Məhkəmə qərarları › İş №2-1(103)-2551/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2551/2023

25.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2551/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2994/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1981-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək "xxxx" ASC-də işlədiyim illərin sığorta stajına daxil edilməklə 65 yaşının tamam olduğu vaxtdan yəni xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci ildə Bakı şəhərində anadan olmuş, əmək fəaliyyətinə başladığı müddətdən hal-hazırkı vaxtadək olan iş yeri barədə qeydlər əmək kitabçasında qeyd edilmişdir. İddiaçı 65 yaşı müddət tamam olduqdan sonra yaşa görə əmək pensiyası təyin edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz filialına müraciət etmiş və ona xx.xx.2022-ci il tarixli **********2 saylı imtina məktubu verilmişdir. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının xx.xx.1981-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək əmək kitabçasında qeyd edilmiş "xxxx" ASC-nin faktiki ünvanı məlum olsa da, inzibati binaya giriş məhdudlaşdırılması səbəbindən iddiaçının 22 il müddətinə əmək stajının nəzərə alınmaması hüquqlarını pozur. Bu səbəbdən, xx.xx.1981-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək "xxxx" ASC-də işlədiyi illərin sığorta stajına daxil edilməklə 65 yaşım tamam olduğu vaxtdan yəni xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz filialının üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Pensiya təyin edən cavabdeh orqan iddiaçının xeyrinə olan sübutları toplayıb iddiaçının xeyrinə olan halları araşdırmaqdan yayınmış, bununla da inzibati qanunvericiliyin qeyd edilən tələblərini pozmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyixx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qanunun 1,0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1,1.0.2,1,0,5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələrolduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı sübhə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 12 fevral 2004-cü il tarixə 0104-P40-39395 nömrə ilə dövlət qeydiyyatından keçməsinə baxmayaraq Y. Əliyevin 17 iyul 2002-ci il isdən azad edilmə əmri "xxxx" ASC-nin möhürü ilə təsdiqlənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli. 175 №li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qavdaları”nın 4.1.1ci bəndinə əsasən, 2006-cı il yanvarın 01-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyətibarədə sənədlərə əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həm sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən olunur. Bu səbəbdən İddiaçı məxsus əmək kitabçasında qeyd olunmuş xx.xx.1981-ci il tarixdən xx.xx.2002ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının Hüquq, daxili nəzarət və monitorinq departamenti tərəfindən keçirilmiş qarşılıqlı yoxlama zamanı İddiaçı xx.xx.1981-ci il tarixdə (əmr №416, xx.xx.1981) işə qəbul edilib, xx.xx.2002-ci il tarixdə (əmr № 25, xx.xx.2002) isdən azad olunduğu müəyyən olunsa da, bu müddət ərzində onun xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixinədək öz hesabına ödənişsiz məzuniyyətdə olduğu müəyyən olunmuşdur. İddiaçı ödənişsiz məzuniyyətdə olduğu dövrlərə münasibətdə əlavə olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 132-ci maddəsinə əsasən, əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və aşağıdakı dövrlər daxil edilir: a) iş yerinin və bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək haqqının saxlanılması şərti ilə işçinin işdən ayrıldığı dövr; b) qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü; c) əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr; ç) təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində işdən (vəzifədən) azad edilmiş və ya kənarlaşdırılmış və müəyyən edilmiş qaydada tam bəraət almış işə (vəzifəyə) bərpa edilən şəxsin məcburi işburaxma dövrü və ya həbsdə olduğu dövr. Bu Məcəllənin 127-ci maddəsində nəzərdə tutulan qismən ödənişli sosial məzuniyyət müddəti, məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Həmçinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinə əsasən, ödənişsiz məzuniyyət dövrünün iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır (Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(1021- 1527/2021 nömrəli qərarı {42-ci bənd); xx.xx.2022-ci il tarixli 2-1(102)-1100/2022 nömrəli {28-ci bəndi). Göründüyü kimi məzuniyyət hüququ verən əmək stajına öz hesabına (ödənişsiz) məzuniyyətdə olduğu dövr daxil edilmir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ona 65 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2994/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2994/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın məzmunu ilə eyni məzmunda və eyni dəlillərlə əsaslandırılmışdır. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2994/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Kollegiyası iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Kollegiya onu da qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsinə etirazın məzmunu ilə eyni məzmunda və eyni dəlillərlə əsaslandırılmışdır. Odur ki, iddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qənaətə gəlmişdir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1957-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovn qəsəbəsi, sahə 71V ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş H3 № ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci ildə hərbi xidmətə çağırılmış, xx.xx.1979-cu ildə hərbi xidmətdən tərxis olunmuşdur. İş materiallarına əlavə edilmiş 8426 nömrəli attestatın surətinə əsasən İddiaçı xx.xx.1980ci ildə Bakı şəhəri, 81 nömrəli texniki məktəbə daxil olmuş, xx.xx.1981-ci ildə tornaçı peşəsi üzrə bitirmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus xx.xx.1975-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildə İcarə Konserv zavodu üzrə istehsalat sexinə fəhlə işinə qəbul edilmiş, xx.xx.1974-cü ildə işdən azad edilmiş, xx.xx.1975-ci ildə Boş qablar anbarına fəhlə işinə qəbul edilmiş, xx.xx.1976-cı ildə işdən azad edilmişdir. xx.xx.1980-ci ildə Azneft İB-nə neft –qaz quyularının qazmaçının 3-cü dərəcəli köməkçsi işinə qəbul edilmiş, xx.xx.1980-ci ildə işdən azad edilmiş, xx.xx.1981-ci ildə Bakı Elektroştamp təcrübə zavoduna tornaçı işinə qəbul edilmiş, xx.xx.1981-ci ildə 7 nömrəli sexin nəzdində 7 nömrəli sahəyə 3-cü dərəcəli tornaçı işinə keçirilmiş, xx.xx.1986-cı ildə 4-cü dərəcəli tornaçı ixtisası verilmiş, xx.xx.1986-cı ildə 5-ci dərəcəli tornaçı ixtisası verilmiş, xx.xx.1988-ci ildə 4-cü dərəcəli tornaçı ixtisası verilmiş, xx.xx.1990-cı ildə 4-cü dərəcə ilə 61 nömrəli sahəyə tornaçı keçirilmiş, xx.xx.1991-ci ildə 5-ci dərəcəli tornaçı adı verilmiş, xx.xx.2002-ci ildə "xxxx" təcrübə zavodunun adı dəyişdirilərək Bakı Elektroştamp ASC adlandırılmışdır. xx.xx.2002-ci ildə işdən azad edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********220300 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı (xxxxxxx) "xxxx" ASC-də (VÖEN: **********) əmək müqaviləsinin olması aşkar edilməmişdir. Eyni zamanda bildiririk ki, 23.11,2022-ci il tarixə olan uçot məlumatlarına əsasən "xxxx" ASC-nin (VÖEN: **********) fəaliyyəti xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək dayandırılmış vəziyyətdə olmuş və vergi ödəyicisinin müraciətinə əsasən yenidən fəlaiyyəti xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılmışdır. Məhkəmə sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********55 nömrəli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin xx.xx.2001-ci il tarixli, 217 nömrəli sərəncamı ilə “Bakı Kondisioneri” X4 Bakı "Elektroştamp” təcrübə zavodunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və xx.xx.2003-cü il tarixində səhmləri tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Xidmətin arxivində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən tərtib olunaraq təqdim edilmiş özəlləşdirmə planına (emissiya prospektinə) əlavə edilmiş əmək kollektivinin siyahısında İddiaçı xx.xx.1981-ci il tarixindən tornaçı vəzifəsində işlədiyi qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Bakı Elektroştamp ASC-nin xx.xx.2023-cü il tarixli 037 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" ASC-də çalışmış İddiaçı aid şəxsi kartın surətini Sizə təqdim edirəm, əsli ilə doğrudur. Həmin məktubla göndərilmiş iddiaçıya aid şəxsi vərəqədən görünür ki, iddiaçı xx.xx.1981ci ildə 416 nömrəli əmrlə xx.xx.1981-ci ildə tornaçı işinə qəbul edilmiş, xx.xx.2002-ci ildə 25 nömrəli xx.xx.2002-ci ildən işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyiniz əmək kitabçanıza və hərbi biletinizin surətinə əsasən sığorta stajınız (xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək əyani təhsil illəri, xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək hərbi xidmətdə olduğunuz dövr nəzərə alınmaqla) 3 il 10 ay 16 gün təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildiririk ki, əmək kitabçanızda qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1981-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək “Bakı Elektroştamp" ASC-də olan əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranmışdır. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın araşdırmasına əsasən xx.xx.1981-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək əmək kitabçanızda qeyd edilmiş "xxxx" ASC-nin faktiki ünvanı məlum olsa da, məlumunuz olduğu kimi inzibati binaya giriş məhdudlaşdırılmışdır. Bu səbəbdən həmin dövrün əməkhaqqı ödənişlərinin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmayıb. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə sığorta stajınız qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinizə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər.“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən sizə xx.xx.2022-ci il tarixində 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Beləliklə, işin hallarından görünür ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh iddiaçının qanunla tələb olunan 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığı əsas gətirilərək müraciəti təmin edilməmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasını əsassız hesab edir və ona yaşa görə əmək pensiyasının təyin edilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə Kollegiyası ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun qeyd olunan normasından görünür ki, yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatmalı, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2020-ci il tarixdən kişilər üçün pensiya yaşı həddi 65 yaşdır. İddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla 65 yaşını xx.xx.2002-ci il tarixdə tamamlamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçıya məxsus hərbi bilet, diplom, əmək kitabçası qeydlərinə əsasən iddiaçının xx.xx.1977-xx.xx.1979-cu ilədək hərbi xidmət dövrü 02 il 18 gün, xx.xx.1980xx.xx.1981-ci ilədək təhsil dövrü 07 ay 16 gün, əmək fəaliyyəti dövrü xx.xx.1974xx.xx.1974-cü ilədək 01 ay 11 gün, xx.xx.1975-xx.xx.1976-cı ilədək 07 ay 15 gün, xx.xx.1980-xx.xx.1980-ci ilədək 05 ay 20 gün, xx.xx.1981-xx.xx.2002-ci ilədək 21 il 02 ay 25 gün olmaqla ümumilikdə iş stajı 25 il 01 ay 15 gün təşkil edir. Cavabdehin imtina əsası kimi istinad etdiyi iddiaçının xx.xx.1981-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək “Bakı Elektroştamp" ASC-də olan əmək fəaliyyəti dövrünün onun ümumi iş stajına hesablanmaması ilə bağlıdır. Məhkəmə Kollegiyası aşağıdakılara əsasən cavabdehin qeyd edilən imtina dəlilini əsaslı hesab etmir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasıı”nın: -4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....) Qeyd edilən qanunvericiliyin tələblərindən görünür ki, Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək ümumi iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. İşçinin əmək fəaliyyəti dövrü onun işə başlaması və işdən çıxması tarixləri arasındakı fərqlə müəyyən edilir. İddiaçının əmək fəaliyyəti əmək kitabçasında olan Bakı Elektroştamp təcrübə zavoduna ("xxxx" Açıq Səhmdar Cəmiyyəti) işə qəbul və işdən çıxması barədə əmrlərin nömrəsi, tarixi, müəssisənin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilmiş qeydlərlə sübut olunur. Həmin qeydlərin mötəbərliliyini şübhə altına alacaq hər hansı hala isə məhkəmə icraatında rast gəlinməmişdir. Başqa sözlə, nə qədər ki, iddiaçının mübahisələndirilən dövr üzrə fəaliyyəti əmək kitabçasında olan qeydlərdə öz əksini tapmış və hazırkı əmək kitabçasının mötəbərliyini şübhə altına alacaq sübut təqdim edilmədiyi nəzərə alındıqda, o zaman əmək kitabçası əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən iş stajı faktına dair həqiqi vəziyyəti dəqiq əks etdirməklə özü-özlüyündə şübhə doğurmur. Bundan əlavə, məhkəmə sorğusu ilə əldə edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli sorğuya cavabından müəyyən olunur ki, iddiaçının işlədiyi müəssisə “Bakı Kondisioneri” X4 Bakı "Elektroştamp” təcrübə zavodu olmuş, zavodun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və xx.xx.2003-cü il tarixində özəlləşdirilməsi başa çatmışdır. Özəlləşmə zamanı müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən emissiya prospektində müəssisənin, onun əmlakının özəlləşməsində güzəştli şərtlərlə iştirak etmək hüququ olan əmək kollektivi üzvlərinin siyahısı tərtib olunmuşdur ki, həmin kollektivin üzvü kimi xx.xx.1981-ci il tarixindən tornaçı işləmiş İddiaçı adı da qeydə alınmışdır. Beləliklə, emissiya prospektində (özəlləşmə planında) iddiaçının adının əmək kollektivinin sırasında göstərilməsi onu deməyə əsas verir ki, iddiaçı həmin müəssisədə tornaçı vəzifəsində əmək fəaliyyəti ilə məşğul olmuş, o tutduğu vəzifəyə uyğun ştat vahidi, əmək haqqı və s. ilə təmin olunmuşdur. Əks halda əmək kollektivinin sırasında adı çəkiləməməklə bərabər özəlləşmədə güzəştli şərtlərlə çıxış etmək imkanı tanınmazdı. İddiaçının işlədiyi "xxxx" ASC-də xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək öz hesabına ödənişsiz məzuniyyətdə olduğu dövrün ümumi iş stajına daxil edilməli olmaması ilə bağlı cavabdehin mövqeyinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, cavabdeh qeyd edilən dövrdə iddiaçının ödənişsiz məzuniyyətdə olmasını xx.xx.2023-cü il tarixdə nümayəndəsi vasitəsilə "xxxx" ASC-də qarşılıqlı yoxlama zamanı tərtib etdiyi aktda qeyd etmiş, bu zaman iddiaçının öz hesabına ödənişsiz məzuniyyətdə olmasını sonuncuya aid T-2 şəxsi uçot vərəqəsindəki məlumata əsasən yazmışdır. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən təqdim edilmiş həmin T-2 şəxsi vərəqəsində iddiaçının xx.xx.2001-ci ildən etibarən öz hesabına ödənişsiz məzuniyyətdə olduğu qeyd edilsə də istinad edilən ödənişsiz məzuniyyətlə bağlı əmrlər ASC-nin arxivində aşkar edilməmiş, nə cavabdehə, nə də məhkəməyə təqdim edilməmişdir. İşçinin əmək fəaliyyətinə dair hüquqi hərəkətlər (aktlar), o cümlədən məzuniyyətlərin verilməsi müvafiq əmrlərlə rəsmiləşdirildiyindən, belə əmrlər təqdim edimədiyi halda yalnız hüquqmüəyyənedici sənəd hesab edilməyən T-2 şəxsi vərəqədəki məlumatlara istinad edilməklə iddiaçının ödənişsiz məzuniyyətdə olması nəticəsinə gəlinməsi əsaslı hesab edilə bilməz. Bundan əlavə, mübahisələndirilən dövrdə qüvvədə olan Əmək Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə görə, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək dövrün iddiaçının ümumi stajına daxil etməməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan 25 il ümumi iş stajı tələbi ödənilir.Cavabdehin pensiya təyin edilməsindən imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qənaətə gəlmişdir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Odur ki, apellyasiya şikayətinin dəlilləri maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul olunmuş qərarın ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən: Maddə 58.7. sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2994/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar