Məhkəmə qərarları › İş №2-1(103)-2561/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2561/2022

15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2561/2022 15.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1654/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 65 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2020-ci il tarixədən yaşa görə əmək pensiyasının təyin olunub ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1). İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 65 yaşı tamam olduğu üçün 24 fevral 2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin xx.xx.2021-ci il tarixli **********5 nömrəli məktubla ona bildirilmişdir ki, təqdim etdiyi xx.xx.1979-cu il tarixdə tərtib edilmiş İT-İ ******* saylı əmək kitabçasının və hərbi biletin surətinə əsasən xx.xx.2006-cı il tarixədək sığorta stajı 21 il ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamış, Fondunun 19 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli aktına əsasən xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi X7 əmək haqqı kitabları Dövlət Arxiv İdarəsinin Şəmkir filialına təhvil vermədiyindən həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Cavabdehin həmin imtinası ilə ilə azılaşmır. Çünki zavoda aid sənədlərin hazırlanıb X3 Filialına təhvil verilməsi onun səlahiyyətinə aid deyildir və bunun üçün hər hansı bir məsuliyyəti yoxdur. Bu səbəbdən də həmin dövrün sənədlərinin zavod tərəfındən Filiala təhvil verilməməsi, onun əmək kitabçasındakı həmin dövrə dair qeydləri sübhə altına almamalıdır. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatlara əsasən məlum olur ki, "xxxx" ASC dövlət qeydiyyatına xx.xx.1998-ci il tarixdə alınmışdır. İddiaçının xx.xx.1984-cu il tarixdən xx.xx.2005-cı il tarixədək "xxxx" ASC işlədiyi illərin sosial sığorta stajına əlavə edilməsi qanuna uyğun deyildir. Bu səbəbdən həmin illərin iddiaçının sosial sığorta stajına əlavə edilməsi mümkün olmamış, bu halda onun 25 il sosial sığorta stajı mövcud olmamışdur. İddiaçının pensiya hüququnun yaranması üçün tələb olunan iki şərtdən birini ödəmədiyindən, yəni fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olmadığından yaşa görə pensiya almaq hüququ yaranmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1654/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı 65 yaşının tamam olduğu vaxtdan, yəni xx.xx.2020-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, «məhkəmə hüququn tətbiqində və təfsirində səhvə yol vermiş, qanunvericiliklə nəzərdə tutulan normaları düzgün tətbiq etməmiş, düzgün olmayan qərar qəbul etmişdir. Belə ki, istər qüvvədə olan, istərsə də mübahisəli dövrlər üzrə qüvvədə olmuş pensiya qanunvericiliyinə görə işçiyə pensiya ödənilməsi üçün müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişi aparılması mütləqdir və yalnız bu halda iş müddəti sosial sığorta stajına daxil edilir. "xxxx" zavoduna aid şəxsi heyətə dair sənədləri arxivdə saxlanılmadığından, iddiaçının həmin dövrlərdə əmək haqqı alıb-almaması, eyni zamanda, məcburi sosial sığorta haqlarının ödəməsi barədə heç bir məlumat əldə etmək mümkün olmamışdır. Bu səbəbdən onun xx.xx.1984-cü il tarixdən xx.xx.2005-ci il tarixədək həmin zavodda işlədiyi illərin sosial sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilməməlidir. Həmçinin vətəndaşların pensiya kapitalı onların və sığortaedənlərin ödədikləri məcburi dövlət sosial sığorta haqları əsasında formalaşır. Məcburi dövlətsosial sığorta haqları ödənilməyən dövrlərin staj kimi hesab olunması pensiya almaq hüququ olan digər vətəndaşların pensiya təminatı hüququnun pozulmasına gətirib çıxaracaqdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Əzizli apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının 20 oktyabr 2022-ci il tarixdə keçirilən iclasında iştirak dən İddiaçı,"xxxx" zavodunda işlədiyi halda onun həmin zavodda işlədiyi dövrün onun stajına daxil edilməməsini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını xahiş etmişdir (Hazırkı məhkəmə iclası barədə məlumatı olsa da məhkəməyə gəlməmiş,İPM-in 62.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılması mümkün hesa edilmişdir). ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası İPM-in 82-ci maddəsinin tələbini nəzərə alaraq hesabedir ki, işə cavabdehin şikayəti həddində baxılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının işə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətinə (Şəmkir RPŞ xx.xx.2010; № 0766529) əsasən xx.xx.1955-ci il tarixdə doğulmuşdur. Belə olan halda onun xx.xx.2020-ci il tarixində tamam olur. Onun Qanunun qeyd olunan norması ilə tələb olunan 25 il sığorta stajının mövcudluğu da iş materiallarına əsasən öz təsdiqini tapsa da, cavabdehin apellyasiya şikayətinin dəlillərindən isə göründüyü kimi, iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.2005-ci il tarixədək X4 işlədiyi illərin sosial sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmədindən iddiaçının 25 il sığorta sitajına aid edilməsi mümkünsüz hesab etmiş və bnu da onunla əsaslandırmışdır ki, zavoduna aid şəxsi heyətə dair sənədləri arxivdə saxlanılmadığından, iddiaçının həmin dövrlərdə əmək haqqı alıb-almaması, eyni zamanda, məcburi sosial sığorta haqlarının ödəməsi barədə heç bir məlumat əldə etmək mümkün olmamışdır. Cavabdehin qeyd olunan əsaslarla iddiaçının X4 işlədiyi həmin dövrü onun sığorta stajına daxil etməsindən imtina etməsi tamamilə əsassızdır. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçının pensiya təyinatı üçün müraciət etdiyi vaxt qüvvədə olmuş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” na əsasən: 3.1.Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Eyni zamanda, iddiaçının mübahisələndirilən dövrdə vaxt qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən hərbi xidmət dövrü, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsində nəzərdə tutulurdu ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. İddiaçının işə əlavə olunmuş xx.xx.1979-cu il tarixli, İT-İ ******* №-li əmək kitabçasının surətindən görünür ki, X4 xx.xx.1984-cü il tarixdən xx.xx.2005-ci il tarixə qədər, yəni 21 il, ikinci dərəcəli işçi və emalçı peşələrində işləmişdir. Əmək kitabçasının sözügedən qeydlərində iddiaçının işə qəbul tarixi, işlədiyi müəssisənin adı, əmrin nömərisi və tarixi, işdən azad olunması kimi məlumatlar kadrlar üzrə inspektorun imzası və müəssisənin möhürü ilə təsdiq olunmuş, qeydlərdə qaralama və pozuntular mövcud deyil, vərəqin tamlığı pozulmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Digər tərəfdən, Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin məhkəmə sorğusuna əsasən məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, "xxxx" ASC hüquqi şəxs kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı idarəsindən xx.xx.1998-ci il tarixdə 8/3-11 qeydiyyat nömrəsi llə reyestrdə qeydiyyata alınmış, xx.xx.2005-ci il tarixdə isə Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmış və ********** VÖEN verilmişdir. "xxxx" ASC-nin xx.xx.2007-ci il tarixli müraciətinə əsasən xx.xx.2007-ci il tarixdən xx.xx.2012-ci il tarixədək fəaliyyəti dayandırılmışdır. Həmin məktuba əlavə olunmuş, iddiaçının çalışdığı "xxxx" ASC-nin Nizamnaməsinin lazımi qaydada təsdiq edilmiş surətinə əsasən isə müəyyən olunur ki, ASC, X5 əsasında yaradılmışdır və onun hüquqi varisidir.” Tədqiq olunan sənədlərə əsasən müəyyən edilən məlumatlardan göründüyü kimi, "xxxx" ASC-nin hüquq sələfi «X7» hələ SSRİ dönəmində fəaliyyət göstərən və İttifaq dağıldıqdan sonra da 1998-ci il tarixinədək fəaliyyətini davam etdirən dövlət müəssisəsi olmuş, xx.xx.1998-ci il tarixdə yalnız "xxxx" ASC-yə çevrilərək, 8/3-11 nömrə ilə dövlət qeydiyyatına alınmış və ASC xx.xx.2007-ci il tarixə kimi fəaliyyət göstərmiş, həmin ildə ərizəsinə əsasən fəaliyyətini beş il müddətinə dayandırmışdır. Qeyd ounanlar onu deməyə əsas verir ki, mübahsələndirilən dövrdə (1984-2005) zavod fəaliyyət göstərmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X2 birinci instansiya məhkəməsinə ünvanlanmış k-3-144 nömrəli 11 noyabr 2021-ci il tarixli məktubdan isə görünür ki, Şəmkir Filialında mühafizə olunan Şamxor rayonunda fəaliyyət göstərmiş Konyak zavodunun əmr kitabında 02 yanvar 1984-cü il tarixli, 01 №-li əmri ilə İddiaçı zavoda fəhlə təyin edilmişdir. Zavodun 1988-ci ilə dair əmr kitabında xx.xx.1988-ci il tarixli, 154 №-li əmrdə onun adı aşkar edilməmişdir. Şəmkir Konyak ATSC-nin 05 yanvar 2005-ci il tarixli, 01 №-li əmri ilə İddiaçı işdən azad edilmişdir. Beləliklə də Dövlət Arxivinin qeyd olunan məlumatları da nəzərə alınmaqla, iddiaçının xx.xx.1984-xx.xx.2005-ci ilə qədər sözügedən zavodda çalışmasının mötəbərliliyi müəyyən olunur. Həmin arxiv məlumatında iddiaçının adının 1988-ci ilin əmrlər kitabında adının aşkar edilməməsi ilə əlaqədar isə qeyd olunmalıdır ki, onun həmin bir ili nəzərə alınmadıqda belə, həmin zavodda fəaliyyəti 20 il təşkil edir. Bundan əlavə, iddiaçının əmək kitabçasının qeydləri üzrə cavabdeh tərəfindən qəbul edilən xx.xx.1977- xx.xx.1979-cu illərdə X8 Texniki Peşə Məktəbində çilingər-sürücü peşəsində təhsil müddəti - 1 il 2 ay 29 gün və xx.xx.1979- xx.xx.1983-cu illərdə şəhər orta məktəbində təsərrüfat işləri üzrə direktor müavini, avtomobil işi üzrə təlimatçı kimi - 04 il 1 ay 21 gün iş stajı (cəmi, 5 il 4 ay 20 gün) da vardır. Eyni zamanda, iddiaçı 1974-1976-cı illərdə keçmiş Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətdə olmuşdur (hərbi bilet: HZ3074345, xx.xx.1974, Şəmkir hərbi komissarlığı). İddiaçının həmin iş stajı onun mübahisələndirilən zavod stajı ilə toplandıqda 25 ildən də çox sığorta stajı toplanır. Beləliklə də cavabdehin apellyasiya şikaytinin iddiaçının sığorta stajının 25 ildən az olduğunu mübahisələndirilən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Cavabdehin məcburi dövlət sığorta haqlarına istinad olunan dəlilləri ilə əlaqədar qeyd olunmalıdır ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 5-ci hissəsi nəzərdə tuturdu ki, “ Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.” Bundan əlavə, xx.xx.2018-ci il tarixdən qüvvədə olan “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanunun Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçıya yaşa görə pensiya təyin olunmasından imtina etməklə cavabdeh onun qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası qeyd olunanları ümumiləşdirərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi idə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticədir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin məhkəmə tərəfindən hüququn tətbiqində səhvə yol verildiyini və düzgün olmayan qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1654/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1654/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar