədək olan sığorta stajına uyğun (20 il) sığorta kapitalı 14826,00 manat olmaqla tələb olunan 28800 manat sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Belə ki, “pensiya kapitalının məbləğinin sözügedən Qanunun 45ci maddəsinin birinci cümləsinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə uyğun olaraq müəyyən edilən gözlənilən pensiya ödənişi müddətinə-144 aya bölünməsi ilə alınan məbləğ “Əmək pensiyaları haqqında" Qanunun 6-1.ci maddəsində nəzərdə tutulmuş əmək pensiyasının minimum məbləğindən (200,00) aşağıdır. Qeyd olunanları nəzərə alaraq oma yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün olmadığından yaşa görə sosial müvainətin təyin edilməsi üçün 3 saylı Bakı “DOST” mərkəzinə müraciət etməsi tövsiyə olunur. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Qanunun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait (13174.00 manat) ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 18.02.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırmışdır ki, onun 27 dekabr 2004-cü il tarixinədək ümumi iş stajı 28 il 9 ay 19 gün təşkil edir. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. (Kişilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək hər il 6 ay artırılır). Həmin Qanunun tələblərinə müvafiq olaraq 2019-cu ilin iyulun 1- dən 2020- ci ilin iyulun 1-dək kişilərin yaş həddi 64 il 6 ay təşkil etdiyindən və onun həmin yaş həddi 2020ci ilin 18 fevral tarixində tamam olduğundan bu tarixdən yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı 05.11.2020-ci il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə cavabdeh orqana ərizə ilə müraciət etmiş, lakin onun bu tələbinə haqlı olaraq imtina verilmişdir. İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. Vətəndaşın cavabdeh orqana təqdim etdiyi İT-İ ******* nömrəli əmək kitabçasına əsasən 20 il 5 ay 21 gün sığorta stajı olduğu müəyyən edilmişdir. Cavabdeh orqan tərəfindən əmək kitabçasında qeyd olunan "xxxx"ASC-də vətəndaşın işlədiyi illərin yerində yoxlanılması həyata keçirilmişdir. Yoxlama zamanı 13.07.1976-cı il tarixli əmək kitabçasında qeyd olunmuş 10.09.1996-cı il tarixdən sonra öz hesabına ödənişsiz məzuniyyətdə olduğu və işdən azad olunduğu 27.12.2004-cü il tarixədək ona əmək haqqı hesablanmadığı məlum olmuşdur. Yuxarda qeyd olunanlara əsasən cavabdeh orqan tərəfindən 27.11.2020-ci il tarixli “iş stajının yerində yoxlanılmasına dair akt”ı tərtib edilmiş və iş materilallarına əlavə edilmişdir. Eyni zamanda məhkəmə prosesi zamanı İddiaçı izahatında 10.09.1996-cı il tarixdən 27.12.2004-cü il tarixədək ödənişsiz məzuniyyətdə olduğunu etiraf etmiş və bu hal protokola qeyd edilmişdir. Qeyd edilən səbəbdən sığorta stajı hesablanarkən 10.09.1996-cı il tarixdən - 27.12.2004-cü il tarixədək ( 8 il 3 ay 7 gün) olan dövrün sosial sığorta stajına daxil edilməsi qanuna ziddir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 noyabr 2011-ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının” 4.2.7-ci bəndinə əsasən zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanması həyata keçirilir. İddiaçının işlədiyini iddia etdiyi illərə və müəssisənin mövcudluğuna dair məlumatları dəqiqləşdirmək üçün cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə 19.04.2021-ci il tarixdə **********2 nömrəli sorğu göndərilmişdir. Sorğuya gələn 27.04.2021-ci il tarixli 4/869 nömrəli cavab məktubuna əsasən qeyd olunan müəssisəyə dair arxiv sənədlərinin Milli Arxiv İdarəsinə təhvil verilmədiyi qeyd edilmişdir. İlk olaraq qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 128-ci maddəsinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Həmin Məcəllənin 129-cu maddəsinə görə, işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Yuxarıda qeyd olunan Məcəllənin 129-cu maddəsinə 2009-cu ildə edilmiş dəyişikliyə əsasən isə, “işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər”. Cavabdeh iddiaçının 10.09.1996-cı il tarixdən - 27.12.2004-cü il tarixədək (8 il 3 ay 7 gün) öz hesabına ödənişsiz məzuniyyətdə olduğunu, həmin tarixlərdə əmək haqqı almasının müəssisədə saxlanılan əmək haqqı ödəniş cədvəllərinə əsasən təsdiq edilmədiyini bildirir, iddiaçı faktı təkzib və mübahisə etmir. Digər tərəfdən 6 ildən çox müddətə, habelə öz hesabına ödənişsiz məzuniyyətdə olma Əmək Məcəlləsinin 112 və 128-ci maddələri anlamında ödənişsiz məzuniyyət deyil. “Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, qanunvericinin sosial sığorta stajı kimi nəzərə aldığı digər müddətlər də qeyd edilmişdir. Lakin iddia olunan məzmunda ödənişsiz məzuniyyət dövrü sosial sığorta stajı kimi həmin siyahıda təsbit olunmamışdır. İddiaçı əmək kitabçası ilə təsdiq olunan 20 il 5 ay 21 gün sığorta stajı və fərdi hesabın sığorta hissəsində 14826 manat məbləğində pensiya kapitalı mövcuddur. İddiaçının mövcud olan sığorta stajı və pensiya kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində tələb olunan şərtlərə cavab vermədiyi üçün pensiya hüququ yaranmır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3453/2021 saylı 14 iyun 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı qanunsuzur və ləğv edilməlidir. Məhkəmənin onun ödənişsiz məzuniyyətdə olma müddətinin 6 aydan çox olması barədə mülahizəsi tamamilə yanlışdır və əsassızdır. Əmək Məcəlləsinə dəyişikliklər 2009-cu ildə olmuş, o isə 2006-cı ilədək ödənişsiz məzuniyyətdə olmuşdur. Bu səbəbdən də bu dəyişikliklər ona münasibətdə tətbiq edilə bilməz. Cavabdehin apellyasiya şikayətinə dair yazılı etirazı: Apellyasiya şikayətinə dair yazılı etirazın məzmunu iddiaya dair yazılı etirazın məzmunu ilə eynidir. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, "xxxx" ASC-də 10.09.1996-cı il tarixdən 27.12.2004-cü il tarixədək işlədiyi dövrdə əvvəlki bir neçə ayda əmək haqqı almış, sonradan müəssisənin fəaliyyəti olmadığı üçün bütün işçilər olduğu kimi, o da əmək haqqı saxlanılmamaqla öz hesabına məzuniyyətə buraxılmış, nəhayət 27.12.2004-cü il tarixdən öz xahişi ilə işdən azad olunmuşdur. Hesab edir ki, həmin müəssisədə işlədiyi 08 il 03 ay 7 gün onun sosial sığorta stajına hesablanmalıdır, buna görə də onun ümumi stajı 25 ildən artıq təşkil edir. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 21.12.2020-ci il tarixdir. İddiaçı iddia ilə məhkəməyə 08.01.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 18.02.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədədir. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən tələbinin təmin olunmasından onun sığorta stajının və pensiya kapitalının kifayət qədər olmaması səbəbindən imtina edilmişdir. Bununla bağlı iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Belə ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının ümumi iş stajının 20 il 05 ay 21 gün, pensiya kapitalının isə 14826 manat olmasına istinad edərək iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci mddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, təhsilini təsdiq edən sənədi və əmək kitabçasını təqdim etmişdir. İddiaçıya məxsus NZ seriyalı ******* saylı 06 may 1974-cü il tarixli hərbi biletdən görünür ki, o, 06 may 1974-cü il tarixdən 15 iyun 1976-cı il tarixədək (2 il 1 ay 9 gün) Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. SSR X6 Təhsili Komitəsi tərəfindən verilmiş 4481 saylı 28 iyun 1982-ci il tarixli attestatdan görünür ki, İddiaçı 23 noyabr 1981-ci il tarixdə Azərbaycan SSR 112 saylı kənd texniki peşə məktəbinə daxil olmuş, 26 iyul 1982-ci ildə təhsil müddəti 8 ay olan həmin məktəbi bitirmişdir. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Belə olan halda iddiaçı 01.01.2006-cı il tarixədək qüvvədə olan qanunun tələbinə görə təhsil müəssisəsindəki təhsil müddəti və hərbi xidmət dövrü də daxil olmaqla bu stajdan irəli gələn hüquqların (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, təhsil müəssisəsindəki təhsil müddətinin və hərbi xidmət dövrünün yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Bununla yanaşı, iddiaçıya məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasından görünür ki, iddiaçı 09 iyul 1976- 10 oktyabr 1979-cu ilədək (3 il 3 ay 1 gün), 11 oktyabr 1979- 22 aprel 1980-ci ilədək (6 ay 11 gün), 23 aprel 1980- 08 noyabr 1980-ci ilədək (6 ay 15 gün), 05 dekabr 1980- 04 may 1981-ci ilədək (4 ay 29 gün), 05 iyun 1981- 30 sentyabr 1981-ci ilədək (3 ay 25 gün), 27 yanvar 1982- 04 aprel 1984-cü ilədək (2 il 2 ay 7 gün), 14 aprel 1984- 19 noyabr 1984-cü ilədək (7 ay 15 gün), 03 dekabr 1984- 03 sentyabr 1992-ci ilədək (7 il 9 ay), 03 sentyabr 1992- 10 dekabr 1994-cü ilədək (2 il 3 ay 7 gün) və 01 mart 1996- 27 dekabr 2004-cü ilədək (8 il 9 ay 26 gün) müxtəlif müəssisələrdə işləmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İddiaçı əmək kitabçasındakı qeydlərə əsasən, hərbi xidmət və təhsil aldığı dövr də nəzərə alınmaqla onun 28 ildən artıq ümumi iş stajının olduğuna istinad edir. Cavabdeh isə bildirir ki, iddiaçıya yaşa görə pensiya təyin olunması ilə bağlı aparılan araşdırma zamanı əmək kitabçasında qeyd olunmuş "xxxx" ASC-də işlədiyi illərin yerində yoxlanılmasını həyata keçirmişdir. İddiaçıya məxsus əmək kitabçasında onun 01 mart 1996-cı il tarixdən 27 dekabr 2004-cü il tarixinədək (8 il 9 ay 26 gün) “Bakı Baş Tikinti İdarəsi”nin 1 №-li ETK-da yeməkxananın anbar müdiri vəzifəsində işlədiyi qeyd olunsa da, yoxlama zamanı iddiaçının 10.09.1996-cı il tarixdən sonra öz hesabına ödənişsiz məzuniyyətdə olduğu və işdən azad olunduğu 27.12.2004-cü il tarixədək ona əmək haqqı hesablanmadığı müəyyən edilmişdir. Bu barədə cavabdeh orqan tərəfindən 27.11.2020-ci il tarixli “iş stajının yerində yoxlanılmasına dair” Akt tərtib edilmiş və həmin aktın surəti məhkəməyə təqdim edilmişdir. Apellyasiya baxışı zamanı "xxxx" ASC-yə göndərilmiş sorğuya cavab olaraq müəssisə tərəfindən təqdim edilmiş 27.11.2021-ci il tarixli məktubda bildirilmişdir ki, İddiaçı “BBTİ”-nin 1 saylı Evtikmə kombinatında 01.03.1996-cı il tarixdən kombinatın yeməkxanasında anbar müdiri vəzifəsində işə qəbul edilmişdir. Büdcədən maliyyələşən və dövlət təşkilatı olan 1 saylı Evtikmə kombinatı 1996-cı ildə dövlət tərəfindən sifarış olmadığına görə fəaliyyətini dayandırmış və kombinatın işçiləri əmək haqqı saxlanılmamaqla öz hesabına məzuniyyətə göndərilmişdir. İddiaçı 10.09.1996-cı il tarixdən 31.12.1996-cı il tarixədək, 02.01.1997-ci il tarixdən 30.06.1997-ci il tarixədək və 01.07.1997-ci il tarixdən 31.12.1997-ci il tarixədək əmək haqqı saxlanılmamaqla öz hesabına məzuniyyətdə olmuş, 27.12.2004-cü il tarixdən isə öz xahişi ilə işdən azad edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı "xxxx" ASC-də 10.09.1996-cı il tarixdən 27.12.2004-cü il tarixədək işlədiyi dövrdə əvvəlki bir neçə ay əmək haqqı aldığını, qalan dövrlərdə isə müəssisənin fəaliyyəti olmadığı üçün bütün işçilər olduğu kimi, onun da əmək haqqı saxlanılmamaqla öz hesabına məzuniyyətə buraxıldığını, nəhayət 27.12.2004-cü il tarixdən öz xahişi ilə işdən azad olunduğu faktını təsdiqləmiş, lakin həmin müəssisədə işlədiyi 08 il 03 ay 7 gün müddətin onun sosial sığorta stajına hesablanmalı olduğunu və buna görə də 25 ildən artıq iş stajının olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə görə ödənişsiz məzuniyyət dövrünün sosial sığorta stajına daxil edilmədiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçının 10.09.1996-cı il tarixdən 27.12.2004-cü il tarixədək adı çəkilən müəssisədə işlədiyi dövr onun ümumi iş stajına daxil edilə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Republikası Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsində sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, qanunvericinin sosial sığorta stajı kimi nəzərə aldığı digər müddətlər də qeyd edilmişdir. Lakin iddia olunan məzmunda ödənişsiz məzuniyyət dövrü sosial sığorta stajı kimi həmin siyahıda təsbit olunmamışdır. Kollegiya onu da nəzərə alır ki, ödənişsiz məzuniyyət dövrünün iş stajına daxil edilməsi ilə bağlı oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi yuxarıda göstərilən qaydada olmuşdur (2-1(102)- 1344/2020 saylı 14.07.2020-ci il tarixli qərar). Bu baxımdan iddiaçının ümumi iş stajı tələb olunan 25 ildən az təşkil etdiyindən, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki şərtdən biri- 25 ildən az olmayan ümumi sığorta stajı tələbi ödənilmir. İkinci şərt- pensiya kapitalı ilə bağlı qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növünün başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının təsdiq edilməsi barədə 17 saylı Qərara əsasən yaşa görə pensiyanın təyin edilməsi üçün ilk növbədə müraciət edən şəxsin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 01.01.2006-ci il tarixədək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Hazırki işdə iddiaçının pensiya kapitalının nə qədər təşkil etməsi ilə bağlı müvafiq sənədin təqdim olunması cavabdehə təklif edilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş apellyasiya şikayətinə dair yazılı etirazına əlavədə qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növünün başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.2.1-ci maddəsinə əsasən yaşa görə pensiyanın təyin edilməsi üçün ilk növbədə müraciət edən şəxsin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 01.01.2006-ci il tarixədək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. iddiaçının əmək kitabçasına əsasən 20 il 5 ay 21 gün sığorta stajının olduğu müəyyən edilmişdir. Onun bu stajı “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən hesablandıqda 6247.5 manat pensiya kapitalı yaranmışdır (20 il ta iş stajı x 306 manat+306 manat:12ay x 5 ay=6247.5 manat) Həmin məbləğ isə 29.1-ci maddənin tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən 01.01.2006-cı il tarixə olan kapitalının 01.01.2020-ci il tarixə indeksləşdikdə 6247.5+8.3%+16.7%+1.5%+5.7%+7.9%+ 1.1%+2.4%+1.4%+4%+12.4%+5.7%+3%+16.6%=17200.2 manat alınır. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən tələb olunan sığorta stajı 25 il və pensiya kapitalı 28800 manat məbləğində olmasına baxmayaraq iddiaçının mövcud olan sığorta stajı 25 ildən az, pensiya kapitalı isə 28800 manatdan az- 17200 manat təşkil etdiyi üçün bu hal ona yaşa görə pensiya təyin edilməsini mümkünsüz edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər əsassız olmaqla yanaşı, qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3453/2021 saylı 14 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3453/2021 saylı 14 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar