Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-256/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “ona müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “ona müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-339/2020 saylı 21 avqust 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 23 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin 038-9153- 1219 saylı 12.04.2019-cu il tarixli arayışından görünür ki, X2 03 dekabr 1987-ci il tarixdən (Azərbaycan SSR Daxili İşlər Nazirliyinin nəzdində Mühafizə İdarəsinin 03 dekabr 1987-ci il tarixli 426ş/h saylı əmri) 11 noyabr 1992-ci il tarixədək (Mühafizə İdarəsinin 10 noyabr 1992-ci il tarixli 648ş/h saylı əmri) daxili işlər orqanlarında milis nəfəri vəzifəsində xidmət etmiş və 11 noyabr 1992-ci il tarixdən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Xidmət etdiyi müddət ərzində 08 avqust 1991-ci il tarixdən 06 sentyabr 1991-ci il tarixədək (66 saylı ezamiyyət vərəqəsi) Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etməyi üçün Goranboy rayonuna ezam olunduğu göstərilmişdir. DİN Baş Mühafizə İdarəsinin Nəsimi rayon Mühafizə İdarəsinin yanvar 2001-ci il tarixli arayışının surətindən görünür ki, Eminov X3 rayon Mühafizə İdarəsində polis nəfəri vəzifəsində işləmiş və 08 avqust 1991-ci il tarixdən 06 sentyabr 1991-ci il tarixə kimi Goranboy rayonu ərazisində gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 012-31886-1219 saylı 17.11.2019-cu il tarixli məktubdan görünür ki, Daxili İşlər Nazirliyinin müvafiq uçotlarında 24.08.1954-cü ildə Gürcüstanda doğulmuş İddiaçı anket məlumatlarına oxşar xx.xx.1965-ci ildə Gürcüstanda doğulmuş İddiaçı barədə məlumat mövcuddur. İ.İddiaçı Bakı Qarnizonu Hərbi Tribunalının 22 aprel 1996-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194-cü maddənin 1-ci hissəsi ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-nin 42-1 maddəsini tətbiq etməklə hökmün icrası 1 il müddətinə təxirə salınmışdır. İ.İddiaçı Binəqədi rayon Məhkəməsinin 23.10.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 maddəsi ilə 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bundan başqa İ.İddiaçı Binəqədi Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanılmış cinayət təqibinə Binəqədi rayon Məhkəməsinin 30.11.2007-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 40.2.2 maddəsinə əsasən barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 012-4974-1219 saylı 16.02.2019-cu il tarixli məktubudan görünür ki, 1965-ci il təvəllüdlü İddiaçı 03.12.1987-ci ildən 11.11.1992-ci ilədək daxili işlər orqanlarında polis nəfəri vəzifəsində xidmət etmişdir. (Əsas: arxiv şəxsi işin № Siyahı-33, Arx.464). İddiaçı arxiv şəxsi işinin xidmətkeçmə siyahısında döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat olmadığından Nəsimi rayon mühafizə şöbəsinin 1991-1992-ci illəri əhatə edən əmrlərinə baxılmış, lakin onun döyüş bölgəsinə ezam olunması barədə əmr müəyyən edilməmişdir. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsi verilməsinə köməklik göstərilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 024-20341/2E-3219 saylı 31.05.2019-cu il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının suverenliyi və ərazı bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı barədə arxiv şəxsi işində konkret məlumat olmadığına görə qaldırılmış məsələnin müsbət həlli mümkün olmamışdır. Odur ki, müraciətə baxılması dayandırılmışdır. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, 08.08.1991-ci il tarixdən 06.09.1991-ci il tarixə kimi Goranboy rayonu ərazisində gedən döyüşlərdə iştirak etməsi ilə əlaqədar ona müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhər Nəsimi rayon Mühafizə İdarəsində polis nəfəri vəzifəsində işləyərkən 08 avqust 1991-ci il tarixdən 06 sentyabr 1991-ci il tarixə kimi Goranboy rayonu ərazisində gedən döyüşlərdə iştirak etmişdir. Hazırda daxili işlər orqanlarından azad olmuşdur. Onun Goranboy rayonuna ezam olunması barədə 08 avqust 1991-ci il tarixli ezamiyyət vəsiqəsi həmin dövrlərdə Goranboy rayonunda gedən hərbi əməliyyatlarda iştirak etməsi barədə əyani sübutdur. Bundan əlavə, işlədiyi Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin 12 aprel 2019-cu il tarixli 038-9153-1219 saylı arayışı ilə onun həqiqətən 03 dekabr 1987-ci il tarixdən 11 noyabr 1992-ci il tarixədək daxili işlər orqanlarında milis nəfəri vəzifəsində xidmət etməsi və 11 noyabr 1992-ci il tarixdən daxili işlər orqanlarında xidmətdən xaric edilməsi, xidmət etdiyi müddət ərzində 08 avqust 1991-ci il tarixdən 06 sentyabr 1991-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etməsi üçün Goranboy rayonuna ezam olunması göstərilmişdir. Hətta o, döyüşlərdə iştirak etməsi faktının müəyyən edilməsi üçün xüsusi icraat qaydasında Bakı şəhəri Binəqədi ayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 11 sentyabr 2019-cu il tarixli qərardadı ilə ərizənin qəbul edilməsindən imtina edilmiş, əsas kimi isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən verilmiş 12 aprel 2019-cu il tarixli arayışı ilə ərizəçinin tanınmasını tələb etdiyi faktın təsdiq olunması göstərilmişdir. Belə ki, o, döyüşlərdə daxili işlər orqanlarında işlədiyi dövrdə iştirak etmiş və işlədiyi orqanın əmri ilə qızğın döyüşlər gedən Goranboy rayonuna ezam olunmuşdur. Goranboy rayonuna ezam edilməsi və orada gedən hərbi əməliyyatlarda iştirak etməsi Azərbaycan Respiublikası DİN-in Baş Mühafizə İdarəsi Nəsimi rayon Mühafizə İdarəsinin arayışı ilə də təsdiq edilmişdir. O, bu barədə DİN-nə ərizə ilə müraciət etdikdə də Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə iş İdarəsini rəisi tərəfindən şəxsi işində döyüş əməliyyatlarında iştirakı barədə məlumat olmadığı əsas gətirilərək, onun ərizəzəsinin təmin edilməsindən imtina edilmişdir. Lakin ona verilən məzuniyyət vərəqəsinin surəti onda qalmış və əsli işlədiyi idarəyə təhvil verilmişdir. Həmin sənədlərin isə onun şəxsi işinə əlavə edilməməsi onun deyil, işlədiyi İdarənin günahı olmuşdur. O isə arxivdə saxlanılan sənədlərinin itirilməsi səbəbindən dövlətin veteranlar üçün nəzərdə tutduğu imtiyaz və güzəştlərdən istifadə etmək hüququndan məhrum edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi tərəfindən məhkəməyə daxil olmuş 024-4007-1219saylı 18.10.2019-cu il tarixli məktubda göstərilmişdir ki, Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş 16.02.2019-cu il tarixli, 012-4974-1219 nömrəli məktubda iddiaçının arxiv şəxsi işinin xidmətkeçmə siyahısında onun döyüş əməliyyatlarında iştirakına dair qeydlərin olmadığı, eləcə də DİN-in Baş Mühafizə İdarəsinin Bakı şəhəri Nəsimi rayon mühafizə Şöbəsinin 1991-1992-ci illəri əhatə edən əmrlərində döyüş bölgələrinə ezam olunması barədə əmrin aşkar olunmadığı göstərilmişdir. Həmçinin, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarından 25 ilə yaxın vaxt keçdiyinə görə iddiaçının həmin əməliyyatlarda iştirak etməsi faktını dəqiqləşdirmək mümkün olmamışdır. Bununla bağlı cavabdeh tərəf iddianın təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-339/2020 saylı 21 avqust 2020-ci il tarixli qərarı ilə iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə onun müharibə veteranı adı verilməsi üçün inzibati orqan olan cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təqdim etdiyi arayışın mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların ondan tələb edilməsi barədə cavabdeh orqanın hərəkətlərinin qanuniliyinə baxıb, onun bu hərəkətlərinin qanuni olduğu halda iddia tələbini rədd etməli, qanunsuz olduğu halda isə tələb etdiyi hərəkəti yerinə yetirməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoymalı olduğu halda, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi faktını araşdırmış və onun döyüşlərdə iştirak etməyinin öz təsdiqini tapmadığını göstərmişdir. Halbuki, onun döyüşlərdə iştirak etməsi barədə sübut olmasaydı, bu zaman o, bununla əlaqədar müvafiq ümumi məhkəməyə müraciət edər, döyüşlərdə iştirak etməsi faktının müəyyən edilməsini xahiş edərdi. Belə bir faktın müəyyən edilməsi zərurəti olmadığına, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən verilmiş 12 aprel 2019-cu il tarixli arayış ilə onun 08 avqust 1991-ci il tarixdən 06 sentyabr 1991-ci il tarixə kimi Goranboy rayonu ərazisində gedən döyüşlərdə iştirak etməsi faktı təsdiq edildiyinə görə o, həmin arayışa əsasən müharibə veteranı adı verilməsini cavabdehdən tələb etmişdi. Qanunvericilik müharibə veteranı adının verilməsi üçün müvafiq orqanlar tərəfindən verilmiş arayışı kifayət hesab etmişdir. Ona verilən məzuniyyət vərəqəsinin surəti onda qalmış və əsli işlədiyi İdarəyə təhvil verilmişdir. Həmin sənədlərin isə onun şəxsi işinə əlavə edilməməsi onun deyil, işlədiyi İdarənin günahı olmuşdur. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdi ki, Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə sorğu göndərilmiş, həmin Baş İdarədən daxil olmuş 012-12630-121 saylı 02.05.2019-cu il tarixli cavab məktubundan İddiaçı 03.12.1987-ci il tarixdən 11.11.1992-ci ilədək daxili işlər orqanında xidmət etməsi göstərilsə də, arxiv şəxsi işinin xidmətçekmə siyahısında onun döyüş əməliyyatlarında iştirakına dair qeydlər aşkar edilməmişdir. Həmçinin Nəsimi rayon Mühafizə İdarəsinin 1991-1992-ci illəri əhatə edən əmrlərində onun döyüş bölgəsinə ezam olunması barədə əmr aşkar edilməmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı tələbi “08.08.1991-ci il tarixdən 06.09.1991-ci il tarixə kimi Goranboy rayonu ərazisində gedən döyüşlərdə iştirak etməsi ilə əlaqədar ona müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin maddənin qeyd hissəsinə əsasən isə bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hissəsinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 25.04.2006-cı il tarixli Fərmanına əsasən «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsi və 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti, 7-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində (müharibə veteranı, Silahlı Qüvvələr veteranı adlarının verilməsi ilə əlaqədar) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər. Həmin bəndin 11-ci yarımbəndinə görə «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin (28 sentyabr 2018-ci il tarixə olan dəyişikliyə əsasən) 1-ci bəndinin tələbinə görə “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin tələblərinə görə, hərbi biletdə olan qeydlər müharibə veteranı vəsiqəsinin verilməsi üçün kifayət etmir, şəxsin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları cavabdeh inzibati orqana təqdim edilməlidir. Hazırki işdən müəyyən olunur ki, iddiaçı tələbinin qanuni əsası kimi 08.08.1991-ci il tarixdən 06.09.1991-ci il tarixə kimi Goranboy rayonu ərazisində gedən döyüşlərdə iştirak etməsi ilə bağlı həmin bölgəyə ezam olunmasına dair arayışı və Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin 12.04.2019-cu il tarixli məktubunu təqdim etmişdir. Həmin sənədlərdən başqa iddiaçı onun döyüşlərdə iştirakını təsdiq edən başqa subut kimi ayrı-ayrı şəxslər tərəfindən iddiaçı ilə birlikdə Goranboy rayonu ərazisində gedən döyüşlərdə iştirak etməsi ilə bağlı notariat qaydada təsdiq olunmuş ərizələr təqdim olunmuşdur. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, işə birinci instansiya qaydasında baxan məhkəmə tərəfindən verilmiş sorğulara cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsi tərəfindən verilmiş 024-1523-1220 saylı 05.03.2020-ci il tarixli məktubdan görünür ki, vətəndaş İ.İddiaçı ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirakı ilə bağlı Goranboy rayonuna ezam olunması barədə 66 saylı 08.08.1991-ci il tarixli ezamiyyət vərəqəsinin tərtib edilməsinə əsas verən hər hansı təsdiqedici sənədlər müəyyən edilməmişdir. Digər sorğuya cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə- Plan İdarəsinin 027-3148-1220 saylı 09.07.2020-ci il tarixli məktubu ilə bildirilmişdi ki, mövcud normativ sənədlərə əsasən göstərilən dövrləri əhatə edən ödəniş sənədlərinin saxlanma müddəti bitdiyinə görə qanunvericiliyə müvafiq qaydada məhv edildiyi baxımından müraciətin müsbət həlli imkan xaricindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin 024-3271- 1220 saylı 03.08.2020-ci il tarixli məktubudan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə sorğu göndərilmiş, həmin Baş İdarədən daxil olmuş 02.05.2019-cu il tarixli, 012- 12630-1219 nömrəli cavab məktubunda İddiaçı 03.12.1987-ci ildən 11.11.1992-ci ilədək daxili işlər orqanlarında xidmət etməsi göstərilsə də, arxiv şəxsi işinin xidmətkeçmə siyahısında onun döyüş əməliyyatlarında iştirakına dair qeydlər aşkar olunmamışdır. Həmçinin, Bakı şəhəri Nəsimi rayon Mühafizə İdarəsinin 1991-1992-ci illəri əhatə edən əmrlərində Ə. Eminovun döyüş bölgəsinə ezam olunması barədə əmr aşkar edilməmişdir. Beləliklə, hazırki iş üzrə iddiaçı tərəfindən verilmiş iddianın təmin olunması üçün təqdim olunan sənədlər onun müvafiq dövrlərdə döyüşlərdə iştirak etmə faktını təsdiq edən sübutlar kimi, həmçinin yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından zəruri olan sənədlər qismində inzibati məhkəmə icraatı çərçivəsində qəbul oluna bilmədiyini nəzərə alan Kollegiya hesab edir ki, iddiaçı tərəfindən onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, yuxarıda adı qeyd olunan Əsasnamə ilə nəzərdə tutulmuş iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları olmadığından onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi faktı sübuta yetirilmir. Belə olan halda cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsaslı və qanuni olmuş, eyni zamanda iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan düzgün olaraq təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddia ərizəsində qeyd edilənlərlə eynilik təşkil edib, qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmadığından qəbul edilmir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-339/2020 saylı 21 avqust 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-339/2020 saylı 21 avqust 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-256/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-256/2021
23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver