Məhkəmə qərarları › İş №2-1(103)-2560/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2560/2024

01.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2560/2024 01.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1557/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2023-cü il tarixli **********106700 nömrəli qərarının ləğv edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Cəmiyyətə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********106700 nömrəli Qərara əsasən 2023-cü ilin aprel ayına ƏDV üzrə 20,895.70 manat əlavə vergi məbləği hesablanmışdır. Aşağıda qeyd olunanlara əsasən cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cu il tarixli **********106700 nömrəli qərarı qanunsuz və əsassız hesab edirlər. Mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarda hesablamaya səbəb olaraq göstərilmişdir ki, “2023-cü il ərzində metal tullantılarının alışı zamanı qanunvericiliyin qeyd edilən tələblərinin pozulması halları davam etmiş və vasitəçi şəxslərdən metal tullantılarının alınması müəyyən edilmişdir”. Həmçinin cəmiyyətə ünvanlanmış xx.xx.2023-cü il tarixli **********783900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub"da qeyd edilmişdir ki, “əvvəlki dövrlər üzrə Cəmiyyətin qarşılıqlı əməliyyatların təhlili zamanı qanunvericiliyin tələbləri pozulmaqla metal tullantılarının birbaşa qanuni sahibliyində olmayan şəxslərdən alınması halları aşkar olunmuş və bununla bağlı Cəmiyyətə xəbərdarlıq məktubu ünvanlanaraq qanunla müəyyən edilmiş məsuliyyət tədbirləri barədə məlumat verilmişdir. Buna baxmayaraq 2023-cü ilin mart ayı ərzində də metal tullantılarının alışı zamanı qanunvericiliyin qeyd edilən tələblərinin pozulması halları davam etmiş və siyahısı aşağıda qeyd edilən vasitəçi şəxslərdən metal tullantılarının alınması davam etdirilmişdir. “X3” QSC (VÖEN 137971001, ƏDV-siz dəyəri 127411.2, ƏDV məbləği 22934,02 manat. Qeyd olunan əməliyyatlar nəticəsində qanunvericiliyin tələbi pozulmaqla əldə edilmiş sənədlər əsasında Cəmiyyət tərəfindən əsassız əvəzləşmə məbləği əldə edilməsi ehtimalı yaranmışdır”. Qeyd edir ki, müəssisə istehsal fəaliyyətində istifadə etmək məqaədilə "xxxx" MMCdən 2023-cü ilin mart ayında ümumilikdə 127 411.2 manat (ƏDV-siz) məbləğində 182.02 ton müxtəlif ölçülü istifadəyə yararsız istehsala yararlı işlənmiş borular almış və həmin malların dəyərini satıcıya ödəmişdir. Həmçinin, məhkəmənin nəzərinə çatdırır ki, mal aldıqları zaman "xxxx" MMC riskli vergi ödəyicilərinin siyahısında mövcud olmamışdır. Eləcə də, hazırda həmin vergi ödəyicısinın riskli vergi ödəyicisi siyahısına salınması barədə qərar mövcud deyil. Göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada mal aldıqları və həmin alqı-satqı əməliyyatını qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirdikləri halda, vergi orqanı mal aldıqları şəxsin həmin malların alışına dair təsdiqedici sənədinin olmadığını əsas götürərək mal alışı ilə bağlı apardıqları əməliyyatı qəbul etməmiş və həmin əməliyyat üzrə həyata keçirdikləri ƏDV əvəzləşdirmələrini etibarsız hesab etmişdir. Halbuki, istər vergi qanunvericiliyində, istərsə də, işgüzar adətlərdə alıcının üzərinə satın aldığı mallara dair satıcının müvafiq alış sənədinin olub-olmasını müəyyən etmək öhdəliyi qoyulmamışdır. Bundan başqa, mal alışına dair elektron qaimə-fakturalar 2023-cü ilin mart ayında tərtib edildiyi və mart ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşdirildiyi halda, cavabdeh vergi orqanı kameral vergi yoxlamasını aprel ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsi ilə bağlı həyata keçirmişdir ki, bu da vergi qanunvericiliyinin tələblərinin kobud pozuntusudur. Belə ki, Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72- ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 ış günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 ış günu müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, carı vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1 -ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2- 1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Sadalananlardan aydın olduğu kimi, vergi bəyannaməsinin təqdim edildiyi tarixdən 30 iş günü keçdikdən sonra vergi orqanı həmin bəyannamə üzrə kameral vergi yoxlaması həyata keçirə bilməz. Göründüyü kimi, 2023-cü ilin mart ayı üzrə təqdim edilmiş ədv bəyannaməsindən 30 iş günü ötdüyündən, vergi orqanı hesablamanı aprel ayı üzrə təqdim edilmş bəyannamə üzrə həyata keçirmişdir ki, bu da, iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Göstərilənlərə əsasən hesab edirlər ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********106700 nömrəli qərar qanunvericiliyin tələblərinin kobud pozuntusu nəticəsində qəbul edildiyindən ləğv edilməlidir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********106700 nömrəli, xx.xx.2023-cü il tarixli **********725400 nömrəli və xx.xx.2023-cü il tarixli **********565600 nömrəli qərarlarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, 2021 təqvim ilinin ayları üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci (Əməliyyatlar üzrə CƏMİ) sətirlərinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütunlarının cəmində 3823585.86 manat məbləğ göstərilməsinə baxmayaraq (cari il ərzində azaldılan və artırılan dövriyyə məbləğləri nəzərə alınmaqla), həmin hesabat ili üzrə hesablama metodu ilə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsinin 200-cü (Malların işlərin, xidmətlərin təqdim edilməsindən gəlir) sətri üzrə 3872734.21 manat + 201 -ci (Amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir) sətri üzrə 0 manat + 202-ci (Amortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir) sətri üzrə 0 manat t- 203-cü (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətri üzrə 28500.00 manat + 206-cı (Əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri)) sətri üzrə 0 manat + 217-ci (Yuxarıdakı bəndlərdə nəzərdə tutulmayan digər gəlirlər, o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər) sətri üzrə 16677.00 manat, cəmi 3917911.21 manat məbləğində hesabat dövrü üzrə gəlirlər (ƏDV və aksiz nəzərə alınmadan) əks etdirilmişdir ki, nəticədə də 94325.35 manat məbləğində fərq müəyyən edilmişdir. Tərəflərindən ƏDV bəyannaməsində ( 08.2021 ) əvəzləşmə üçün təqdim edilmiş EBBG seriyalı 716561 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaiməfaktura üzrə 2099.06 manat ƏDV məbləğinin tərəflərindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 2099.06 manat kənarlaşma yaranmışdır. Tərəflərindən ƏDV bəyannaməsində (08.2021) əvəzləşmə üçün təqdim edilmiş EBBG seriyalı 714719 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzn 2080.51 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 2080.51 manat kənarlaşma yaranmışdır. Tərəflərindən ƏDV bəyannaməsində ( 08.2021 ) əvəzləşmə üçün təqdim edilmiş EBBF seriyalı 869004 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzn 8224.88 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 8224.88 manat kənarlaşma yaranmışdır. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********974300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla cari vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021- ci ilin avqust ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 12404,45 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********725400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Əlavə olaraq bildirilişdir ki, əvvəlki dövrlər üzrə Cəmiyyətin qarşılıqlı əməliyyatların təhlili zamanı qanunvericiliyin tələbləri pozulmaqla metal tullantılarının birbaşa qanuni sahibliyində olmayan şəxslərdən alınması halları aşkar olunmuş və bununla bağlı Cəmiyyətə xəbərdarlıq məktubu ünvanlanaraq qanunla müəyyən edilmiş məsuliyyət tədbirləri barədə məlumat verilmişdir. Buna baxmayaraq 2023-cü ilin mart ayı ərzində də metal tullantılarının alışı zamanı qanunvericiliyin qeyd edilən tələblərinin pozulması halları davam etmiş və siyahısı aşağıda qeyd edilən vasitəçi şəxslərdən metal tullantılarının alınması davam etdirilmişdir: Adı: “X3” Qapalı Səhmdar Cəmiyyəti, VÖEN – **********, ƏDV-siz dəyəri – 127411,2 manat, ƏDV məbləği – 22934.02 manat. Qeyd olunan əməliyyatlar nəticəsində qanunvericiliyin tələbi pozulmaqla əldə edilmiş sənədlər əsasında Cəmiyyət tərəfindən əsassız əvəzləşmə məbləği əldə edilməsi ehtimalı yaranmışdır. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********783900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla cari vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi və zərururi sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67- ci və 83- cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin aprel ayı əlavə dəyər vergisi bəyannaməsi bəyannaməsi üzrə 20895,7 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********106700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi ödəyicisinin 2021 -ci il ərzində bir sıra vergi ödəyiciləri ilə aparılmış 68913,6 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi ödəyicisi tərəfindən 2021ci il ərzində 2560218,0 manat elektron qaimə faktura ilə mal, iş, xidmətlər əldə edilmiş, 2021-ci il üzrə təqdim edilən mənfəət vergisi bəyannaməsinin xərclər hissəsində 3368019,0 manat xərc məbləği qeyd edilmiş (Xammal və materiallar, Hüquqi şəxsin icarə xərci, Enerji xərcləri, Qaz xərcləri, Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər, Sığorta üzrə xərclər), ilin sonuna ehtiyatlar nəzərə alınmış və nəticədə 643034,0 manat kənarlaşma aşkar edilmişdir. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022ci il tarixli **********599700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla cari vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi və zərururi sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci il mənfəət vergi bəyannaməsi üzrə 20254,8 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********876900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. xx.xx.2023-cü il tarixdə vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsi təqdim edilmiş, lakin göstərilən uyğunsuzluqla bağlı kənarlaşma aradan qaldırılmadığından, hesablanmış vergi məbləği bərpa edilmiş və vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********565600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1557/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********106700 nömrəli, xx.xx.2023-cü il tarixli **********725400 nömrəli və xx.xx.2023-cü il tarixli **********565600 nömrəli qərarları ləğv edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-1557/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02 iyun 2023-cü il tarixli **********106700 nömrəli qərarına əsasən iddiaçıya aprel 2023-cü il dövrü üzrə əlavə dəyər vergisi üzrə 32.309,48 manat məbləğində vergi borcu hesablanmışdır. Vergi borcunun hesablanmasına əsas kimi 2023-cü il ərzində metal tullantılarının alışı zamanı qanunvericiliyin qeyd edilən tələblərinin pozulması hallarının davam etməsi və vasitəçi şəxslərdən metal tullantılarının alınmasının müəyyən edilməsi göstərilmişdir. - Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 04 sentyabr 2023-cü il tarixli **********565600 nömrəli qərarına əsasən 2021-ci il dövr üzrə mənfəət vergisi üzrə 50.374,36 manat məbləğində vergi borcu hesablanmışdır. Vergi borcunun hesablanmasına əsas kimi 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində vergi məbləğinin azaldılması, bununla əlaqədar olaraq, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməməsi göstərilmişdir. - Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 17 avqust 2023-cü il tarixli **********725400 nömrəli qərarına əsasən avqust 2021-ci il dövr üzrə əlavə dəyər vergisi üzrə 12.394,47 manat məbləğində vergi borcu hesablanmışdır. Vergi borcunun hesablanmasına əsas cəmiyyət tərəfindən alınmış mallar ilə bağlı tərtib edilmiş elektron qaimə-fakturalar üzrə aparılmış əməliyyatların vergi orqan tərəfindən riskli hesab edilməsi olmuşdur. İddiaçıya xx.xx.2023-xx.xx.2023-cü il dövrü üzrə əlavə dəyər vergisi növünün hesablanması ilə əlaqədar xx.xx.2023-cü il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub və “2021-ci il üçü təqdim edilmiş mənfəət (gəliri) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə” məktub göndərilmişdir. -“Riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi barədə” məlumatlara əsasən "xxxx" MMC xx.xx.2021-ci il tarixli və "xxxx" MMC isə xx.xx.2021-ci il tarixli qərarlarla riskli vergi ödəyicisi hesab edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. 175.11. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın: Bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: Bənd 2.1.1. Bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; Bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: Bənd 3.1.1. Vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə Hazırkı işin hallarından müəyyən edilir ki, cavabdeh mübahisələndirilən qərarlarla iddiaçıya kameral vergi yoxlaması tətbiq etmiş və 2023-cü ilin aprel ayında ƏDV üzrə 20,895.70 manat, 2021-ci ilə mənfəət vergisi üzrə 20,254.80 manat və 2021-ci ilin avqust ayına ƏDV üzrə 12,404.45 manat əlavə dəyər vergisi hesablamışdır. Cavabdeh həmin qərarların qəbul edilməsinə əsas kimi 2023-cü il ərzində metal tullantılarının alışı zamanı qanunvericiliyin qeyd edilən tələblərinin pozulması hallarının davam etməsi və vasitəçi şəxslərdən metal tullantılarının alınmasının müəyyən edilməsini, 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində vergi məbləğinin azaldılması, bununla əlaqədar olaraq, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməməsini və cəmiyyət tərəfindən alınmış mallar ilə bağlı tərtib edilmiş elektron qaimə-fakturalar üzrə aparılmış əməliyyatların vergi orqan tərəfindən riskli hesab edilməsini göstərmişdir. İddiaçı bu hallarla razılaşmır və hesab edir ki, tərəflərindən istehsalat fəaliyyəti zamanı xammal qismində istifadə etmək məqsədilə “X3” QSC-dən 2023-cü ilin mart ayında 8 ədəd elektron qaimə-faktura əsasında ümumi dəyəri 127,411.20 manat (ƏDV-siz) olan “müxtəlif ölçülü istifadəyə yararsız istehsala yararlı işlənmiş borular” almış və alğı-satqı əməliyyatı qanunvericiliyin tələblərinə uyğun olaraq elektron qaimə-faktura ilə rəsmiləşdirilmişdir. Lakin, vergi orqanı daha sonra tərəflər arasında tərtib edilmiş elektron qaimə-fakturaları qanunvericiliyin tələbi pozulmaqla əldə edilmiş sənədlər qismində qiymətləndirərək ƏDV bəyannaməsində həmin qaimələr üzrə əvəzləşdirmələri etibarsız hesab etmişdir. Halbuki, Vergi Məcəlləsində əvəzləşdirmə əməliyyatının bu əsasla etibarsız hesab edilməsi nəzərdə tutulmamışdır. Belə ki, Vergi Məcəlləsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyasına əsasən iddiaçı mal aldığı vergi ödəyicisinin sahibliyində olan malların alışına dair təsdiqedici sənədlərin olmamasına görə məsuliyyətə cəlb edilə bilməz. Həmçinin iddiaçının mal aldığı “X3” MMC Dövlət Vergi Xidməti tərəfindən riskli vergi ödəyicilərinin siyahısına daxil edilməmişdir ki, bu da, hüquqi şəxsin vergi orqanı tərəfindən riskli və ya əmtəəsiz əməliyyat aparan şəxs hesab edilmədiyini göstərir. Həmçinin, cavabdeh tərəfindən aparılmış kameral vergi yoxlaması qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsi ilə həyata keçirilmişdir. 2021-ci ilin avqust ayı üzrə ƏDV məbləği və həmin il üzrə mənfəət vergisinin hesablanmasının səbəbi cəmiyyət tərəfindən alınmış mallar ilə bağlı tərtib edilmiş elektron qiaməfakturalar üzrə aparılmış əməliyyatlar vergi orqanı tərəfindən riskli hesab edilmişdir. Həmin əməliyyatlar qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirildiyi halda vergi orqanı hər hansı əsas olmadan iddiaçıya əlvaə vergi məbləği hesablamışdır. Belə ki, iddiaçı ilə digər müəssisələr arasında aparılan alğı-satqı əməliyyatları həmin müəsissələrin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilməsindən əvvəl baş vermişdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən yeni qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da, riskli hesab oluna bilərdi. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh qüvvədə olan qanunvericiliyin normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, cavabdeh xx.xx.2023-cü il tarixli qərarında hesablamanın əsası kimi 2023-cü il ərzində metal tullantılarının alışı zamanı qanunvericiliyin qeyd edilən tələblərinin pozulması hallarının davam etməsi və vasitəçi şəxslərdən metal tullantılarının alınmasının müəyyən edilməsini qeyd etmiş, “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktuba isə əvvəlki dövrlər üzrə Cəmiyyətin qarşılıqlı əməliyyatların təhlili zamanı qanunvericiliyin tələblərinin pozulmaqla 127411.2 manat (ƏDV-siz) məbləğində metal tullantılarının birbaşa qanuni sahibliyində olmayan (vasitəçi) şəxslərdən (“X3” QSC-dən) alınması hallarının aşkar olunmasına və qeyd olunan əməliyyatlar nəticəsində qanunvericiliyin tələblərinin pozullmaqla əldə edilmiş sənədlər əsasında Cəmiyyət tərəfindən əsassız əvəzləşmə məbləğ əldə edilməsi ehtimalının yaranmasına istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddiaçı “X3” QSC-dən 2023-cü ilin mart ayında aldığı 8 ədəd elektron qiamə-faktura əsasında ümumi dəyəri 127,411.20 manat (ƏDV-siz) olan “müxtəlif ölçülü istifadəyə yararsız istehsala yararlı işlənmiş borular” almış və iddiaçı tərəfindən alğı-satqı əməliyyatı qanunvericiliyin tələblərinə uyğun qaimə-faktura ilə rəsmiləşdirilmişdir. Lakin, cavabdeh tərəfindən həmin elektron qaimə-fakturları qanunvericiliyin tələbi pozulmaqla əldə edilmiş sənədlər qismində qiymətləndirilərək ƏDV bəyannaməsində həmin qaimələr üzrə əvəzləşdirmələri etibarsız hesab etmişdir. Halbuki, Vergi Məcəlləsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyasına əsasən iddiaçı mal aldığı vergi ödəyicisinin sahibliyində olan malların alışına dair təsdiq edici sənədlərin olmamasına görə məsuliyətə cəlb edilə bilməz. AR Vergi Məcəlləsinin və AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”-na əsasən iddiaçı belə bir məsuliyyətə cəlb edilməsi üçün iddiaçı özü vergi ödəyicisi kimi təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərdiyi halda bu məsuliyyətə cəlb edilə bilərdi. Lakin, normada qeyd edilən hallar hazırki işdə müəyyən edilməmişdir. Digər tərəfdən Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçının “X3” QSC-dən 2023-cü ilin mart ayında aldığı mallar üzrə aparılmış əməliyyatları cavabdeh inzibati orqan tərəfindən əmtəəsiz əməliyyat kimi qiymətləndirilsə də, sözügedən Cəmiyyət həmin əməliyyatlara görə Dövlət Vergi Xidməti tərəfindən riskli vergi ödəyicilərinin siyahısına daxil edilməmişdir. Bu hal isə bir daha ona dəlalət edir ki, “X3” QSC həmin əməliyyatlara görə vergi orqanı tərəfindən riskli vergi ödəyicilərinin siyahısına salınmadığından, ƏDV bəyannaməsində ƏDV üzrə 20.895.70 manat əvəzləşmənin vergi orqanı tərəfindən etibarsız hesab edilməsi vergi qanunvericiliyinin tələblərinə zidd olmuşdur. Həmçinin işin hallarından görünür ki, cavabdeh iddiaçının 2023-cü ilin mart ayında baş tutmuş əməliyyatlarına görə həmin ilin aprel ayı üzrə kameral vergi yoxlaması həyata keçirməklə vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Belə ki, hazırki qərarda da, istinad edilən Vergi Məcəlləsinin müvafiq maddələrinin məzmununun tələblərinin işin faktiki hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, 2023-cü ilin mart ayı üzrə hər hansı kənarlaşma halı mövcud olmuşdursa, vergi orqanı kameral vergi yoxlamasını məhz həmin ay üzrə vergi bəyannaməsi təqdim edildiyi tarixdən 30 iş günü müddətində həyata keçirə bilərdi. 2023-cü ilin aprel ayında ƏDV-nin əvəzləşdirilməsi üzrə hər hansı kənarlaşma aşkar edilmədiyindən, kameral vergi yoxlaması nəticəsində həmin ay üzrə hesablanmış 20,895.70 manat əlavə vergi məbləği qanunsuz olmuşdur Cavabdeh tərəfindən iddiaçıya 17 avqust 2023-cü il tarixli və 04 sentyabr 2023-cü il tarixli qərarlarla 2021-ci ilin avqust ayı üzrə ƏDV məbləği və həmin il üzrə mənfəət vergisinin hesablanmasının əsası kimi cəmiyyət tərəfindən alınmış mallar ilə bağlı tərtib edilmiş elektron qaimə-fakturalar üzrə aparılmış əməliyyatların vergi orqanı tərəfindən riskli hesab edilməsi olmuşdur. Belə ki, "xxxx" MMC-dən (VÖEN **********) alınmış 20,640 ton həcmində 11558.40 manat (ƏDV-siz) metal qırıntısı ilə bağlı göndərilmiş xx.xx.2021-ci il tarixli EBBG seriyalı 714719 nömrəli; "xxxx" MMC-dən (VÖEN **********) alınmış 81,596 ton həcmində 45,63.76 manat (ƏDVsiz) metal qırıntısı ilə bağıl göndərilmiş xx.xx.2021-ci il tarixli EBBF seiryalı 869004 nömrəli; "xxxx" MMC-dən (VöEn **********) alınmış 20,824 ton həcmində 11661.44 manat (ƏDVsiz) metal qırıntısı ilə bağlı göndərilmiş xx.xx.2021-ci il tarixli EBBG seriyalı 716561 nömrəli elektron qiamə-fakturalar cavabdeh tərəfindən riskli əməliyyatlar çərçivəsində tərtib edilmiş sənədlər kimi qəbul edilərək, ƏDV üzrə əvəzləşməni və mənfəət vergisi üzrə xərcləri təsdiq edən sənəd kimi qiymətləndirilmədiyindən, vergi orqanı həmin qaimələrə əsasən cəmiyyətə 2021-ci ilin avqust ayı üzrə 12,404.45 manat ƏDV, 2021-ci il üzrə 20,254.80 manat mənfəət vergisi hesablanmışdır. Halbuki, iş materiallarında olan sübutlara əsasən müəyyən edilir ki, iddiaçı ilə "xxxx" MMC arasında əməliyyat xx.xx.2021-ci il tarixdə, "xxxx" MMC arasında əməliyyat isə xx.xx.2021-ci il tarixdə baş verdiyi halda, "xxxx" MMC və "xxxx" MMC həmin əməliyyatlardan sonra, müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. Göründüyü kimi, iddiaçı ilə həmin müəssisələr arasında aparılan alğı-satqı əməliyyatları müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilməsindən əvvəl baş vermişdir. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, onun tərəfindən həmin əməliyyatlara görə tərtib edilmiş elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə, Mənfəət vergisi bəyannaməsində isə xərclərə daxil etmişdir. Əlavə olaraq, iddiaçının əməliyyat apardığı müəssiələrin aldıqları və ya idxal etdikləri malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri olmadığından (bu halı yoxlamaq vergi orqanının səlahiyyətlərinə aid edilmişdir) cavabdehin dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, hazırki işdə iddiaçının tərtib etdiyi elektron qaimə fakturalar riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcələsinin 175.11-ci və 109.9-cu maddələrinin təsiri altına düşmü və iddiaçı həmin elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə və mənfəət vergisi bəyannaməsində xərclərə daxil etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1557/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1557/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar