Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-255/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi X3 və üçüncü şəxs "xxxx" KB ASC-nin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı (üçüncü şəxslər "xxxx" MMC, X6, "xxxx" KB ASC, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi, Nəsimi rayon İcra Hakimiyyəti) “istismara icazənin dəyişdirilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4886/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə sözügedən yaşayış binasının istismarına verilmiş “İcazənin” 8-ci bəndində, “Tikinti obyektinin əsas texniki göstəriciləri” hissəsində “mənzillərin ümumi sahəsi bölməsində “yaşayış üçün istifadə olunan 2 səviyyəli mansarda ilə birlikdə” qeydinin həmin sənəddən xaric edilməsi; Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə, ev 34, mənzil 59-a dair qeydiyyat nömrəsi ********** olmaqla xx.xx.2020-ci il tarixdə verilmiş çıxarışın ləğv edilməsi vəzifəsinin ƏMDK DƏDRX-nin Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" MMC, X6, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi, Nəsimi rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçıların ərizəsi əsasında iddianın dəyişdirilməsi qəbul edilmiş, iddia tələbi "xxxx" MMC tərəfindən inşa edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 6 ədəd 1 girişli, zirzəmili, 14 (+2) səviyyəli yaşayış binaları sırasında olan 34 saylı evin istismarına xx.xx.2019-cu il tarixdə verilmiş 138 nömrəli “icazənin” 8-ci bəndində “tikinti obyektinin əsas texniki göstəriciləri” hissəsində “mənzillərin ümumi sahəsi bölməsində “yaşayış üçün istifadə oluna 2 səviyyəli mansarda ilə birlikdə” qeydinin həmin sənəddən xaric edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə qoyulması” kimi dəyişdirilmiş; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin cavabdeh qismində iştirakına xitam verilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 mübahisələndirilən ünvanda, 14 mərtəbəli yaşayış binasında, mülkiyyətlərində olan mənzillərdə yaşamaqla, həm də qonşudurlar. Mənzilləri binanın 14-cü mərtəbəsində yerləşir. Onların mənzillərindən yuxarıda isə binanın dam hissəsi yerləşir. 2018-ci ilin yayında bütün qonşular kimi onlar da yaranan səs küydən, fəhlələr tərəfindən tikinti materiallarının (kərpic, qum, sement və sair) daşınmasından şübhəyə düşərək öyrənmişlər ki, onları məlumatlandırmadan "xxxx" MMC-nin rəhbərliyi binanın dam hissəsində yerləşən, sakinlərin ümumi istifadəsində olan və təyinatı onların tələbatını ödəmək olan, liftlərin, havalandırma, kanalizasiya, isitmə və soyutma sistemlərinin kommunikasiya xətlərinin yerləşdiyi texniki sahənin əsas layihə sənədlərinə zidd olaraq, mənzil kimi istifadə etmək üçün təmir işləri aparılır. İddiaçılar İddiaçı2 və İddiaçı1 «mənzil hüquqlarının pozulmasının dayandırılması, mənzil hüququ pozulanadək mövcud olan vəziyyətin bərpası, bu hüququ pozan hərəkətlərin qarşısının alınmasına dair» iddia ərizəsi ilə cavabdeh "xxxx" " MMC-nə qarşı Nəsimi Rayon Məhkəməsinə müraciət etmişlər. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-2021/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 34 saylı binanın sakinlərinin ümumi mülkiyyətində olan binanın dam hissəsində aparılan qeyri-qanuni tikinti işlərinin aparılması dayandırılmış, cavabdehin iddiaçılarn mənzil hüquqlarının pozulmasınadək mövcüd olan vəziyyətin bərpa edilməsi və bu hüququ pozan hərəkətlərin qarşısının alınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-4885/2019 saylı qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-6368/2019 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvə almış məhkəmə qətnaməsi olduğu halda "xxxx" MMC-nin müdiriyyəti binanın damında yerləşən qeyri-yaşayış sahəsini 59 saylı mənzil kimi X1, hətta ona həmin sahəyə Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən qeydiyyat nömrəsi ********** olmaqla xx.xx.2020-ci il tarixdə çıxarış verilmişdir. Binanın layihə sənədlərindən kənara çıxılması, binanın damına qeyri-qanuni olaraq soyuq və isti su çəkilərək sayğaclaşdırılması, həmin binanın layihə-yükdaşıyan tikinti konstruksiyasının layihə yükgötürmə qabiliyyətinin azalmasına, yanğın təhlükəsizliyi və havalandırma standartlarının pozulmasına, liftlərin və digər kommunikasiya xətlərinə kənar müdaxiləyə şərait yaradılmasına, mənzillərin təhlükəsizliyinə və subasmalarına səbəb ola biləcəyi onların narahatlığına səbəb olmuşdur. Qeyri-yaşayış sahəsinin təyinatının dəyişdirilərək mənzil sahəsi hesab edilməsi cavabdehlər Azərbaycan Respublikası Dövlət şəhərsalma və Arxitektura Komitəsi, eləcə də ƏMDK DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən kobud qanun pozuntularına yol verilməklə edilmişdir. Mübahisə predmeti olan sahə layihədə məhz qeyri-yaşayış sahəsi kimi əks olunmuş, oraya hətta lift vasitəsilə xidmət göstərilməsi də nəzərdə tutulmayıb. Nəsimi Rayon İcra Hakimiyyətindən xx.xx.2021-ci il tarixli məktubla bildirilmişdir ki, həmin qeyri-yaşayış sahəsinin yaşayış sahəsi hesab edilməsinə dair layihə sənədlərində heç bir dəyişiklik edilməmiş və bu məqsədlə heç bir sərəncam verilməmişdir. Bundan başqa onlara məlum olmuşdur ki, yaşayış binasının istismarına xx.xx.2019-cu il tarixdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş “İcazənin” 8-ci bəndində, layihədə qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulsa da, “Tikinti obyektinin əsas texniki göstəriciləri” hissəsində “mənzillərin ümumi sahəsi (“yaşayış üçün istifadə olunan 2 səviyyəli mansarda ilə birlikdə” qeydi edilməklə) bölməsində, binanın mansardında yerləşən qeyri-yaşayış sahəsinin mənzil kimi istismar edilməsinə yol verilmişdir. Halbuki, nə həmin icazə verilənədək, nə də bu günə kimi sözügedən qeyriyaşayış sahəsi mənzil kimi istifadə edilməyib. Həmin sahə təyinatına, yerləşməsinə və ölçülərinə, bir sözlə şəhərsalma və tikinti normalarına görə də mənzil kimi istifadə edilə bilməz. 29 iyun 2012-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.4.-cü maddəsi müəyyən edir ki, “Yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır”. İmperativ xarakterli həmin qanun normasının tələblərini pozmuş ƏMDK DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinin təqdim etdiyi sənədlərdən isə görünür ki, həmin qurum tərəfindən yaşayış sahəsi qismində X4 mülkiyyəti kimi dövlət reyestrində qeydiyyata alınmış həmin qeyriyaşayış sahəsinin döşəməsindən tavanına kimi olan hündürlüyü 2 metr 55 sm təşkil edir. Qeyd edilən qanun pozuntusunun aradan qaldırılması məqsədilə onlar tərəfindən cavabdeh dövlət orqanlarına müraciət edilsə də, 35 gündən artıq vaxt keçməsinə baxmayaraq, cavab alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq olunmuş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 2.1-ci bəndinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yer üzərində yerləşdirilməsi təklifinə yerli icra hakimiyyətinin memarlıq tikinti xidməti tərəfindən baxılmalı və nəticəsi yerli icra hakimiyyəti rəhbərliyinə bildirilməlidir. Qaydaların 4.2-ci bəndində deyilir ki, şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidməti mövcud obyektdə dəyişikliklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirməlidir. Mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması həm də “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydası”nı nəzərdə tutan Mənzil Məcəlləsinin 21-ci maddəsinin tələblərinin pozulması ilə həyata keçirilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) 2-1(112)-4886/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, "xxxx" MMC tərəfindən inşa edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 6 ədəd 1 girişli, zirzəmili, 14 (+2) səviyyəli yaşayış binaları sırasında olan 34 saylı evin istismarına cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 138 nömrəli “icazə” dəyişdirilələk 8-ci bəndində “tikinti obyektinin əsas texniki göstəriciləri” hissəsində “mənzillərin ümumi sahəsi bölməsində “yaşayış üçün istifadə olunan 2 səviyyəli mansarda ilə birlikdə” qeydi həmin sənəddən xaric edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiada mübahisələndirilən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə ünvanında yerləşən, "xxxx" MTKya məxsus çoxmənzilli yaşayış binalarının tikintisi üçün Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli 430 nömrəli Sərəncamı ilə torpaq sahəsi ayrılmış və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2005-ci il tarixli tikinti işlərini aparmaq üçün icazə sənədi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası çərçivəsində Komitənin xx.xx.2019-ci il tarixli 183 nömrəli istismara icazə sənədi əsasında "xxxx" MTK-ya məxsus 6 ədəd 1 girişli, 14 (+2 səviyyəli mansarda), zirzəmi mərtəbəli yaşayış binalarının istismarına icazə verilmişdir. “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanı, ötən müddət ərzində bəzi çoxmənzilli yaşayış binalarında sakinlərin hüquq və maraqları nəzərə alınmadan, tikinti işlərinin şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq tikilmiş çoxmənzilli yaşayış binalarının istismarına icazə verilməsinin sadələşdirilməsinə xidmət edir. Həmin Fərmana əsasən 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi qaydaları müəyyən olunmuşdur. Həmin Fərmanın 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənziləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda, çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir. Eyni zamanda, həmin Fərmanın 1.2-ci bəndinə uyğun olaraq Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. Göründüyü kimi, yerində müayinəni Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir və faktiki vəziyyətinə uyğun rəy tərtib edilir. Əlavə olaraq, məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-4885/2019 saylı Qətnaməsində daha əvvəl qəbul edilmiş “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanı nəzərə alınmamışdır. Bu səbəbdən də sözügedən ünvanda inşa edilən yaşayış binası 14 (+2 səviyyəli mansarda) kimi istismara qəbul edilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Bakı İnzibati Məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. Belə ki, məhkəmə tərəfindən müvafiq iş materialları obyektiv və düzgün araşdırılmamış, qeyd olunan hallar nəzərə alınmamış, sübutlar düzgün qiymətləndirilməmiş və qanunsuz olaraq iddianın təmin edilməsi barədə ədalətsiz qərar qəbul edilmişdir. Bu səbəbdən də həmin məhkəmə tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərar ləğv olunmalı, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmalıdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" KB ASCnin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-346/2024 nömrəli, 16 fevral 2024-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4886/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1749/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, üçüncü şəxs "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2024-cü il tarixli, 2-1(103)-346/2024 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" ASCnin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2004-cü il tarixli 3281 nömrəli tikintiyə icazə sənədindən görünür ki, Tbilisi prospekti 1058-ci məhəlləsindəki 1 və 4 nömrəli bir girişli 14 mərtəbəli yaşayış binalarının (1-2 mərtəbələri qeyri-yaşayış sahəsi) tikintisini, tikinri-quraşdırma işləri texniki mərtəbədə aparılan vəziyyətdə qeydiyyatdan keçirmiş və tikinti işlərinin aparılmasına icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2005-ci il tarixli 3284 nömrəli tikintiyə icazə sənədindən görünür ki, Tbilisi prospekti 1058-ci məhəlləsindəki 2, 3, 5 və 6 nömrəli bir girişli 14 mərtəbəli yaşayış binalarının (1-2 mərtəbələri mağaza-ofis və bitişik mağazalar) tikintisini, tikinti-quraşdırma işləri, 5 №-li yaşayış binasında 4 mərtəbədə, 3 nömrəli yaşayış binasında bünövrədə aparılan vəziyyətdə qeydiyyatdan keçirir və tikinti işlərinin davam etdirilməsinə, 2 və 6 nömrəli binaların tikintisinin başlanılmasına icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmişdir) xx.xx.2019-cu il tarixli 183 nömrəli «2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə»dən görünür ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış müayinənin nəticələrinə əsasən yükdaşıyan konstruksiyaların dayanıqlılıq, möhkəmlilik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı barədə verilmiş müsbət rəy nəzərə alınaraq, xx.xx.2019-cu il tarixindən yaşayış binalarının istismarına icazə verilmişdir. İstismara icazə sənədinə əsasən - Tikinti obyektinin istismarına icazə verən orqan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi; Tikinti obyekti Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə, 6 ədəd 1 girişli, zirzəmili, 14 (+2 səviyyəli mansarda) mərtəbəli yaşayış binaları; Tikinti obyektinin istismar təyinatı yaşayış binaları; Tikintiyə dair icazəverici sənədlər Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakı Şəhər Dövlət Memarlıq- Tikinti Müfəttişliyinin xx.xx.2004-cü il tarixli 3281 nömrəli və xx.xx.2005-ci il tarixli 3284 nömrəli «İcazə» sənədləri; Tikinti obyektinin sahibi "xxxx" MMC; İstismara hazırlığı barədə rəy xx.xx.2019-cu il №0194. İstismara icazə sənədinin 8-ci bəndində tikinti obyektinin əsas texniki göstəriciləri kimi binanın ümumi sahəsində mənzillərin ümumi sahəsi (yaşayış üçün istifadə olunan 2 səviyyəli mansarda ilə birlikdə), mənzillərin sayı 309 ədəd, mərtəbələrin sayı 14 (+2 səviyyəli mansarda) ədəd, girişlərin sayı 6 ədəd göstərilmişdir. İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış müayinənin nəticələrinə əsasən yükdaşıyan konstruksiyaların dayanıqlılıq, möhkəmlilik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı barədə verilmiş müsbət rəy nəzərə alınaraq, xx.xx.2019-cu il tarixindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə, 6 ədəd 1 girişli, zirzəmili, 14 (+2 səviyyəli mansarda) mərtəbəli yaşayış binalarının istismarına icazə verilmişdir. İstismara icazə sənədinin 8-ci bəndində tikinti obyektinin əsas texniki göstəriciləri kimi binanın ümumi sahəsində mənzillərin ümumi sahəsi yaşayış üçün istifadə olunan 2 səviyyəli mansarda ilə birlikdə göstərilmiş, mənzillərin sayı 309 ədəd, mərtəbələrin sayı 14 (+2 səviyyəli mansarda) ədəd, girişlərin sayı 6 ədəd qeyd olunmuşdur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.15-ci maddəsinə əsasən mansarda mərtəbəsi - binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyriyaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahədir. Göründüyü kimi, mansarda mərtəbəsi həm yaşayış, həm də qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulur. Mansarda mərtəbəsinin yaşayış sahəsi kimi istismarına icazə verilməsi tikinti hüquq normalarının pozulması hesab edilmir. “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanında qeyd olunur ki, ötən müddət ərzində bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərinin hüquq və maraqları nəzərə alınmadan aparılmışdır ki, bu da, öz növbəsində, bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyrimümkün etmişdir. Həmin Fərman da məhz belə çoxmənzilli yaşayış binalarının istismarına icazə verilməsinin sadələşdirilməsinə xidmət edir. Həmin Fərman istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini təmin etmək məqsədilə verilmiş və 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dara örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi qaydalarını müəyyən edir. Mübahisələndirilən istismara icazə sənədi məhz qeyd olunan Fərmanın tələblərinə uyğun verilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə, ev 34, mənzil 58 və Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə, ev 34, mənzil 59 müvafiq olaraq xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixdə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə, ev 34, mənzil 58 və 59 saylı mənzilləhin "xxxx" KB ASC-də ipoteka ilə yüklü edilməsi və hərrac vasitəsi ilə bank tərəfindən əldə olunması iş materiallarında olan mötəbər sübutlarla öz təsdiqini tapdığından "xxxx" KB ASC hazırki iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Eyni zamanda Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Birinci instansiya məhkəməsi "xxxx" MMC-nin əlverişli inzibati akt olan adıçəkilən binanın istismarına icazə verilməsi barədə sənədə (icazəyə) etimadının qanunla qorunması hüququnun olmadığını qeyd etsə də, maraqlı şəxs olan L.A.Cəbiyevanın və "xxxx" KB ASC-nin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun 67.5-ci maddəsinə uyğun olaraq həmin icazəyə etimadının qanunla qorunması məsələsinə qiymət verməmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan işin faktiki hallarından göründüyü kimi mübahisələndirilən icazə sənədi ilə bağlı həmin şəxslərə münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından (həmin Qanunun 67.5-ci maddəsinə uyğun olaraq) onlar etimadın qanunla qorunması hüququna malikdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən icazə sənədinin 8-ci bəndində Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə ünvanında 6 ədəd yaşayış binasının hamısında mərtəbələrin sayı 14 (+2 səviyyəli mansarda) və binanın ümumi sahəsində mənzillərin ümumi sahəsi yaşayış üçün istifadə olunan 2 səviyyəli mansarda ilə birlikdə göstərilmişdir. Belə olan halda yalnız bir binaya aid hissədə dəyişikliyin edilməsi qeyri-bərabərliyə və qeyri-müəyyənliyə səbəb olar. Həmçinin qeyd olunmalıdır ki, apellyasiya instansiyasında ikinci icraat zamanı iddiaçıların nümayəndəsi və vəkilinin, üçüncü şəxs "xxxx" KB ASC-nin nümayəndəsi və vəkilinin, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin mühəndisi C.Orucəliyevin iştirakı ilə həmin yaşayış sahəsinə məhkəmə tərəfindən yerində müayinə keçirilmişdir. Müəyyən edilmişdir ki, iddiaçılarının mənzillərinin yerləşdiyi mərtəbədən pilləkən mansarda mərtəbəsinə qalxır, mansarda mərtəbəsinin ümumi giriş qapısı mövcuddur və həmin qapı mansarda mərtəbəsinin koridoruna açılır. Binanın liftlər, havalandırma sistemi koridorda yerləşir, koridor mübahisələndirilən 58 və 59 saylı mənzillərin sahəsinə aid deyil. Həmin koridorda 58 və 59 saylı mənzillərin hər birinin ayrı-ayrılıqda giriş qapısı var. Koridora açılan qapı 58 və 59 saylı mənzillərin qapısı deyil. Mansarda mərtəbəsində ümumi istifadə yerləri 58 və 59 saylı mənzillərdən ayrıdır, ümumi istifadə yerindən mənzillərə keçirlər, həmin mənzillər mansarda mərtəbəsində sakinlərin ümumi istifadə yerlərindən istifadəsinə maneçilik törətmir. Qeyd olunanlardan göründüyü kimi, mübahisələndirilən icazə sənədi qanunvericiliyin tələblərinə uyğun verilmişdir, onun dəyişdirilməsinə əsas mövcud deyildir. Bu səbəbdən də iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4886/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-255/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-255/2025
21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver