Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2547/2024 17.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: fərdi yaşayış evinə dair hüquqların qeydiyyata alınması və çıxarışın verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, İddiaçı X2 nümayəndəsi və İddiaçı1 və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair hüquqların qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2-1(112)-6953/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçılar İddiaçı1 və X8 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən X4 məxsus olan fərdi yaşayış evinə və evin həyətyanı sahəsi olan 790 kv.m torpaq səhəsinə, həmçinin İddiaçı1 məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı sahəsi 640 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq, çıxarış və texniki pasport verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi üzərinə qoyulması barədə qərar edilməsini məhkəmədən xahiş etmişlər.
2. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, X8 1990-cı ildən Bakı şəhəri, Əsəd Əhmədov küçəsi, ev 34D ünvanında yaşayır və bütün kommunal xərcləri ödəyir. Həmin ev 4 yaşayış otağından ibarətdir, ümumi yaşayış sahəsi 125.0 kv.m, həyətyanı torpaq sahəsi 790 kv.m təşkil edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 yanvar 2006-cı il tarixli qətnaməsi (iş 2-513/2006) ilə iddiaçının ünvan 3 ünvanında yerləşən daşınmaz əmlaka (fərdi yaşayış evinə həyətyanı torpaq sahəsinə) mülkiyyət hüququ tanınmışdır. Həmin ünvanda 1990-cı ildən yaşamağı ünvan 4ş 22 yanvar 2005-ci il tarixli Aktla da təsdiq olunur (Əlavə edilir). Akta əsasən, mənzil və torpaq sahəsi tikildiyi gündən bu günə kimi iddiaçının faktiki istifadəsindədir. Bakı şəhəri Yasamal Bələdiyyəsi iddiaçıya məxsus fərdi yaşayış evinin və torpaq sahəsinin plan və ölçüsünü təsdiq etmiş və həmin plan və ölçüyə uyğun olaraq hər il əmlak və torpaq vergisi ödəmişdir (əlavə edilir). Yaşadığı ev üzrə bütün kommunal ödənişləri (qaz, işıq və su) ödəmişdir. İddiaçı qeyd edir ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya (əmlaka) faktik sahibliyə nail olmaqla əldə edilir. Mülki Məcəllənin müvafiq müddəalarına uyğun olaraq və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 30 yanvar 2006-cı il tarixli qərarı ilə (iş 2-513/2006) iddiaçı ünvan 3 ünvanında qeydiyyata alınmışdır. Qeyd edilən məhkəmə qərarına uyğun olaraq iddiaçı evinə və evin həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnu qeydə alaraq çıxarış və texniki pasport verilməsi ilə bağlı 9 yanvar 2024-cü il tarixdə Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarə iddiaçının evinə və evin həyətyanı torpaq səhəsinə mülkiyyət hüququnun qeydə alınaraq çıxarış verilməsindən imtina etmişdir. İdarə imtinanı hüquq müəyyənedici sənədlərin təqdim edilməməsi ilə əsaslandırılmışdır. İddiaçı hesab edir ki, imtina əsassızdır. Belə ki, “Daşınmaz əmlak haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Ümumi yaşayış sahəsi 125.0 kv.m olan evə və həyətyanı sahəsi 790 kv.m təşkil edən torpağa mülkiyyət hüququ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 yanvar 2006-cı il tarixli qərarı (iş 2-513/2006) ilə tanınmışdır. Həmçinin inzibati orqan olaraq Bakı şəhəri Yasamal Bələdiyyəsi iddiaçıya məxsus fərdi yaşayış evinin və torpaq sahəsinin plan və ölçüsünü təsdiq etmiş və həmin plan və ölçüyə uyğun olaraq hər il əmlak və torpaq vergisi, eləcə də bütün kommunal ödənişləri ödəmişdir. Göründüyü kimi mülkiyyət hüquqları qeyd edilən daşınmaz əmlaklar üzərində tanınmışdır. Həmin tanınmaya dair məhkəmə qətnaməsi də mülkiyyət hüquqlarının qeydə alınmasının əsası kimi müvafiq Qanunda təsbit edilmişidir. Odur ki, hüquq müəyyənedici sənədin olmaması əsası ilə mülkiyyət hüququnun qeydə alınmasından imtina olunması hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Evə və torpaq sahəsinə məhkəmə qərarı ilə mülkiyyət hüququ tanınsa da sözügedən idarə qanunvericiliyə zidd olaraq mülkiyyət hüququnun qeydə almamış və bununla da qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasından imtina etmişdir. Əlavə olaraq iddiaçı qeyd edir ki, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 8-ci maddəsinə əsasən hər kəs mənzilinə hörmət hüququna malikdir və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Qeyd edilən normalara istinad edilərək Avropa insan hüquqları Məhkəməsi tərəfindən analoji işlər üzrə qəbul edilmiş qərarlarda müvafiq icazələr olmadan tikilmiş və uzun müddət istifadədə olmuş əmlaka sahiblik və istifadə hüququ tanınmışdır. Belə ki, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın və onun 1, 4, 6 və 7 saylı Protokollarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 25 dekabr 2001- ci il 236-İİQ qanunu ilə təsdiq edilmiş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
3. Bakı İnzibati Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2-1(112)-6953/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Əsəd Əhmədov küçəsi, ev 34D ünvanında yerləşən X4 məxsus olan fərdi yaşayış evi və evin həyətyanı sahəsi olan 790 kv.m torpaq sahəsi üzərində, həmçinin İddiaçı1 məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və evin həyətyanı sahəsi olan 640 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq, çıxarış və texniki pasportun verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi üzərinə qoyulması qərara alınmışdır.
4. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2547/2024 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 və X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbinin “fərdi yaşayış evinə dair hüquqların qeydiyyata alınması” hissəsində iş üzrə icraata xitam verilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X2 ərizəsi əsasında aparılan araşdırılma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsi və fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər, habelə mövcud fərdi yaşayış evi sökülüb yenidən 1 mərtəbəli zirzəmili fərdi yaşayış evi tikilmiş və yeni tikilmiş fərdi yaşayış evinə eskiz layihə təqdim edilməmişdir. Həmçinin elektron kadastr baza məlumatlarına əsasən ümumi əraziyə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin, 204 saylı “S.M.” və 207 saylı “M.X” mənzil-tikinti kooperativlərinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yasamal rayon Polis İdarəsinin müraciətləri olmuşdur. Bakı İnzibati Məhkəməsi tərəfindən müvafiq iş araşdırılan zaman xüsusi mümkünlük şərtlərinə əməl edilməmişdir. Belə ki, İddiaçı1 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və evin həyətyanı sahəsi olan 640 kv.m torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması tələbinə dair 1 saylı Bakı Ərazi İdarəsinə müraciətinin olmaması nəzərə alınmamış, ətraflı araşdırılma aparılmadan iddia tələbi təmin edilmişdir.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Bəbişbəyli apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında iddiaçı X2 nümayəndəsi və İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
9. İş materiallasrından görünür ki, iddiaçılar hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müraciətə cavab olaraq xx.xx.2024cü il tarixli məktub ünvanlayaraq qeyd etmişdir ki, müraciətinizlə əlaqədar olaraq bildiririk ki, torpaq sahəsi və fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.
10. 2-513/2006 saylı, xx.xx.2006-cı il tarixli məhkəmə qətnaməsi ilə iddialar təmin olunmuş, X1 yaşadığı Bakı şəhəri, 1-ci Alatava küçəsi, 123 saylı ev üzrə MəmmədvoTeymur Salman oğlunun ailə üzvləri ilə birlikdə X6 ailə üzvləri ilə birlikdə, X7 ailə üzvləri ilə birlikdə (cəmi 22 nəfər) yaşadıqları Bakı şəhəri, Tolstoy küçəsində yerləşən 34 saylı ev üzrə; X9 ailə üzvləri ilə birlikdə - X11 ilə birlikdə yaşadıqları Bakı şəhəri, Əsəd Əhmədov küçəsində yerləşən 34q saylı ev üzrə; İddiaçı1 yaşadığı Bakı şəhəri, Əsəd Əhmədov küçəsində yerləşən 34a saylı ev üzrə; X8 yaşadığı Bakı şəhəri, Əsəd Əhmədov küçəsində yerləşən 34d saylı ev üzrə və X5 azyaşlı oğlu Ələkbərov Elgün Räsım oğlu ilə birlikdə yaşadığı Bakı şəhəri, 5- ci Yasamal küçəsi, 170 saylı ev üzrə qeydiyyata alınmaları Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət şöbəsinə həvalə edilmişdir. İddiaçı1 ünvan 2-da faktiki sahibliyində və istifadəsində olan ümumi yaşayış sahəsi 51.0 kv.m, köməkçi sahə 22.0 kv.m evə və həyətyanı sahəsi olan 640 kv.m torpağa, X2 Əsəd Əhmədov küçəsi, ev 34d-də faktiki sahibliyində və istifadəsində olan ümumi yaşayış sahəsi 125.0 kv.m evə və həyətyanı sahəsi olan 790 kv.m torpağa, X9 Bakı şəhəri, Əsəd Əhmədov küçəsi ev 34q-də faktiki sahibliyində və istifadəsində olan və ümumi sahəsi 154 kv.m olan evə mülkiyyət hüququ tanınmışdır.
11. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 30 yanvar 2006-cı il tarixli mülki iş xx.xx.2006-cı il tarixdə qanuni qüvvəsini alaraq icra olunması üçün aidiyyatı orqanlara göndərilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq təqdim edilən ərizəçi X2 müraciətinə əsasən tərtib edilən “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktı”ndan görünür ki, Bakı şəhəri, Əsəd Əhmədov küçəsində yerləşən 34d saylı fərdi yaşayış evi bir mərtəbəli və zirzəmidən ibarətdir. Evin eskiz layihəsi təqdim edilmədiyindən faktiki vəziyyəti çəkilib. Evin yerləşdiyi torpaq sahəsi məhkəmə qərarına əsasən 790.0 kv.m-dir. Torpaq sahəsinin bir hissəsi qapalı ərazidə yerləşir və yerdə qalan torpaq sahəsi isə qapalı əraziyə bitişik kənarda yerləşir. Baş planda şərti sərhəd ərizəçinin göstərişinə əsasən tərtib edilib. Baş planda evlə birlikdə ümumi torpaq sahəsi məhkəmə qərarına uyğun 790.0 kv.m kimi tərtib edilib.
13. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq təqdim edilən ərizəçi İddiaçı1 müraciətinə əsasən tərtib edilən “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktı”ndan görünür ki, Bakı şəhəri, Əsəd Əhmədov küçəsində yerləşən 34A saylı fərdi yaşayış evi sökülüb yerində yenidən bir mərtəbəli və zirzəmidən ibarət tikilib. Evin eskiz layihəsi təqdim edilmədiyindən faktiki vəziyyəti çəkilib. Evin yerləşdiyi torpaq sahəsi məhkəmə qərarına əsasən 640.0 kv.m-dir. Torpaq sahəsinin bir hissəsi qapalı ərazidə yerləşir və yerdə qalan torpaq sahəsi isə qapalı əraziyə bitişik kənarda yerləşir. Həyətdə qys-i həyət tikilisi tikilib. Baş planda şərti sərhəd ərizəçinin göstərişinə əsasən tərtib edilib. Baş planda evlə birlikdə ümumi torpaq sahəsi məhkəmə qərarına uyğun 640 kv.m kimi tərtib edilib.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
14. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
15. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
16. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.
17. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: ... 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
19. İddia tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçıların hüquqi marağı ünvan 5 ünvanlarında yerləşən həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasından ibarətdir. Hazırkı işin halları üzrə qeyd edilməlidir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-513/2006 saylı, xx.xx.2006-cı il tarixli nömrəli qətnaməsinə əsasən, İddiaçı1 yaşadığı Bakı şəhəri, Əsəd Əhmədov küçəsində yerləşən 34a saylı ev üzrə; X8 yaşadığı Bakı şəhəri, Əsəd Əhmədov küçəsində yerləşən 34d saylı ev üzrə qeydiyyata alınmaları Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət şöbəsinə həvalə edilmiş və müvafiq ünvanlar üzrə iddiaçıların faktiki sahibliyində və istifadəsində olan evlərə və həyətyanı sahəsi olan 640 kv.m və 790 kv.m torpaqlara dair mülkiyyət hüquqları tanınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.4-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də qanuni qüvvəyə minmiş məhkəmə qərarlarıdır. Nəzərə alınmalıdır ki, istinad edilən norma qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında inzibati orqanın üzərinə hər hansı öhdəliyin qoyulmasını və ya həmin inzibati orqanın məhkəmə icraatının iştirakçısı olmasını şərt kimi təsbit etmir. Burada diqqət edilməli olan əsas məqam həmin məhkəmə qərarında şəxsin iddia etdiyi daşınmaz əmlak üzərində hüququn məhz həmin şəxsə məxsus olduğunun təsdiq edilib-edilmədiyidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci və 14.2.3-cü maddələrinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də mülki hüquqlar və vəzifələri müəyyənləşdirən məhkəmə aktlarıdır. Daşınmaz əmlakın dövlət reyestrində də məhz Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq əldə edilmiş hüquqlar qeydə alınmalıdır. Qeydiyyat orqanın bu hüququ qeyd almaq öhdəliyi isə bilavasitə qanundan irəli gəlir. Yəni, bu öhdəlik onun üzərinə qanunla qoyulub və o, bu öhdəliyi həmin qanunun tələbinə uyğun icra etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, icraat iştirakçısı olmadığı və ya məhkəmə qərarının bilavasitə məhkəmə tərəfindən qeydiyyat orqanına təqdim olunmadığı, yaxud da məhkəmə qərarında qeydiyyat orqanının üzərinə konkret əmlaka dair şəxsin hüququnun reyestrdə qeydə alınması barədə öhdəliyin qoyulması birbaşa göstərilməsə belə cavabdehin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə istinadla daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının aparılmaması yolverilməzdir. İşin mübahisəsiz halıdır ki, qeyd edilən məhkəmə qətnaməsi ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinə əsasən iddiaçının mübahisələndirilən yaşayış evləri və onun həyətyanı sahələri üzərində mülkiyyət hüquqları müəyyən edilmişdir. Belə ki, hazırkı iş üzrə qeyd edilən məhkəmə qətnaməsi ilə iddiaçıların mübahisələndirilən ünvanda yerləşən yaşayış sahəsinə və həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ tanınmış və həmin ünvan üzrə qeydiyyata alınmaları ilə bağlı müvafiq öhdəlik qoyulmuşdur. Bu səbəbdən də həmin məhkəmə qətnaməsi qeyd edilən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması əsası kimi hüquq müəyyənedici sənəddir. İş materiallarından müəyyən edilir ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana ərizə ilə müracit etmiş, lakin cavabdeh inzibati orqan müraciətə cavab olaraq iddiaçıya xx.xx.2024-cü il tarixli məktub ünvanlayaraq qeyd etmişdir ki, torpaq sahəsi və fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci 13 yanvar tarixl, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edilən imtina dəlili ilə bağlı qeyd ki, əmlakla bağlı mülkiyyət hüquqlarının tanınması ilə dair hüquq müəyyənedici sənəd olan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur və həmin qətnamə hazırda qüvvədədir və ləğv edilməmişdir. Cavabdeh inzibati orqan isə nəzərə almamışdır ki, qeyd edilən Qanunun 8.0.4-cü maddələrinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilmişdir. 20.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə görə, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 61-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur (maddənin 1,2,4-cü bəndləri). 21.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. 22.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 23.Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. 24.Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 25.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2-1(112)-6953/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov