Məhkəmə qərarları › İş №2-1(103)-2558/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2558/2024

12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2558/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlundan və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı iştirakı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3228/2024 nömrəli, 15 fevral 2024-cü il tarixli qərarından cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri 29 mart 1999-cu il tarixli 383 saylı nömrəli sərəncamına əsasən, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin şimal-qərbində yeni yaşayış massivindəki (indiki Ümüd qəsəbəsi) sahədə fərdi yaşayış evinin tikintisi üçün 600.0 kv.m. torpaq sahəsi ayrılmışdır.

2. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialından 24 noyabr 2023-cü il tarixli 3-48-2F/2-08295/2023 nömrəli məktubu ilə Bakı İnzibati Məhkəməsinə təqdim olunan Cavabdeh başçısının arxiv fondu üzrə xx.xx.1999-cu il tarixli 383 nömrəli sərəncamının surətindən görünür ki, həmin sərəncama əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin şimal-qərbində (indiki Ümüd qəsəbəsi) 600.0 kv.m. torpaq sahəsi ayrılmışdır.

3. Bakı şəhəri Cavabdeh başçısının Ümid qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Ü-211 nömrəli xx.xx.2023-cü il tarixli arayışına əsasən, Alıyev X1 rayonu, Ümid qəsəbəsi, 3-cü küçə, ev 27 ünvanında 2000-ci ildən qeydiyyatsız yaşayır.

4. Cavabdeh Bakı şəhəri Cavabdeh İddiaçı ünvanladığı 5-13/1-A-54-091/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və 5-13/1-A-67-091/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktublarından müəyyən olunur ki, torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi ilə bağlı iddiaçının müraciətinə, torpaq sahəsinin peyk görüntüsünün təqdim edilməməsi və əlavə torpaq sahəsinin zəbt edilməsi əsası ilə imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh başçısının 29 mart 1999-cu il tarixli 383 saylı sərəncamı ilə iddiaçıya Ümid qəsəbəsində ev tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrılarkən yerləşmə cizgisi tərtib edilməmişdir. Bununla bağlı iddiaçı cavabdehə müraciət etmiş, ondan ilk öncə torpaq sahəsinin peyk görüntüsü tələb edilmiş, o, peyk görüntüsünü cavabdehə təqdim etdikdən sonra isə cavabdeh iddiaçının əlavə torpaq sahəsinin zəbt edilməsini əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Bununla bağlı çoxsaylı şikayətləri olsa da, müraciətləri bu günə qədər cavablandırılmamışdır. Bu səbəbdən də, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir.

7. Cavabdeh Bakı şəhəri Qaradağ RİH iddiaya qarşı 5-13/2-1214/2023 nömrəli, xx.xx.2023-cü il tarixli etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh başçısının 29 mart 1999-cu il tarixli 383 nömrəli sərəncamı ilə İddiaçı Qaradağ rayonu, Sahil qəsəbəsinin şimal-şərqində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Sərəncamda iddiaçıya yaşayış evinin fərdi və yaxud birtipli layihə əsasında aparılmasını, fərdi yaşayış tikintisi üçün rayon mənzil-kommunal təsərrüfat istehsalat birliyi ilə müqavilə bağlanmasının və 3 il müddətinə tikintisinin başa çatdırılması tapşırılmışdır. Lakin, idiaçı İddiaçı bu sərəncamın tələblərini yerinə yetirməmişdir. Hesab edirlər ki, iddia üzrə iddiaçının tələbləri əsassız və qanunsuzdur. Vətəndaşa torpaq sahəsi ayrıldığı dövrdə qüvvədə olan 09 noyabr 1991-ci il tarixində qəbul edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 29-cu maddəsinin tələblərinə əsasən torpaq ayırma qaydasında vətəndaşlara torpaq sahəsi ayrılarkən onun naturada yeri müəyyən edilməli və texniki sənədlər (döngə, nöqtə və koordinatlar əks etdirən yer quruluşu xəritəsindən çıxarış) tərtib edilməlidir. Texniki sənədlərin tərtib edilmədiyi sərəncamların isə hüquqi qüvvəsi olmur. Cavabdeh başçısının 29 mart 1999-cu il tarixli 383 nömrəli sərəncamına əsaslanaraq iddiaçının Sahil qəsəbəsinin şimal-qərbindəki fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq ahəsinə dair yerləşmə sxeminin istifadə etdiyi torpaq sahəsi dövlət torpaq fondu torpaqlarına aiddir və həmin zaman qüvvədə olan qanunvericilik aktlarına əsasən yerləşmə sxeminin yer quruluşu orqanları tərəfindən yerdə (naturada sahənin hüdudları müəyyən edilməklə) müvafiq sənədlər rəsmiləşdirilib verilmişdir. Bununla əlaqədar iddiaçının istifadəsində olan torpaq sahəsindən əlavə torpaq sahəsinin zəbt edilməsi müəyyən olunduğu üçün bu torpaq sahəsinin onun özünə aid edilməsini dəqiqləşdirmək mümkün olmadığı üçün yerləşmə cizgisinin təkrar verilməsi məqsədəmüvafiq hesab edilməmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3228/2024 nömrəli, 15 fevral 2024-cü il tarixli qərarına əsasən, iddia tələbi təmin edilərək Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin şimal-qərbindəki yeni yaşayış massivində 600.0 kv.m torpaq sahəsinə dair yerləşmə cizgisinin İddiaçı verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3228/2024 nömrəli, 15 fevral 2024-cü il tarixli qərarından cavabdeh Bakı şəhəri Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3228/2024 nömrəli, 15 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri:

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)-3228/2024 saylı, xx.xx.2023-cü il tarixli qərar qanunsuz və əsassızdır. İşin halları birinci instansiya məhkəməsi tərəfindən tam və hərtərəlli araşdırılmamışdır. Belə ki, Cavabdeh 29 mart 1999-cu il tarixli 383 saylı sərəncamı ilə Sahil qəsəbəsinin şimal-qərbində yeni yaşayış massivində yerləşən 600 kv.m olan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmışdır. İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, tərəfindən göstərilən torpaq sahəsi ilə ona ayrılmış torpaq sahəsinin üstüstə düşüb düşməməsini müəyyənləşdirmək mümkün olmadığından ərizənin icrasından imtina etmişdir. Belə ki, tərəflərindən onlara edilən müraciətdə də qeyd olunduğu kimi, sözügedən torpaq sahəsi ayrılarkən həmin zaman qüvvədə olan qanunvericilik aktlarına əsasən ona yerləşmə cizgisi yer quruluşu orqanları tərəfindən yerdə (naturada) sahənin hüdudları müəyyən edilməklə müvafiq sənədlər rəsmiləşdirilib verilmişdir. Bu həmin sərəncamın qüvvəyə minməsi üçün əsasdır. İddiaçının müraciəti ilə əlaqədar araşdırma aparılmış və müəyyən olmuşdur ki, Cavabdeh 29 mart 1999-cu il tarixli 383 nömrəli sərəncamı ilə Sahil qəsəbəsinin şimal-qərbində yeni yaşayış massivində yerləşən 600 kv.m olan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Həmin “Əsasnamə”yə əsasən rayon icra hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək səlahiyyətləri nəzərdə tutulmamışdır. “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə” nin 4.16.3-cı maddəsinə əsasən, müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək yerli icra hakimiyyət orqanlarının əsas vəzifələrindəndir. Eyni zamanda Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələblərinə əsasən yerquruluşu işləri respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Yəni İddiaçı ayrılmış torpaq sahəsinin plan-cizgisinin verilməsi öhdəliyi Cavabdeh öhdəliyi deyildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planlanma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Cizgidən fərqli olaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş torpaq sahəsinin planı və ölçüsünün təsvirinə əsasən, həmin sənəd ciddi hesabat sənədi olmaqla torpaq sahəsinə dair müfəssəl məlumatı özündə əks etdirir (torpaq sahəsinin kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı); torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr; torpaq sahələri üzrə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış; şərti işarələr (rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışda göstərilən işarələrin təsviri). Ona görə də, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3228/2024 nömrəli, 15 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə etirazın dəlilləri:

11. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Tərəflərin izahatları

12. Məhkəmə kollegiyasının iclasında İddiaçı ona ayrılan torpaq sahəsində ev inşa edərək uzun müddət həmin evdə yaşamasını bildirib, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

13. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

14. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

15. Maddə 43.

1. Yerquruluşu - torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir.

3. Yerquruluşu aşağıdakı işləri nəzərdə tutur: mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq, torpaqların səmərəli istifadəsinin və mühafizəsinin planlaşdırılmasının təşkili; ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması; ...

4. Yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır.

16. Maddə 65.

1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.

3. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.

6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.

7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.

8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir.

17. Maddə 84.

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu

18. Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt;

19. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.

20. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.

21. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

22. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

23. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

24. Maddə 52.1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir.

25. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.

26. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

27. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

28. Maddə 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur.

29. Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt.

30. Maddə 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.

31. Maddə 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

32. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (06 iyun 2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”si

33. Bənd 28. Müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”si

33. Bənd 4.16.6. Torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

34. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);

35. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

36. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

37. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

38. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

39. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır.

40. Maddə 87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

41. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

42. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

43. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati Kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır («İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsi). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. 45.“İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil: burada araşdırılmalı məqam işin təfərrüatlarının ərizəçinin həmin müddəada nəzərdə tutulan hüquqa aidiyyəti olubolmamasıdır. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, § 103).” Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri

46. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

47. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya Məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

49. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

50. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının tələbi “öhdəliyin icrası haqqında” iddialara aid olduğundan bu kateqoriya iddialara münasibətdə İPM iddia müddətinin tətbiqini nəzərdə tutmamışdır.

51. Daha sonra Cavabdeh 29 mart 1999-cu il tarixli 383 saylı sərəncamına münasibətdə kollegiya qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Belə ki, Cavabdeh 29 mart 1999-cu il tarixli 383 saylı sərəncamı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır, bu səbəbdən mötəbər sübut kimi qiymətləndirilməlidir.

52. Kollegiya inzibati orqan olan cavabdehin Bakı şəhəri Qaradağ RİH ayırdığı torpaq sahəsinə dair cizginin əvvəllər verilməsi, hazırda isə cavabdeh tərəfindən verilməsindən imtinasının qaldırılan məsələ üzrə müvafiq səlahiyyətinin olmamasına dair mövqeyi ilə də razılaşmır və qeyd edir ki, yuxarıda istinad olunan qanunvericilik aktlarına əsasən hazırkı iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılan vaxtda və ondan sonrakı dövrlərdə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında yerquruluşu sxemlərinin hazırlanması yerli icra hakimiyyəti orqanlarının, yəni müvafiq yaron (şəhər) icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxildir. Belə ki, torpaq sahəsinin cizgisi sərəncam qəbul olunan zaman sərəncamın ayrılmaz hissəsi kimi şəxsə təqdim olunmalı idi. Hətta 29 mart 1999-cu il tarixli 383 saylı sərəncam qəbul olunan dövrdə sözügedən torpaq sahəsinə dair cizgi təqdim olunmuş olsaydı belə, onu təkrarən tələb etməkdə belə iddiaçı haqlıdır.

53. Məhkəmə kollegiyası tədqiq olunan sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, istinad edilən sərəncama əsasən torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, cavabdeh həmin torpaq sahəsinin yerləşmə vəziyyətini (hüdudlarını) əks etdirən sənədi (cizgini, planı, ayrıc aktını) sərəncama əlavə etməmişdir. İddiaçı isə, öz tələbinin - öhdəliyin cavabdeh tərəfindən icrasının əsası kimi cavabdehin yalnız sərəncamı ilə ona verilmiş hüquqdan və sərəncamın icrası qaydasında ona ayrılan 600 kv.m. torpaq sahəsinin ona təhvil verilməsi faktından çıxış edir. Belə olan halda, iddiaçının faktiki sahibliyində olan torpaq sahəsinin yerləşmə vəziyyətinin sənəd üzrə verilmiş sahəyə uyğun olmadığını, buradan, cavabdehin iddiaçı qarşısında hazırkı məzmunda öhdəlik daşımadığını sübut etmək yükü cavabdehin üzərinə düşür. Cavabdeh iddiaçının dəlillərini təkzib və ya iddiaya etirazının əsasını təsdiq edən hər hansı rəsmi sənədi təqdim etmədiyindən, torpaq sahəsinə cizginin verilməsindən imtina əsaslı sayıla bilməz. Ona görə də cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

54. Şərh olunanlara əsasən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Bakı şəhəri Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3228/2024 saylı, 15 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar