Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2561/2023 12.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5316/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati mübahisə üzrə işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bundan sonra cavabdeh xx.xx.2023-cü il tarixli vəsatətlə məhkəməyə müraciət edərək iş üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin və X1 üçüncü şəxs qismində cəlb edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Əlavə olaraq bildirilir ki, elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi dövlət mülkiyyəti torpağı olmaqla üzərində yerləşən “**********32- 06301" reyestr nömrəli qeyri-yaşayış binası X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin, qeyd olunan torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına dair Nərimanov Rayon Məhkəməsinin 2(005)-10138/2016 saylı, xx.xx.2016-cı il tarixli bildirişi ilə müvafiq qeydlər aparılmış və yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. Bununla yanaşı, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1305/2021 saylı bildirişi əsasında qeyri-yaşayış binasının ipoteka ilə yüklü edilməsi ilə bağlı müvafiq qeydlər edilmiş yekun akt daxil olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5316/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə vəsatət qismən təmin edilərək, X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Həmin qərardaddan narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş və şikayətinin onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsi dövlət mülkiyyəti torpağı olduğundan, Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməlidir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İnzibati Prosessual Məcəllənin: 28.2-ci maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3-cü maddəsinə əsasən, üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5-ci maddəsinə əsasən, məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 29.2.-ci maddəsinə əsasən yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər. Qeyd olunan normalardan aydın olur ki, üçüncü şəxslərin işə cəlb edilməsini məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya məhkəmə qərarı digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda həmin şəxslərin vəsatəti əsasında qəbul etməlidir. Cavabdeh tərəfindən vəsatətlə müraciət olunaraq 3-cü şəxslərin (X1 və Əmlak Məsələləri Dövlət Xidmətinin ) məhkəmə icraatına cəlb olunmalı olduğu bildirilsə də, vəsatət Əmlak Məsələləri Dövlət Xidmətinin cəlb edilməsi ilə bağlı hissədə əsaslandırılmamış, sadəcə olaraq “mübahisəli torpaq sahəsinin dövlət torpağı olduğu” bildirilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilidə məhz bundan ibarətdir. Qeyd edilən dəlilə münasibətdə Kollegiya qeyd edir ki, hazırkı iş üzrə cavabdeh, yəni Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə icraatının iştirakçısı olması və lazımı qaydada təmsil olunması nəzərə alındıqda Əmlak Məsələləri Dövlət Xidmətinin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsinin zəruri olmadığı qənaətinə gəlinir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir”. Beləliklə, yuxarıda sadalanan halları nəzərə alaraq Kollegiya bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti hər hansı mötəbər dəlillə əsaslandırılmadığından şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. AR İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5316/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Kamran Əkbərov Hakim: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2-1(103)-2561/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2561/2023
12.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver