Məhkəmə qərarları › İş №2-1(103)-2557/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2557/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2557/2024 30.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “vergi qeydiyyatının və qərarın ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 (sədrlik edən və məruzəçi), X4 və Xəyalə Adil qızı Cəmilovadan ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinə (hazırkı adı Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsinə) qarşı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" **********932800 saylı, xx.xx.2022-ci il tarixli qərarın və vergi qeydiyyatının ləğv edilməsi” iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1310/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vergi qeydiyyatının (VÖEN **********) və "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş **********932800 saylı, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi vəzifəsinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsinin üzərinə qoyulmasına barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

Birinci instansiya məhkəməsində icraat

2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsi tərəfindən İddiaçı adına "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilmişdir. Həmin məktubdan məlum olur ki, iddiaçı fiziki şəxs kimi vergi qeydiyyatına alınmış və onun adına ********** saylı VÖEN açılıb. Məktubda göstərilir ki, iddiaçı tərəfindən 2021-ci il ərzində vergiyə cəlb olunmalı işlərin aparılmasına baxmayaraq, müvafiq dövr üzrə bəyannamənin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Hazırda iddiaçının adına açılan ********** saylı VÖEN üzrə şəxsi hesab vərəqəsində dövlət büdcəsinə 5702,04 manat (beş min yeddi yüz iki manat dörd qəpik) borc olduğu göstərilir və vergi yoxlamasının başa çatdırılması üçün göstərilən sənədlərin (cari gəlir vergisi, ətraflı izahat məktubu, digər zəruri sənədlər) təqdim olunması tələb olunur. Məktubda Vergi Məcəlləsinin 23.1.1-ci, 23.1.2-ci maddələrinə istinad edilir. Bütün bunlara aydınlıq gətirilməsi üçün iddiaçı tərəfindən 2 dəfə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinə yazılı müraciət olunmuşdr. Lakin həmin idarənin cavab məktubunda yaradılmış problemin həll olunması üçün heç bir tədbirin görülmədiyi aydın olmuşdur.

3. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim etmişdir. Etirazda bildirilmişdir ki, vergi orqanı tərəfindən aparılmış araşdırma nəticəsində İddiaçı tərəfindən elektron alış aktı ilə malların təqdim edilməsi halları aşkar edilmişdir. İddiaçı öz ərizəsində bildirmişdir ki, adına olan VÖEN-in açılmasından heç bir xəbəri olmamışdır. Bununla əlaqədar olaraq, fiziki şəxs İddiaçı qeydiyyatda olduğu ünvan 1 ünvanına poçt vasitəsilə xx.xx.2022-ci il tarixli **********438000 nömrəli “Vergi uçotuna dair ərizənin təqdim edilməsi haqqında” bildiriş göndərilməsinə baxmayaraq, müəyyən edilmiş müddətdə tərəfindən uçota alınma ilə bağlı vergi orqanına müraciət edilmədiyindən, Vergi Məcəlləsinin tələblərinə əsasən xx.xx.2022ci il tarixdə ********** qeydiyyat (VÖEN) nömrəsi ilə uçota alınmışdır. Vergi Məcəlləsinin 3.2.37-ci maddəsinə görə, sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Həmin Məcəllənin 16.1.2-ci maddəsinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Yuxarıda qeyd olunan maddələrin də məzmunundan da göründüyü kimi, iddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyindən qanunvericiliyə uyğun olaraq vergi orqanı tərəfindən vergi uçotuna alınmışdır. Təsadüfi deyil ki, Ali Məhkəmənin iddiaçı X2 Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı “şəxsin vergi uçotuna alınmasına dair hərəkətlərin qanunsuz hesab edilməsi və qərarın ləğv edilməsi” barədə iddia tələbi ilə bağlı 2-1(102)- 478/18 nömrəli iş üzrə 12 aprel 2018-ci il tarixli qərarında (hakim-Sevda Hüseynova) qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 32.1-ci, 33.1-33.3-cü maddələrinin mənasına görə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə vergi orqanları vergi ödəyicilərini uçota almalıdırlar. Fiziki şəxslərə münasibətdə uçota alınmanın şərtləri həmin şəxslərin fərdi sahibkar və gəlirin əldə edilməsi ilə bağlı bəyannamə verməli olan rezident olmasıdır. Sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər hər bir halda vergi uçotuna alınmalıdır və bu barədə onlara 5 gün müddətində məlumat verilməlidir. Bu qaydaya görə, sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər vergi orqanı tərəfindən vergi nəzarətini həyata keçirilməsi məqsədilə məcburi qaydada uçota alınırlar. Göründüyü kimi, İddiaçı vergi orqanı tərəfindən uçota alınması tam qanuna uyğun olmuş və qeyd olunan hüquqi mövqe Ali Məhkəmənin qərarı ilə təsdiq edilmişdir. İddiaçı ərizəsində həmçinin bildirmişdir ki, heç bir sahibkarlıq fəaliyyəti olmadığı üçün, o cümlədən onun tərəfindən vergiyə cəlb edilən əməliyyatlar həyata keçirilmədiyi üçün bəyannamə təqdim edilməsi barədə tələb qanunsuzdur. Bununla əlaqədar hesablamaya münasibətdə məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, aparılan araşdırılma zamanı vergi ödəyicisi tərəfindən 2021-ci il ərzində ümumilikdə 67400,0 manat dəyərində olmaqla, elektron alış aktı ilə 37000,0 manat dəyərində 1 ədəd nəqliyyat vasitəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********), 15200,0 manat dəyərində 1 ədəd “Hyundai Sonata” markalı nəqliyyat vasitəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) və 15200,0 manat dəyərində 1 ədəd “Hyundai Sonata” markalı nəqliyyat vasitəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) təqdim edilməsinə baxmayaraq, müvafiq dövr üzrə gəlir vergi bəyannaməsinin təqdim edilməməsi vergidənyayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********848800 nömrəli məktublar göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və dəqiqləşdirilmiş bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci il gəlir vergisi bəyannaməsi üzrə 3370,00 (67400*20%-75%) manat əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablamalarla bağlı vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********932800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X8ni keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 24.0.1 -ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Həmin məcəllənin 37.1 -ci maddəsinə əsasən kamera! vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin məcəllənin 37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə görə, 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.9. Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Beləliklə, vergi orqanı tərəfindən həyata keçirilmiş kameral vergi yoxlaması tamamilə qanuni və əsaslı olmuşdur. İddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman iddianın mümkünlük şərtlərinə əməl olunmamışdır. Belə ki, Vergi Məcəlləsinin 34.4-cü maddəsinə əsasən hüquqi şəxsin ləğvi və ya yenidən təşkil edilməsi, hüquqi şəxs tərəfindən öz filialının və ya nümayəndəliyinin ləğv edilməsi, nümayəndəlik vasitəsi ilə fəaliyyətinin ləğvi, fərdi sahibkarın fəaliyyətinin ləğvi hallarında uçotdan çıxarılma, bu Məcəllənin 34.3-cü maddəsində göstərilən müddətlər nəzərə alınmaqla vergi ödəyicisinin müraciətinə əsasən həyata keçirilir. Azərbaycan Respublikası Vergilər Nazirinin xx.xx.2019-cu il tarixli **********406700 №-li əmri ilə təsdiq edilmiş “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında" ərizə formasının doldurulması qaydasına əsasən “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” forması fiziki şəxslərin vergi uçotunun ləğv edilməsi məqsədilə fəaliyyətinə xitam verildikdə fiziki şəxs tərəfindən, fiziki şəxs vəfat etdikdə (yaxud məhkəmə tərəfindən itkin düşmüş, ölmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda) onun varisi (varisləri) və ya səlahiyyətli digər şəxs tərəfindən doldurularaq vergi orqanına təqdim edilir. İddiaçı tərəfindən “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” forması ilə Bakı şəhəri X10 üzrə Baş İdarəsinə müraciət edilməmişdir. İnzibati Prosessual Məcəlləsinin 33-cü maddəsinin tələblərinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəlləsinin 68.1 -ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Yuxarııda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq cavabdeh orqan İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1310/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.

5. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının fərdi sahibkar statusu olmamış, vergi orqanının təşəbbüsü ilə vergi ödəyicisi kimi uçota alınmışdır. Vergi Məcəlləsinin 157.5-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisini vergi orqanı öz təşəbbüsü ilə qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir. Məhkəmə qeyd edir ki, ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisindən fərqli olaraq, vergi orqanının təşəbbüsü ilə sadələşdirilmiş verginin ödəyicisi kimi uçota (qeydiyyata alınma) alınma vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Qeyd edilən məqsədlər üçün qanunvericilik vergi ödəyicisinin ərizəsi əsasında onun uçota alınmasını müəyyən edir. İddiaçının sadələşdirilmiş verginin ödəyicisi kimi uçota alınmaya dair müvafiq ərizəsi mövcud deyildir.

6. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırkı işin hallarına uyğun olaraq vergi uçotuna (məcburi) alınma inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni nizama salmaq məqsədilə iddiaçı üçün hüquqi nəticələr yaratması mübahisəsizdir. İnzibati orqan tərəfindən həmin uçot hər hansı qərar qəbul edilmədən faktiki hərəkətlərlə həyata keçirilmişdir.

7. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1310/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan araşdırılma zamanı vergi ödəyicisi tərəfindən 2021-ci il ərzində ümumilikdə 67400,0 manat dəyərində olmaqla, elektron alış aktı ilə 37000,0 manat dəyərində 1 ədəd nəqliyyat vasitəsinin "xxxx" MMC-nə (VÖEN **********),15200.0 manat dəyərində 1 ədəd “Hyundai Sonata” markalı nəqliyyat vasitəsinin "xxxx" MMC-nə (VÖEN **********) və 15200,0 manat dəyərində 1 ədəd “Hyundai Sonata” markalı nəqliyyat vasitəsinin "xxxx" MMC-nə (VÖEN **********) təqdim edilməsinə baxmayaraq, müvafiq dövr üzrə gəlir vergi bəyannaməsinin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur.Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********848800 nömrəli məktublar göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və dəqiqləşdirilmiş bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur.Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67- ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci il gəlir vergisi bəyannaməsi üzrə 3370.0 (67400*20%- 75%) manat əlavə vergi məbləği hesablanmışdır.Aparılmış hesablamalarla bağlı vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********932800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir.Göründüyü kimi, mübahisəiəndirilən inzibati akt qanunamüvafiq qaydada tərtib olunmuşdur.Həmçinin, mallar vergi orqanında uçotda olmayan şəxslərdən satın alındıqda qaimə faktura və elektron-qaimə fakturanı müvafiq olaraq “Malların alış aktı” əvəzləyir. Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli Q-08 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların alış aktfnda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir.2020-ci il yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, Məcəlləyə "Malların alış aktı" adlı 71-2-ci maddə əlavə edilib. Məcəllənin 71- 2.1 -ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.Məhkəmə qərarında qeyd edilmişdir ki, sadələşdirilmiş verginin ödəyicisi kimi uçota alınmaya dair vergi orqanının hərəkətlərini əsaslandıran qanuni müddəa yoxdur. Odur ki, həmin hərəkətlər qanunsuz hesab olunmalıdır.Bununla əlaqədar, Vergi Məcəlləsinin 16.1.2-ci maddəsinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir.Həmin məcəllənin 33.3-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Həmin məcəllənin 33.5- ci maddəsinə əsasən isə bu halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir.Eyni zamanda, 9 dekabr 2022-ci il tarixli № 677-VİQD Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən Bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır.Göründüyü kimi, İddiaçı vergi orqanı tərəfindən uçota alınması tam qanuna uyğun olmuşdur.İddiaçı avtomobil alqı-satqısı ilə məşğul olmuş və onun tərəfindən sahibkarlıq fəaliyyəti həyata keçirilsə də vergi orqanında uçota alınmadığı müəyyən olunmuşdur.Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2022-ci il tarixli **********438000 nömrəli “Vergi uçotuna dair ərizənin təqdim edilməsi haqqında” bildiriş göndərilərək, 5 gün ərzində vergi uçotuna alınmaq üçün ərizənin təqdim olunması bildirilsə də tərəfindən uçota alınmaq üçün müvafiq ərizə təqdim edilməmişdir. Buna görə də xx.xx.2022-ci il tarixində vergi orqanı tərəfindən vergi uçotuna alınmışdır.Vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı və əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.Bundan əlavə vergi qanunvericiliyinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.Belə ki, sahibkarlıq fəaliyyəti qanunvericilikdə konkret olaraq aktivlərin sayına, satış həcminə və s. bu kimi xüsusiyyətlərə görə deyil, məhz bu fəaliyyət ilə məşğul olan şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirməkdə əsas məqsədinin mənfəət, gəlir əldə etmək olması ilə şərtləndirilmişdir. Beləliklə, qeyd olunanların fərdi sahibkar tərəfindən gəlirlərini gizlətmək və ya vergi üstünlüyü əldə etmək məqsədi ilə aparılan əməliyyatlar olması vergi orqanı tərəfindən qəbul olunmuş Qərarın tamamilə qanunvericiliyə uyğun formada tərtib olunduğunu sübut edir.Vergi Məcəlləsinin 71-2.1 -ci maddəsinə əsasən bu Məcəllənin 130.1 -1 -ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə elektron alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. İddiaçı xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı üçün fərdi sahibkarın təqdim etdiyi avtomobillərə görə elektron qaimə- faktura təqdim etməli olduğu halda elektron alış aktları təqdim etmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.4cü bəndinə əsasən vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktında göstərilən məlumatlar ilkin uçot sənədləri (kağız daşıyıcıda olan malların alış aktı, malların təhvilqəbul aktı və digər ödəniş sənədləri) üzrə məlumatlarla uyğun olmadıqda və ya əməliyyat qismən ləğv edildikdə, o cümlədən mallar qismən geri qaytarıldıqda, vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsindən müvafiq düzəlişi etməklə elektron alış aktında düzəliş aparır.Göründüyü kimi, vergi orqanının hesablaması tamamilə qanunvericiliyə uyğun olsa da məhkəmə tamamilə ədalətsiz qərar qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Prosses iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 73. Vergilər və başqa dövlət ödənişləri Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuşəsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlətödənişləri ödəməyə məcbur edilə bilməz.

12. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya:

Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

13. Azərbaycan Respublikası Vergi Məcəlləsi:

Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları.

3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.

Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2.69- vergidən yayınma sxemi - vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat. 13.2.70- vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi - vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri.

Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; 24.1.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur.

Maddə 33. Vergi ödəyicilərinin uçotu

33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini fiziki şəxs kimi həyata keçirmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən vəsiqə əsasında vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınırlar. 33.4. Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir. Daimi nümayəndəliyin vergi orqanlarında uçota alınması Azərbaycan Respublikasının hüquqi şəxsləri üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. 33.5. Bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir.

Maddə 34. Uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma qaydaları 34.1. Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına müraciət etdikdə, müəyyən edilmiş qaydada təsdiq edilmiş onların dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnaməsinin (və ya əsasnaməsinin), rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin, habelə rəhbərin şəxsiyyətini təsdiq edən sənədin bir nüsxədə surətlərini və olduğu yer (ünvanı) haqqında məlumat vergi orqanına təqdim etməlidirlər. Vergi ödəyiciləri olan hüquqi şəxslər (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların yuxarı təşkilatlarına VÖEN verildikdən sonra uçota alınırlar. Ərizə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə vergi ödəyicisi (onun rəhbəri) cavabdehdir. Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini və yaşadığı yer haqqında məlumat təqdim edir. Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir. Uçota alınmaq üçün ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Onların uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 34.2. Vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və bu maddədə göstərilən digər sənədlər daxil olduğu gündən sonrakı 1 gün müddətində (fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla) həyata keçirir və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnaməni elektron formada göndərir. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi

36.2 vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.

Maddə 37. Kameral vergi yoxlaması

37.1 kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3 kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər.

Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydalar

67.1 bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır.

Maddə 157. Qeydiyyat

157.5. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisini (bu Məcəllənin 158.2-ci maddəsinin ikinci abzasında göstərilən vergi ödəyiciləri istisna olmaqla) vergi orqanı öz təşəbbüsü ilə qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir.

14. “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydalarının:

1.3. Aşağıda qeyd edilən şəxslər vergi orqanlarında uçota alınırlar: 1.3.1. Vergi Məcəlləsinin 33.4-cü maddəsində nəzərdə tutulan fiziki şəxslər; 1.3.2. ailə kəndli təsərrüfatlarının başçıları; 1.3.3. torpaq mülkiyyətçiləri. 1.4. Bu Qaydaların 1.3.2 və 1.3.3-cü yarımbəndlərində qeyd edilən şəxslər yalnız məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınırlar. 2.1. Vergi orqanında uçota alınan şəxslər uçota dair ərizəni aşağıda göstərilən müddətdə təqdim etməlidirlər: 2.1.1. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər sahibkarlıq fəaliyyətinə başladığı günədək; 2.1.2. Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq; 2.1.3. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan sonra - bir ay müddətində; 2.1.4. Torpaq mülkiyyətçiləri torpağa mülkiyyət hüququnu təsdiq edən sənədi aldıqdan sonra - bir ay müddətində. 2.2. Fiziki şəxsin uçota alınması, yenidən uçota alınması, uçotdan çıxarılması, habelə uçot məlumatlarında dəyişiklik edilməsi barədə təqdim edilən ərizələrin forması və onların doldurulma qaydaları, fiziki şəxslərin vergi orqanında uçota alınmasını təsdiq edən şəhadətnamənin forması Vergilər Nazirliyi tərəfindən müəyyən edilir. 2.3. Vergi orqanında uçota alınmaq üçün fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən vergi orqanına “Fiziki şəxsin uçotu haqqında ərizə” verilir. 2.9. Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən həmin Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi uçotuna alınmış fiziki şəxsə 5 gün ərzində bu barədə vergi orqanı tərəfindən məlumat verilir.

15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanun:

Maddə. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyə tkəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2.İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öztəşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 58.1 İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarınınvə ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:

Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktınqəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7 sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apellyasiya şikayətində qərar bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində birinci instansiya məhkəməsinin aktının əsaslığı tam olaraq yoxlanılır.

19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Beləliklə işin hallarından göründüyü kimi, hazırki inzibati mübahisənin yaranması səbəbi tərəflərin sözügedən məsələyə fərqli mövqelərdən yanaşmasıdır. Belə ki, iddiaçı hesab edir ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı üçün vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyata alınmaq məqsədi ilə könüllü şəkildə müraciət etmədiyindən, onun cavabdeh tərəfindən məcburi şəkildə VÖEN qeydiyyat nömrəsi verilməsi vergi ödəyicisi kimi qeydiyyata alınması qanuna uyğun deyil, cavabdeh işə əks mövqelərdən çıxış edərək apellyasiya şikayətində qeyd edir ki, 37000,0 manat dəyərində 1 ədəd nəqliyyat vasitəsinin "xxxx" MMC-nə (VÖEN **********),15200.0 manat dəyərində 1 ədəd “Hyundai Sonata” markalı nəqliyyat vasitəsinin "xxxx" MMC-nə (VÖEN **********) və 15200,0 manat dəyərində 1 ədəd “Hyundai Sonata” markalı nəqliyyat vasitəsinin "xxxx" MMC-nə (VÖEN **********) təqdim edilməsinə baxmayaraq, müvafiq dövr üzrə gəlir vergi bəyannaməsinin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Bu səbəbdən də mütləq (məcburi) qaydada vergi ödəyicisi kimi vergi qeydiyyatına alınmalıdır.

22. Halbuki, vergi qanunvericiliyinin tələblərindən göründüyü kimi, vergi ödəyicisinin vergi orqanında uçota alınması onun tərəfindən forması Vergilər Nazirliyi tərəfindən təsdiq edilən ərizə verilməsi və ərizəyə şəxsiyyət vəsiqəsinin surətinin əlavə edilməsi ilə şərtləndirilmiş, lakin cavabdeh iddiaçının ona vergi ödəyicisi kimi uçota alınmasına dair ərizə verməsi barədə hər hansı sübut təqdim etməmişdir.

23. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə görə vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir.

24. Həmçinin yuxarıda adıçəkilən qaydaların 2.1-ci bəndinə görə vergi orqanında uçota alınan şəxslər uçota dair ərizəni aşağıda göstərilən müddətdə təqdim etməlidirlər. 2.1.1. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər - sahibkarlıq fəaliyyətinə başladığı günədək; 2.1.2. Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royalitidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq; 2.1.3. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan sonra - bir ay müddətində; 2.1.4. Torpaq mülkiyyətçiləri torpağa mülkiyyət hüququnu təsdiq edən sənədi aldıqdan sonra - bir ay müddətində. 2.2-ci bəndinə görə fiziki şəxsin uçota alınması, yenidən uçota alınması, uçotdan çıxarılması, habelə uçot məlumatlarında dəyişiklik edilməsi barədə təqdim edilən ərizələrin forması və onların doldurulma qaydaları, fiziki şəxslərin vergi orqanında uçota alınması nı təsdiq edən şəhadətnamənin forması Dövlət Vergi Xidməti tərəfindən müəyyən edilir. -2.3-cü bəndinə görə vergi orqanında uçota alınmaq üçün fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsitərəfindən vergi orqanına “Fiziki şəxsin uçotu haqqında ərizə” verilir.

25. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının vergi uçotuna alınması ilə bağlı ərizəsi olmadığından, həmçinin bunun əksi cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, iddiaçının vergi ödəyicisi kimi uçotda olması və onun adına VÖEN-nin olması onun hüquqlarının pozulmasına səbəb olur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, fiziki şəxs məhz sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma barədə vergi orqanına ərizə təqdim etməlidir. Vergi Məcəlləsinin 33.4, 34.1 və 34.2-ci maddələri, eləcə də Qaydaların 2.1, 2.2, 2.3, 2.6-cı bəndləri bilavasitə ərizə əsasında vergi uçotuna alınmanın qaydalarını müəyyən edir. Sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin ərizəsi əsasında vergi uçotuna alınma 2 qaydada - kağız və elektron formatda aparılır. Vergi qanunvericiliyi vergi ödəyicisi qismində uçota alınmanı yalnız fiziki şəxsin ərizəsi əsasında qeydiyyata alınma forması ilə məhdudlaşdırmır. Vergi Məcəlləsinin 33.3, 33.5-ci maddələrinin, Qaydaların 2.9-cu bəndinin təhlili onu deməyə əsas verir ki, vergi ödəyicisi qismində uçota alınmanın ikinci qaydası mövcuddur və bu ərizə verilmədən, yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin vergi orqanının öz təşəbbüsü ilə qeydiyyata alınmasıdır”. Qeyd edilən qanunvericilik normalarından görünür ki, sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər hər bir halda vergi uçotuna alınmalıdır və bu barədə onlara 5 gün müddətində bildiriş göndərir.

26. Cavabdeh apellyasiya şikayətində İddiaçı xx.xx.2022-ci il tarixli **********438000 nömrəli “Vergi uçotuna dair ərizənin təqdim edilməsi haqqında” bildiriş göndərilərək, 5 gün ərzində vergi uçotuna alınmaq üçün ərizənin təqdim olunması bildirilsə də tərəfindən uçota alınmaq üçün müvafiq ərizə təqdim edilmədiyini bildirmişdir.

27. Beləliklə də, cavabdeh özü də iddiaçı tərəfindən belə bir ərizənin verilmədiyini təkzib etmir. Belə ki, iddiaçının fərdi sahibkar kimi vergi ödəyicisi qismində uçota durmaq üçün müvafiq ərizə ilə cavabdehə müraciət etmədiyi halda cavabdeh vergi orqanı tərəfindən onun vergi ödəyicisi kimi qeydiyyata alması vergi qanunvericiliyinin tələblərinə də ziddir.

28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı vergi ödəyicisi kimi onun ərizəsinə əsasən deyil, Bakı şəhəri X10 üzrə Baş İdarəsinin vergi orqanında olan uçot-baza məlumatlarına əsasən vergi uçotuna alınmışdır.

29. Beləliklə bütün qeyd edilmiş maddi hüquq normalarından birmənalı şəkildə göründüyü kimi, fiziki şəxsin vergi uçotuna alınması üçün həmin şəxsin vergi orqanına könüllü şəkildə müraciət etməsi lazımdır, könüllü şəkildə müraciət etmədiyi halda vergi orqanı tərəfindən vergi ödəyicisinin uçota alınmasına dair bildiriş təqdim edilməlidir. Belə ki, sözügedən məsələ Vergi Məcəlləsində başqa qaydası nəzərdə tutulmamışdır.

30. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, tərəflər arasında avtonəqliyyat vasitələrinin alqı-satqısının həyata keçirilməsi nə Vergi Məcəlləsində, nə də ki, digər hər hansı bir qanunda sahibkarlıq fəaliyyəti kimi müəyyən edilməmişdir.

31. Əlavə olaraq cavabdeh inzibati orqanın apellyasiya şikayətində göstərdiyi “Bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır” dəlili ilə bağlı məhkəmə qeyd edir ki, müvafiq hüquq münasibəti 2023-cu il 1 yanvar tarixindən əvvəl yarandığı üçün həmin vaxta qədər qüvvədə olan hüquq norması tətbiq edilməlidir.

32. Beləliklə də, cavabdeh inzibati orqan tərəfindən vergi qanunvericiliyində nəzərdə tutulmuş bildiriş iddiaçıya təqdim olunsa da belə, həmin vaxt (hüquq münasibətinin yarandığı vaxt) qüvvədə olan qanunvericilikdə isə vergi orqanının məcburi qaydada vergi uçotuna almaq səlahiyyəti nəzərədə tutulmamışdır.

33. Məhkəmə kollegiyası cavabdeh orqanın göstərdiyi hallar ilə razılaşmayaraq hesab edir ki, vergi orqanı əsassız olaraq mübahisələndirilən inzibati aktla iddiaçıya müvafiq vergi hesablamışdır. Belə ki, fiziki şəxsin vergi orqanlarında uçota alınması üçün elə bir məcburi göstəriş Vergi Məcəlləsində yoxdur, yəni sözügedən məsələ fiziki şəxsin könüllü şəkildə vergi orqanlarına verdiyi ərizə əsasında öz həllini tapmalıdır.

34. Məhkəmə kollegiyası bir daha vurgulayır ki, şəxsin sahibkarlıq fəaliyyəti həyata keçirməsi ilə bağlı cavabdeh inzibati orqanda əsaslı şühbələrin olması şəxsin vergi ödəyicisi qismində uçota alınması və ona VÖEN təqdim edilməsi ilə nəticələnməməlidir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)-2050/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarının 38-ci bəndində qeyd etmişdir ki, beləliklə bütün qeyd edilmiş maddi hüquq normalarından birmənalı şəkildə göründüyü kimi, fiziki şəxsin vergi uçotuna alınması üçün həmin şəxsin vergi orqanına könüllü şəkildə müraciət etməsi lazımdır, yəni apellyasiya məhkəməsinin 23 iyun 2022-ci il tarixli qərarında göstərdiyi kimi “vergi ödəyicisi qismində uçota alınmanın ikinci qaydası mövcuddur və bu ərizə vermədən yəni, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin vergi orqanının öz təşəbbüsü ilə qeydiyyata alınmasıdır” deyilən anlayış, başqa sözlə vergi ödəyicisi qismində uçota alınmanın ikinci qaydası yoxdur. Belə ki, sözügedən məsələ Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

36. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)-1186/2020 saylı və 2-1(102)-1943/2023 saylı iş üzrə qəbul etdiyi qərarlarında müvafiq müraciət olmadan şəxsin vergi ödəyicisi qismində qeydiyyata alınması qanunvericiliyin tələblərinə zidd hesab edilmişdir.

37. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1310/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1310/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar