Məhkəmə qərarları › İş №2-1(103)-2550/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2550/2022

30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2550/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik ödəmənin həyata keçirilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Anar Vəzir oğlu Tanrıverdiyevən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi, Cavabdehin nümayəndəsi X5, 3-cü şəxsin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik ödəmənin həyata keçirilməsi” tələbinə dair iddiasə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-344/2021 saylı 28 aprel 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 30 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hərəkətlərinin qanunsuz hesab edilməklə şəhid hərbi qulluqçu olmuş oğlu X2 görə 11.000 manat məbləğində birdəfəlik ödəmənin həyata keçirilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı ailə üzvləri ilə 1993-cü ildə Füzuli rayonundan məcburi köçkün düşməklə Sumqayıt şəhərinə gəlmişdir. Onun oğlu X4 1993cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş və ona şəhid oğluna görə hesablanan kompensasiyanın verilməsi ilə bağlı xx.xx.2018-ci ildə notariat kontoru tərəfindən Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin kompensasiyanın verilməsi ilə bağlı müvafiq sənədlərin toplanaraq cavabdeh təşkilata təqdim edilməsinə baxmayaraq, ona həmin kompensasiya məbləği ödənilməmişdir, dəfələrlə AR ƏƏSMN-nə ayaq döymüş və hər dəfə bir əsassız səbəb gətirilməklə bundan imtina edilmişdir. Sonuncu dəfə onun yazılı müraciətinə cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə rəsmi cavab verilmiş və həmin cavabı aldıqdan sonra ona məlum olmuşdur ki, guya şəhid oğlu X1 vərəsələrinə 28 dekabr 2007-ci il tarixdə 11000 manat məbləğində sığorta ödənişi həyata keçirildiyi üçün həmin məbləğin yenidən ödənilməsi mümkünsüzdür. O, cavabdehin bu imtinası ilə razılaşmır, belə ki, onun şəhid oğlu subay olmuş və onun qanun üzrə birinci növbə vərəsələri o və həyat yoldaşı olmuş, nə o, nə də həyat yoldaşı həmin kompensasiyanı almamışlar. O, xəstədir, ağır maddi çətinlik və sıxıntı içərisində yaşayır, onun hazırda müalicəyə ehtiyacı vardır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-344/2021 saylı 28 aprel 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, şəhadətnamə reyestr qeydiyyatına alındıqdan sonra Sığorta Şirkətinə təqdim oluna bilərdi və ödəniş də bundan sonra həyata keçirilməli idi. Lakin, 2-V-1-38 nömrəli notariat işində olan qəbzdən də aydın olur ki, şəhadətnamə xx.xx.2007-ci ildə qüvvəsini almış, qeydiyyatdan keçmişdir. Belə olan təqdirdə ondan 2 gün qabaq, yəni, xx.xx.2007-ci ildə Sığorta Şirkəti tərəfindən sığorta məbləğinin ödənilməsi mümkün ola bilməz. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticələr: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1996/2021 saylı 18 oktyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-344/2021 saylı 28 aprel 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 899/2022 saylı 25 may 2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1996/2021 saylı 18 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. 3-cü şəxsin nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İş materiallarından görünür ki, iddiaçı ailə üzvləri ilə birlikdə 1993-cü ildə Füzuli rayonundan məcburi köçkün düşməklə Sumqayıt şəhərində məskunlaşmışdır. Onun oğlu 27 dekabr 1972-ci il tarixdə anadan olmuş X4 1993-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. Sumqayıt şəhər Məhkəməsinin 2-1019-2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən 27 dekabr 1972-ci ildə anadan olmuş X4 ölmüş elan edilmişdir. Füzuli rayon dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən X1 vərəsələri X3 (atası) və İddiaçı (anası) müəyyən edilmiş, şəhadətnamədə miras əmlak kimi Dövlət sığorta Agentliyində olan sığorta pulu qeyd edilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2018-ci il tarixli şəhadətnaməyə əsasən X1 vərəsəsi iddiaçı təyin edilmiş və o, miras əmlakdan tam hissədə pay ala bilər. Bundan sonra iddiaçı cavabdeh inzibati orqana müraciət edərək şəhid hərbi qulluqçu olmuş oğlu X2 görə 11000 manat (on bir min manat) məbləğində birdəfəlik ödəmənin həyata keçirilməsini xahiş etmişdir. Lakin sonuncu tərəfindən iddiaçıya ünvanlanmış 14 oktyabr 2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən təqdim edilmiş müvafiq siyahıya əsasən şəhid hərbi qulluqçusu X1 vərəsəsinə (vərəsələrinə) 2007-ci il 28 dekabr tarixində 11000 (on bir min) manat məbləğində sığorta ödənişi həyata keçirildiyi üçün onun vərəsəsinin (vərəsələrinin) birdəfəlik ödəməni almaq hüququ yoxdur. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı tələbi “şəhid hərbi qulluqçu olmuş oğluna 11000 manat məbləğində birdəfəlik ödəmənin həyata keçirilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddianın təmin olunmaması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdı ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin məktubuna cavab olaraq göndərilmiş məktubun surətinə görə, 1991-1997-ci illər ərzində sığorta ödənişi ala bilməyən şəhid olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə sığorta ödənişinin verilməsi barədə siyahı araşdırılmış, yoxlama nəticəsində 02 avqust 1997-ci il tarixdən sonra 646 nəfər sığorta ödənişi alanların siyahısı göndərilmişdir. Siyahının 193-cü sırasında xx.xx.1972-ci il təvəllüdlü əsgər X2 görə 11.000 manatın ayrıldığı və xx.xx.2007-ci il tarixdə verildiyi görünür. Bundan başqa, məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Dövlət Kommersiya Şirkəti tərəfindən ünvanlanmış № 07-02-105 saylı, 13 aprel 2021-ci il tarixli məktubdan görünür ki, elektron informasiya bazasının məlumatına əsasən X1 varisinə 28 dekabr 2007-ci il tarixində 11 000 (on bir min) manat sığorta ödənişi ödənilmişdir. Birinci instansiya məhkəməsi işin hallarını araşdıraraq müəyyən etmişdir ki, iddiaçının oğlu şəhid hərbi qulluqçu X1 vərəsəsinə 11000 manat məbləğində sığorta ödənişi tam həyata keçirildiyindən, qanunvericilikdə bu ödənişin birdəfəlik olması nəzərdə tutulduğundan, iddiaçıya hazırki halda yenidən həmin ödənişin həyata keçirilməsi mümkün deyildir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşsa da, kassasiya instansiyasının mövqeyi fərqli olmuşdur. İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən əvvəlcə iddiaçının hazırki iddiası üzrə cavabdeh kimi qoyulmuş orqanın bu iddia üzrə cavabdehlik daşımalı olub-olmadığını yoxlamalı idi. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). İnzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Hazırki işin təkrar apellyasiya baxışı zamanı məlum oldu ki, iddiaçının irəli sürdüyü iddia üzrə cavabdeh qismində göstərdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddiaçının tələbinə cavab verməli inzibati orqan deyildir. Belə ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci hissəsinə əsasən birdəfəlik ödəmə bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Həmin Fərmanın 4-cü hissəsinə əsasən birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. Həmçinin “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanının 2.7-ci və 2.8-ci hissəsinə görə dövlət icbari şəxsi sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci ilin yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən Dövlət Sosial Müdafiə Fondu tərəfindən təmin edilir. Sadalanan qanun normalarının tələbinə görə, 1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçulara birdəfəlik ödəmələr Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən, həmin tarixdən sonra, yəni dövlət icbari şəxsi sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci ilin yanvarın 1-dək olan kateqoriya şəxslərə birdəfəlik sığorta ödənişinin Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən, adı çəkilən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid şəxslərə isə sığorta ödənişi 2022-ci il yanvarın 1-dən etibarən Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. Hazırki işdə iddiaçının oğlu mərhum X4 1993-cü il tarixində Birinci Qarabağ müharibəsində aparılan hərbi əməliyyatlar zamanı itkin düşmüş, Sumqayıt şəhər Məhkəməsinin 1-1019-2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsi ilə ölmüş elan olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Belə olan halda iddiaçının tələbi üzrə cavabdehliyi adı çəkilən Fərmanların müddəalarına görə mərhum oğlunun 2007-ci ildə vəfat etməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daşıya bilməz. Lakin işdən görünür ki, iddiaçı tələbinə münasibətdə cavabdeh qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini göstərmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh qismində göstərilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddiaçının qeyd olunan iddia tələblərinə cavab verilməli orqan olmadığı işə baxmış birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış, nəticədə işə mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməməsi qərara alınmışdır. Beləliklə, qeyd olunan halları işə birinci instansiya qaydasında baxmış məhkəmə araşdırmadan, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyini yoxlamadan verilmiş tələbə inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərlə bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-344/2021 saylı 28 aprel 2021-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Həmçinin iddiaçıya izah olunur ki, onun birdəfəlik ödəmənin verilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında ümumi məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-344/2021 saylı 28 aprel 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar