Məhkəmə qərarları › İş №2-1(103)-2549/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2549/2024

24.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2549/2024 24.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: " güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşdan təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), X3 və Xəyalə Adil qızı Cəmilovadan ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2374/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ

1. Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür.

2. İddiaçının adına açılmış ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən əmək faəliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.1981-xx.xx.1981, xx.xx.1981- xx.xx.1983, xx.xx.1985-xx.xx.1986 (təhsil aldığı illər), xx.xx.1986-hal-hazıradək.

3. İddiaçının Azərbaycan SSR X10 Təhsili Komitəsində 01 sentyabr 1985 - 1 mart 1986-cı il tarixlərində təhsil alması ilə bağlı 779434 nömrəli diplom iş materiallarına əlavə edilmişdir.

4. НЗ seriyalı ******* nömrəli hərbi biletə əsasən iddiaçının hərbi xidməti aşağıdakı kimi olmuşdur: xx.xx.1983-xx.xx.1985; xx.xx.1994-xx.xx.1995 (N nömrəli hərbi hissədə). Hərbi biletin 7-ci səhifəsinin 18-ci bəndində iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1995ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Füzuli və Ağdam uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə qeydlər mövcudur.

5. Bakı şəhəri Səbail rayon Hərbi Komissarlığı tərəfindən iddiaçıya xx.xx.1998- ci il tarixdə 020403 nömrəli Müharibə vetaranı vəsiqəsi verilmişdir.

6. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsinin Sosial Təminat və Pensiya Şöbəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli 3-25-8/2-5xx-xx/2023 nömrəli məktuba əsasən bildirilmişdir ki, “Zabitt heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəisi və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli 23 noyabr 1992-ci il tarixli Qərarının (Azərbaycan Respublikası Prezidentinin 122 nömrəli 13 sentyabr 2004-cü il tarixli Fərmanı qüvvəyə minənədək) qüvvədə olmuş 2-ci hissəsinin “a” bəndinin birinci və ikinci abzaslarının müddəalarına, habelə Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrlərinə, ərizəsində qeyd etdiyi, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək olan dövrdə döyüş əməliyyatlarında iştirak etmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində hərbi xidmət müddətinin bir ayı üç ay kimi sayılır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki,o, xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilə kimi N saylı hərbi hissənin tərkibində Füzuli və Ağdam rayonunda gedən döyüşlərdə iştirak etmiş və müharibə veteranıdır. Həmin müddətin əmək stajında necə hesablanması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məktubla müraciət etmişdir. Aldığı cavab məktubu, əmək kitabçasını və digər lazımi sənədlərlə birlikdə güzəştli pensiya almaq üçün Filiala təqdim etmişdir. 1 ay araşdırıldıqdan sonra ona verilən cavab məktubunda əmək stajı düzgün hesablanmamışdır. Nəticədə hüquqları pozulmuşdur. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir.

9. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

10. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

11. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Filiala müraciət etmişdir. X5 baxılaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin mümkün olmadığı qeyd olunmuşdur. İddiaçı iddia ərizəsində xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək N saylı hərbi hissənin tərkibində Füzuli və Ağdam rayonunda gedən döyüşlərdə iştirak etdiyini qeyd edir. Lakin, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək döyüşən ordunun tərkibində vuruşmadığından qeyd edilən illər sığora stajına daxil edilməmişdir. İddiaçı 1 yanvar 2006cı ilədək ümumi iş stajı 25 ildən az (21 il 10 ay 12 gün (xx.xx.1983- xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.2005-ci il tarixləri arasındakı dövlər xx.xx.1994- xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində döyüşən ordunun tərkibində olduğu üçün iki qat ölçüdə)) təşkil edir. Hətta xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədə olan dövr daxil edilsə də, iddiaçının 25 il sığorta stajı tamamlanmamışdır.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2374/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir.

13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. 32. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 33. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktlar, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. 34. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciərin Siyahı”sı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 35. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən isə həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılır. 36. Həmin artırılma nəzərə alındıqda iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. 37.Məhkəmə həmçinin, xüsusilə qeyd etməyi zəruri hesab edir ki, hətta iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı olmasa idi belə, onun xx.xx.2017-ci il tarixədək ümumi və xüsusi iş stajı (25 il ümumi, 12 il 6 ay xüsusi iş stajı) toplanmış olduğundan onun yenə 57 yaşdan güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olacaqdır. 38. Belə ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minməmişdən əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajını da, işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də, həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir. Göstərilən mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-766/2020 saylı, 17 mart 2020-ci il tarixli qərarında da, öz əksini tapmışdır. 39. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.

14. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2374/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. X5 baxılaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin mümkün olmadığı qeyd olunmuşdur. İddiaçı iddia ərizəsində xx.xx.1994-cü il tarixdən xx.xx.1995- ci il tarixədək N -saylı hərbi hissənin tərkibində Füzuli və Ağdam rayonunda gedən döyüşlərdə iştirak etdiyini qeyd edir. Lakin xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək döyüşən ordunun tərkibində vuruşmadığından qeyd edilən illər sığorta stajına daxil edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı 1 yanvar 2006-cı ilədək ümumi iş stajı 25 ildən az (21 il 10 ay 12 gün (xx.xx-1983-xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər xx.xx.1994-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində döyüşən ordunun tərkibində olduğu üçün iki qat ölçüdə)) təşkil edir. Hətta xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək olan dövr daxil edilsə də iddiaçının 25 il sığorta stajı tamamlanmır. Qanunun 24.0.1-ci maddəsinə görə döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdlu iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə götürülə bilər. İddiaçı iddia ərizəsində xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək 701-saylı hərbi hissənin tərkibində Füzuli və Ağdam rayonunda gedən döyüşlərdə iştirak etdiyini qeyd edir. Lakin xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək döyüşən ordunun tərkibində vuruşmadığından qeyd edilən illər sığorta stajına daxil edilməmişdir. Məhz bu səbəblərə görə də İddiaçı qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(112)-2374/2024 nömrəli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.

d) Prosses iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının qüvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Konstitusiyası

Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

20. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı vədigər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: (-); 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); (-). Maddə 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: Maddə 20.11.1. Dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; Maddə 20.11.2. Dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.

22.“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 1 sentyabr 2005-ci il tarixinədək qüvvədə olan redaksiyası: pensiya almaq hüququ verən iş stajına döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti— üçqat ölçüdə güzəştli şərtlə daxil edilirdi.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya şikayətində qərar bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.

26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası qeyd edir ki qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilməmişdir.

28. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

29. Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

30. Əvvalə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinasınını əsası 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az təşkil etməklə 21 il 10 ay 12 gün (xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1986- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər ((xx.xx.1994-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində döyüşən ordunun tərkibində olduğu üçün iki qat ölçüdə)) təşkil etməsidir.

31. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli 23 noyabr 1992-ci il tarixli Qərarının (Azərbaycan Respublikası Prezidentinin 122 nömrəli 13 sentyabr 2004-cü il tarixli Fərmanı qüvvəyə minənədək) qüvvədə olmuş 2ci hissəsinin “a” bəndinin birinci və ikinci abzaslarının müddəalarına (a) xidmətin bir ayı üç ay sayılması ilə bağlı hissəsinin hazırkı münasibətlərə tətbiq edilməsi yolverilməzdir.

32. Belə ki, həmin Qərar pensiya təyin olunması üçün uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilənlər sırasına zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə məxsusdur.

33. Göründüyü kimi, iddiaçı yuxarıda qeyd edilən kateqoriyaya aid deyil və ona pensiyasının təyin edilməsinin şərtləri və xüsusiyyətləri isə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla, həmçinin “Əmək pensiyaları haqqında” Qanunla tənzimlənir.

34. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 1 sentyabr 2005-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən pensiya almaq hüququ verən iş stajına döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti—üçqat ölçüdə güzəştli şərtlə daxil edilirdi.

35. İddiaçının xx.xx.1994 - xx.xx.1994-cü illərdə döyüşən ordunun tərkibində olduğu dövrləri üçqat ölçüdə götürülsə belə, 2006-ci il 1 yanvar tarixinədək tələb olunan stajı tamam olmur.

36. Hərbi xidmətdə olan digər dövrlər üçün, yəni xx.xx.1994-xx.xx.1995-ci illər döyüşən ordunun tərkibində vuruşmadığından həmin dövrlər 1 qat hesablanmalıdır. Həmin illər əmək kitabçası üzrə də iş stajına daxil edildiyi üçün qeyd edilən dövrlər vahid staj kimi nəzərə alınmalıdır. Odur ki, həmin dövrlər inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq pensiya təyin edilərkən sığorta stajına daxil edilmişdir.

37. Həmçinin, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının 27-ci bəndində qeyd edilənlərlə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsinin iddiaçının 01 iyul 2017-ci ilədək 25 ildən çox iş stajının olmasına istinad etməsinin hüquqi əsası mövcud deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yalnız 9.8-ci maddəsi bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə istinad etmişdir. Göründüyü kimi, əvvəlki şərtlərə istinad edilmə yalnız “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi vaxtadək, yəni 1 yanvar 2006-cı il tarixədək mümkündür. Qeyd edilən norma istisna olmaqla əmək pensiyaları haqqında qanunvercilikdə qanun dəyişilənədək mövcud olan şərtlərə istinad edilməsi nəzərə tutulmamışdır. Odur ki, 01 iyul 2017-ci il tarixinədək qüvvədə olan qanunvericiliyə istinad edilməsi yolverilməzdir.

38. Kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsi istisna olmaqla, şəxsin pensiya hüququnun yaranması üçün müvafiq yaşının, ümumi iş stajının, güzəştli iş stajının (müəyyən dövrlə üzrə pensiya kapitalının) eyni vaxtda tamam olması qanunvericiliyin əsas şərtidir.

39. Odur ki, iddiaçının 01.101.2006-cı il tarixindək ümumi iş stajı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə tamam olmadığından cavabdeh inzibati orqanın imtinası əsaslı və qanuni hesab edilməlidir.

40. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən əsaslardan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2374/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddia təmin olunmamalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2374/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilməsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar