Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2560/2023 24.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “ərizəyə cavab verilməsi və ərizəçinin qəbul edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6231/2023 saylı, 13 aprel 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi tərəfindən qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2022ci il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinə ünvanladığı ərizənin rəsmi qaydada cavablandırılması və onun idarə rəisi tərəfindən qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ləğv prosesində olan "xxxx" ASCnin əmanətçisi olmuşdur. Xətai Rayon Məhkəməsinin 2(011)-6861 saylı, 28 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilmiş, "xxxx" ASC-dən xx.xx.2014-cü il tarixli, 201S10F142460001 saylı sığortalı əmanət (depozit) hesabı haqqında müqaviləyə əsasən, 40000 ABŞ dolları, vurulmuş mənəvi ziyana görə 500 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat onun xeyrinə tutulması barədə qərar qəbul etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-6861 saylı, 28 sentyabr 2015-ci il tarixli qətnaməsindən qarşılıqlı apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8344 saylı, 17 dekabr 2015-ci il tarixli qətnaməsi ilə iddia mənəvi ziyan tələbinin təmin edilən hissəsində ləğv edilmiş, qətnamə qalan hissədən dəyişdirilmədən saxlanılmışdır. Bu günə qədər Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8344 saylı, 17 dekabr 2015-ci il tarixli qətnaməsi icra edilməmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Müseyib Bayramovun 2-1(81)-1541/2016 saylı, 10 fevral 2016-cı il tarixli qərarı ilə "xxxx" ASC müflis elan olunmuşdur. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı, 10 aprel 2016-cı il tarixli qərardadı ilə "xxxx" ASCnin Ləğvedici qismində təyin olunmuş "xxxx" MMC, Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, "xxxx" ASC-nin xx.xx.2015-ci ilin İV rübündə ƏSF və Mərkəzi Banka verdiyi məlumata görə fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya hissəsi 79 000 000 mln manat təşkil etdiyi halda, sığorta hadisəsi baş verəndən sonra bankın müvəqqəti inzibatçısı tərəfindən xx.xx.2016-ci il tarixində ƏSF-na təqdim edilmiş reyestrdə ********* mln manat təşkil etmişdir. İlkin araşdırma göstərir ki, 67 000 000 mln manat məbləğində hüquqi və fiziki şəxslərin iri depozitləri hesabdan məxaric edilmiş və yenidən bölüşdürülmüşdür. xx.xx.2016-ci il tarixində bankın əməliyyat sisteminin tarixi yenidən xx.xx.2016-ci il tarixinə qaytarılmaqla 67 000 000 manat əmanətlərin bölüşdürülməsi 26 500 000 manat kreditlərin əvəzləşdirilməsi, 15 000 000 manat kreditin balansdan əsassız silinməsi (bu vəsaitin 12000000 manatı "xxxx" ASC-nin səhmdarı E.Əliyev və onun oğludur) əməliyyatları edilmiş, sistemə müdaxilə nəticəsində bankın balansında 30 900000 manat uyğunsuzluq yaranmışdır. Bu kompensasiya ödənişi zamanı vəsaitlərin çox hissəsi etibarnamə əsasında alınmışdır. Bu barədə 2021-ci ilin birinci rübündə Bakı Apelyasiya Məhkəməsinin hakimi X6 tərəfindən hesabat təqdim edilmiş, hakim də bu ləğv planını təsdiq etmişdir. ƏSF 2021-ci ilin ikinci rübünün hesabatında bu barədə, Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edildiyini bildirilir. Eyni zamanda ƏSF hesabatlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə araşdırılması üçün ötürülmüş işlərin sayının 571, məbləğinin isə 118 926 063 manat təşkil etdiyini qeyd edilir. Qeyd edilən ciddi qanun pozuntusu törətmiş, Azərbaycan Respublikasının Mərkəzi Bankının, Əmanətlərin Sığortalanması Fondunun bu işdə cavabdeh olan məsul şəxslərinin müəyyən edilərək və "xxxx" ASC-nin səhmdarları X5 (87.0652%), X3 (8.0373%), X2 (4.8975%) qarşı cinayət işinin açılması barədə dəfələrlə Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinə və qaynar xəttə rəsmi müraciət etməyinə baxmayaraq bu günə qədər ərizəsinə münasibət bildirilməmişdir. Eyni zamanda ərizəsində onu bu işlə bağlı idarə rəisinin qəbul etməsini xahiş etsə də, uzun müddət keçməsinə baxmayaraq xahişinə münasibət bildirilməmişdir. Bununla da hesab edir ki, “Vətəndaşların müraciətinə baxılması haqqında” Qanunun 10.1-ci maddəsinin tələbləri, Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən kobud surətdə pozulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6231/2023 saylı, 13 aprel 2023-cü il tarixli qərardadı (hakim M.Qarayeva) ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərardadın ləğv edilib, iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının ərizəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə cavab verilməmişdir, belə ki, dəfələrlə cavabdehin inzibati binasına gedərək ərizəyə nə vaxt cavab verəcəklərini soruşmuş, cavabdeh orqan isə hələ araşdırma aparıldığını və cavabın hələ hazır olmadığını bildirmişdir, "xxxx" MMCnin 3 saylı Poçt Filialının 11 may 2023-cü il tarixli, 3PF-1-39 saylı məktubundan da göründüyü kimi onun ünvanına Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən xx.xx.2022ci il tarixindən xx.xx.2023-cü il tarixinədək heç bir rəsmi məktub daxil olmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(112)-6231/2023 saylı sorğusuna cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində cavab verilmişdir. Cavab məktubundan göründüyü kimi onun ərizədə qeyd etdiyi cinayət faktı ilə bağlı bir cümlə belə yazılmayıbdır. Bu faktın özü elə cavabdeh tərəfindən iddiaçının ərizəsinə cavab verilmədiyini bir daha sübut edir. İddia ərizəsində bəzi məqamları qeyd etməkdə məqsədi bu iddianın haradan qaynaqlandığını və subyektiv hüququnun olub-olmamasını məhkəmənin nəzərinə çatdırmaq idi. Məhkəmənin iddianın mümkün sayılmaması barədə gətirdiyi arqumentlərdən biri də iddiaçının vəzifəli şəxslər barədə cinayət işinin başlanması barədə inzibati orqanın cinayət prosessual fəaliyyəti ilə bağlı olan tələbinə də inzibati məhkəmə icraatı qaydasında baxıla bilməməsidir. Axı o, iddia ərizəsində məhkəmədən belə bir xahiş etməmişdir. Çox təəssüf ki, məhkəmə iddianın mümkün sayılmaması üçün qanunun bütün maddələrini tətbiq etməyə çalışır. Məhkəmə qərardadında qeyd edir ki, iddiaçının hüquqi marağı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8344 saylı, 17 dekabr 2015 -ci il tarixli icra vərəqəsinin tam icra edilməsidir. Ərizəçi isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə müraciət etməmiş, ayrıca inzibatı qaydada ərizə vermişdir. Belə iddialar inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir. Məhkəmənin bu mövqeyi ilə də razı deyildir. Bu hakimin subyektiv fikridir. O, apellyasiya məhkəməsinin 2(103)-8344 saylı, 17 dekabr 2015-ci il tarixli icra vərəqəsinin icra edilməməsi barədə dəfələrlə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına müracət etmişdir. Məhkəməyə ünvanladığı xx.xx.2023cü il tarixli iddia ərizəsində, xx.xx.2022-ci il tarixli məktubuna cavabdeh tərəfindən cavab verilmədiyini, AR X1 Baxılması haqqında Qanunun 10.1-ci maddəsinin tələblərinin kobud surətdə pozulmasını qeyd edir. Ərizəyə cavabdeh tərəfindən rəsmi cavab istəyir. Nəticəsindən asılı olaraq növbəti hüquqi addımlar atılacaqdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, təmin olunmasını, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə əsaslı və qanuni olmuşdur. Məhkəmə Kollegiyası qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkünlük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır (10.1). İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır (11). Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İddia ərizəsinin məzmununa görə iddiaçı onun müraciətinə münasibətdə cavabdehin hərəkətsizliyindən şikayətlənir. Belə ki, iddiaçı cavabdeh qismində Azərbaycan Respublikasının Baş prokurorluğunu qeyd etməklə son olaraq iddia tələbini dəyişdirərək Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinə ünvanladığı ərizəsinə cavab verilməsinin təmin edilməsi və onun idarə rəisi tərəfindən qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı da ərizəsinə cavab verilməsi və idarə rəisi tərəfindən qəbul edilməsi üçün məhz Baş Prokurorluq tərəfindən razılıq verilməli olduğunu, bu əsasla onu cavabdeh qismində qeyd etdiyini bildirdi. Beləliklə, iddiaçının tələbi iki hissədən ibarətdir:
1. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinə ünvanladığı ərizəsinə cavab verilməsinin təmin edilməsi;
2. İdarə rəisi tərəfindən qəbul edilməsi. Məhkəmə kollegiyası qeyd edir ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.1 və 3.0.6-cı maddələrinə əsasən müraciət edən şəxs dedikdə, fiziki və ya hüquqi şəxs; müraciətə baxan subyekt dedikdə isə, fiziki və hüquqi şəxslərin müraciətlərinə baxmaq və qərar qəbul etmək səlahiyyəti olan dövlət və bələdiyyə orqanları, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları başa düşülür. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiya qanunlarında, başqa qanunlarda, onların əsasında qəbul edilmiş digər normativ hüquqi aktlarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunun müddəaları vətəndaşların bütün müraciətlərinə şamil edilir. Sözügedən Qanunun tələblərinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır (7.1). Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. (7.5). Müraciətin baxılmamış saxlanılması, qismən təmin edilməsi və ya rədd edilməsi barədə qərar qəbul olunduqda, müraciət edənə cavab məktubunda həmin qərardan şikayət verilməsi qaydası izah edilir (7.8). Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır (10.1). Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır (10.4). Bu Qanunun 10.1-10.3-cü maddələrində göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır (10.5). Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər (12.1). Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər (12.2). Müraciətə baxan subyektlərin vəzifəli şəxsləri vətəndaşların müraciətlərinə baxarkən müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılmasını təmin etməlidirlər; məsələnin mahiyyətini öyrənməli və onun həlli üçün lazımi sənədləri tələb etməlidirlər; müraciətə baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı formada məlumat verməli, müraciət təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər; müraciətlər barəsində əsaslandırılmış qərarların qəbul edilməsini və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin etməlidirlər (12.3.1-12.3.4). Müraciətinə baxılan vətəndaşın bir sıra, o cümlədən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır (14.0.8). Oxşar müddəalar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda da öz əksini tapmışdır. Belə ki, həmin Qanuna görə hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsaslardan biri kimi müəyyən edilmişdir (20.1, 28.1.1). Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir (52.1). Maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər (66). Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər (71.1, 71.2). Qeyd olunan maddi hüquq normalarının tələblərinin hazırki iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətinə tətbiqi nəticəsində müəyyən olunur ki, cavabdeh orqan iş üzrə iddiaçının ərizəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxaraq cavab vermişdir. Belə ki, iş üzrə apellyasiya baxışı zamanı da məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli cavab məktubundan aydın olur ki, iddiaçının "xxxx" ASC-nin müvəqqəti inzibatçılarının qanunsuz əməlləri nəticəsində öz əmanətini tam şəkildə ala bilməməsinə dair çoxsaylı müraciətlərinə baxılmış və xx.xx.2023-cü il tarixli 2-2-021212-2412/2023 saylı məktubla cavab verilmişdir. İddiaçı Sədrlik edənin sualına cavab olaraq ona cavab məktubunun daxil olmadığını bildirdi, lakin daxil olmuş olsa belə qeyd edilən məzmunlu cavabla mahiyyəti üzrə razılaşmadığını məhz "xxxx" ASC-nin məsul şəxsləri barəsində cinayət əmələrinin aşkara çıxarılması üçün idarə rəisi tərəfindən qəbul edilməli olduğunu qeyd etdi. Qanunverici digər ümumi mümkünlük şərtləri ilə yanaşı iddianın xüsusi mümkünlük şərtini - iddiaçının kifayət qədər marağının olmasını müəyyən etmişdir. Ümumi mümkünlük şərtlərinə əlavə olaraq imperativ xüsusi şərt birlikdə mövcud olduğu halda iddia mümkün sayıla bilər. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün deyildir). İddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Subyektiv hüququn pozulması haqqında şərt də məhz bunda ehtiva olunur. İddiaçının iddia ərizəsindən, apellyasiya şikayətindən və apellyasiya icraatı zamanı vermiş olduğu izahatından aydın olur ki, onun hüquqi marağı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(103)-8344/2015 nömrəli icra vərəqəsinə əsasən cavabdeh "xxxx" ASC-dən onun xeyrinə 40000 ABŞ dolları məbləğində pul vəsaitinin tutulmasının tam icra edilməsidir. Ərizəçi isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə müraciət etməmiş, ayrıca inzibati qaydada ərizə vermişdir. Belə iddialar (şikayətlər) inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir. İnzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə İPM-in 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Digər tərəfdən isə “İnzibati icraat haqqında” Qanunun 3.2.1.,3.2.2-ci maddələrinə görə bu Qanun cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Göründüyü kimi iddiaçının vəzifəli şəxslər barədə cinayət işinin başlanması barədə inzibati orqanın cinayət prosessual fəaliyyəti ilə bağlı olan tələbinə də inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Bundan əlavə iddiaçı öz tələbində idarə rəisi tərəfindən qəbul edilməsini tələb edir ki, bu zaman da hüquqi marağı məhz AR Mərkəzi Bankının, Əmanətlərin Sığortalanması Fondunun məsul şəxslərinə və "xxxx" ASC-nin səhmdarlarına cinayət işinin açılıbaçılmamasına aydınlıq gətirilməsi ilə bağlıdır. Qeyd edilən tələbə münasibətdə də kollegiya nəzərə çatdırır ki, prokurorluq orqanlarında vətəndaşların müəyyən olunmuş qrafiklər üzrə qəbul edilməsi müvafiq qəbul qaydalarına uyğun təşkil edilir. Vətəndaşların müraciəti ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməsi tələb edildikdə prokurorluq orqanlarının müvafiq vəzifəli şəxsləri onları dərhal qəbul etməlidirlər. Göründüyü kimi, vətəndaşların idarə rəisi tərəfindən qəbul qaydası inzibati orqanın diskresion səlahiyyətlərinə aiddir. Formalaşmış məhkəmə təcrübəsinə əsasən, diskresion səlahiyyətlərin icrası nəticəsində qəbul edilmiş inzibati aktların qanuniliyinə qiymət verilərkən inzibati orqanın malik olduğu diskresion səlahiyyəti mövcud qanunvericiliklə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirib-keçirmədiyi yoxlanılmalı, xüsusilə də hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin mövcud olub-olmadığı və bununla bağlı, inzibati orqanın öz qərarını əsaslandırarkən istinad etdiyi halların yuxarıda sadalanmış qanunvericilik normalarının müddəaları baxımından mövcud olub-olmadığı işə baxan məhkəmə tərəfindən mütləq araşdırılmalıdır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. Nəzərə almaq lazımdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. Hazırki işdən isə aydın olur ki, iddiaçının bankda olan əmanətinin tam şəkildə ala bilməməsi ilə bağlı müraciətinə müvafiq qaydada cavab verilmiş, bankın müflis olması ilə bağlı məhkəmə qərarının əsaslılığının yoxlanılması ilə əlaqədar qanunvericiliyin tələbinə əsasən yuxarı instansiya məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakterli olmaqla əsassız olduğundan, birinci instansiya məhkəməsinin mahiyyəti üzrə əsaslı olan qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır.
NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6231/2023 saylı, 13 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.