Məhkəmə qərarları › İş №2-1(103)-2553/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2553/2025

19.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2553/2025 19.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X4 ibarət tərkibdə, X5 qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-1458/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək yaşa görə əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “İddiaçı 63 yaş 6 aydan, xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi dəyişdirilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür. İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.2004-cü il tarixinədək müxtəlif idarə və təşkilatlarda çalışmışdır. İddiaçı xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olmuşdur. İddiaçının ümumilikdə 30 ildən çox əmək stajı var. İddiaçı xx.xx.2018-ci il tarixində isə pensiya yaşına çatmışdır (63 il 6 ay). Lakin iddiaçıya xx.xx.2020-ci il tarixindən etibarən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Hazırda iddiaçı yaşa görə əmək pensiyası almaq niyyətindədir. İddiaçı cavabdeh ƏƏSMN yanında DSMF-nin Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialına müraciət edərək yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin İddiaçı müraciət etdiyi vaxt kifayət qədər əmək stajı olmasına və pensiya kapitalı olmasına baxmayaraq cavabdeh orqan tərəfindən yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı hüquqları pozulmuşdur. Belə ki, cavabdeh ƏƏSMN yanında DSMF-nun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, iddiaçının 16 il 4 ay 4 gün sığorta stajı vardır (xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmət müddəti də nəzərə alınmaqla). Bildirilmişdir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Həmçinin qeyd edilmişdir ki, xx.xx.1978-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək və xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək olan dövrlərin əmək kitabçasında doldurulma qaydası pozulmuşdur. Mərkəzi Filialın keçirdiyi monitorinqin nəticəsinə əsasən, "xxxx" firmasının xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək olan arxiv sənədlərinin saxlanıldığı ünvan müəyyən edilməmişdir. Bu səbəbdən də xx.xx.1978-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək və xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək olan dövrlərin iddiaçının sığorta stajına daxil edilməsinin mümkün olmadığı bidirilmişdir. Məhz bu maddənin tələblərinə əsasən, iddiaçı xx.xx.2018-ci il tarixində qanunla müəyyən edilmiş pensiya yaş həddinə (63 il 6 ay) çatmışdır. 2006-cı il tarixinə qədər də 30 ildən çox əmək stajı var. Belə olan halda yaşa görə əmək pensiyası təyin edilməlidir. Lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə əsassız olaraq imtina verilmişdir. Məhz buna görə də iddiaçı hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən onun müraciətinə düzgün hüquqi qiymət verilmədiyinə görə məhkəmə tərəfindən iddianın təmin edilməsi barədə qərar qəbul edilməlidir.

4. Cavabdeh iddia tələbinə qarşı etirazını məhkəməyə təqdim etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-1458/2025 nömrəli qərarı ilə iddia təmin edilərək İddiaçı 63 yaş 6 aydan xx.xx.2018-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

7. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı etiraza uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi G.Qarayeva apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

10. Cavabdehin iddiaçıya pensiyanın təyin edilməsindən imtina məktubunda qeyd edilmişdir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək pensiya yaş həddi kişilər üçün 63 yaş 6 ay müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 01 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən ümumi sığorta stajınız (xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla) 16 il 4 ay 4 gün təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1978-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək (işdənçıxma qeydləri möhürlə təsdiqlənməmişdir) və xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək (işə daxilolma tarixi qeyri-iş gününə təsadüf edir, eyni zamanda təsdiqedici möhürdə kiril və latın əlifbalarından istifadə olunub) olan dövrlərin doldurulma qaydası pozulmuşdur. Qanunun 23.2-ci mədəsinə əsasən 1992ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Bildiririk ki, əmək kitabçanızın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək əmək fəaliyyəti dövrlərinizin araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın keçirdiyi monitorinqin nəticəsinə əsasən "xxxx" firmasının xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək olan arxiv sənədlərinin saxlanıldığı ünvan müəyyən edilməmişdir. Bu səbəblərdən də xx.xx.1978-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək və xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək olan dövrlərin sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Bildiririk ki, sözügedən dövrlər üzrə əmək fəaliyyətinizi təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) DOST Mərkəzlərinə təqdim etməklə təkrar müraciətiniz əsasında həmin dövrlərin sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən Sizə xx.xx.2020-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş, hazırda 220 manat olmaqla davam etdirilir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər.”

11. İddiaçıya aid xx.xx.1974-cü il tarixli əmək kitabçasının surətinə əsasən, iddiaçı Kirov rayon qarışıq mal satışı mağazasında xx.xx.1974-cü ildə kiçik satıcı, xx.xx.1974-cü ildə Sovet ordusunda xidmətə göndərilməsi ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1991xx.xx.1997- ci ilədək M.P. "xxxx" direktor vəzifəsində, xx.xx.1997-xx.xx.2001-ci ilədək M.P. "xxxx" direktor vəzifəsində, xx.xx.1990-xx.xx.1991-ci ilədək “Zəhmət” Avtomobillərə texniki qulluq kooperativinin sədrinin müavini, “Bakı süd zavodu p/o “Bakmoloko” xx.xx.1990xx.xx.1990-ci ilədək mühəndis-normalayıcı, xx.xx.1990-cı il tarixində süd zavoduna köçürmə yolu ilə işdən azad edilmişdir. xx.xx.1988-ci ilədək işdən azad olunmuşdur, Bakı şəhər süd emalı kombinatında xx.xx.1988-ci ildə usta, xx.xx.1989-ci ildə mühəndis texnoloq, xx.xx.1987-ci ildə baş usta, xx.xx.1987-ci ildə işdən azad olunmuşdur. p/o promol interesə xx.xx.1987-cildə əmtəəşünas vəzifəsinə keçirilmişdir.

12. İddiaçıya aid digər əmək kitabçasının surətinə əsasən, iddiaçı xx.xx.1982-ci ildə işdən azad olunmuş, Bakı ət emalı kombinatında xx.xx.1982-ci ilədək anbardar, xx.xx.1987-ci ildə sahə ustası, xx.xx.1987-ci ildə baş usta köməkçisi, xx.xx.1980-ci ildə anbardar, xx.xx.1982-ci ildə baş usta, Ət emalı zavodunda xx.xx.1978-ci ildə köməkçi fəhlə, Kirov rayon qarışıq mal satışı mağazasında xx.xx.1977-xx.xx.1978-ci ildə satıcı vəzifəsində işlədiyi qeyd edilmişdir.

13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli 3-21-2-1/2-5193/2024 nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində "xxxx" kiçik müəssisəsi adlı hüquqi şəxslərin sayı çox olduğundan sorğu etdiyiniz hüquqi şəxsi müəyyən etmək mümkün olmamışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

14. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

15. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

16. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

17. Məhkəmə kollegiyası hesab edir ki, 2006-cı ilə qədər iddiaçının işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Cavabdehin bununla bağlı etirazının dəlilləri ondan ibarətdir ki, xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixinədək (işdənçıxma qeydləri möhürlə təsdiqlənməmişdir) və xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixədək (işə daxilolma tarixi qeyri-iş gününə təsadüf edir, eyni zamanda təsdiqedici möhürdə kiril və latın əlifbalarından istifadə olunmuşdur) olan dövrlərin doldurulma qaydası pozulmuşdur. "xxxx" firmasının xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan arxiv sənədlərinin saxlanıldığı ünvan müəyyən edilməmişdir. İddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1982ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Məhkəmə cavabdehin həmin dəlillərini əsassız hesab edir.

18. Belə ki, iddiaçının əmək fəaliyyəti olan dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

19. Göründüyü kimi, qanunvericiliyə əsasən əmək pensiyasının təyin edilməsi üçün 2006-cı il yanvarın 1-dək olan dövr üzrə şəxsin iş müddəti əmək fəaliyyəti barədə sənəd əmək kitabçası əsasında müəyyən olunur.

20. Eyni zamanda iddiaçının mübahisələndirilən işlədiyi dövrlərə münasibətdə məhkəmə qeyd edir ki: İddiaçının əmək kitabçasına əsasən xx.xx.1978-xx.xx.1982-ci il tarixədək işlədiyi müddəti cavabdeh işdənçıxma qeydləri möhürlə təsdiqlənməməsinə görə həmin dövrü sığorta stajına daxil etməmişdir.

21. Məhkəmə cavabehin həmin dəlililərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının həmin tarixlərdə çalışmadığını deməyə əsas deyil. Belə ki, işəgötürən tərəfindən qeyd edilən məlumatların natamam olması iddiaçının əleyhinə təsvir edilə bilməz. Onun işlədiyi dövrlər əmək kitabçasında öz əksini tapmışdır.

22. Məhkəmə qeyd edir ki, iddiaçı ilə bərabər eyni vaxtlarda işləyən X2 mübahisələndirilən dövrlər nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunduğu halda, onunla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə bərabərlik hüququ pozularaq fərqli rəftar olunmuşdur.

23. İddiaçının əmək kitabçasından görünür ki, xx.xx.1991-xx.xx.1997-ci il tarixədək M.P. "xxxx" X3 direktor vəzifəsində calışmışdır. Cavabdeh "xxxx" firmasının xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan arxiv sənədlərinin saxlanıldığı ünvan müəyyən edilmədiyindən həmin dövrləri sığorta stajına daxil etməmişdir.

24. Məhkəmə hesab edir ki, əmək kitabçası qüvvədə olan qanunvericiliyə uyğun olaraq işəgötürənin imzası və həmin müəssisənin möhürü ilə təsdiq edilmişdir və qeydlərin aparılmasına əsas olan əmrlərin nömrəsi, tarixi göstərilmişdir. Odur ki, iddiaçının qeyd edilən dövrlərdə işləməsinə dair əsaslı şübhələr aşkar olunmadı.

25. İddiaçının xx.xx.1997-xx.xx.2001-ci il tarixədək işlədiyi müddəti işə daxilolma tarixi qeyriiş gününə təsadüf etdiyindən, eyni zamanda təsdiqedici möhürdə kiril və latın əlifbalarından istifadə olunduğundan cavabdeh həmin dövrləri sığorta stajına daxil etməmişdir.

26. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın: 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.11-ci bəndinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. 4.1-ci bəndinə əsasən əmək işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir.

28. Beləliklə, hamıya bəlli olan haldır ki, 1999-cu ildə kiril qrafikasından latın qrafikasına keçid dövrü olduğundan sənədləşmədə qarışıq qrafikalarda yazılara rast gəlmək mümkündür.

29. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının işlədiyi xx.xx.1978-xx.xx.1982, xx.xx.1992xx.xx.1997, xx.xx.1997- xx.xx.2001-ci illərdə qüvvədə olan qanunvericilik normaları əmək kitabçası əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı əmək kitabçası ilə təsdiqlənə bilər və müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir.

30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

31. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: i) tələb olunan yaş; ii) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj.

32. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya pensiya yaşına çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər.

33. İddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür, əmək kitabçasına əsasən inzibati orqan tərəfindən nəzərə alınmış sığorta stajı (hərbi xidmət dövrü daxil edilməklə) 16 il 4 ay 4 gündür.

34. Beləliklə, məhkəmə araşdırması nəticəsində iddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün faktiki şərtlərin mövcudluğu sübut edilmiş, cavabdeh isə konkret halda pensiya təyin edilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etməsinə baxmayaraq, belə şərtlərin mövcudluğunu, iddiaçının mübahisələndirilən əmək fəaliyyətinə dair əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olmasını sübut etməmişdir.

35. Hazırda işin faktiki hallarına əsasən iddiaçının 2006-cı ilin yanvar ayının 1-nə qədər 25 ildən çox sığorta stajı iş materiallarında öz təsdiqini tapmışdır. Belə ki, yuxarıda qeyd olunan dövrlərdə işlədiyi müddətlər (cəmi 25 ildən çox) iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası almaq hüququ verir.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.ci bəndinə əsasən, Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir:

37. 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

38. “Əmək pensiyaları haqqında” Qanunun: 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti; 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

40. Həmçinin Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yaşa görə əmək pensiyasını xx.xx.2018-ci il tarixdən təyin etməklə texniki səhvə yol vermişdir. Belə ki, iddiaçıya əgər yaşa görə əmək pensiyası 63 yaş 6 aydan təyin edilirsə, o zaman yaşa görə əmək pensiyası xx.xx.2018-ci il tarixdən təyin olunmalı idi.

41. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

42. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.

55. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı “İddiaçı 63 yaş 6 aydan xx.xx.2018-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun” kimi qeyd edilməklə dəyişdirilmədən saxlanılmalıdır. 56.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 2-1(112)-1458/2025 nömrəli qərarı “İddiaçı 63 yaş 6 aydan xx.xx.2018-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun” kimi qeyd edilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar