Məhkəmə qərarları › İş №2-1(103)-2556/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2556/2025

20.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2556/2025 20.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “bərpa edilmiş pensiyanın dayandırıldığı tarixdən ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Mədətli Fərid İlham oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək əmək pensiyasının ödənilməsi” barədə iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7856/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) əmək pensiyasının təyin olunması haqqında ilkin müraciəti xx.xx.2015-ci il tarixdə olmuşdur.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, 3 mart 2015-ci il tarixindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Yenidən xidmətə cəlb olunduğu üçün pensiya ödənişi 1 oktyabr 2015-ci il tarixindən dayandırılmışdır.

3. İddiaçının 25 oktyabr 2022-ci il tarixli müraciəti əsasında əmək pensiyası bərpa edilmiş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə istinad edilməklə ona əvvəlki 3 illik müddət üçün ödənilməmiş pensiya hesablanmışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 01 oktyabr 2015-ci il tarixdən 01 noyabr 2019-cu il tarixədək ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı daxili işlər orqanlarında çalışır. xx.xx.2015-ci il tarixində daxili işlər orqanları sıralarından tərxis olunmuş, xx.xx.2015-ci il tarixində yenidən xidmətə daxil olmuşdur. xx.xx.2015-ci il tarixində ona hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2015-ci il tarixindən pensiyasının ödənişi dayandırılmışdır. Pensiyanın dayandırılmasının səbəbi onun yenidən xidmətə daxil olmağı göstərilmişdir. Sonradan məlum olmuşdur ki, vaxtilə ona təyin edilmiş pensiya cavabdeh tərəfindən qanunsuz olaraq dayandırılmışdır. Əslində o, yenidən xidmətə daxil olsa da, təyin olunmuş pensiyanı almalı idi. O, cavabdehə ərizə ilə müraciət edərək xx.xx.2015-ci il tarixdə ödənişi qanunsuz olaraq dayandırılmış əmək pensiyasının bərpa edilməsini, pensiya məbləğinin dayandırıldığı vaxtdan hesablanaraq tam şəkildə ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən onun pensiya ödənişi bərpa edilsə də, keçmiş müddət üçün yalnız üç il hesablanaraq ödənilmişdir. Cavabdeh pensiya məbləğinin qalan hissəsini ödəməkdən imtina etmişdir. Aşağıdakı səbəblərdə cavabdehin pensiya məbləğinin qalan hissəsinin ödənilməsindən imtinasını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 46-cı maddəsinə əsasən bu Qanunun pozulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Cavabdehin ona ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17- 1/2-Z-15052/2025 nömrəli məktubda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrlərdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Sözügedən Qanunun qeyd olunan müddəaları ona münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Onun cavabdehə müraciətinin əsası isə pensiyanın təyin olunması deyil, artıq təyin edilmiş pensiyanın bərpa edilməsi, pensiya məbləğinin dayandırıldığı vaxtdan tam şəkildə hesablanaraq ödənilməsi olmuşdur.

6. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə təqdim etməmişdir.

7. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən, sizə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.14.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, 3 mart 2015-ci il tarixindən Mərkəzi Filial tərəfindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Yenidən xidmətə cəlb olunduğunuz üçün pensiya ödənişiniz 1 oktyabr 2015-ci il tarixindən dayandırılmışdır. Qanunun 37.3.4-cü maddəsinin 1 iyul 2017-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən hərbi və ya xüsusi rütbəli şəxs kimi əmək pensiyası təyin edilmiş şəxslər Qanunun 20.1.11-20.1.12-ci maddələrində nəzərdə tutulmuş vəzifələrdə işlədikləri halda onlara qulluq stajına görə əlavələrin ödənilməsi dayandırılır. Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 37.3.5-ci maddəsində isə həmin şəxslərə pensiya təyinatından sonra eyni vəzifələrdə işlədikləri halda onlara qulluq stajına görə əlavələrin tam məbləğdə ödənilməsi nəzərdə tutulurdu. Qanunun 37.3.4-cü maddəsinin “qeyd” hissəsində 2017-ci ilin iyulun 1-dək Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş, Qanunun 20.1.11- 20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş Qanunun 37.3.5-ci maddəsinin müddəalarının tətbiq olunması nəzərdə tutulmuşdur. Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi qanunvericilikdə keçmiş müddəi üçün alınmamış əmək pensiyasmın ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulub. X4 əmək pensiyanızın bərpa edilməsi üçün 25 oktyabr 2022-ci il tarixində müraciət etmisiniz. Bununla əlaqədar, qanunvericiliyin tələblərini nəzərə alaraq pensiya təyinat tarixiniz 1 iyul 2017-ci il tarixinədək olduğu üçün əmək pensiyanız 2022-ci ilin noyabr ayında 2219,79 manat (maddı yardımın pensiyanın tərkibinə daxil edilməsi və əmək pensiyalarının indeksləşdirilməsi də nəzərə alınmaqla 3114,34 manat) olmaqla tam məbləğdə bərpa olunub, həmçinin keçmiş üç il müddət üzrə hesablanıb. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyanız üzrə keçmiş müddət üçün hesablanmış 82633,32 manat pul vəsaitinin 50498,14 manat hissəsi xx.xx.2022-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində sizə ödənilib. Qalan 32135,18 manat hissəsinin isə Mərkəzi Filiala müraciətinizi nəzərə alaraq xx.xx.2024-xx.xx.2025-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə (hər ay 4590,74 manat) əmək pensiyanızın üzərinə əlavə edilməklə müvafiq kart hesabınıza köçürülməsi nəzərdə tutulub.”

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7856/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsi əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydalarını müəyyən edir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Bu səbəbdən də cavabdeh haqlı olaraq iddiaçıya 3 illik müddət üçün ödənilməmiş pensiya hesablamışdır.

10. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab etmişdir ki, iddiaçının 01 oktyabr 2015-ci il tarixdən 01 noyabr 2019-cu il tarixədək ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq ona ödənilməsi ilə bağlı “qanuni gözləntisi” yoxdur.

11. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7856/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil edir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmişdir.

14. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Mərkəzi Filiala əmək pensiyasının bərpa edilməsi üçün 25 oktyabr 2022-ci il tarixində müraciət etmişdir. Bununla əlaqədar, qanunvericiliyin tələblərini nəzərə alaraq iddiaçının pensiya təyinat tarixi 1 iyul 2017-ci il tarixinədək olduğu üçün əmək pensiyası 2022-ci ilin noyabr ayında 2219,79 manat (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi və əmək pensiyalarının indeksləşdirilməsi də nəzərə alınmaqla 3114,34 manat) olmaqla tam məbləğdə bərpa olunmuş, həmçinin keçmiş üç il müddət üzrə hesablanmışdır. Göründüyü kimi qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üc il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1ci maddəsinin tətbiqinə dair xx.xx.2020-ci il tarixli 2/2020 nömrəli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Əmək pensiyaları haqqında” Azerbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 sentyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətlərin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uğun olaraq qərar qəbul etməlidirlər, işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə xx.xx.2018-ci il tarixdə yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə bağlı məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1- 1-ci maddəsinə uyğun ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən üçulduzlu xx.xx.2023-cü il tarixli 2-1(102)-2388/2023 nömrəli qərarının 26-27-ci bəndlərinə əsasən bu halda, iddiaçının tələbi üzrə tətbiq edilməli olan norma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il və 14 iyul 2022-ci il tarixli qərarlarındakı hüquqi mövqeyə uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsidir. Məhz həmin norma pensiyanın yenidən hesablanması tələbinə münasibətdə əvvəlki dövrlər üzrə 3 illik ödəmə məhdudiyyəti nəzərdə tutmuş və xx.xx.2019-cu il tarixdən qüvvəyə minmişdir. Odur ki, iddiaçı pensiyanın yenidən hesablanması ilə bağlı 16 mart 2018-ci il tarixində, yəni “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsi ilə yenidən hesablanma ilə əlaqədar 3 illik məhdudiyyətin tətbiq olunmağa başlandığı 01 yanvar 2019-cu il tarixindən əvvəl cavabdehə müraciət etdiyindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il və 14 iyul 2022-ci il tarixli qərarlarında da vurğulandığı kimi, Qanunun 32.1-2-ci maddəsi ilə məhz əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimləndiyindən, bu halda şəxsə yenidən hesablanmış pensiya məbləği 3 illik məhdudiyyət tətbiq olunmadan əvvəlki bütün dövrlər üzrə ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(102)-396/2024 nömrəli qərarının 36-38-ci bəndlərində qeyd edilmişdir ki, məhz yuxarıda qeyd edilən hallara əsasən apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq bildirmişdir ki, iddiaçı 2019-cu il yanvarın 1-dən sonra (ilk dəfə 2021-ci ildə) müvafiq inzibati orqana müraciət etdiyindən, apellyasiya baxışı zamanı da əvvəllər müraciətinin olmadığını bildirdiyindən və onun 01 yanvar 2019-cu il tarixədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəbi belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını əks etdirən hal kimi qiymətləndirilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddiaçıya münasibətdə pensiya fərqinin hesablanaraq ödənilməsi “Əmək pensiyaları haqqında” Qanuna 30 noyabr 2018-ci il tarixdə yeni məzmunda əlavə edilmiş 32.1-2-ci maddəsinin tələbləri çərçivəsində həyata keçirilməlidir. Odur ki, istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarındakı hüquqi mövqeyi nəzərə alınaraq qeyd olunmalıdır ki, iddiaçı hərbi qulluqçu kimi əlilliyə görə təyin edilmiş pensiyası keçmiş üç il müddət üçün yenidən hesablanmış, lakin digər dövrlərin ödənilməsi qanunvericiliklə nəzərdə tutulmadığı üçün cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı iş hələ apelyasiya instansiyası məhkəməsinin icraatında olarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2021/2023 saylı qərarını məhkəmə kollegiyasının diqqətinə təqdim etmişdir. (Həmin qərarda kassasiya məhkəməsi iddiaçının iddia tələbini əsaslı hesab edərək iddianı təmin etmişdir- qərarın təqdim edilməsində məqsəd analoji qaydada uyğun olaraq iddianın təmin edilməsidir.).Məhkəmə kollegiyası əlavə edilmiş həmin qərarla bağlı bildirir ki, qeyd edilən işdə iddiaçı hərbi qulluqçu kimi əlilliyə görə pensiya fərqinin əvvəlki dövrlər üzrə yenidən hesablanaraq ödənilməsi tələbi ilə bağlı xx.xx.2018-ci il tarixdə yəni, xx.xx.2019-cu il tarixədək cavabdeh inzibati orqana müraciət etmişdir. Hazırki isdə isə iddiaçının müraciəti xx.xx.2019-cu il tarixdən sonraya təsadüf etmişdir. Odur ki, şikayətin bu dəlili əsaslı sayıla bilməz. Belə olan halda göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçının müraciəti 2022-ci ilin oktyabr ayında olduğundan cavabdehin iddiaçının müraciətinin təminindən imtinası istər qanunvericiliyin tələbləri, istərsə də məhkəmə təcrübəsi baxımından qanuni olmuş, onun hüquq və azadlıqlarını pozmamışdır. Beləliklə, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması üçün hər hansı faktiki və ya hüquqi əsas yoxdur.

d) Prosses iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.10. pensiya kapitalı – müvafiq olaraq fərdi hesabının sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.6. Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Maddə 30.1. Əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Maddə 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Maddə 37.1. Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir. Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. Yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; 37.3.2. Əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan, yaxud əmək pensiyası bu maddəyə əsasən yenidən hesablandıqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. 37.3.2-1. Bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir.

19. “İnzibati icraat haqqında” Qanun:

Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.

23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

25. Birinci instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 2-1(112)-7856/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

26. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməlidir.

27. Hazırkı mübahisə predmeti iddiaçının yenidən xidmətə qəbul edildikdən sonra ona 03 mart 2015-ci il tarixindən təyin edilmiş əmək pensiyasının dayandırılmasının qanuni olub-olmaması ilə bağlıdır.

28. Yaranmış mübahisə ilə bağlı kollegiya qeyd edir ki, hərbi qulluqçular "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun 9.5-ci maddəsinin tələbləri baxımından güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər kateqoriyasına aid edilmişdir

29. İş materiallarına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına əmək pensiyasının təyin olunması haqqında ilkin müraciəti xx.xx.2015-ci il tarixdə olmuşdur.

30. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, 3 mart 2015-ci il tarixindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Yenidən xidmətə cəlb olunduğu üçün pensiya ödənişi 1 oktyabr 2015-ci il tarixindən dayandırılmışdır.

31. İddiaçının 25 oktyabr 2022-ci il tarixli müraciəti əsasında əmək pensiyası bərpa edilmiş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə istinad edilməklə ona əvvəlki 3 illik müddət üçün ödənilməmiş pensiya hesablanmışdır.

32. Hazırda iddiaçı cavabdeh tərəfindən onun pensiya ödənişi bərpa edildikdən sonra keçmiş üç il müddət üçün ödənilmiş məbləğdən əlavə, pensiya məbləğinin qalan hissəsisinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir.

33. Birinci instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsi əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydalarını müəyyən edir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Bu səbəbdən də cavabdeh haqlı olaraq iddiaçıya 3 illik müddət üçün ödənilməmiş pensiya hesablamışdır. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab etmişdir ki, iddiaçının 01 oktyabr 2015-ci il tarixdən 01 noyabr 2019-cu il tarixədək ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq ona ödənilməsi ilə bağlı “qanuni gözləntisi” yoxdur.

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin möqeyi ilə razılaşmayaraq bildirir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələri tətbiq edilməklə iddia tələbinin rədd edilməsi iddiaçının hüququnun pozulmasına səbəb olmuşdur.

35. Belə ki, məhkəmə kollegiyası yaranmış mübahisə üzrə “N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərarına diqqət yetirməyi zəruri hesab edir. Həmin qərarda göstərilmişdir ki, “Qanunun 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunun 32.1-2-ci maddəsinə əsasən isə bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Burada xüsusilə qeyd olunmalıdır ki, Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsindəki “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç ili ödənilməklə” müddəası pensiya hüququ 1 iyul 2017-ci il tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq olunur və bununla da məntiqi olaraq pensiyanın yenidən hesablanmasını deyil, ilk dəfə hesablanmasını ehtiva edir. Həmin Qanuna 30 noyabr 2018-ci il tarixində yeni məzmunda əlavə edilmiş 32.1-2-ci maddə isə inzibat orqana 2019cu il yanvarın 1-dən sonra müraciət etmiş pensiyaçıların əmək pensiyasının yenidən hesablanması hallarını tənzimləyir. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsinin tələblərinə müvafiq olaraq 2019-cu il yanvarın 1-dək əmək pensiyasının yenidən hesablanması üçün müvafiq inzibati orqana müraciət etmiş pensiyaçılara münasibətdə həmin Qanunun 32.1.1ci maddəsinin tələbləri şamil edilmir, yəni “pensiyanın müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi” şərti həmin şəxslərə tətbiq edilmir.

36. Göründüyü kimi, Konstitusiya Məhkəməsi tərəfindən şərh verilmiş müddəa pensiyanın təyini və yenidən hesablanması ilə əlaqədar ödənişlərin təyinatı məsələsinə müddətlə bağlı məhdudiyyətin gətirilib-gətirilməməsi ilə bağlıdır. Hazırki iş üzrə tələb edilən ödəniş isə nə əmək pensiyasının təyini, nə də əmək pensiyasının yenidən hesablanması ilə bağlı olmadığından müddətlə bağlı məhdudiyyətin tətbiqini istisna edir.

37. İlk növbədə qeyd edilməlidir ki, hazırkı mübahisəli vəziyyət cavabdeh inzibati orqanın birbaşa təqsirli hərəkəti nəticəsində yaranmçışdır. Belə ki, inzibati işin faktiki hallarından da görünür ki, hazırda iddiaçı tərəfindən ödənilməsi tələb edilən ödəniş heç bir inzibati akt olmadan inzibati orqanın maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadan səhvi nəticəsində dayandırılmış pensiya ödənişlərinin bərpası ilə bağlıdır ki, bununla bağlı iddiaçının müraciətinə məhdudiyyət gətirən hər hansı norma mövcud deyil və mülkiyyət hüququnun tərkib hissəsi kimi iddiaçı ona ödənilməli olan, lakin cavabdeh orqan tərəfindən ödənilməmiş ödənişləri müddət məhdudiyyəti olmadan tələb etmək hüququna malikdir. Həmin ödənişlərin ödənilməli olmasının maddi və prosessual hüququ əsası fərqli olması səbəbindən də hazırki mübahisə nə 32.1-1-ci maddənin, nə də 32.1-2-ci maddənin tətbiqindən söhbət gedə bilməz.

38. Qanunvericiliyin tələblərindən də göründüyü kimi əmək pensiyası təyin edilmiş şəxsin daha sonra xidmətə bərpa edilməsi və ya hər hansı formada əmək fəaliyyətini davam etdirməsi onun əmək pensiyasının dayandırılması əsası kimi çıxış etmir.

39. Əksinə, yuxarıda adıçəkilən müddəaların tələbindən də müəyyən edilir ki, şəxsə əmək pensiyası təyin edildikdən sonra da onun əmək fəaliyyətini həyata keçirməsi mümkündür ki, qanunvericilik həmin qrup şəxslər üçün işləyən əmək pensiyaçıları statusu müəyyən etməklə, şəxsin əmək pensiyası təyin edildikdən sonra əmək fəaliyyətini həyata keçirməsi nəzərə alınmaqla və daha sonradan işləməyən əmək pensiyası statusu müəyyən edildiyi təqdirdə əmək pensiyasının hansı qaydada ödənilməsi ilə bağlı qaydaları təsbit etmişdir.

40. Beləliklə cavabdeh orqan heç bir qanuni və əsaslı səbəb olmadan 3 mart 2015-ci il tarixli əmək pensiyasının təyinatını iddiaçının xidmətə bərpası əsası ilə dayandırmış, şəxsin işləyən əmək pensiyaçısı statusunu nəzərə almamış, əmək pensiyası həmin dövrdə də ödəməli olmasına baxmayaraq, ödənişləri iddiaçı xidmətdən öz arzusu ilə xaric edildikdən sonra yenidən təyinat aparmaqla əldə etməyə nail olmuşdur. Halbuki, iddiaçı işləyən əmək pensiyaçısı statusuna malik olduğu dövrdə də həmin ödənişləri əldə etməli idi.

41. Analoji işlər üzrə oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-632/2024 nömrəli, xx.xx.2024-cu il tarixli qərarında da öz əksini tapmışdır.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7856/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, qeyd edilən əsaslardan irəli gələrək iddia təmin edilməli və 01 oktyabr 2015-ci il tarixdən 01 noyabr 2019-cu il tarixədək ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7856/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. 01 oktyabr 2015-ci il tarixdən 01 noyabr 2019-cu il tarixədək ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar