Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2560/2021 16.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçıların nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı (üçüncü şəxs "xxxx" MMC) “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2-1(112)-826/2021 saylı qərarından cavabdeh və 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının 17 dekabr 2019-cu il tarixli, A44-7 saylı qərarının tamamilə ləğv olunması və «Креветка карамель» əmtəə nişanının qeydiyyata alınmasına dair 2016 1207 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasına etiraz ərizəsi ilə müraciət edərək «Креветка карамель» adlı kombinasiya edilmiş əmtəə nişanının (2016 1207 nömrəsi ilə qeydiyyat) qeydiyyatının etibarsız sayılması barədə qərar verilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası 17 dekabr 2019-cu il tarixli, A44-7 saylı qərarı ilə verilmiş etirazı əsassız hesab etmiş və iddianı təmin etməmişdir. Rusiya Federasiyasının qanunvericiliyi əsasında fəaliyyət göstərən və Rusiya Federasiyası, Kursk şəhəri, Zolotaya küçəsi 13 ünvanında yerləşən İddiaçı1 (bundan sonra İddiaçı1) tərəfindən «Рачки-морячки» adlı əmtəə nişanı 30 iyul 2001-ci il tarixli iddia ərizəsinə əsasən 225576 nömrəsi ilə qeydiyyata alınmış və sonradan əmtəə nişanının qeydiyyatının qüvvədə olma müddəti 30 iyul 2021-ci il tarixədək uzadılmışdır. Ukrayna Respublikasının qanunvericiliyi əsasında fəaliyyət göstərən və Ukrayna Respublikasının Donetsk rayonu, Kostiantynovka şəhəri, İnternatsionalna küçəsi 460 ünvanında yerləşən İstehsalat Birliyi "xxxx" Xüsusi Səhmdar Cəmiyyəti (bundan sonra «Konti İB») tərəfindən Ukrayna Respublikasında «Рачки-морячки» adlı əmtəə nişanının qeydiyyata alınmasına dair 16 sentyabr 2013-cü il tarixində iddia ərizəsi verilmişdir və 23 dekabr 2013-cü il tarixində «Рачки-морячки» adlı əmtəə nişanı 180304 nömrəsi ilə Ukrayna Respublikasında əmtəə nişanı kimi qeydiyyata alınmışdır. Bundan əlavə “Рачкиморячки» adlı əmtəə nişanı 27 avqust 2013-cü il tarixdə tərəfindən Ümumdünya Əqli Mülkiyyət X3 üzrə beynəlxalq qeydiyyata alınmışdır. Əmtəə nişanının beynəlxalq qeydiyyatının tətbiq olunduğu ölkələr sırasına Azərbaycan da daxildir. Eyni zamanda «KOROĞLU” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) tərəfindən 30 və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə 02 sentyabr 2016-cı il tarixində 2016 00644 nömrəli qeydiyyata alınmasına dair iddia ərizəsi verilmişdir və 12 dekabr 2016-cı il tarixində «Креветка карамель» adlı əmtəə nişanı 2016 1207 nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçılar hesab edirlər ki, "xxxx" MMC «Креветка карамель» adlı əmtəə nişanını qeydiyyata alaraq, Konti İB-yə məxsus olan müəlliflik hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, Konti İB ilə X6 arasında imzalanmış «Рачки-морячки» adlı əmtəə nişanının təsvirinin yaradılması haqqında 08 aprel 2014-cü il tarixli aktlarda göstərilmişdir ki, «Рачки-морячки» adlı təsvirin müəllifi X4 və tərəflər arasında əmək müqaviləsinin tələblərinə və Ukrayna Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəlliflik hüquqları Ukrayna Respublikasının Konti İB-yə keçmişdir. «Ədəbi və X7 haqqında Bern Konvensiyası»nın 2-ci maddəsinin 1-ci bəndində «Ədəbi və Bədii Əsərlər» terminin açıqlanması verilmişdir. Həmin açıqlanmaya əsasən, əmtəə nişanlarının təsvir hissələri (qrafika, şəkillər) də qeyd edilmişdir. Sözügedən Konvensiyanın 2-ci maddəsinin 6-cı bəndində qeyd edilmişdir ki, bu maddədə göstərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. Bu qorunma müəllifin və onun varislərinin mənafeyi naminə həyata keçirilir. Həm Azərbaycan Respublikası, həm Rusiya Federasiyası, həm də Ukrayna Respublikası bu İttifaqın üzv ölkələridir. Beləliklə, İttifaqın üzv ölkəsində yaradılmış təsvir hissəsi həmçinin Azərbaycan Respublikasında qorunur. Eyni zamanda, «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin 1-ci bəndinə əsasən müəllif hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Həmin Qanunun 6-cı maddəsinə əsasən qrafika, dizayn, qrafik hekayələr və s. müəllif hüququnun obyekti olan əsərlər sayılır. Göründüyü kimi, Azərbaycan Respublikasının «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Qanuna əsasən «Рачки-морячки» adlı təsvir müəlliflik obyekti sayılır. Əmtəə nişanların təsviri hissələrindən görünür ki, müqayisə edilən əmtəə nişanları təsviri hissədən, rənglərin quraşmasından və sözlərdən ibarət yaradılmış əmtəə nişanlarıdır. «Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları»nın 29.8.2-ci bəndində qeyd edilmişdir ki, Kombinasiyalı nişanların (işarələrin) oxşarlığının təyini zamanı bu Qaydaların 29.6.1-29.6.5-ci və 29.7.1-29.7.3-cü bəndlərində göstərilən əlamətlərdən istifadə olunur, həmçinin həmin əlamətlərin mənasının eyni və ya oxşar elementlərlə iddia olunan nişanda (işarədə) olması tətbiq olunur. Əmtəə nişanların oxşarlığını müəyyən edərkən, “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.6.3-cü (“Qrafiki (görünüşlü) oxşarlıq”), 29.6.4-cü (“Məna etibarı ilə”), 29.6.5-ci (“Bu Qaydaların 29.6.1-29.6.4 bəndlərində göstərilənlərin hər biri istər ayrıca və istərsə də müxtəlif quraşmalarda (birləşmələrdə) nəzərə alına bilər”), 29.7.1-ci (“Təsviri və üçölçülü formalı nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə olunur”), 29.7.2-ci (“Təsviri və həcmi nişanların (işarələrin) oxşarlığı müəyyən edilir”), 29.8.1-ci (“Kombinasiyalı nişanın (işarənin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilirlər”), 29.8.2-ci (“Kombinasiyalı nişanların (işarələrin) oxşarlığının təyini zamanı bu Qaydaların 29.6.1—29.6.5 və 29.7.1—29.7.3-cü bəndlərində göstərilən əlamətlərdən istifadə olunur, həmçinin həmin əlamətlərin mənasının eyni və ya oxşar elementlərlə iddia olunan nişanda (işarədə) olması tətbiq olunur”), 29.9.1-ci (“Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır”) və 29.9.2-ci (“Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır”) bəndlərində göstərilən əlamətlər nəzərə alınmalıdır. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.3-cü maddəsinə əsasən, iddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. Müqayisəsi aparılan nişanlarındakı cüzi fərqlər də məhz həmin qəbildən olan fərqlərə aid olmaqla, nişanların qarışdırılacaq dərəcədə uyğunluğuna səbəb olur. «Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”na və yuxarıda göstərilmiş əmtəə nişanlarının müqayisə hissəsinə əsasən iddiaçılar hesab edirlər ki, «Рачки-морячки» adlı əmtəə nişanı və «Креветка карамель» adlı kombinasiya edilmiş əmtəə nişanı (2016 1207 nömrəsi ilə qeydiyyat) qarışdırılacaq dərəcədə bənzər olan nişanlardır. Koroğlu MMC-nin Konti ilə bilavasitə əlaqəsi var idi. Belə ki, Konti və Koroğlu MMC arasında qənnadı məmulatların təchizatı üzrə müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən, Koroğlu MMC Konti şirkətinin qənnadı məmulatlarının Azərbaycanda satışını təşkil edirdi. Konti şirkəti Koroğlu MMC-ni qənnadı məmulatlarının Azərbaycanda satışı məqsədi ilə təchiz edirdi və bu məmulatların arasında həmçinin «Рачки-морячки» adlı məhsul da mövcud idi. Kontiyə məxsus olan adlı məhsullar Azərbaycan Respublikasına Koroğlu MMC-yə məxsus «Креветка карамель» adlı əmtəə nişanın qeydiyyata alınmasından əvvəl idxal olunurdu. Belə ki, Koroğlu MMC Kontinin distribütoru olub və onun mallarını Azərbaycan Respublikasında təchiz edib və onun məhsulları ilə yaxından tanış idi. Nəticəyə gəlmək olar ki, Koroğlu MMC «Креветка карамель» adlı əmtəə nişanının qeydiyyata alınmasına dair iddia ərizəsini istehsalçılar və istehlakçılar arasında yanlış təəssüratın yaradılması məqsədi ilə vermişdir. «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin (f) bəndinə əsasən, istehlakçıları əmtəənin coğrafi mənşəyi ilə əlaqədar yanılda bilən nişanların qeydə alınmasına yol verilmir. Eyni zamanda «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin birinci hissəsinin (ç) bəndinə əsasən, əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanlarının qeydə alınmasına yol verilmir. Eyni zamanda, «Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası»nın 10 bis maddəsinə əsasən, sənaye və ticari əlaqələrdə qəbul edilmiş adətlərə zidd olan rəqabət aktı haqsız rəqabət aktı hesab olunur. Xüsusilə, rəqibin müəssisəsi, məhsulları, yaxud sənaye və ya ticari fəaliyyətiylə bağlı hər hansı bir üsulla qarışıqlıq yarada bilən fəaliyyətlər qadağan olunur. Göründüyü kimi, Koroğlu MMC Konti İB-yə məxsus olan və əvvəlcədən qeydiyyata alınmış «Рачкиморячки” adlı əmtəə nişanı ilə qarışdırılacaq dərəcədə bənzər olan «Креветка карамель» adlı əmtəə nişanın qeydiyyata alınmasına dair iddia ərizə vermiş və sonradan Azərbaycan Respublikasında satışını təşkil etmişdir. Koroğlu MMC «Креветка карамель» adı altında məhsulları Azərbaycan Respublikasında sataraq istehlakçılar və istehsalçılar arasında yanlış təəssürat yaratmışdır və bununla da Konti şirkətinin nüfuzuna zərər vurmuşdur. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası iddiaçılar tərəfindən təqdim olunmuş hesab-fakturaları və spesifikasiyaları araşdırmamışdır, halbuki həmin sənədlər əsasında «Рачки-морички” adlı məhsulun iddiaçı tərəfindən göndərildiyi, yəni "xxxx" MMC tərəfindən ölkəyə idxal edildiyini müəyyən etmək mümkündür. Apellyasiya şurası öz qərarında «Рачки-морячки” adlı kombinasiya edilmiş əmtəə nişanının təsvir hissəsini yaratmış müəllifi X5 və onun işəgötürəni Ukrayna Respublikasının İddiaçı2 XSC-nin müəlliflik hüquqları məsələsinə ümumiyyətlə toxunmamışdır. Cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, "xxxx" MMC-yə məxsus (“Креветка карамел”) təsviri əmtəə nişanı 30 və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə 20.10.2016-cı il tarixdə "xxxx" MMC-nin adına Azərbaycan Respublikasında 20161207 nömrə ilə qeydiyyata alınmışdır. “Рачки-морячки” əmtəə nişanı 29-cu sinif: “marmelad” və 30-cu sinif: “qəhvə, çay, qəhvəəvəzləyicisi, kakao» əmtəələri üzrə 30.07.2001-ci il tarixli ilkinliklə Rusiya Federasiyasında "xxxx" QSC-nin adına 225576 nömrə ilə 25.10.2002-ci il tarixdə qeydiyyata alınmışdır. “Рачки-морячки” əmtəə nişanı 25 dekabr 2013-cü il tarixdə 180304 nömrə ilə 30-cu sinif əmtəələri üzrə Ukrayna Respublikasında İstehsalat Birliyi "xxxx" xüsusi səhmdar cəmiyyətinin adına qeydiyyata alınmışdır. “Рачки-морячки” sözlü əmtəə nişanı 27.08.2013-cü il tarixdə İddiaçı1 JOİNT STOCK COMPANY adına 30-cu sinif əmtəələri üzrə ******* nömrə ilə beynəlxalq qeydiyyata alınmış və onun qeydiyyatı 07.11.2013-cü il tarixdə Azərbaycan Respublikasının ərazisində iddia edilmişdir. Nişan hazırda Azərbaycan Respublikası ərazisində qüvvədədir. İddiaçı1 SC tərəfindən “Рачки-морячки” kombinasiya edilmiş əmtəə nişanının Azərbaycan Respublikasında 30-cu sinifin əmtəələri üzrə qeydiyyata alınmasına dair 04 may 2018-ci il tarixdə iddia sənədi verilmiş, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində Patent və X1 Mərkəzi tərəfindən verilmiş əmtəə nişanının qeydiyyata alınmasının rədd edilməsi haqqında 15.01.2019-cu il tarixli bildirişdə "xxxx" MMC-yə məxsus 2016 1207 qeydiyyat nömrəli oxşar (Креветка карамел) əmtəə nişanının aşkar olunduğu qeyd edilmişdir. İddiaçı1 QSC və "xxxx" MMC arasında qənnadı məmulatlarının təchizatı üzrə 30 dekabr 2010-cu il tarixdə 893 nömrəli müqavilə imzalanmışdır. Sonradan əlavə razılaşmalara müqavilənin müddəti 31 dekabr 2016-cı il tarixədək uzadılmışdır. Apellyasiya şurasının sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 22 avqust 2019-cu il tarixli məktuba əsasən 2010-2016-cı illərdə İddiaçı1, “KONTİ İstehsalat Birliyi” və “Konti Ticarət Evi” tərəfindən “Рачки-морячки” adlı kombinasiya edilmiş əmtəə nişanlı qənnadı məmulatları "xxxx" MMC, "xxxx" MMC və NurQida MMC vasitəsilə Azərbaycan Respublikasına ixrac olunmamış və təqdim edilmiş 01.01.2016-31.12.2016-ci il tarixləri əhatə edən idxal sənədlərindən görünür ki, “Рачкиморячки” adlı kombinasiya edilmiş əmtəə nişanlı qənnadı məmulatlar "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına idxal edilməmişdir. İddiaçı1nə məxsus “Рачки-морячки” kombinasiya edilmiş əmtəə nişanının mənşə ölkəsi olan Rusiya Federasiyasında qeydiyyata alınmamışdır. Bu o deməkdir ki, ərizəçi "xxxx" Şirkəti “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsinə istinadən o zaman nişanın etibarsızlığını tələb edə bilər ki, mənşə ölkəsində lazımi qaydada qeydiyyata alınmış olsun. Təsvirə dair müəlliflik hüquqlarının yaradılmasına münasibətdə isə Apellyasiya şurası qeyd edir ki, həmin Qanunun 6-cı maddəsinin ikinci hissəsinin b) bəndinə əsasən, müəlliflik hüququ sahibinin və ya onun varisinin razılığı olmadan Azərbaycan Respublikasında məşhur elm, ədəbiyyat, incəsənət əsərləri, onların personajları, onlardan sitatlar və ya onların fraqmentlərini təkrar edən nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır. Yəni yalnız qeyd edilən halda əmtəə nişanının qeydiyyatı üçün müəlliflik hüququ sahibinin və ya onun varisinin razılığı tələb olunur. Odur ki, yaradılmış əsər müəlliflik hüququ obyekti kimi əmtəə nişanına qarşı qoyulan zaman “Ədəbi və X7 haqqında” Bern Konvensiyasının müddəaları məhz bu kontekstdə nəzərdən keçirilməlidir. “SİAR İNTELLİGENCE MMC” tərəfindən 2019-cu ilin iyul-avqust ayında keçirilmiş sorğu nəticəsində respondentlərin böyük hissəsinin 3 ildən artıq həmin nişanı tanıması qeyd edilən əsaslardan irəli gələrək nişanın qeydiyyatının etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29-cu maddəsini nəzərə alaraq, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı və 29-cu maddələrini rəhbər tutaraq, Apellyasiya şurası etiraz ərizəsini əsassız hesab etmiş və təmin olunmaması barədə qərar qəbul etmişdir. Qeyd olunanlara əsasən iddiaçının iddiasına etiraz edilir və Apellyasiya şurasının qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2-1(112)-826/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının A44-7 №-li, 17.12.2019-cu il tarixli qərarının ləğv edilməsi, “Креветка карамель” (təsviri) əmtəə nişanının qeydiyyata alınmasına dair 20161207 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Üçüncü şəxs "xxxx" MMC apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: 3-cü şəxsin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsində müəlliflik hüququ və əlaqəli hüquqların obyektləri hesab olunan əsasların dairəsi konkretləşdirilmiş və əmtəə nişanları bu Qanunun obyekti kimi nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmənin həmin Qanuna istinadı əsaslı sayıla bilməz. Həmçinin, birinci instansiya məhkəməsinin “Ədəbi və X7 haqqında Bern Konvensiyası”nın 2-ci maddəsinin 1-ci bəndinə və həmin maddənin 6-cı bəndinə istinadı da əsaslı hesab edilməməlidir. Konvensiyanın qeyd olunan maddəsi ədəbi və bədii əsərlərin dairəsini konkretləşdirmiş və əmtəə nişanlarını bu konvensiyanın predmeti kimi nəzərdə tutmamışdır. “Haqsız rəqabət haqqında” Qanununun 4-cü maddəsinə istinad da əsaslı sayıla bilməz. "xxxx" MMC qeyd olunan əmtəə nişanını qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçirmişdir. "xxxx" MMC «Креветка карамель” kombinasiya olunmuş əmtəə nişanına şəhadətnamənin verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət olunan vaxt həmin əmtəə nişanının ilkin ekspertizası keçirilmiş, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasında baxılan zaman təkrar araşdırma aparmaqla iddiaçıya məxsus əmtəə nişanı ilə "xxxx" MMC-yə məxsus əmtəə nişanı arasında oxşarlığın olmadığı və bu nişanların fərqli olduğu müəyyən olunmuşdur. Lakin birinci instansiya məhkəməsi iş üzrə müvafiq məhkəmə ekspertizası təyin etməli olduğu halda bunu etməmiş və özü ekspert qismində çıxış edərək bu nişanların, yəni mövcud olan nişanla mövcud olmayan nişanın oxşar olduğunu müəyyən edə bilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi hazırkı işə birtərəfli qaydada yanaşmış, nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 22 avqust 2019-cu il tarixli müşayiət məktubu ilə təqdim edilmiş 2010-2016-cı illəri əhatə edən idxal sənədlərində “RAÇKl-moryaçki” əmtəə nişanlı qənnadı məlumatlarının "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına idxal edilmədiyi qeyd olunmuşdur. Bundan başqa, həmin məktubda 2010-2016-cı illərdə , İddiaçı1 (Rusiya Federasiyası), "xxxx" İstehsalat Birliyi (Ukrayna) və "xxxx" Ticarət Evi (Ukrayna) tərəfindən «RAÇKl-moryaçki» əmtəə nişanlı qənnadı məhsullarının "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC vasitəsilə Azərbaycan Respublikasına ixrac olunmadığı qeyd olunduğu halda birinci instansiya məhkəməsi bu hissədə də sübutlara özünəməxsus formada yanaşmış və sübutları düzgün qiymətləndirməmiş, nəticədə ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi Vəkil apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmaqlarına baxmayaraq iş üzrə cavabdehin və 3-cü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. "xxxx" İB ilə X6 arasında imzalanmış “Рачки-Морячки” adlı əmtəə nişanının təsvirinin yaradılması barədə 08 aprel 2014-cü il tarixli aktdan görünür ki, “Рачки-Морячки” adlı təsvirin müəllifi X4 və tərəflər arasında əmək müqaviləsinin tələblərinə və Ukrayna Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəlliflik hüquqları Ukrayna Respublikasının Konti İB-nə keçmişdir. Azərbaycan Respublikasında əmtəə nişanının qeydə alınması barədə 04.05.2018-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı1 iddia sənədində göstərilmiş nişanın (işarənin) əmtəə nişanı kimi qeydə alınmasını xahiş etmişdir. Nişan şifahi və qrafik hissələrindən ibarətdir. Nişanın şifahi hissəsində rus dilində “Рачки-Морячки” sözləri yazılıb. Azərbaycan dilinə “Рачки-Морячки” sözləri “XərçənglərDənizçilər” kimi tərcümə olunur. Nişanın qrafik hissəsinin sağ və sol tərəfindən xüsusi formalı zolaqlar müşahidə olunur. Nişanın qrafik hissəsinin mərkəzində isə xərçəng “Морячки” sözün “O” hərfin içində müşahidə olunur. Rəng və ya rəng kombinasiyası: ağ, göy, qırmızı, sarı, mavi, açıq mavi, tünd göy. Sinif 30: qənnadı məmulatları; konfet; karamel; karamel (konfet); şirniyyat; şokolad; pomadka (qənnadı məmulatları); praline; meyvəli jele məmulatları (qənnadı); şokoladda qoz. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Patent və X1 Mərkəzi tərəfindən verilmiş 15.01.2019-cu il tarixli, “Əmtəə nişanının qeydiyyata alınmasının rədd edilməsi haqqında” bildirişin surətindən görünür ki, 2018 00538 №-li iddia ərizəsinın ekspertizası nəticəsində müəyyən olunmuşdur ki, o 30-cu sinif əmtəələri üzrə əmtəə nişanı kimi qeydə alına bilməz. Belə ki, ekspertiza zamanı ƏXBT-nin 30-cu sinfi üzrə Azərbaycan Respublikasında öncə qeydiyyatdan keçmiş oxşar əmtəə nişanı aşkar edilmişdir. Şəhadətnamənin № 2016 1207, iddia sənədinin № 2016 00644, əmtəə nişanı “Креветка карамель”, ilkinliyin tarixi 02.09.2016., ƏXBT-nin sinifləri 30, 35, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, AZ 1040 Bakı şəhəri, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov 17 A. İddiaçıların səlahiyyətli nümayəndəsi tərəfindən cavabdehə ünvanlanmış 30.05.2019-cu il tarixli məktubdan və ərizədən görünür ki, Креветка карамель” adı altında 2016 1207 nömrəsi ilə qeydiyyata alınmış əmtə nişanının qeydiyyatına qarşı ərizə təqdim edilmişdir. X2 “Креветка карамель” adlı kombinasiya edilmiş əmtəə nişanının (2016 1207 nömrəsi ilə qeydiyyat) qeydiyyatının etibarsız sayılması xahiş edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən cavabdehə ünvanlanmış 1000-170/170-24/018181 №-li, 22.08.2019-cu il tarixli məktubun surətindən görünür ki, 2010-2016-cı illərdə İddiaçı1 (Rusiya Federasiyası), "xxxx" İstehsalat Birliyi (Ukrayna) və "xxxx" Ticarət Evi (Ukrayna) tərəfindən məktubda göstərilən mallar "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) vasitəsilə Azərbaycan Respublikasına ixrac olunmamışdır. Məlumat üçün bildirilmişdir ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasında idxal və ixrac olunan malların kodlaşdırılması Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası əsasında aparılır. Həmin nomenklaturada malların əmtəə nişanı üzrə kodlaşdırılması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən cavabdehə ünvanlanmış 1000-170/170-24/000652 №-li, 11.01.2019-cu il tarixli məktubun surətindən görünür ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən İddiaçı1 (Rusiya Federasiyası), "xxxx" İstehsalat Birliyi (Ukrayna) və "xxxx" Ticarət Evi (Ukrayna) tərəfindən Azərbaycan Respublikası ərazisinə "xxxx" MMC (VÖEN: **********) vasitəsilə 2016-cı il ərzində "xxxx" nişanlı malların idxal olunması barədə məlumatlar təqdim edilir. Məlumat üçün bildirilmişdir ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasında idxal və ixrac olunan malların kodlaşdırılması Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası əsasında aparılır. Həmin nomenklaturada malların əmtəə nişanı üzrə kodlaşdırılması nəzərdə tutulmamışdır. Həmin məktuba əlavə edilmiş gömrük bəyannamələri əsasında rəsmiləşdirilən ixrac və idxal əməliyyatları haqqında məlumatdan görünür ki, 01.01.2016-cı ildən 31.12.2016-cı ilədək olan hesabar dövrü üzrə "xxxx" MMC-nin ünvanına «KONTİRUS» Səhmdar cəmiyyəti (Rusiya Federasiyası), "xxxx" İstehsalat Birliyi (Ukrayna) və "xxxx" Ticarət Evi (Ukrayna) tərəfindən müxtəlif adlarda şirinyyat məhsulları göndərilmişdir. - Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Apellyasiya Şurasının A44-7 №-li, 17.12.2019-cu il tarixli qərarından görünür ki, "xxxx" MMC-yə məxsus 2016 1207 qeydiyyat nömrəli əmtəə nişanının 30-cu və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə qeydiyyatına qarşı İddiaçı1, İddiaçı2 və “Ticarət Evi Konti məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi Fuad Qəşəmov tərəfindən verilmiş etiraz ərizəsi təmin edilməmişdir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. Həmin Qanunun 25-ci maddəsinə əsasən, əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. Əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Normaların məzmunundan göründüyü kimi, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanun istər Azərbaycan Respublikasında bilavasitə qeydə alınan, istərsə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanlarını və coğrafi göstəriciləri eyni dərəcədə mühafizə edir. Bu səbəbdəndir ki, qeydə alınmış əmtəə nişanının sahibi əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olmadığı təqdirdə də yanlış təsəvvür yarada bilən nişanın qadağan olunmasını tələb edə bilər. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.3-cü maddəsinə əsasən, iddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır və eyni zamanda 29.6.1- 29.6.3-cü maddələrinə əsasən, sözlərdən ibarət nişanların oxşarlığı səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) oxşarlıqlarla müəyyən edilir. “Ədəbi və X7 haqqında Bern Konvensasiyası”na müvafiq olaraq İttifaqın istənilən üzv ölkəsində yaradılmış əsərlər bütün üzv ölkələrdə, o cümlədən Azərbaycanda qorunur. “Рачки-морячки” adlı kombinasiya edilmiş əmtəə nişanlarının təsvir hissələri 08 aprel 2014-cü il tarixdə Ukrayna Respublikasının Kiyev şəhərində X6 tərəfindən onun işəgötürəni "xxxx" İB tapşırığı ilə yaradılmışdır və bu barədə 08 aprel 2014-cü il tarixli akt tərtib olunmuşdur. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 1-ci bəndinə əsasən, müəllif hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur. “Ədəbi və X7 haqqında Bern Konvensiyası”nın 2-ci maddəsinin 1-ci bəndinə əsasən “Ədəbi və bədii əsərlər” termini hansı üsulla və formada ifadə olunmasından asılı olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri, o cümlədən: kitab, broşura, başqa yazılı əsərləri; mühazirə, müraciət, nitq və başqa bu tipli yaradıcılıq əsərlərini; dram, musiqili-dram əsərlərini; xoreoqrafiya əsərlərini və pantomimaları; mətnli və ya mətnsiz musiqili əsərləri; kinematoqrafiya əsərlərini, kinematoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; rəsmləri, rəngkarlıq əsərlərini, memarlıq, heykəltəraşlıq, qrafika və litoqrafiya işlərini; fotoqrafiya əsərlərini, fotoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; tətbiqi sənət əsərlərini; coğrafiya, topoqrafiya, memarlıq və elmə aid olan illüstrasiyaları, coğrafi xəritələri, planları, eskizləri və plastik əsərləri əhatə edir.” Maddənin 6-cı bəndinə əsasən bu maddədə göstərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. Bu qorunma müəllifin və onun varislərinin mənafeyi naminə həyata keçirilir. 14 sentyabr 1995-ci ildə Azərbaycan Respublikasının qoşulduğu “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın 6-cı maddəsinin 3-cü bəndində qeyd edilir ki, İttifaqın hər hansı ölkəsində lazımi şəkildə qeyd edilmiş işarə mənşə ölkəsi də daxil olmaqla başqa ölkələrdə qeyd edilmiş işarələrdən asılı olmayan kimi nəzərdə tutulur. 6 bıs maddəsi (İşarələr: məlum əmtəə işarələri) (l) İttifaq ölkələri məlum ölkənin qanunvericiliyi imkan verirsə, ya müdiriyyətin təşəbbüsü ilə, ya da marağı olan şəxsin ərizəsi əsasında əmtəə nişanının qeydiyyatını etibarsız hesab edib onun tətbiqini qadağan edə bilər. Bu o halda mümkündür ki, əmtəə nişanı başqa nişanın təzələnməsi, təqlidi, yaxud tərcüməsi olmuş olsun və qeydiyyat ölkəsinin, yaxud tətbiq olunan ölkənin səlahiyyətli orqanının müəyyən etdiyinə görə artıq bu Konvensiyanın üstünlüyündən istifadə edən şəxsin məlum olan və eyni, yaxud oxşar işarəsi ilə qarışıq düşmək imkanı yaratmış olsun. Bu vəziyyət o halda mümkündür ki, işarənin əhəmiyyətli tərkib hissəsi elə məlum işarənin təzələnməsi, yaxud təqlidi olsun ki, nəticədə bu onunla qarışıq düşmək imkanı yaratmış olsun. 6-serties maddəsi (İşarələr: sahibkarın icazəsi olmadan onun agenti, yaxud nümayəndəsi tərəfindən qeydiyyat) A.(1) Sənaye mülkiyyətinin mühafizəsi üzrə “Paris Konvensiyası”nın üzv ölkələrinin hər hansı birində nişan sahibi olan şəxsin müvəkkili və ya nümayəndəsi (distributoru), həmin nişan sahibinin icazəsi olmadan, “Konvensiyanın” həmin üzv ölkələrinin birində və ya bir neçəsində, həmin nişanı öz adına qeydiyyata alınması üçün təqdim edərsə, nişan sahibi qeydiyyata təqdim edilmiş nişana qarşı çıxmaq və ya onun ləğv edilməsinə və ölkə qanunvericiliyi ilə bu nəzərdə tutulmuşsa, həmin qeydiyyatın onun sahibliyinə verilməsi hüququna malikdir, bir şərtlə ki, həmin müvəkkil və ya nümayəndə (distributor) öz hərəkətinə bəraət qazandıran sübutlar təqdim etməsin. “Əmtəə nişanı və coğrafi göstəricilər haqqında” Qanunun 6-cı maddəsində qeyd edilir ki, aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır:...ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri)... “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin digər əsasları adlanan 5-ci bəndində qeyd edilir ki, aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar (işarələr) əmtəə nişanı kimi qeydə alınmır (Qanunun 6-cı maddəsinə uyğun olaraq):...b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq, Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları;... ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr, yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları... “Əmtəə nişanı və coğrafi göstəricilər haqqında” Qanunun 25-ci maddəsinə əsasən, əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Həmin Qanunun 29-cu maddəsində qeyd edilir ki, əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir:... Əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılara mənsub “РачкиМорячки” adlı kombinasiya edilmiş əmtəə nişanı Azərbaycan Respublikasında qeydə alınmasa da, Azərbaycan Respublikasının qoşulduğu “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”na əsasən mühafizə olunur. Əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında oxşar əmtəələr onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır. Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə (distrubuterinə) onun istifadəsinə icazə verilmədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Əmtəə nişanı qüvvədə olduğu müddətdə “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə, şəhadətnamə etibarsız sayılır. “Paris Konvensiyası”nın üzv ölkəsi olan Azərbaycan Respublikasında nişan sahibi olan üçüncü şəxs əvvəllər həm də iddiaçıların Azərbaycan Respublikasında distributeri olmuş, onlara mənsub malların satışı və dağıtımı ilə məşğul olmuşdur. Bundan başqa, birinci instansiya məhkəməsi qərarında göstərmişdir ki, məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi iddiaçılar ilə aralarında qənnadı məmulatların təchizatı üzrə müqavilələr bağlandığını inkar edərək müqavilələrin etibarsız olduğunu bildirsə də buna dair sübut təqdim edə bilməmiş, bununla yanaşı iş materiallarından, tərəflərin izahatlarından, həmçinin inzibati orqanda həyata keçirilmiş icraat zaman toplanılmış icraat materiallarından da aydın olur ki, tərəflər arasında müqavilə münasibətləri olmuş və bu münasibətlər çərçivəsində təchiz olunan qənnadı məmulatları arasında iddiaçılara məxsus “Рачки-Морячки” konfetləri də olmuşdur. “Рачки-Морячки” adlı məhsulun iddiaçı tərəfindən "xxxx" MMC-yə göndərildiyi, yəni "xxxx" MMC tərəfindən ölkəyə idxal edildiyi müəyyən edilmişdir. Üçüncü şəxsə məxsus «Креветка карамель» əmtəə nişanı iddiaçılara mənsub “Рачки-Морячки” nişanın təqlidi olmuşdur. İddiaçıların üçüncü şəxsə verilmiş «Креветка карамель» nişanının qeydiyyatını etibarsız hesab edib onun tətbiqini qadağan etmək hüququ olmuşdur. Üçüncü şəxs iddiaçıların razılığı olmadan onlara mənsub konfetin təsvirindən istifadə etməklə Azərbaycan Respublikasının ərazisində onun istehsalı ilə məşğul olub qanunsuz olaraq əmtəə nişanı almışdır. Birinci instansiya məhkəməsində icraat zamanı əmtəə nişanlarının müqayisəsini aparan məhkəmə haqlı olaraq hesab etmişdir ki, xarici görünüşünə görə bir-birindən fərqləndirilməsi mümkün olmayan dərəcədə oxşar (xərçəng) görnüşə və formaya malikdir. Adi gözlə vizual olaraq baxdıqda hər iki məhsul tamamilə eyin təsəvvür yaradır. Yəni, "xxxx" MMC-nin adına qeydiyyata alınmış “Креветка карамель” əmtəə nişanı ilə iddiaçılara məxsus “Рачки-морячки” əmtəə nişanının təsviri qarışdırılacaq dərəcədə bənzərdir və onları bir-birindən fərqləndirmək mümkün deyildir. “Haqsız rəqabət haqqında” Qanunun 1-ci maddəsinə görə haqsız rəqabət-bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətlərdir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir: rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patentlisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Azərbaycan Respublikasının 14.09.1995-ci ildən qoşulduğu “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın, 27.11.1998-ci qoşulduğu “Ədəbi və X7 haqqında” Bern Konvensiyasının müddəaları nəzərə alınmaqla iddiaçıların ərizəsi əsasında əmtəə nişanının qeydiyyatının ləğv edilməsindən cavabdeh orqanın imtinası əsassız olmuşdur. Ona görə də cavabdehin apellyasiya şurasının qərarının ləğv olunması və əmtəə nişanının üçüncü şəxsin adına qeydiyyata alınmasına dair şəhadətnamənin etibarsız sayılması barədə iddia tələbi əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh və 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2-1(112)-826/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-2560/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2560/2021
16.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver