Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-256/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Həmidov Həmid Üzeyir oğlundan və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16.07.2021-ci il tarixli, 2-1(112)-6902/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” cavabdehin 27.04.2021-ci il tarixli, **********3 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 16.07.2021-ci il tarixli, 2-1(112)-6902/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 16.07.2021-ci il tarixli, 2-1(112)-6902/2021 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mərkəzi Filialın 27.04.2021-ci il tarixli, **********3 nömrəli qərarı ilə İddiaçı 01.01.2014-03.09.2018-ci il tarixləri arasındakı dövr ərzində 13690,97 manat məbləğində artıq ödənilmiş əmək pensiyasının tutulması qərara alınmışdır. Qeyd olunan qərarın borclu İddiaçı rəsmi olaraq təqdim edildiyini SS712552186AZ nömrəli poçt xəbərnaməsi təsdiq edir. Artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması ilə bağlı qərar borcluya çatdıqdan sonra 10 gün müddətində icra edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinə əsasən tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsi üçün nəzərdə tutulmuş şərtlərə əməl edilmiş, yəni, borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati akt qəbul edilərək ona rəsmi olaraq ünvanlanmış, pul tələblərinin ödənilməsi üçün müəyyən olunmuş icra müddəti bitmiş, Mərkəzi Filial tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclu ödəməni həyata keçirməmişdir. Qanunvericiliyin müddəalarından görünür ki, şəxsə əsassız ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən də həll oluna bilər. Bunun üçün inzibati orqan göstərilən məbləğin cavabdehdən tutulmasına dair qərar qəbul etməlidir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar “İnzibati icraat haqqında” Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır. Bundan əlavə məhkəmə qərarında qeyd edilir ki, qərarın təsviri-əsaslandırıcı hissəsində artıq ödənilmiş pensiya məbləğinin nədən qaynaqlanması, hansı səbəbdən yaranması qeyd edilməmişdir. Halbuki, İddiaçı ünvanlanmış məktubda artıq ödənilmiş pensiya məbləğləri barədə ətraflı məlumat verilmiş və pensiyanın artıq ödənilməsinin hansı səbəbdən baş verdiyi izah olunmuşdur. Həmçinin həmin məktubda artıq ödənilmiş pensiya məbləğinin qaytarılması üçün yazılı razılığını təqdim etmək təklif olunmuşdur. Buna baxmayaraq cavabdeh bu barədə razılıq verməmiş və inzibati icraatda iştirakdan imtina etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 16.07.2021-ci il tarixli, 2-1(112)-6902/2021 saylı qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 16.07.2021-ci il tarixli, 2- 1(112)-6902/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan pensiya işinə daxil olan sənədlərdən göründüyü kimi iddiaçıya 12 iyul 2007-ci il tarixdən pensiya təyin edilmiş, ilkin olaraq pensiya məbləği 1340,50 manat, ən son pensiyanın yenidən hesablanması barədə qərarla 2759,64 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, hazırkı iş üzrə inzibati məhkəmə mübahisəsinin əsası artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasının qanuni hesab edilibedilməməsi ilə bağlıdır ki, məhkəmə hesab edir ki, bu zaman məhkəmə inzibati icraatla bağlı qanunvericiliyin tələblərinə və işin hallarına uyğun olaraq əmək pensiyasının təyin edilməsi barədə inzibati aktın qanuni və qanunsuzluğundan əvvəl həmin inzibati aktın əlverişsiz və ya əlverişli inzibati akt olmasını araşdırmalıdır. Əmək pensiyasının təyin edilməsi barədə qərarın və pensiya məbləğinin yenidən hesablamaları barədə qərar və sərəncamların qanuni və ya qanunsuz olması hazırkı iş üzrə inzibati məhkəmə icraatının predmetini təşkil etmir ki, hazırkı iş üzrə mübahisə bununla bağlı olmayıb, artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə qərarın qanuni və ya qanunsuz olması ilə bağlıdır. Başqa sözlə hazırkı iş üzrə mübahisələndirilən artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə qərarın ləğv edilib-edilməməsi, əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının yenidən hesablanması barədə qərar və sərəncamların, o cümlədən cavabdehin faktiki xarakterli digər hərəkətlərinin əlverişli və ya əlverişsiz olmasından asılıdır. Belə ki, pensiyanın məbləği ilə bağlı səhv hesablama, məhkəmə hesab edir ki, hər bir halda 27.04.2021-ci il tarixli artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması qərarın qanuni olmasına əsas yaratmır. Birinci instansiya məhkəməsi işin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, 27.04.2021-ci il tarixli qərar əlverişli inzibati aktların və ya inzibati orqanın əlverişli xarakter daşıyan hərəkətlərinin iddiaçıya ehtimal olunan artıq pul ödənişinin həyata keçirilməsi ilə nəticələnən hüquqi nəticəsinin aradan qaldırılmasına yönəldiyindən, əlverişli inzibati aktın isə hazırkı işin faktiki halları nəzərə alınmaqla hüquqi nəticələrinin aradan qaldırılmasına yol verilmədiyindən, o cümlədən adıçəkilən artıq ödənişin geri qaytarılması barədə qərarın qəbulu zamanı inzibati orqanın tərəfindən məlumatlandırma və araşdırma ilə bağlı prosessual pozuntulara yol verildiyindən adıçəkilən qərar ləğv edilməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, baxılan iş üzrə mübahisənin həlli ilə bağlı qərarın qanuniliyi baxımından həll edici əhəmiyyət daşımasa da pensiya təyini qərarının və pensiyanın yenidən hesablanması barədə qərar, sərəncam və faktiki xarakterli hərəkətlərinin hüquqi nəticələrinin mövcudluğu baxımından əhəmiyyət daşıyır. Qeyd olunan qanunvericilik normalarına əsasən müəyyən olunur ki, qanunsuz inzibati aktın ləğvi onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edib-edə bilməməsindən asılıdır. Qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılmaması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur. Hazırkı iş üzrə iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin artıq alınmasına nail olubsa və ya pensiya məbləğinin artıq hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə qərar qəbul edilə bilər. Lakin işin faktiki hallarından göründüyü kimi qeyd olunan halların heç biri mövcud olmamışdır. Cavabdehin iddiaçıdan asılı olmayan hallar nəticəsində hesablamada səhv etməsi iddiaçıdan artıq ödənişin tutulmasına əsas yarada bilməz. Belə ki, nə artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə qərarda, nə də məhkəmə sorğusuna əsasən məhkəməyə daxil olmuş müvafiq məlumatların göndərilməsi barədə məktubda iddiaçının pensiya məbləğinin səhv hesablanmasına hər hansı təsirinin olması barədə heç bir qeyd edilməmişdir. Qərarın məzmunundan aydın olur ki, qərar yalnız onunla əsaslandırılmışdır ki, “məbləğin geri tələb edilməsi zərurəti yaranmışdır, qeyd olunan hal zərər kimi qiymətləndirilməli və geri alınmalıdır”. Göründüyü kimi araşdırma nəticəsində zərurəti nədən meydana gəldiyi qeyd edilməmiş, iddiaçı tərəfindən pensiya məbləği ilə bağlı hər hansı qanunsuz hərəkət göstərilməmişdir. Yuxarıda adıçəkilən məktubda isə zərurətin nə olması ilə bağlı məlumatlar kifayət qədər geniş formada açıqlansa da, görünür ki, artıq ödənişin cavabdehin riyazı hesablamada səhv etməsi ilə bağlılığı qeyd edilmişdir. Həmin sənədlərdən də görünür ki, burada da səhv hesablamaya iddiaçının hər hansı müdaxiləsinin mövcud olduğu qeyd edilməmişdir. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçı onun pensiya məbləğinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Belə ki, müvafiq bazaya və mütəxəssis heyətinə malik cavabdeh tərəfindən əmək pensiyasının ehtimal olunan səhv hesab edilməsi illər sonra müəyyən edilə bilirsə, həmin halların hesablamanına aparılması ilə bağlı müvafiq ixtisasa malik olmayan iddiaçıdan səhv hesablamanın müəyyən edilməsinin gözlənilməsi əsassızdır. Eyni zamanda qeyd olunmuşdur ki, cavabdehin artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə qərarının qəbulu ilə inzibati icraatla bağlı prosessual pozuntulara yol verilmişdir. Belə ki, inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı icraat “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Baxılan iş üzrə 27.04.2021-ci il tarixli qərarın qəbul edilməsi ilə nəticələnmiş inzibati icraat aparılarkən inzibati orqanın səlahiyyətli əməkdaşları tərəfindən ümumiyyətlə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmamış, iddiaçının qərarın qəbul edilməsinə münasibəti öyrənilməmiş, araşdırma onun iştirakı olmadan aparılmışdır. Sonda artıq ödənişin geri qaytarılması barədə qərar qəbul edilmişdir. Həmçinin, qeyd olunmalıdır ki, inzibati orqan tərəfindən inzibati icraat zamanı tam hərtərəfli və obyektiv araşdırma aparılmalıdır. Qəbul edilmiş qərarın təsviriəsaslandırıcı hissəsindən isə görünür ki, qərarın qəbulu ilə bağlı heç bir araşdırma aparılmamış, qərarın qəbul edilməsi üçün əsas olan məlumatların nə olduğu müəyyən edilməmiş, əgər artıq hesablama üçün əsas yaranmışdırsa bunun hansı sübutlarla təsdiq edildiyi, sübutların hansı qaydada qiymətləndirildiyi barədə bir cümlə belə olsun qərarda qeyd edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2021-ci il qərarında qeyd olunmuşdur: ““İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri)”. Baxılan iş üzrə iddiaçı etimadının qorunması hüququna malikdir. Belə ki, iş üzrə “İnzibati İcraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilmiş halların mövcul olması müəyyən edilməmişdir. İddiaçı qanunla etimadının qorunması hüququna malik olduğundan, habelə ona artıq ödənişlərin olunması başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığından, eyni zamanda ona verilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı üçün hazırki halda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 27.04.2021-ci il tarixli, **********3 nömrəli qərarı ləğv edilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, iş materiallarına əsasən mübahisəli qərarın qəbul edilməsi ilə nəticələnmiş inzibati icraat aparılarkən inzibati orqan tərəfindən qanunverinilik normalarının tələbləri nəzərə alınmamış, iddiaçının qərarın qəbul edilməsinə münasibəti öyrənilməmiş, araşdırma onun iştirakı olmadan aparılmışdır. sonda artıq ödənişin geri qaytarılması barədə qərar qəbul edilmişdir. Həmçinin, qeyd olunmalıdır ki, inzibati orqan tərəfindən inzibati icraat zamanı tam hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16.07.2021-ci il tarixli, 2-1(112)-6902/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-256/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-256/2022
19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver