Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2551/2022 23.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1635/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya, apellyasiya və kassasiya instansiyalarında aparılan icraatlar: İddiaçı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1992-ci il tarixində Qaradağ Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış və Badamdar qəsəbəsindəki hərbi hissəyə göndərilmişdir. Bir necə gün təlim keçəndən sonra həyəcan siqnalı ilə qaldırılaraq Tərtər istiqamətində döyüşlərə qatılmışdır. Onun xidmət yeri düşmənlə üzbəüz olan düşmən səngərləri olmuşdur. O, hərbi xidmət dövrü hər an döyüş tapşırığını yerinə yetirməyə hazır vəziyyətdə tağıma təhkim edilmişdir. O, oradakılarla birlikdə daim səngərlərdə idilər və döyüş tapşırığını yerində yerinə yetirirdilər. O, vətən qarşısında borcunu layiqincə yerinə yetirmək üçün gecə-gündüz, yağış, şaxta, qar, istisoyuq bilmədən daim xidmət vəzifələrini icra etmişdir. Hərbi xidməti dövründə dələlərlə komandanlıq tərəfindən mükafatlandırılmış və hərbi xidmət dövründə baş çavuş hərbi rütbəsinədək yüksəlmişdir. Hərbi xidməti N və N nömrəli hərbi hissələrdə olmuşdur: xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək N nömrəli hərbi hissədə, təşkilati tədbirlərlə əlaqədar olaraq xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək N nömrəli hərbi hissədə onun hərbi xidməti Tərtər və Goranboy rayonları ərazisində döyüş mövqeyində düşmənlə təmas xəttində müharibə şəraitində keçmişdir. O, xx.xx.1992-ci il tarixdən döyüş əməliyyatları dayananadək N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmişdir. Onun müharibədə iştirakı ilə əlaqəli qeyd edilən faktlar mübahisə predmeti deyil. O, qanuni olaraq hərbi xidmətə çağırılmış və ehtiyata buraxılmışdır. Barəsində fərariliklə bağlı hərbi hissə komandirlərinin heç bir əmri yoxdur. Azərbaycan Respublikası Hərbi Prokurorluğundan verilən cavab məktubundan görünür ki, onun barəsində hərbi cinayət olmamış, təqsirləndirici material toplanılmamışdır. Cavabdehin əməkdaşları tərəfindən onun N nömrəli hərbi hissədəki hərbi xidmətinin şübhə altına alınması, belə bir fərziyyənin irəli sürülməsi ona qarşı ədalətsizlik və inzibati orqan olaraq cavabdeh tərəfindən kobud qanun pozuntusudur. Belə hərəkətlər onun Vətən qarşısındakı xidmətlərini qiymətləndirməmək kimi qəbul edilir. Onu sübut olunmayan hərbi cinayətdə ittiham etmək qanunla yol verilməzdir. O, sübut edir ki, N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Onun hərbi xidməti və döyüşlərdə iştirakı hərbi biletindəki mötəbər qeydlər və möhürlərlə təsdiq edilir. Döyüş əməliyyatları dayanandan sonra da xx.xx.1996-cı il tarixədək ön səngərlərdə döyüş növbətçiliyi apararaq düşmən təxribatlarının qarşısını almaqda Vətən yolunda xidmət etmiş, həmişə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirmiş, daim komandanlıq tərəfindən təşəkkürlərə layiq görülmüş, baş çavuş hərbi rütbəsinədək yüksəlmişdir. Hazırda o, Qarabağ müharibəsi veteranı vəsiqəsini və statusunu almaq istəyir. Digər döyüş yoldaşlarından fərqli olaraq o, bu günədək müxtəlif səbəblərdən müharibə veteranı adı və statusunu ala bilmir. Əsas maneə ondan ibarətdir ki, onun N saylı hərbi hissədə xidməti ilə əlaqədar Müdafiə Nazirliyi Mərkəzi Arxivində məlumat yoxdur. O, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək N saylı hərbi hissə və xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmiş, N saylı hərbi hissəsinin müdafiə zolağının möhkəmləndirilməsi keçirilən təşkilati tədbirlərlə əlaqədar olaraq, onun xidmət etdiyi artilleriya batareyası yuxarı rəhbərliyin əmrinə əsasən həmin hərbi hissəyə keçirilmişdir. Müdafiə Nazirliyi bu günədək onun N nömrəli hərbi hissədəki hərbi xidməti haqqında arayış verə bilmir. Bu səbəbdən də bu günədək digər döyüşçü yoldaşlarından fərqli olaraq müxtəlif səbəblərdən Qarabağ müharibəsi veteranı adı və statusunu ala bilməmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim X4, 2-1(112)- 1635/2021 saylı iş) 27 may 2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X2-məruzəçi, X1 və X8, 2-1(103)-2316/2021 saylı iş) 17 dekabr 2021-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 27 may 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 889/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2316/2021 nömrəli, 17 dekabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət keçmiş, onun hərbi xidməti və döyüşlərdə iştirakı hərbi biletindəkı mötəbər qeydlər və möhürlərlə təsdiq edilir. Əsas maneə ondan ibarətdir ki, onun N nömrəli hərbi hissədəki xidmətilə əlaqədar Müdafiə Nazirliyinin Mərkəzi Arxivində məlumat yoxdur. O, xx.xx.1992-ci il tarixində Qaradağ rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək N nömrəli hərbi hissədə və xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək N nömrəli hərbi hissənin müfafiə zolağının möhkəmləndirilməsi keçirilən təşkilati tədbirlərlə əlaqədar olaraq onların artilleriya batareyaları yuxarı rəhbərliyin əmrinə əsasən həmin hərbi hissəyə keçirildi. Bununla əlaqədar olaraq o müharibə dövründə siyahısında olduğu sıralarında həqiqi hərbi xidmət keçdiyi və sıralarında döyüş tapşırığı yerinə yetirdiyi N nömrəli hərbi hıssədəkı hərbi xidməti haqqında arxiv arayışı verilməsinə dair köməklik göstərilməsini Müdafiə Nazirliyindən dəfələrlə xahiş etmiş, Müdafiə Nazirliyi bu günədək onun N nömrəli hərbi hissədəki hərbi xidməti haqqında ona arayış verə bilməmişdir. Bu səbəbdən də bu günədək digər döyüşçü yoldaşlarından fərqli olaraq müxtəlif səbəblərdən Qarabağ veteranı ad və statusunu ala bilməmişdir. Hər bir hərbi hissədə şəxsi heyətin qeydiyyatının aparılması üçün daim saxlanılan “X7 Qeydiyyati Kitabi” və Əmrlər Kitabi var. Hər iki sənəd N nömrəli hərbi hissədə aparılıb. Həmin sənədlərin əsasında ona N nömrəli hərbi hissədə hərbi xidməti haqqında arayış verilməsi tam qanuna uyğundur. Məhkəmə Müdafiə Nazirliyini məcbur edərək N nömrəli hərbi hissənin məsuliyyətli şəxslərinin haqqında müvafiq tədbirlər görərək, ona 1992-1994-cü illərdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində hərbi xidməti barədə arayış verilməsini məcbur edə bilərdi. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçnın apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. 25 dekabr 1991-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: Maddə 20. Bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün-onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hərbi xidmətin sonu sayılır. “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ..... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ..... 7-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. 3-cü bənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir... İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının 1994, 1996-cı illərdə müvafiq hərbi hissələrdə, o cümlədən döyüş əməliyyatları aparan hissələrdə xidməti və şəxsi heyətin sıralarından çıxarılması barədə müvafiq əmrlər mövcuddur. Cavabdeh tərəf imtina əsası olaraq bildirir ki, iddiaçıya münasibətdə 1992-1993-cü il tarixli nizami hissə üzrə N nömrəli hərbi hissə komandirinin əmrləri Arxivə daxil olmadığına, habelə 1994-cü ilin yanvar-iyun aylarında arxiv sənədlərində iddiaçının xidməti barədə məlumat aşkar olunmadığına, 1992-1994-cü illərin pul təminatı cədvəllərinin Mərkəzi Arxivə daxil olmadığına görə döyüş əməliyyatları aparılan dövrdə iddiaçının xidməti və döyüşlərdə iştirak etməsi müəyyən olunmur. Kollegiya cavabdehin mövqeyinə münasibətdə bildirir ki, iş materiallarında olan İddiaçının hərbi biletinin surətindən görünür ki, iddiaçı 01 oktyabr 1992-ci il tarixli, 33 nömrəli əmrlə N nömrəli hərbi hissəyə qəbul olunub, N sentyabr 1994-cü il tarixli, N nömrəli əmrlə həmin hərbi hissədən çıxmışdır. Həmçinin hərbi biletin 23-cü səhifəsindəki 2 avqust 1994-cü il tarixli qeydə əsasən Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Bakı şəhəri, Qaradağ rayon Şöbəsi tərəfindən ona özəlləşdirmə payı verilib. Qeyd olunanlardanda aydındır ki, iddiaçı fərarı olmamış, hərbi hissəni özbaşına tərk etməmiş, cavabdehin mübahisələndirdiyi dövrdə də hərbi xidmətini davam etdirmişdir. Bundan başqa Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli arxiv arayışına əsasən iddiaçı hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 242 №-li əmrilə xx.xx.1994-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 177 №-li əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli müvafiq əmrinə əsasən, ehtiyata tərxis olunduğu üçün manqa komandiri, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 299 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, qeydiyyata düşmək üçün Qaradağ RHK-nın sərəncamına göndərilmişdir. Cavabdeh tərəf imtina əsası olaraq əmrlərin mövcud olmadığını əsas gətirsə də, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı N nömrəli hərbi hissə üzrə N iyul 1992-ci il tarixli əmrdən çıxarış əldə edilmişdir. Qeyd edilən əmrdən müəyyən edilir ki, İddiaçı N nömrəli hərbi hissədə xidmət etmiş, şəxsi heyətin siyahısına daxil edilmiş, bütün növ təminat növlərinə daxil edilmiş və ştat cədvəli üzrə vəzifəyə təyin edilmişdir. Beləliklə, yuxarda göstərilən sübutlara məcmu şəklində qiymət verən Kollegiya hesab edir ki, cavabdehin imtinasının dəlilləri məhkəmə araşdırması zamanı əldə edilən məlumatlarla təkzib olunduğundan və bütün əldə edilən sübutlar iddianının təmin edilməsi üçün əsas verdiyindən, iddiaçının apelyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilməli, iddia təmin olunmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1635/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021ci il tarixli qərarı ləğv edilsin. İddiaçı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Aytən Oruczadə Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-2551/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2551/2022
23.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver