Məhkəmə qərarları › İş №2-1(103)-256/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-256/2023

12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-256/2023 12.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X4 cəlb olunmaqla) «qeydiyyatdan çıxarılma» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5658/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli imtinasının əsassız hesab edilərək, X2 və azyaşlı uşaqları - X5, X1 xx.xx.2018-ci il tarixli, ******* qeydiyyat nömrəli Çıxarışa əsasən vətəndaş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1, ev 14 ünvanında yerləşən mənzildən pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin Bakı Şəhər Səbail Rayon Polis idarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5658/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim Fərid Mədətli) iddia təmin edilmiş, Səbail Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli imtinası əsassız hesab edilmiş, X2 və azyaşlı uşaqları X5, X1 xx.xx.2018-ci il tarixli, ******* qeydiyyat nömrəli Çıxarışa əsasən vətəndaş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1, ev 14 ünvanında yerləşən mənzildən pasport qeydiyyatından çıxarılmaları öhdəliyi Bakı Şəhər Səbail Rayon Polis idarəsinə həvalə edilmişdir. Həmin qərardan üçüncü şəxs X4 apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1 ünvanda yerləşən 14 nömrəli evdə hal-hazırda ailə üzvləri ilə birgə qeydiyyatda olmaqla uzun illərdir ki, yaşayır və həmin ev icarə müqaviləsi əsasında ailəsinin daima istifadəsindədir. Məhkəmə onun və ailə üzvlərinin mübahisəli mənzilə istifadə hüququnun olub-olmamasına dair heç bir araşdırma aparmadan, istifadə hüquqlarına xitam vermədən qeydiyyatdan çıxarılmaları barədə qərar qəbul etməklə qanunvericiliklə qorunan hüquqlarını tam olaraq pozmuşdur. Həmin mənzilin ilk icarədarı mərhum babası Qurbanismayılov Aşurbek olmuş, babası 03 noyabr 2006-cı il tarixdə öldükdən sonra icarə müqaviləsi ailə üzvü kimi mərhum atası Qurbanismayılov Məhəmmədin adına, 30 iyun 2009-cu il tarixdə o, öldükdən sonra onun, yəni X2 adına rəsmiləşdirilmişdir və bu günə kimi həmin mənzilin icarədarı kimi orada qeydiyyatda olmaqla ailəsi ilə bir yerdə yaşayır. İddiaçının alqı-satqı yolu ilə əldə etdiyi evlə onların yaşadığı ev arasında 200-300 metr məsafə var və həmin evin üçüncü şəxsin evi ilə eyni ünvanlı olması barədə heç bir məlumat olmamış, həmçinin məhkəmə tərəfindən də bu xüsusat araşdırılmamışdır. Digər tərəfdən, əgər alqı-satqı predmeti olan ev onların olubsa, həmin evin satılmasına tərəfindən heç bir razılıq verilməmişdir. Yəni iddiaçının mülkiyyətində olan evlə onun evinin heç bir əlaqəsi yoxdur və o, ailə üzvləri ilə birgə doğulduğu gündən qeydiyyatda olduğu Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1 ünvanda yerləşən 14 №li evdə yaşayır. İddiaçının ərizəsində qeyd etdiyi halların hamısı bir söz toplusundan başqa bir şey deyil. Bu kimi sözlərlə, ifadələrlə, digər şəxslərin rəsmi qeydiyyatda olan ünvanlarını mənimsəyərək öz çirkin əməllərini həyata keçirirlər. Necə ola bilər ki, neçə illərdi həmin ünvanda yaşayan, qeydiyyatda olan insanlar bu günə kimi evlərinə mülkiyyət hüququna dair sənəd ala bilmirlər, ancaq qarşı tərəf torpaq alır, ünvansız ev tikdirir və kimlərinsə ünvanını mənimsəyərək çıxarış alır. Necə ola bilər ki, neçə illərdi həmin ünvanda yaşayan qeydiyyatda olan insanlar indi kimlərinsə qurbanına çevrilsinlər. Göründüyü kimi, məhkəmə bu xüsusatları tam araşdırmadan iddianı təmin etmişdir. İddiaçının alqı-satqı əsasında əldə etdiyi evlə iddiaçının istifadəsində olan yaşayış sahəsinin hər hansı bir əlaqəsinin olması məhkəmə tərəfindən sübuta yetirilməmişdir. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 065-1142H-3222 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, X4, X5 və X1 Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1, ev 14 ünvanından qeydiyyatdan çıxarılmaları üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə müvafiq olaraq əlaqədar məhkəməyə müraciət etməsi bildirilərək iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X3 Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1, ev 14 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Səbail r-nu, Y.Mürsalov döngəsi, dalan 1, 14 saylı fərdi yaşayış evi İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda müllkiyyətindədir. Həmin məktuba əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 14 saylı evə İddiaçınun xüsusi mülkiyyət hüququ 06 mart 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 149 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla ünvan 6 ünvanında yerləşən yaşayış evinə dair ev kitabının kserosurəti məhkəməyə təqdim edilmişdir. Həmin kitabçadan görünür ki, həmin mənzilin ilk icarədarı Qurbanismayılov Aşurbek olmuşdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinin 1-ci bəndinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasların dairəsi «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9cu maddəsində konkret müəyyən edilmişdir. İddiaçının qeyd etdiyi ünvan və üçüncü şəxslərin qeydiyyatda olduqları ünvan hər ikisi ünvan 7ı fərdi yaşayış evləridir. Üçüncü şəxslərin qeydiyyatda olduqları ünvan iddiaçının mülkiyyətində olan ev deyildir, tamamilə başqa evdir. İddiaçı üçüncü şəxslərə münasibətdə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsində göstərilən əsaslardan hər hansı birini məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda üçüncü şəxslərin həmin ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün qanunda nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olmadığından cavabdeh inzibati orqanın üçüncü şəxsləri qeydiyyatdan çıxarmaqdan imtinası qanuni və əsaslı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Üçüncü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5658/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar