Məhkəmə qərarları › İş №2-1(103)-2547/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2547/2025

16.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2547/2025 16.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: mənzil növbəsinə götürülməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Mədətli Fərid İlham oğlu və X5 ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2-1(112)-5481/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (bundan sonra mətndə Suraxanı RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı RİHnin xx.xx.2024-cü il tarixli tarixli imtina məktubunu əsassız hesab edərək, onun mənziluçot işinin Füzuli rayonundan hazırki yaşayış yeri olan Suraxanı RİH-də uçota götürülməsi vəzifəsinin Suraxanı RİH üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1989-cu ildə Füzuli rayonunda doğulmuşdur, orta təhsillidir. 26 dekabr 2019-cu ildə X3 ilə Füzuli rayon qeydiyyat şöbəsində nikaha daxil olmuş, həmin nikahdan üç övladları doğulmuşdur: xx.xx.2020-ci ildə X6, xx.xx.2021-ci ildə X4 və xx.xx.2023-cü ildə X8. Uşaqların hər üçü azyaşlıdır. Hərbi xidmətə Füzuli rayonu ərazisində yerləşən N saylı hərbi hissədə başlamış, N günlük müharibədə iştirak etmişdir. 25 oktyabr 2020-ci ildə Füzuli rayonunda yaralanmışdır. 3-cü qrup müharibə əlilidir. X1 da 1-ci Qarabağ Müharibəsinin iştirakçısı olub. Qarabağ Müharibəsinin iştirakçısı kimi Füzuli Rayon İcra Hakimiyyətində “güzəştli şərtlərlə” ev nöbəsinə dayanmışdır. Səhhətilə bağlı ailəliklə Bakı şəhərinə gələrək, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi,15 Saylı binanın 2 saylı mənzilinə qeydiyyata alınmış və 5 nəfər ailə üzvü olaraq həmin mənzildə yaşayırlar. Mənzil-uçot işinin Füzuli rayonundan hazırki yaşayış yeri üzrə Suraxanı Rayon İcra Hakimiyyətinə köçürülməsi barədə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısına ərizə ilə müraciət etmiş, Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2029-cu il tarixli məktubla cavab vermişlər ki, Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalarının 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülür ki, onlar azı son 5 il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. RİH-ə təqdim etdiyiniz yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən Bakı şəhərində ardıcıl olaraq 5 il daimi qeydiyyatı olmadığından yuxarıda qeyd olunan qanunvericiliyə əsasən müraciətinin həlli RİH-nin səlahiyyəti xaricindədir. Hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyyətinin xx.xx.2024-cü il tarixli məktubu qanunsuzdur.

3. Cavabdeh Suraxanı RİH-nin iddia tələbinə dair yazılı etiraz təqdim etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2-1(112)-5481/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

5. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

6. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

7. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Bayramov apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

9. AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1989-cu ildə Füzuli rayonu, Araz Dilağarda kəndində doğulmuş İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır.

10. İddiaçının hazıkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Suraxanı RİH-nin xx.xx.2024-cü il tarixli, 5-20/2-Q-176-068/2024 №-li cavab məktubunda qeyd olunmuşdur ki, “... “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. RİH-ə təqdim etdiyiniz yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən Sizin Bakı şəhərində ardıcıl olaraq 5 il daimi qeydiyyatınız olmadığından yuxarıda qeyd olunan qanunvericiliyə əsasən müraciətinizin həlli RİH-in səlahiyyətləri xaricindədir.”

11. Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən Suraxanı RİH ünvanlanmış xx.xx.2025ci il tarixli, 5-43/2-Q-25-628/2025 №-li məktubunda göstərilmişdir ki, “... Füzuli rayonunun Araz Dilağarda kəndində qeydiyyatda olmuş, hazırda isə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Vətən müharibəsi əlili İddiaçı ərizə ilə müraciət edərək, əlil kimi Füzuli Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsinə baxmayaraq, faktiki vəziyyətdə Bakı şəhərində yaşaması ilə əlaqədar mənzillə təmin olunması məqsədilə Füzuli Rayon icra Hakimiyyətində olan mənzil növbəsinin Suraxanı RİH köçürülməsini xahiş etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında’’ Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən İddiaçı əlil kimi Füzuli Rayon icra Hakimiyyəti başçısının 15 aprel 2022-ci il tarixli 38 nömrəli sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi qeydiyyata götürülmüşdür. Rayon icra Hakimiyyəti başçısının həmin sərəncamının bir nüsxəsi və qeydiyyata götürülmüş şəxslərin adlı siyahısı aidiyyəti üzrə Azərbaycan Respublikasinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Vətən Müharibəsi əlili kimi İddiaçı ailə vəziyyətini və xahişini nəzərə alaraq, onun Füzuli Rayon icra Hakimiyyətində olan mənzil növbəsinin Bakı şəhəri, Suraxanı Rayon icra Hakimiyyətinə köçürülməsi xahiş edilmişdir.

12. Füzuli Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 5-43/2-111/2025 №-li məktubu ilə təqdim edilmiş Füzuli Rayon İcra Hakimiyyətinin “2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin ve konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar Füzuli rayonundan olan əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmaları barədə” xx.xx.2022-ci il tarixli, 38 №-li sərəncamında göstərilmişdir ki:

1. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamının 2-ci bəndi və 2.1,-ci yarımbəndi rəhbərlik və icra üçün qəbul edilsin.

2. Füzuli rayonundan olan, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin müvafiq inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən təqdim edilmiş adlı siyahıları nəzərə alınsın və həmin şəxslər sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı yaşayış sahəsinə ehtiyacı olan qismində adlı siyahıda göstərilən ardıcıllıqla uçota alınsınlar (adlı siyahı əlavə olunur -15 (on beş) vərəq). Qeyd: a) İddiaçı adı siyahıda 128-dir. b) İddiaçı - xx.xx.1989-cu ildə anadan olub, İİİ dərəcəli Vətən müharibəsi əlilidir. Füzuli rayonu, Araz Dilağarda kəndində yaşayır

13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-6919/2025 №-li cavab məktubunda göstərilmişdir ki, İddiaçı adına (ümumibirgə pay) keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Füzuli rayonu, Araz Dilağardı kəndində 1.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.1998-ci il tarixli JN-202 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir.

14. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-cü il tarixli, 18/2-7647 saylı cavab məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2007-ci il tarixdən Füzuli rayonu, Araz Dilağarda kəndində xx.xx.2020-ci il tarixdən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Məktuba əlavə olunmuş İddiaçı qeyd olunan (ünvan 1 ) mənzilə qeydiyyata alınması əsas olan sənədlərdən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə mənzilə dair mülkiyyət hüquqları qeydə alınmış X9 xx.xx.2024-cü il tarixdə verdiyi notarial qaydada təsdiq olunmuş ərizəsində İddiaçı göstərilən ünvana qeydiyyata düşməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçıya məxsus hərbi biletdə (surəti) olana məlumatlara əsasən X9 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsində qeydiyyatdan çıxaraq, həmin tarixdə Xidmətin Suraxanı rayon İdarəsində qeydiyyata alınmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

15. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

16. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

17. İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir.

18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; ... 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. ... 32.3. Sosial xidmət müəssisələrində yaşayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər yetkinlik yaşına çatdıqda, müvafiq icra hakimiyyəti orqanın rəyinə əsasən özlərinə xidmət edə və müstəqil yaşaya bilərlərsə növbədənkənar mənzil almaq hüququna malikdirlər.

19. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 1.1. Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. 4.0. Dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə: 4.0.2. müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir; 10.0. Mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aşağıdakılar aiddir: 10.0.1. mənzil fondunun uçot qaydasını müəyyən etmək; 10.0.2. yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək; 10.0.3. sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahələrinə ehtiyacı olan vətəndaşların aztəminatlı hesab edilməsi əsaslarını və qaydasını müəyyən etmək; 10.0.4. bələdiyyə mənzil fonduna məxsus yaşayış sahələrinin sosial kirayə müqaviləsi üzrə aztəminatlı vətəndaşlara verilməsi qaydasını müəyyən etmək; 10.0.5. dövlət mənzil fondunun yaşayış sahələrinin verilməsi məqsədilə digər kateqoriyalardan olan vətəndaşları müəyyən etmək; 10.0.6. kateqoriyaları qanunvericiliklə müəyyənləşdirilən və yaşayış sahələrinə ehtiyacı olan vətəndaşlara dövlət mənzil fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən etmək; 10.0.7. dövlət və bələdiyyə mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri üzrə yaşayış sahələrinin verilməsi əsaslarını müəyyən etmək; 10.0.8. mənzil-tikinti kooperativlərinin təşkili və fəaliyyət qaydasını müəyyən etmək, belə kooperativ üzvlərinin hüquqi vəziyyətini, o cümlədən onlara mənzil-tikinti kooperativlərində yaşayış sahələrinin verilməsi qaydasını müəyyən etmək; 10.0.8-1. çoxmənzilli binanın idarə edilməsi qaydasını müəyyən etmək; 10.0.8-2. çoxmənzilli binanın idarə edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi qaydalarını müəyyən etmək; 10.0.9. mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin təşkili və fəaliyyət qaydasını müəyyən etmək, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin üzvlərinin hüquqi vəziyyətini müəyyən etmək; 10.0.10. yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq; 10.0.11. yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək; 10.0.12. mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək; 10.0.13. yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək; 10.0.14. vətəndaşların yaşayış sahələrindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən etmək; 10.0.15. yaşayış sahələri barəsində ayrı-ayrı əqdlərin hüquqi tənzimlənməsi; 10.0.16. yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödənişin strukturunu, bu ödənişin hesablanması və ödənilməsi qaydasını müəyyən etmək; 10.0.17. dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək; 10.0.18. müəyyən edilmiş qaydada yaşayış sahələrinin qeyri-yaşayış və qeyriyaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsi barədə qərar qəbul etmək; 10.0.19. mənzil münasibətləri sahəsində bələdiyyələrin və yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin səlahiyyətlərinə aid edilməmiş digər məsələlər. 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 51.1 bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Maddə 51.2 yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Maddə 51.3 vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Maddə 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir Maddə 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə Maddə 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə, Maddə 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə

20. Qanunvericiliyin tələbindən göründüyü kimi aztəminatlı şəxslərə, mənzillə təmin edilməsinə ehtiyacı olan şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması dövlətin məqsədidir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin tələbinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu zaman mənzil şəraitinin yaxşılaşdırılması da layiqli həyat səviyyəsini təmin edilməsinə xidmət edir.

21. Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Füzuli Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 38 №-li Sərəncamına əsəsən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs qismində sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə mənzil növbəsinə götürülməsinin nəzərə alınmaqla, mənzil şəraitinin yaxşılaşdırmağa ehtiyacı olan şəxs qismində mənzil növbəsinə götürülməsi vəzifəsinin Suraxanı RİH-nin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir.

22. Cavabdeh inzibati orqanın imtinasından görünür ki, cavabdeh iddiaçının tələbinin təmin olunmaması üçün onun mövcud mənzil qanunvericiliyinə əsasən iddiaçı son beş il ərzində yaşayış yeri üzrə Suraxanı rayonu ərazisində qeydiyyatda olmadığına istinad etmişdir.

23. Məhkəmə ilk öncə cavabdeh inzibati orqanın imtinasının əsası ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir.

24. Göründüyü kimi maddənin tələbi konkretdir. Uçota alınma məhz yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına müraciət əsasında həyata keçirilir.

25. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarından irəli gəlir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, “şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.”. Həmin Qanunun 3-cü maddəsinə əsasən, yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; Qanunun tələbindən göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir.

26. İddiaçının şəxsiyyət vəsiqəsi ilə isə müəyyən edilir ki, onun qeydiyyat yeri, yəni yaşadığı yer məhz Bakı şəhəridir. İddiaçı da buna uyğun olaraq məhz yaşadığı yer üzrə mənzil növbəsinə götürülməsi ilə bağlı cavabdehə müraciət etmişdir ki, onun müraciəti Mənzil Məcəlləsinin 51.3-cü maddənin tələblərinə uyğun olaraq məhz yaşadığı yer üzrə müvafiq icra hakimiyyəti orqanına edilmişdir. Adıçəkilən Məcəllədə isə yuxarıda adıçəkilən Qaydalarda nəzərdə tutulmuş hər hansı istisna müəyyən edilməmiş, müddətlə bağlı şərtin tətbiqi göstərilməmiş, müraciət üçün tək şərt şəxsin yaşadığı yer üzrə müraciəti ilə əlaqədar olmuşdur ki, iddiaçı da həmin şərtin tələblərinə uyğun olaraq yaşadığı yer üzrə müvafiq yerli icra hakimiyyəti orqanına müraciət etmişdir.

27. İş materiallarında olan Füzuli Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 38 №-li Sərəncamından göründüyü kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs qismində sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı olaraq İddiaçı Füzuli rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Həmin Sərəncam qüvvədədir və ləğv edilməmişdir və eyni zamanda məhkəmənin müvafiq sorğusuna əsasən müəyyən olunmuşdur ki, iddiaçının mənzil növbəsinin dəyişdirilməsi ilə bağlı hər hansı sərəncam qəbul edilməmişdir.

28. Bununla da hazırkı iddianın təmininin əsasında duran mənzil sahəsinə ehtiyac adıçəkilən Məcəllənin 10-cu maddəsi ilə nəzərdə tutulmuş vəzifələr çərçivəsində dövlət tərəfindən ödənilmişdir. İddiaçı isə yuxarıda adıçəkilən yerli icra hakimiyyəti orqanının sərəncamın qəbuluna əsas olmuş hallara yenidən istinad etməklə başqa ərazi üzrə müvafiq yerli icra hakimiyyətinə müraciət edərək mənzil növbəsinə götürülməsini xahiş edir ki, məhkəmə bununla bağlı iddianın əsassız olması qənaətindədir.

29. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsindən göründüyü kimi səlahiyyətləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş yerli icra hakimiyyətləri hakimiyyət bölgüsünə uyğun olaraq icra hakimiyyəti orqanı hesab edilirlər.

30. Hazırkı işin faktiki halları ilə də müəyyən edilir ki, iddiaçının mənzil növbəsinə götürülməsi ilə bağlı sərəncam verən və həmin sərəncamın verilməsindən imtina edən inzibati orqanların hər biri icra hakimiyyəti orqanı olmaqla, eyni vaxtda və ya ayrı-ayrılıqda dövlətin onlara həvalə etdiyi funksiyaları (vəzifələri) icra edir, bu zaman onların hər biri dövlətin (hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq icra hakimiyyətinin) adından çıxış edir.

31. Bu konteksdə aparılan qiymətləndirmə onu deməyə əsas verir ki, Füzuli Rayon İcra Hakimiyyəti “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü bəndinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci yarımbəndinə uyğun olaraq öz vəzifəsini icra etmiş və iddiaçının mənzil növbəsinə uçota alınmasını həyata keçirmişdir ki, həmin vəzifənin yenidən eyni əsasla digər yerli icra hakimiyyəti orqanından tələb edilməsi əsassız kimi qiymətləndirilməlidir.

32. Eyni zamanda Məhkəmə kollegiyası qeyd edir ki, doğrudur ki, iddiaçı tərəfindən təqdim edilmiş Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən Suraxanı RİH-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 5-43/2-Q-25-628/2025 №-li məktubu ilə İddiaçı ailə vəziyyətini və xahişini nəzərə alaraq, onun Füzuli Rayon icra Hakimiyyətində olan mənzil növbəsinin Suraxanı RİH köçürülməsi xahiş edilmişdir. Lakin iddiaçının Füzuli Rayon İcra Hakimiyyətindəki mənzil növbəsinə xitam verilməklə mənzil növbəsinin Suraxanı RİH köçürülməsi ilə bağlı Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq sərəncam qəbul edilməsi iş materialları ilə təsdiq olunmur. Bu da bir daha onu sübut edir ki, Füzuli Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 38 №-li Sərəncamı qüvvədə olduğundan İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs qismində sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı olaraq Füzuli rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotundadır.

33. Hazırkı işin faktiki hallarına digər bir yanaşma isə onun qeyd edilməsinə zərurət yaradır ki, iddiaçının mənzil növbəsinə götürülməsi gələcəkdə növbə çatdığı vaxt şəxsə mənzil verilməsi ilə nəticələnir ki, hazırkı iddianın təmin ediləcəyi, eyni zamanda iddiaçı yaşayış yerini müəyyən müddətdən bir dəyişəcəyi təqdirdə qeydiyyatda olacağı yer üzrə müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən mənzil növbəsinə eyni əsaslarla götürüləcəyi təqdirdə digər növbəyə götürülmə ilə bağlı sərəncamlar ləğv edilmədən iddiaçının mənzili əldə etməsində özü ilə eyni kateqoriyada olan şəxslərə nəzərən əldə etməsində üstünlük hüququ yaradacaq və ya həmin üstünlük mənzilin verilməsi ilə bağlı olmasa da növbədə dayanma sırası ilə bağlı olacaqdır ki, məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddiası özü ilə eyni kateqoriyada olan şəxslərdən üstünlük hüququnun əldə edilməsinə münasibətdə də təmin edilməməlidir.

34. Nəzərə alınmalıdır ki, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində Füzuli Rayon İcra Hakimiyyətində mənzil növbəsində olduğu təqdirdə eyni zamanda sonuncunun mənzil növbəsinə götürülməsi ilə bağlı sərəncam qüvvədə olduğu təqdirdə hal-hazırda ünvan 1 ünvanında qeydiyyatda olması əsası Suraxanı RİH-də yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülməsi ilə arzuladığı hərəkət, bilavasitə təkcə iddiaçının deyil, ümumiyyətlə həmin əsas ilə mənzil növbəsinə dayanan şəxslərin hüquqlarına toxunur və bilavasitə bərabərlik hüququnun pozulmasına səbəb olur.

35. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.

36. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir.

37. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur.

38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

39. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

40. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.

41. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2-1(112)-5481/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fərid Mədətli Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar