Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2550/2023 29.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X2 ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına məsuliyyətə cəlb olunması barədə qərarların ləğv edilməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1896/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Birinci instansiya məhkəməsində aparılan icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması barədə qərarların ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir İddiaçının əsaslandırması : İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ********** VÖEN əsasında Bakı şəhəri, Azadlıq prospekti, 190 ünvanda yerləşən mağazada telefon aksesuarlarının satışı ilə məşğul olurdu. 27 aprel 2022-ci il tarixdə iddiaçının qadaşı X5 təsadüfən həmin mağazaya gəlmişdir. Həmin vaxt iddiaçı şəxsi işi ilə əlaqədar başqa yerə getmiş və qardaşına mağazada onu gözləməsini xahiş etmişdir. Bundan sonra vergi orqanı tərəfindən mağazada operativ vergi nəzarəti tədbiri keçirilmiş və obyektdə onun qardaşı X3 və nəzarət-kassa aparatının olmaması aşkar olunmuşdur. Vergi orqanı iddiaçının qardaşı Mətin Əbdülsoyun mağazada olması faktını əsassız olaraq onun mağazada işlərin yerinə yetirilməsinə cəlb edilməsi kimi qiymətləndirərək, fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi qənaətinə gələrək bu barədə 28 aprel 2022- ci il tarixdə DVX seriyalı 006002 nömrəli və obyektdə nəzarətkassa aparatının olmamasına görə isə DVX seriyalı 013864 nömrəli aktlar tərtib etmişdir. İddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 9 iyun 2022-ci il tarixli **********1985 nömrəli və həmin tarixli **********2019 nömrəli qərarlar ilə razılaşmamış, həmin qərarların ləğv edilməsi ilə bağlı Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş idarəsinə şikayət vermişdir. İnzibati şikayətlərə baxaraq, Baş idarə şikayətin təmin olunmaması barədə 05 iyul 2022-ci il tarixli **********984600 nömrəli qərar qəbul etmiş, həmin qərar iddaçının ünvanı üzrə poçt şöbəsinə 18 iyul 2022-ci il tarixdə daxil olmuşdur. Lakin iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş idarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qəbul edilmiş 9 iyun 2022-ci il tarixli **********1985 nömrəli və **********2019 nömrəli qərarları ilə razılaşmır, onları əsassız və qanunsuz sayır və hesab edir ki, həmin qərarlar ləğv edilməlidir. Cavabdeh 2022-ci ilin aprel ayının 27 günü qardaşı X3 iddiaçının iş yerində olmasını hər hansı sübut əldə etmədən onun mağazada işlərin yerinə yetirilməsinə cəlb edilməsi kimi qiymətləndirə və fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qənaətinə gələ bilməzdi. Çünki qardaşı Mətin Əbdülsoy sadəcə olaraq mağazada oturub iddaçının mağazaya qayıtmasını gözləyərək heç bir iş yerinə yetirməmiş və hər hansı satış əməliyyatı aparmamışdır. Cavabdeh isə Mətin Əbdülsoyun mağazada hər hansı işi yerinə yetirməsini müəyyən etməməklə, bu halı sübuta yetirməmişdir. Bununla yanaşı mağazada nəzarət-kassa aparatının quraşdırılmamasına gəldikdə qeyd olunmalıdır ki, bu, iddaçının iradəsindən asılı olmamışdır. Onun bu sahədə vəzifəsi nəzarət-kassa aparatının dəyərini ödəmək və quraşdırılmasını təmin etməkdən ibarət olmuşdur ki, iddiaçı da bunun üçün dəfələrlə “Paşabank”a müraciət edərək nəzarətkassa aparatının quraşdırılmaması xahiş etmişdir. Lakin bank tərəfindən ona hələlik onlarda nəzarət-kassa aparatının olmadığı bildirilmiş və gətirilənədək gözləmək tövsiyyə olunmuşdur. Bu hal iddiaçının bankla istifadəsində olan ********** nömrəli mobil telefon vasitəsi ilə apardığı danışıqlarla təsdiq edilə bilər. Göründüyü kimi, yuxarıda istinad edilən hallar cavabdehin iddiaçının barəsində maliyyə sanksiyalarının təbiq edilməsinə dair qəbul etdiyi 9 iyun 2022-ci il tarixli **********1985 və **********2019 nömrəli qərarlarının əsassız olduğunu təsdiq edir. Göstərilənlərə və İPM-in 33.1-ci maddəsinə əsaslanaraq, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 9 iyun 2022-ci il tarixli **********1985 nömrəli və **********2019 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1896/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mağazada nəzarət-kassa aparatının quraşdırılmaması onun iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir. Belə ki, bu sahədə onun vəzifəsi nəzarət-kassa aparatını sifariş verərək, dəyərini ödəməklə quraşdırılmasını təmin etməkdən ibarət olmuşdur ki, o da bunun üçün dəfələrlə «Paşa Bank»a müraciət edib nəzarət-kassa aparatının quraşdırılmaması xahiş etmiş, lakin bank tərəfindən ona onlarda hələlik nəzarət-kassa aparatının olmadığı bildirilmiş və gətirilənədək gözləmək tövsiyyə olunmuşdur. Bu hal onun bankla istifadəsində olan ********** nömrəli mobil telefon vasitəsi ilə apardığı danışıqlarla təsdiq edilə bilər. Birinci instansiya məhkəməsi cavabdeh təşkilat tərəfindən qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********1985 nömrəli və 09.06. 2022-ci il tarixli **********2019 nömrəli qərarların ləğv edilməsi ilə bağlı onun gətirdiyi dəlilləri tam və hərtərəfli araşdırmamış və düzgün qiymətləndirməmişdir. Çünki o həm iddia ərizəsində, həm də məhkəmədə verdiyi izahatda cavabdeh təşkilat olan vergi orqanının onun tərəfindən bir nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etiyini göstərməsinin həqiqətə uyğun olmadığını, həmin şəxsin onun qardaşı X5 olmasını, onu hər-hansı işin yerinə yetirilməsinə və ya xidmətin göstərilməsinə cəlb etmədiyini, onunla bir ailədə, hətta bir evdə yaşadığınıı, birgə təsərrüfat apardıqlarını, həmin günü Mətinin təsadüfən mağazaya gəldiyini, onun isə həmin vaxt başqa iş dalınca getdiyindən Mətinin mağazada gözləməli olduğunu göstərsə də, məhkəmə göstərdiklərini nəinki tam və hərtərəfli araşdırmamış, hətta göstərdiklərinə əhəmiyyət belə verməmişdir. Əksinə, məhkəmə yalnız cavabdeh təşkilatın həqiqəti əks etdirməyən və onların təhrif edilmiş izahatlarını özündə əks etdirən etirazını əsas götürərək iddianın rədd olunması barədə qərar qəbul etmişdir. Tərəflərin izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinə uyğun izahat verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazlarını müdafiə edərək, apelyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, vergi orqanının (cavabdehin) “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 27 aprel 2022-ci il tarixli qərarına əsasən İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 190 ünvanında yerləşən təsərrüfat subyektində (“Telefon aksesuarları” mağazasında) operativ vergi nəzarəti keçirilmişdir. Bu zaman həmin obyektində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmamaması və 1 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi əsası ilə aktlar tərtib edilmiş və həmin aktlar əsasında Vergi Məcəlləsinin 58.7.1 və 58.10-cu maddələrinə müvafiq olaraq 9 iyun 2022-ci il tarixli **********1985 nömrəli və **********2019 nömrəli qərarlar qəbul edilərək, ümumilikdə iddaçıya 3.000 manat (1.000 manat + 2.000 manat) maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı isə cavabdeh inzibati orqanın qərarının qanunsuz olduğunu hesab edərək hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri : 1)Nəzarət-kassa aparatının quraşdırılmaması onun iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir. Belə ki, o nəzarət-kassa aparatını sifariş versədə, bank tərəfindən ona hələlik nəzarət-kassa aparatının olmaması, müvəqqəti gözləməsi bildirilmişdir. 2)O, hər hansı fiziki şəxsi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməmişdir. X3 onun qardasşı olması, onu hər-hansı işin yerinə yetirilməsinə və ya xidmətin göstərilməsinə cəlb etməməsi, həmin günü Mətinin təsadüfən mağazaya gəldiyindən onun isə həmin vaxt başqa iş dalınca getdiyindən Mətin mağazada gözləməli olmuşdur. Məhkəmə Kollegiyası iddiaçının ilk dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 190 ünvanında yerləşən təsərrüfat subyektində (“Telefon aksesuarları” mağazasında) operativ vergi nəzarəti keçirərkən obyektdə nəzarət-kassa aparatının olmadığını müəyyən etmiş və buna uyğun olaraqda akt tərtib etmişdir. İddiaçı nəzarət-kassa aparatını sifariş verdiyini, onun iradəsindən asılı olmayan səbəblərdən sifarişinin icrasının mümkün olmadığını bildirsə də, qeyd edilənlərə dair hər hansı sübut təqdim etməmiş, eyni zamanda məhkəmə araşdırması zamanıda iddiaçı tərəfindən nəzarət-kassa aparatının sifarişi ilə bağlı hər hansı rəsmi müraciətinin olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1-ci maddəsinə əsasən aşağıdakılardır vergi orqanlarının hüquqlarına aiddir: (23.1.1) bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, (23.1.6) müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Qanunun 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39 – 43-cü və 46 – 49-cu maddələrinin müddəaları tətbiq edilir. Vergi Məcəlləsinin 58.7-ci maddəsinə görə bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: - (58.7.1) təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində; - (58.7.2) təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində; - (58.7.3) təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İddiaçının digər dəlilinə (hər hansı fiziki şəxsi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməməsi) münasibətdə Kollegiya qeyd edir ki, iş materiallarında olan İddiaçı Bakı şəhəri X7 üzrə Baş İdarəsində verdiyi izahatında qeyd edilmişdir ki, mağazada onun olmadığı müddətdə satışa nəzarəti qardaşı həyata keçirir, qardaşı gün ərzində 9 saat mağazada olur və bu iş müqabilində qardaşına hər hansı haqqı verilmir. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçının qardaşının Bakı şəhəri X7 üzrə Baş İdarəsində verdiyi izahatından sonuncunun iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi təsadufən orda olması, daha sonra qardaşı getdikdən sonra müvəqqəti mağazada gözləməsi təkzib olunur. Belə ki, iddiaçının qardaşı X3 Bakı şəhəri X7 üzrə Baş İdarəsində doldurduğu izahat vərəqəsindən görünür ki, o işlədiyi yer olaraq qardaşına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 190 ünvanında yerləşən telefon mağazasını, vəzifəsinin nəzarətçi olduğunu, iş saatının 10:30-da başladığını, 20:00-da bitdiyini, iş saatının 9 saat olduğunu qeyd etmişdir. Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: -(50.1.3) əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; - -(50.1.7) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. Həmin Qanunun 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39 – 43-cü və 46 – 49-cu maddələrinin müddəaları tətbiq edilir. Beləliklə, qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və cavabdeh inzibati orqan tərəfindən qəbul edilən mübahisələndirilən qərarlar qanunvericiliyin tələbləri nəzərə alınmaqla qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1896/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2550/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2550/2023
29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver