Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2552/2023 12.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və X3 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı «iddiaçının riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunan şəxslər siyahısından çıxarılması və ƏDV depoziti üzrə vəsaitlərin hərəkətinə məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2039/2023 saylı, 12 aprel 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı «iddiaçının riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunan şəxslər siyahısından çıxarılması və ƏDV depoziti üzrə vəsaitlərin hərəkətinə məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin avqust ayında MMC-nin elektron ünvanına onun fəaliyyəti üzrə riskli əməliyyatlar və vergilərdən yayınma halları ilə bağlı risk halları ehtimal olunduğundan, nümayəndəsinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə gəlməsi barədə məktub daxil olmuşdur. Bundan sonra iddiaçının nümayəndəsi 16 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri Lokal Gəlirlər baş İdarəsinə dəvət olunmuş və və ona izah edilmişdir ki, müəssisənin bəzi təchizatçıları (mal-material aldığı təşkilatlar) qeyri-qanuni əməliyyatlar aparmış, vergidən yayınmışlar. Buna görə də həmin şəxslərdən alınmış mallara görə ödənilmiş ƏDV məbləği həcmində büdcəyə təəkrar ƏDV ödənilməlidir. Cərimənin məbləği təxminən 35.000 manat təşkil edir və MMC onun adlarını bildirdiyi şirkətlərdən aldığı mallara görə əldə edilən sənədləri ləğv etməli və həmin şəxslərə ödədiyi ƏDV məbləği həcmində tez bir zamanda təkrar ödəniş etməlidir. İddaçıya faktiki olaraq aldığı mallara görə e-qaimə və e-vhf-lar verilmiş, o, ƏDV məbləğini qanunvericiliyə uyğun olaraq depozit hesabından ödəmiş və bunun nəticəsində də tam qanuni olaraq həmin ƏDV məbləğini əvəzləşdirmişdir. Əgər həmin şirkətlər iddiaçıya malı təqdim edərək qanuni sənədləri vermişdirsə onun problemli şirkət olduğunu vergi orqanı bilmirsə iddiaçının bu halda günahı yoxdur. Sonradan kiminsə əməlinə görə iddiaçının hüquqlarının pozulması, fəliyyətinə əsassız maneələrin yaradılması qanunsuz və əsassızdır. Bundan başqa bu məlumatın alnınası vergi sirridir. Hansı qurumun riskli vergi ödəyicisi olmasının müəssisə tərəfindən müyyən edilməsi əvvəllər, yəni 2019-cu ildə mümkün deyildi və əməliyyat zamanı heç bir yerdə qeyd edilmirdi ki, “əməliyyat aparılmasın, riskli vergi ödəyicisidir”. Bu məlumatlar kommersiya (vergi) sirri hesab edilirdi. 2021-ci ilin mat ayından bu məlumatın əldə edilməsi kommersiya sirri hesab edilmir. Belə olan təqdirdə, hansı əsasla iddiaçının fəaliyyəti iflic vəziyyətə salınır başa düşülən deyildir. Bir şirkətin bazarda mövqe tutması üçün illərlə zəhmət çəkilmiş, müəyyən işgüzar nüfuz formlaşmışdır. Dəfələrlə müraciətlərə cavab olaraq danışıqlara çağıraraq yalnız bir şərt irəli sürülür – ƏDV əməliyyatı aparılan MMC rislki vergi ödəyicisidir, onun ƏDV ödənilməlidir. Bu, guya cavabdehin iddiaçıya yaratdığı problemin həlli yoludur. Bu həll yolu qəbul edilmədiyi üçün iddiaçının təsisçisi olduğu bütün şirkətlərə və sahibkarlıq fəliyyətinə eyni məhdudiyyətlər qoyulmuşdur. Hal-hazıradək MMC-nin fəaliyəti tam dayanmışdır. Depozit (ƏDV) hesabı blokdadır, hər hansı əməliyyat aparılması mümkünsüzdür. Həmçinin, iddiaçının hesabına ƏDV ödəyərkən xəbərdarlıq çıxır ki, MMC "xxxx". Bu isə onsuz da fəaliyyəti dayanmış MMC-nin bazarda tutduğu işgüzar nüfuza böyük zərbə vurmaqla nüfuzdan salmış, müştərilərinin itirilməsi ilə nəticələnmişdir. Dəfələrlə məhdudiyyətin götürülməsi barədə müraciətlər olunsa da, bu günədək nəticə alınmamışdır. ƏDV-nin depozit hesabı üzrə vəsaitlərin hərəkəti Vergi Məcəlləsi və Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları» ilə tənzimlənir. Vergi Məcəlləsinin 65.2.3-cü maddəsinə əsasən vergi orqanı vergi ödəyicisinin ƏDV depozit hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin ƏDV sub-uçot hesabları üzrə vəsaitlərin hərəkəti, ƏDV-nin depozit hesabına vəsaitlərin mədaxili, məxarici və bu hesabda uçotun aparılması isə yuxarıda adıçəkilən Qaydalarla tənzimlənir. İstər Vergi Məcəlləsində, istərsə də həmin Qaydalarda ƏDV-nin depozit hesabında hərəkəti üzrə vergi orqanı tərəfindən məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 29 mart 2001-ci il tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi haqqında Əsasnamədə ƏDV depoziti üzrə vəsaitlərin hərəkətinə hər-hansı məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. Lakin “əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” qeyd edilməklə 2019-cu il tarixdən MMC-nin ƏDV hesabına məhdudiyyət qoyulmuşdur. Göstərilənlərə əsaslanaraq, İddiaçı MMC-nin “əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunan” şəxslər siyahısından çıxarılaraq ƏDV depoziti üzrə vəsaitlərin hərəkətinə məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması məhkəmədən xahiş olunur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2039/2023 saylı, 12 aprel 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin qeyri-mümkün sayılması barədə qərardadında qeyd etmişdir ki, “cavabdeh Dövlət Vergi Xidmətinin İdxalİxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı MMC-nin riskli vergi ödəyicisi olması barədə hazırkı hər hansı akt qəbul edilməmişdir və iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul olunması mümkün deyil. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı MMCnin hansı hüquqlarına toxunulduğu, hüquqlarının pozulduğu və ya bunlarla nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin hazırkı iş üzrə cavabdeh qismində çıxış etməməli olduğunu bildirsə də, Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin tələblərinə riayət etməmişdir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən normanın tələblərinə əməl etməmiş, iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi barədə təklif etməmiş, ümumiyyətlə işin hallarının müəyyənləşdirilməsində lazımi hərəkətləri yerinə yetirməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, işin birinci instansiya icraatı zamanı iddiaçının nümayəndəsi və vəkili məhkəməyə vəsatət təqdim edərək, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin, Milli Gəlirlər Baş İdarəsinin, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin, Bakı şəhəri X6 üzrə Baş İdarəsinin, Aksizli və X1 Nəzarət Baş İdarəsinin, X4 Baş İdarəsi və Tədris Mərkəzinin iş üzrə üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi hər hansı əsas göstərmədən vəsatəti təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin təkrar birinci instansiya icraatı zamanı yuxarıda qeyd edilən hallar nəzərə alınmaqla məhkəmə tərəfindən müvafiq inzibati orqanların hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi məsələsinə yenidən baxılmalıdır. Göründüyü kimi, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün olmayan nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Belə olan halda, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının əsassız olması ilə razılaşaraq, hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2039/2023 saylı, 12 aprel 2023-cü il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 82 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2039/2023 saylı, 12 aprel 2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı «iddiaçının riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunan şəxslər siyahısından çıxarılması və ƏDV depoziti üzrə vəsaitlərin hərəkətinə məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-2552/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2552/2023
12.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver