Məhkəmə qərarları › İş №2-1(103)-2559/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2559/2022

02.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2559/2022 02.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Kərimli İlham Əziz oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6852/2021 saylı, 25 may 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 30 avqust - 02 sentyabr 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, təqaüdə çıxarkən iddiaçıya təyin olunmuş 100% artımın bərpa olunması və 01 sentyabr 2019-cu ildə indiyədək hər ay 16 manat kəsirlə verilən pensiya məbləği cavabdeh tərəfindən bir dəfəyə tam ödənilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 17 aprel 1974-cü ildən 10 oktyabr 2005ci ilədək Daxili İşlər orqanında qulluq etmişdir. 10 oktyabr 2005-ci ildə təqvimi hesablama ilə 33 il 5 ay 15 gün, imtiyazlı hesablama ilə 39 il 9 ay 6 gün stajla 55 yaşında 100%-li ödənişlə təyin olunmuş təqaüdə çıxmışdır. 2019-cu ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə X4 xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşları 01 sentyabr 2019-cu ildən artırıldıqdan sonra onun təqaüdü 1136 man. 30 qəp hesablanaraq təyin olunmuşdur. Ancaq Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona pensiya 1120 man. 30 qəpik civarında verilir. Dövlət Sosial Müdafiə Fondu tərəfindən onun ərizəsinə verilən cavabda “2017-ci il iyulun 1dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”-nı əsas götürərək ona təyin olunmuş 100%-li artım 94,50% təşkil edildiyi bildirilir. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6852/2021 saylı, 25 may 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: E.Əliyev) Həmin qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş və apellyasiya şikayətində iddia ərizəsində göstərdiyi dəlilləri qeyd edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxılarkən İddiaçı apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdə olan iddiaçıya məxsus pensiya işinin surətindən müəyyən edilir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı barəsində 3070 nömrəli “məlumat vərəqi” tərtib edilərək, Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmişdir. Sözügedən məlumat vərəqəsində iddiaçının iş stajı və xidmət illəri cəmi 39 il 9 ay 8 gün, pensiya hesablanması üçün cəmi pul təminatı 252.15 manat göstərilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış pensiya məbləğinin hesablanması barədə məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, iddiaçıya 13 oktyabr 2005-ci il tarixindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən 39 il 9 ay 8 gün ( təqvim xidmət illəri 33 il 5 ay 17 gün, güzəştli xidmət illəri 6 il 3 ay 21 gün) xidmət müddətinə uyğun olaraq xidmət illərinə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən ona əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 1 mart 2018-ci il tarixinədək “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq 39 il 9 ay 8 gün xidmət müddətinə görə təminat xərcliyinin (863,95 manat) 100 faizi-863,95 manat məbləğində əmək pensiyası ödənilmişdir. 1 mart 2018-ci il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğinə əsasən əmək pensiyası 921,64 manat müəyyən edilmişdir. 1 sentyabr 2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 458,00 manat, rütbə maaşı 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəsi-304,00 manat, məharət dərəcəsinə görə vəzifə və rütbə maaşının 35 faizi miqdarında əlavəsi-160,30 və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1136,30 manat təşkil etmişdir. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: 20 il xidmət müddətinə görə təminat xərcliyinin 55 faizi; 20 ildən artıq xidmət müddətinin (19) hər ili üçün 2 faiz tətbiq edilməklə (19x2) təminat xərcliyinin 38 faizi, natamam ildəki iş stajı aylarının sayına (9 ay) mütənasib olaraq təminat xərcliyinin 1,5 faizi. Əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 94,50 faiz təşkil edir. Qeyd olunanlara əsasən 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyi (863,95 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (1136,30 manat) arasındakı fərq məbləğinin (272,35 manat) 94,50 faizi-257,37 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyasının (863,95 manat) üzərinə əlavə olunmaqla 1121,32 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. İşdən görünür ki, iddiaçı cavabdeh orqanın cavabından narazı qalaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və hesab etmişdir ki, pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, iddiaçının tələb etdiyi əlavənin onun pensiyasına hesablanması məsələsi həmin əlavənin müəyyən edildiyi vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iş üzrə müəyyən etdiyi faktiki hallara yuxarıda sadalanan hüquq normalarının tələbləri baxımından qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddiaçının pensiyasının Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanına və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna uyğun olaraq yenidən hesablanıb ödənilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mahiyyətcə iddia ərizəsində göstərilən əsaslarla eyni olan dəlilləri üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilir. Qanunun həmin maddəsinə edilmiş dəyişiklik 1 iyul 2017-ci il tarixdən qüvvəyə minmişdir. Həmin maddənin icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” təsdiq edilmişdir. Qaydanın 1.1-ci bəndinə əsasən, bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. Qaydanın 1.2-ci bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. Qaydanın 2.5-ci bəndinə əsasən, Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Yuxarıda qeyd olunan normaların məzmunundan görünür ki, əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Hazırkı işin mübahisəsiz hallarından məlumdur ki, iddiaçının qulluq illəri güzəştli hesablama ilə 39 il 9 ay 8 gün olmaqla qanunvericilikdə nəzərdə tutulmuş 20 ildən artıqdır. Odur ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” iddiaçıya da şamil olunmalıdır. Göründüyü kimi, iddiaçıya pensiya hesablanması zamanı cavabdeh qanunvericiliyin tələblərinə əməl etmişdir və birinci instansiyası məhkəməsi də haqlı olaraq iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6852/2021 saylı, 25 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar