Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-255/2022 27.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Məmmədov Vidadi Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6570/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 1987-ci ildən xx.xx.2002-ci il tarixədək BBTİ 15 saylı Tikinti İdarəsində işlədiyi dövr sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona pensiya hüququ yarandığı, yəni 65 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən ayların pensiya məbləğinin hesablanıb ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir . İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1974-ci il tarixdən etibarən müxtəlif vəzifələrdə işlədiyi illər, həmçinin hərbi xidmət etdiyi müddət nəzərə alındıqda, onun 25 ildən çox ümumi iş stajı mövcuddur. İddiaçı yaşa görə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 18 il olması səbəbi ilə pensiyanın təyin olunmasından imtina olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6570/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6570/2021 saylı, 09.07..2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2006-cı ıl tarixədək 25 il ümumi iş stajı yoxdur, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamış, BBTİ 15 saylı Tikinti idarəsinin 1987-2002-ci illərə dair arxiv sənədlərinin Dövlət Arxivinə təhvil verilməməsi səbəbindiən həmin dövrün sosial sığorta stajına daxıl edilməmiş, Dövlət Arxivinin Bakı filialının 17 mart 2021 -ci il tarixli BA-01042-2021 nömrəli arayışının məzmunundan aydın olur ki, BBTİ 15 saylı Bakı Tikinti idarəsinin 1987-2002-ci illərə dair arxivin sənədləri Arxivin Bakı filialına təhvil verilməmişdir. Əmək kitabçasında qeyd olunan illərin qarşılıqlı yoxlanılmasını keçirmək imkan xaricindədir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi 1992-2002-ci illərə aid sığorta ödənişinin qeydiyyatdan keçməsi ilə bağlı məlumatlar mövcud olmadığını, Dövlət arxivinə sənədlər təhvil verilmədiyini, VÖEN-ni aşkar edə bilmədiyini bildirərək mübahisələndirilən qərarının ləğv edilməsinə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur. - İddiaçı məxsus ******* №-li, hərbi biletin surətindən görünür ki İddiaçı ddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək (1 il 11 ay 23 gün) hərbi xidmətdə olmuşdur., - İddiaçıya məxsus əmək kitabçasının tərcümə edilmiş və təsdiq edilmiş surətindən görünür ki, İddiaçı - xx.xx.1974-cü il tarixdə Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinə 2ci dərəcəli suvaqçı-rəngsaz vəzifəsinə qəbul edilmiş, xx.xx.1975-ci il tarixdə ona 3-cü dərəcə təyin edilmiş və xx.xx.1975-ci il tarixdə işdən azad edilmiş (01 il 03 ay 15 gün); xx.xx.1977-ci il tarixdə Azərbaycan SSR STN 4 №-li Trestinin 46 №-li Tİ 3-cü dərəcəli suvaqçı-rəngsaz peşəsinə qəbul edilmiş, xx.xx.1978-ci il tarixdə suvaqçı peşəsi üzrə ona 4-cü dərəcə verilmiş, xx.xx.1979-cü il tarixdə suvaqçı peşəsi üzrə ona 5-ci dərəcə verilmiş, xx.xx.1983-cü il tarixdə 4 №-li Trestin 46 №-li Tikinti İdərəsindən köçürülmə ilə 5-ci dərəcəli suvaqçı qəbul edilmiş, xx.xx.1984-cü il tarixdə 5-ci dərəcəli üzçəkən ixtisası verilmiş və xx.xx.1985-cı il tarixdən 21 №-li Tikinti İdarəsinə köçürülməklə işdən azad edilmiş (08 il 04 ay 20 gün); xx.xx.1985-ci il tarixdən “Sosial-Mədən Tikinti “ 11 №-li Trestin 21 №-li Tikinti İdarəsi Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 4 №-li Trestin 44 №-li Tikinti İdarəsindən köçürülməklə 5-ci dərəcəli daşyonan qəbul edilmiş və xx.xx.1987-ci il tarixdə 15 №-li Tikinti İdarəsinə köçürülməklə işdən azad edilmiş (01 il 05 ay 17 gün); xx.xx.1987-ci il tarixdə “Sosial-Mədəni Tikinti” 11 №-li Trestin 15 № Tikinti İdarəsinə 5-ci dərəcəli üzçəkən qəbul edilmiş, xx.xx.1987-ci il tarixdə fəhlələrin yenidən tarifləşdirilməsi əsasında 5-ci dərəcəli üzçəkən saxlanılmış və xx.xx.2002-ci il tarixdə (14 il 08 ay 17 gün) öz xahişi ilə işdən azad edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialınının Bakı İnzibati Məhkəməsinə ünvanladığı “Sığortaolunanın fərdi şəxsi hesabı haqqında” xx.xx.2021-ci il tarixli **********6 nömrəli məktuba əsasən İddiaçı sığortaedən "xxxx" ASC xx.xx.2020 - xx.xx.2020-ci il dövründə 191 manat əmək haqqı hesablanmış və 47,75 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” AR Qanunun tətbiqinə xx.xx.2006-ci il tarixindən başlandığı üçün xx.xx.2006-ci il tarixədək İddiaçı hesblanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqları barədə məlumat verilməsi mümkün olmamışdır. - Cavabdeh Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********3 №-li məktubda sonuncuya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi xx.xx.1974-cü il tarixdə tərtib edilmiş əmək kitabçasına və hərbi biletin surətinə əsasən xx.xx.2006-ci il tarixin kimi sığorta stajı 18 il təşkil edir, eyni zamanda xx.xx.2006-ci il tarixidən xx.xx.2018-ci il tarixinədək fərdi hesabda sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. AR Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli BA-01042-2021 saylı Arayışına əsasən ərizəçinin xx.xx.1992-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək işlədiyi BTİ 15 saylı Tikinti İdarərsinin 1987-2002-ci il illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyindən həmin dövrlərin araşdırılması mümükün olmamış və bu dövrlər sığorta stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsi işin hallarına hüquqi qiymət verərək, haqlı olaraq belə hesab etmişdir ki, iddiaçının iddi tələbi əsaslı və qanunidir, eyni zamanda iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə xx.xx.2021-ci il tarixdə (imtina məktubunda göstərilən tarixdir) cavabdeh inzibati orqana müraciət etmiş, iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə 3 il üçün deyil, məhz onun pensiya hüququ yarandığı tarixdən, yəni xx.xx.2020-ci il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 1 iyul 2020 – 30 iyun 2021-ci il tarixlərdə kişilərin pensiya yaşı 65 il olaraq müyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin v) bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir.. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.3-cü maddəsinə əsasən sığortaolunanın sığorta stajına “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1956-cı il tarixdə doğulması və xx.xx.2021-ci il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. İddiaçıya əmək pensiyasının təyin olunması üçün ən azı 25 il sığorta stajına malik olması şərtinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinasını iddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamsı, BBTİ 15 saylı Tikinti idarəsinin 1987-2002-ci illərə dair arxiv sənədlərinin Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən həmin dövrün sosial sığorta stajına daxıl edilməməsi ilə əsaslandırmışdır. Baxılan iş üzrə iddiaçının əmək kitabçasında əmək kitabçalarının dodurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Əmək kitabçasındakı qeydləri şübhə altına alan halların mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Belə olan halda məhkəmə cavabdeh inzibati orqanın iddiaçının 25 il ümumi iş stajı olmaması, BBTİ 15 saylı Tikinti idarəsinin 1987-2002-ci illərə dair arxiv sənədlərinin Dövlət Arxivinə təhvil verilməməsi dəlilinə barədə gətirdiyi dəlili əsaslı hesab etmir. Belə ki, oxşar tələblə bağlı işlər üzrə formalaşmış Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyindən görünür ki, iddiaçının xx.xx.1973-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək işləməsi onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Eyni zamanda iş üzrə müəyyən edilir ki, iddiaçının nümayəndəsinin və apellyasiya məhkəməsinin müvafiq sorğularına Azərbaycan Respublikası İqtisadiyyət Nazirliyi yanında Dövlət Vergi Xidmətinin çoxsaylı cavab məktublarına əsasən BBTİ 15 saylı Tikinti İdarəsi adlı müəssisə həqiqətən mövcud olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı təhsil müddəti, əmək kitabçasında qeyd edilən işlədiyi müddətlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 27 ildən artıq sığorta stajı mövcuddur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2021-ci il tarixdən pensiya hüququnun yaranması sübuta yetirildiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6570/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-255/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-255/2022
27.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver