Məhkəmə qərarları › İş №2-1(103)-2561/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2561/2025

11.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2561/2025 11.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işi üzrə Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2-1(112)-1123/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi qeyd olunmuşdur ki, güzəştli iş stajı 12 il 6 aydan az (4 il 11 ay 1 gün (xx.xx.1999-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2003-cü il, xx.xx.2011-xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. "xxxx" Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun xx.xx.2024-cü il tarixli, 14-2-8/2-H-xx-xx/2024 saylı arayışında xx.xx.1986-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində Bakı Stasionar Dərinlik Özülləri zavodunun 3 saylı sexində usta vəzifəsində işlədiyi qeyd olunub. Sözügedən arayışda qeyd olunan məlumatlara əsasən işlədiyi usta vəzifəsi yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan tikinti və quraşdırma işləri üzrə ustalar vəzifəsinə uyğun deyil. Buna görə də həmin dövrü güzəştli iş stajına daxil etmək mümkün deyil. Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya 60 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən usta vəzifəsində: Bakı Stasionar Dərinlik Özülləri zavodunun 3 saylı sexində xx.xx.1986-cı il tarixindən (xx.xx.1986-cı il tarixli 332/k saylı əmr) xx.xx.1990cı il tarixinədək (xx.xx.1990-cı il tarixli 334/k saylı əmr); “Şelflayihətikinti” İB İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsinin 1 saylı Dəniz sahəsində 01,03.1999-cü il tarixindən (xx.xx.1999- cü il tarixli 4/k saylı əmr) xx.xx.2002-ci il tarixinədək (xx.xx.2002- ci il tarixli 23/k saylı əmr) işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 07 il 06 ay 28 gün - xx.xx.1986-xx.xx.1990 - 04 il 01 ay 24 gün,- xx.xx.1999-xx.xx.2002 -03 il 05 ay 04 gün. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Texnoloji avadanlığın təmirinin, istehsal proseslərinin və əl əməyinin mexanikləşdirilməsi və avtomatlaşdırılması ilə əlaqədar işlərin qəbulunda İştirak etmək, əməyin mütərəqqi üsul və metodlarının tətbiqini, iş yerlərinin səmərələşdirilməsini və peşələrin əvəz olunmasını təşkil etmək, fəhlələr tərəfindən istehsal normalarının yerinə yetirilməsini, istehsal sahələrinin, maşın və avadanlığın gücündən İstifadə olunmasını, sahənin ahəngdar İşini təşkil etmək və sair işlərdən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007cü il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 29bölməsinin “b” bəndində göstərilən “tikinti və quraşdırma işləri üzrə usta” vəzifə koduna uyğundur. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən quraşdırıcı peşəsində: “Şelflayihətikinti” İB İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsinin 1 saylı Dəniz sahəsində xx.xx.2002-ci il tarixindən (xx.xx.2002-ci il tarixli 28/k saylı əmr) xx.xx.2003- cü il tarixinədək (xx.xx.2003-cü il tarixli 4/k saylı əmr) işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 05 ay 26 gün - xx.xx.2002-xx.xx.2003 -05 ay 26 gün. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Mürəkkəb metalkonstruksiya qovşaqlarının qaynaq edilməsi, müxtəlif vəziyyətlərdə və müxtəlif hündürlüklərdə yığılması, ayrı-ayrı elementlərdən və düyünlərdən ibarət dərinlik özüllərinin və qurğu konstruksiyalarının yığılmasında xüsusi mürəkkəb quraşdırma işlərindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-cü il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu bölməsinin “a” yarımbəndində göstərilən “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı” peşəsi koduna uyğundur. Bundan əlavə isə xx.xx.2024-cü il tarixli güzəştli arayışdan da görünür ki, iddiaçı həqiqətən BOS Şelf MMC-də xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Quraşdırıcı (metalkonstruksiyaların quraşdırılması üzrə) peşəsində işləmişdir. BOS Şelf MMC xx.xx.2001-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü “stasionar dərin dəniz özüllərinin və özüllərin yuxarı hissələrinin blok modullarının metalkonstruksiyalarının quraşdırılması” işlərinin icrası təşkil edir. Beləliklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, 29-cu hissədə öz əksini tapmış “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə əsasən İddiaçı Fəzayıi oğlunun güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. İddiaçı Fəzayıi oğlunun BOS Şelf MMC-də güzəştli əmək şəraitində iş müddəti 1 il 2 gün təşkil edir. Cavabdeh orqanın iddiaya xx.xx.2025-ci il tarixli yazılı etirazı məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlarda onun güzəştli iş stajı 12 il 6 aydan az (4 il 11 ay 1 gün (xx.xx.1999xx.xx.2002-ci il. xx.xx.2002- xx.xx.2003-cü il, xx.xx.2011-xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Əlavə olaraq, "xxxx" Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunun iddiaçıya dair xx.xx.2024-cü il tarixli 14-2-8/2-H-xx-xx/2024 arayışında xx.xx.1986- xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində Bakı Stansionar Dərinlik Özülləri zavodunun 3 saylı sexində usta vəzifəsində işlədiyi qeyd olunub. Sözügedən arayışda qeyd olunan məlumatlara əsasən iddiaçının işlədiyi usta vəzifəsi yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan tikinti və quraşdırma işləri üzrə ustalar vəzifəsinə uyğun deyil. Buna görə də həmin dövrü iddiaçının güzəştli iş stajına daxil etmək mümkün olmamışdır. Sözügedən mübahisələndirilən dövr onun güzəştli iş stajına daxil edildikdə belə qanunvericillikdə nəzərdə tutulan is stajı (12 il 6 ay) tamamlanmır. Belə ki, "xxxx"ın Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunda işlədiyi xx.xx.1986-xx.xx.1990-cı il tarixləri arasındakı dövr nəzərə alındığı təqdirdə belə iddiaçının güzəştli stajı 9 il 3 ay 28 gün təşkil edir ki, bu da qanunvericilliklə tələb olunan 12 il 6 aydan azdır. Beləliklə, sözügedən mübahisə mövcud olduğundan iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Həmçinin məhkəmənin nəzərinə çatdırılmışdır ki, İddiaçı ümumi sosial sığorta stajı mübahisələndirilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2-1(112)-1123/2025 nömrəli qərarı ilə (hakim İddiaçı) iddia tələbi təmin edilərək, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2-1(112)- 1123/2025 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlarda onungüzəştli iş stajı 12 il 6 aydan az (4 il 11 ay 1 gün (xx.xx.1999-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2003-cü il, xx.xx.2011-xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Cavabdeh orqan tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-H-77349/2024-cü il tarixli imtina məktubu qanuni və əsaslıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Cavabdeh tərəfindən "xxxx" ASC-yə verilmiş sorğuya əsasən, iddiaçının vəzifə təlimatları əldə edilmişdir. Həmin vəzifə təlimatlarına əsasən, iddiaçının "xxxx" Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunda işlədiyi “usta” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda göstərilən “tikinti və quraşdırma işləri üzrə ustalar” vəzifələrinə uyğun deyil. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2-1(112)- 1123/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2-1(112)-1123/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Qanunun keçid müddəalarına əsasən Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.) 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-dək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.

İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. İddiaçıya hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: - 60 yaşının tamam olması; ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayının güzəştli iş stajı olması. Cavabdeh apellyasiya şikayətində azı 25 il ümumi sığorta stajına malik olmasını mübahisələndirmir. Cavabdeh tərəfindən mübahisləndirilən hal iddiaçının güzəştli iş stajı ilə bağlıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin hallarına əsasən, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 60 yaşının tamam olduğu vaxta qədər ümumilikdə 25 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət ərzində o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşədə işləmişdir. Belə ki, SOCAR-ın Heydər Əliyev adına Bakı dərin özüllər zavodu tərəfindən xx.xx.2024-cü il tarixli arayış təqdim edilmişdir. Həmin arayışda qeyd edilmişdir ki, iddiaçı “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası huququ verən usta vəzifəsində: Bakı Stasionar Dərinlik Özülləri zavodunun 3 saylı sexində xx.xx.1986-cı il tarixindən (xx.xx.1986-cı il tarixli 332/k saylı əmr) xx.xx.1990-cı il tarixinədək (xx.xx.1990-cı il tarixli 334/k saylı əmr); “Şelflayihətikınti İB İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsinin 1 saylı Dəniz sahəsində xx.xx.1999-cu il tarixindən (01,03.1999-cu il tarixli 4/k saylı əmr) xx.xx.2002-ci il tarixinədək (xx.xx.2002-ci il tarixli 28/k saylı əmr) işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 07 il 06 ay 28 gün - xx.xx.1986 - xx.xx.1990 - 04 il 01 ay 24 gün, - xx.xx.1999 xx.xx.2002 - 03 il 05 ay 04 gün. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Texnoloji avadanlığın təmirinin. istehsal proseslərinin və əl əməyinin mexanikləşdirilməsi və avtomatlaşdırılması ilə əlaqədar işlərin qəbulunda iştirak etmək, əməyin mütərəqqi üsul və metodlarının tətbiqini, iş yerlərinin səmərələşdirilməsini və peşələrin əvəz olunmasını təşkil etmək, fəhlələr tərəfindən istehsal normalarının yerinə yetirilməsini, istehsal sahələrinin, maşın və avadanlığın gücündən istifadə olunmasını, sahənin ahəngdar işini təşkil etmək və sair işlərdən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-cü il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’nın 29-cu bölməsinin “b” bəndində göstərilən “tikinti və quraşdırma işləri üzrə usta” vəzifə koduna uyğundur. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən quraşdırıcı peşəsində: “Selflayihətikinti” İB İxtisaslaşdırılmış Tikinti Quraşdırma idarəsinin 1 saylı Dəniz sahəsində xx.xx.2002-ci il tarixindən (xx.xx.2002-ci il tarixli 28/k saylı əmr) xx.xx.2003-cü il tarixinədək (xx.xx.2003- cü il tarixli 4/k saylı əmr) işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 05 ay 26 gün -xx.xx.2002xx.xx.2003 - 05 ay 26 gün. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Mürəkkəb metalkonstruksiya qovşaqlarının qaynaq edilməsi, müxtəlif vəziyyətlərdə və müxtəlif hündürlüklərdə yığılması, ayrı-ayrı elementlərdən və düyünlərdən ibarət dərinlik özüllərinin və qurğu konstruksiyalarının yığılmasında xüsusi mürəkkəb quraşdırma islərindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-cü il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa gorə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 29-cu bölməsinin “a” yarımbəndində göstərilən “polad və dəmirbeton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı” peşəsi koduna uyğundur. Arayış arxiv sənədlərinə əsasən tərtib olunmuşdur. İddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair X1 İnc. şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2024-cü il tarixli məktubu təqdim edilmişdir. Məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək, həmçinin xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixinədək Panamanın “X1 İnc.” şirkətinin Azərbaycan Respublikasındakı filialında (VÖEN: **********) metal konstruksiya quraşdırıcısı vəzifəsində işləmişdir. Həmçinin, onlara təqdim olunmuş sənədlər əsasında İddiaçı xx.xx.2004-cü ildən xx.xx.2010-cu ilə qədərki dövrdə “X4” Məhdud Məsuliyyətli Cəmiyyətində (“Şirkət”) eyniadlı vəzifə səlahiyyətlərinin icrasını həyata keçirməsi müəyyənləşdirilmişdir. Onun başlıca xidməti vəzifəsi “polad konstruksiya məmulatlarının istehsal hissələrinin yerləşdirilməsi, təyin olunmuş yerə qoyulması, cərgəyə düzülməsi və birləşdirilməsi”' çərçivəsində olmuşdur. Belə ki, İddiaçı yuxarıdakı dövrdə Şirkətdə icra etdiyi vəzifə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısrnın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının 2290000a—14612 bəndində qeyd olunmuş “polad və dəmirbeton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcıları” vəzifəsinə uyğun gəlir. Həmin vəzifə Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının 29(a) bəndində də eyni formada qeyd olunmuşdur. Şirkət xx.xx.2014-cü il tarixdə ləğv edilmiş və dövlət reyestrindən çıxarılmışdır. Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti iddiaya etiraza uyğun olmaqla əsas dəlili ondan ibarətdir ki, “...iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlarda onun güzəştli iş stajı 12 il 6 aydan az (4 il 11 ay 1 gün (xx.xx.1999xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2003-cü il, xx.xx.2011-xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Cavabdeh tərəfindən "xxxx" ASC-yə verilmiş sorğuya əsasən, iddiaçının vəzifə təlimatları əldə edilmişdir. Həmin vəzifə təlimatlarına əsasən, iddiaçının "xxxx" Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunda işlədiyi “usta” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda göstərilən “tikinti və quraşdırma işləri üzrə ustalar” vəzifələrinə uyğun deyil...” Qeyd etmək lazımdır ki, apellyasiya şikayətinin qeyd olunan dəlili iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Bu hissədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq onları yenidən təkrarlamağa lüzum görmür. Bununla belə, məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh orqan iddiaçının güzəştli iş stajının 4 il 11 ay 1 gün (xx.xx.1999xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2003-cü il, xx.xx.2011-xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər) olduğunu qeyd edir. Halbuki, SOCAR-ın Heydər Əliyev adına Bakı dərin özüllər zavodu tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan müəyyən edilir ki, iddiaçı “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası huququ verən usta vəzifəsində aşağıdakı müddətlərdə işləmişdir. - Bakı Stasionar Dərinlik Özülləri zavodunun 3 saylı sexində xx.xx.1986-cı il tarixindən (xx.xx.1986-cı il tarixli 332/k saylı əmr) xx.xx.1990-cı il tarixinədək (xx.xx.1990-cı il tarixli 334/k saylı əmr); - “Şelflayihətikınti İB İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsinin 1 saylı Dəniz sahəsində xx.xx.1999-cu il tarixindən (01,03.1999-cu il tarixli 4/k saylı əmr) xx.xx.2002-ci il tarixinədək (xx.xx.2002-ci il tarixli 28/k saylı əmr) işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 07 il 06 ay 28 gün (xx.xx.1986-cı il tarixdən - xx.xx.1990-ci il tarixədək - 04 il 01 ay 24 gün və xx.xx.1999-cu il tarixdən - xx.xx.2002-ci il tarixədək-03 il 05 ay 04 gün) təşkil edir. Bundan başqa, iddiaçı “Selflayihətikinti” İB İxtisaslaşdırılmış Tikinti Quraşdırma idarəsinin 1 saylı Dəniz sahəsində xx.xx.2002-ci il tarixindən (xx.xx.2002-ci il tarixli 28/k saylı əmr) xx.xx.2003-cü il tarixinədək (xx.xx.2003- cü il tarixli 4/k saylı əmr) işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 05 ay 26 gün (xx.xx.2002-ci il tarixdən xx.xx.2003cü il tarixədək) işləmişdir. X1 İnc. şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək (2 il 1 ay 4 gün), həmçinin xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixinədək (1 il 3 ay 2 gün) Panamanın “X1 İnc.” işirkətinin Azərbaycan Respublikasındakı filialında (VÖEN: **********) metal konstruksiya quraşdırıcısı vəzifəsində işləmişdir. Həmçinin, onlara təqdim olunmuş sənədlər əsasında İddiaçı xx.xx.2004-cü ildən xx.xx.2010-cu ilə qədərki dövrdə (5 il 4 ay 2 gün) “X4” Məhdud Məsuliyyətli Cəmiyyətində (“Şirkət”) eyniadlı vəzifə səlahiyyətlərinin icrasını həyata keçirməsi müəyyənləşdirilmişdir. Onun başlıca xidməti vəzifəsi “polad konstruksiya məmulatlarının istehsal hissələrinin yerləşdirilməsi, təyin olunmuş yerə qoyulması, cərgəyə düzülməsi və birləşdirilməsi” çərçivəsində olmuşdur. Qeyd olunan vəzifə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının 2290000a—14612 bəndində qeyd olunmuş “polad və dəmirbeton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcıları” vəzifəsinə uyğun gəlir. Həmin vəzifə Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının 29(a) bəndində də eyni formada qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə tərkibi hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatdığından və 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox əmək şəraiti zərərli və ağır olan iş stajına malik olduğundan onun 60 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

Nəticəvi hissə

Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli 2-1(112)-1123/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar