Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2554/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Baş Dövlət Yol Polis İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “zərərin ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Xəyalə Adil qızı Cəmilovadan ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7277/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. İcbarı sığorta müqaviləsinə dair məlumat xarakterli elektron sistemdən çıxarışdan görünür ki, iddiaçının mülkiyyətində olan ** BP *** qeydiyat nişanlı Mercedes Benz markalı nəqliyyat vasitəsi "xxxx" Sığorta Şirkəti” ASC tərəfindən sığortalanmışdır.
2. İddiaçının cavabdehə ünvanlamış olduğu izahatından görünür ki, baş vermiş avtonəqliyyat hadisəsi zamanı hadisəni törətmiş şəxsin məsuliyyətə cəlb edilməsi xahiş edilmişdir.
3. Cavabdehin 29 fevral 2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, baş vermiş nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin ödənilməsinə dair müraciətiniz üzrə avtomobilin etibarnamə üzrə Quba rayon sakini tərəfndən idarə edilməsi ilə əlaqədar müraciətiniz Quba Rayon Polis İdarəsinə göndərilmişdir.
4. Cavabdehin 20 may 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, yolayrıcında hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitəsinə yol verilmədiyinə görə AR İXM-nin 327.2-ci maddəsinə əsasən iddiaçı barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir.
5. Cavabdehin 31 dekabr 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının bəhs etdiyi yol nəqliyyat hadisəsi ilə əlaqədar izahatı alınan Namik Əhmədov izahatında hadisəni törətmədiyin bildirmişdir. AR İXM-nin 38.1-ci maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 1 il keçədənədək verilə bilər.
6. Cavabdehin 24 may 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ** BN *** nömrəli avtonəqliyyat vasitəsinin sürücünün izahatı alınmış, o, yol nəqliyyat hadisəsini törətmədiyini bildirmiş, avtomobilə baxış zamanı da hər hansı bir zədə aşkar edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Baş Dövlət Yol Polis İdarəsinə qarşı zərərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı hesab edir ki, yol nəqliyyat hadisəsi zamanı onun avtomobili yararsız hala salınmış, hadisə zamanı iddiaçı huşunu itirmişdir. Daha sonra aidiyyəti üzrə hadisə barədə məlumat vermişdir. Sağlamlığına az ağır zərər dəysə də, hüquqi savadı olmadığından bu barədə tibbi ekspertiza tələb etməmişdir. Hadisəni törədən şəxsin tapılması cavabdeh tərəfindən təmin edilməmiş, obyektiv araşdırma aparılmamışdır. Avtomobilinə və səhhətinə ziyan vurmuş şəxsin tapılması, zərərin ödənilməsi əvəzinə, onun tərəfindən aidiyyəti üzrə şikayətlər yazıldığından, qərəzli olaraq barəsində sonradan sürücülük hüququndan məhrumetmə barədə qərar qəbul edilmişdir. Həmin qərar məhkəmə tərəfindən ləğv edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7277/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, yol nəqliyyat hadisəsinin törədilməsi ilə əlaqədar inzibati orqanın şəxsin müraicəti üzrə fəaliyyəti, eləcə də hadisəni törətmiş şəxsin cəlb edilməsi, sağlamlığı və əmlaka maddi ziyan vurulması və s çərçivəsində apardığı araşdırma üzrə fəaliyyəti inzibati icraat hesab edilmədiyindən, inzibati icraat olmaması səbəbindən yaranmış münasibət çərçivəsində mübahisə inzibati mübahisə hesab edilmədiyindən, hazırkı mübahisə inzibati icraatla bağlı qanunvericiliklə tənzimlənməli olmadığından həmin qanunvericiliyin tələblərinin pozulub-pozulmamasına münasibətdə inzibati orqanın səlahiyyətlərini aşması, zərər vurması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Hər hansı mübahisə inzibati icraatla bağlı qanunvericiliklə ilkin olaraq tənzimlənməli olan mübahisə olmalıdır ki, həmin mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxila bilsin. Əks halda zərərin ödənilməsi ilə bağlı AR İPM-nin 2.2.7-ci maddəsində nəzərdə tutulmuş iddia növünə münasibətdə ilkin olaraq inzibati orqana müraciətin edilməli olması ilə bağlı şərtin də əhəmiyyəti qalmayacaqdır. Belə ki, həmin növ mübahisələr üzrə ilkin olaraq inzibati orqana müraciətin əhəmiyyəti onunla bağlıdır ki, inzibati icraat aparılmış olsun, həmin icraatın düzgün olub-olmaması inzibati məhkəmə icraatı qaydasında yoxlanılmış olsun. Lakin, hazırkı halda müraciət əsasında cavabdeh hər hansı inzibati icraat apara bilməz. Belə ki, müraciətə baxılmasına dair qanunvericilik fərqlidir. Lakin, nəzərə alınmalıdır ki, iddiaçının məhkəmə müdafiəsi hüququ, məhkəməyə hüquqlarını pozan hərəkətlərdən şikayət vermək hüququ mövcuddur ki, iddiaçı həmin hüququnu aidiyyəti rayon məhkəməsinə şikayət verməklə reallaşdırmaq imkanına malikdir.
Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7277/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda əsaslandırılmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
Prosses iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin ştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarı.
17. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu:
1.1-ci maddəsinə əsasən, Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1. ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2 ci maddəsinə əsasən. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 2.1. məhz inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətində qərardad tam hissədə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
22. Birinci instansiya məhkəməsinin qərardadına və apellyasiya şikayətinə münasibətdə qeyd edilir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya şikayətinin mahiyyətcə iddia ərizəsi ilə eyni olan dəlilləri üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və həmin qərardadın təsdiqi ilə kifayətlənmək mümkündür.
23. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini araşdıraraq qeyd edir ki, hazırkı mübahisənin mahiyyəti inzibati orqanın inzibati xəta fəaliyyətindən irəli gələn vurulmuş ziyanın tələbi ilə bağlıdır, yəni publik hüquq sahəsində olan fəaliyyəti ilə bağlı deyildir.
25. Bununla bağlı kollegiya qeyd edir ki, yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
26. Hazırki iş üzrə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən ona dəymiş zərərin ödənilməsidir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, yol nəqliyyat hadisəsinin törədilməsi, iddiaçının sağlamlığına və avtonəqliyyat vasitəsinə zərər dəyməsi işin mübahisəsiz halıdır. Lakin iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən hadisəni törətmiş şəxsin tapılmadığı üçün, iddiaçıya dəymiş zərərlə bağlı xərcləri özü ödədiyi, nəticədə cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona zərər dəydiyini bildirmişdir.
28. Nəzərə alınmalıdır ki, inzibati məhkəmələr tərəfindən o mübahisələrə baxılır ki, həmin mübahisə inzibati hüquq münasibətlərindən irəli gələn inzibati orqanla şəxs arasında yaranmış mübahisə olmuş olsun və ya inzibati orqanın publik hüquq fəaliyyətindən irəli gələrək hər hansı hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsə ziyan vurulmuş olsun.
29. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, inzibati hüquq münasibətlərindən yaranmış mübahisə mövcud deyildir.
30. Belə ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması və ya həmin münasibətdən irəli gələrək ziyanın vurulması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
31. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
32. Həmin Qərarda göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir.
33. Həmin qərarın 17-ci bəndində qeyd edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
34. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır.
35. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.
36. Bu səbəbdən mülki və ya cinayət mühakimə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.
37. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi), həmçinin publik hüquq münasibətlərindən irəli gələn fəaliyyətin nəticəsində vurulmuş ziyanın tələbi təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin publik hüquq fəaliyyətindən irəli gələrək qəbul etdiyi qərarı, hərəkət və hərəkətsizliyi isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.
38. Hazırkı iş üzrə iddiaçının inzibati xəta və ya cinayət işi üzrə araşdırmaya aid olan zərər tələbi mahiyyəti üzrə inzibati məhkəmə icraatının predmeti kimi müəyyən edilə bilməz.
39. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7277/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7277/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, Kassasiya şikayəti məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.