Məhkəmə qərarları › İş №2-1(103)-2563/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2563/2022

12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2563/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı “yaşayış sahəsindən qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, 3-cü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X3) «yaşayış sahəsindən qeydiyyatdan çıxarılma» tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4404/2022 saylı 31 may 2022-ci il tarixli qərarından 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə 12 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri Xətai XDS İK (RİH) tərəfindən 17 yanvar 1992-ci il tarixdə Bakı şəhəri, Fadeyev (indiki M.Abbasov) küçəsi, 21 saylı evin 13 saylı mənzilinin İddiaçı ayrılmasına dair 016055 nömrəli orderin təsdiq olunmuş surətindən görünür ki, “ailə üzvü” kimi 1 nəfər 1957-ci il təvəllüdlü İddiaçı (özü) göstərilmişdir. Bakı şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən 7 mart 2011-ci il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, xx xxxxxxx 1957-ci il tarixdə doğulmuş İddiaçınin yaşayış yeri Bakı şəhəri, M.Abbasov küçəsi, 21 saylı evin 13 saylı mənzilidir. AR Daxili İşlər Nazirliyi BPQMİ MAPS şöbəsinin 15 noyabr 2021-ci il tarixli arayışından görünür ki, X3 Bakı şəhəri, M.Abbasov küçəsi, 21 saylı evin 13 saylı mənzilində qeydiyyatdadır. Bakı şəhəri Nizami RİH MKTB 141 saylı MKİS-in 17 fevral 2022-ci il tarixli arayışında qeyd olunur ki, X3 Bakı şəhəri, M.Abbasov küçəsi, 21 saylı evin 13 saylı mənzilində qeydiyyatdadır, hal-hazırda yaşamır. İddiaçı bacısı Cəmilə İbrahimovanın ona məxsus yaşayış sahəsində yaşamadığına və onun bu mənzilə heç bir hüququnun olmadığına istinad edərək sonuncunun ona məxsus yaşayış sahəsindən qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Bakı şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 059-25792Q saylı 23 yul 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə – yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qeyd olunanları nəzərə alaraq, X1 Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 21 saylı evin 13 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün aidiyyəti üzrə məhkəmə orqanına müraciət edilməsi tövsiyə olunur. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “üçüncü şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 21 saylı evin 13 saylı mənzili 17 yanvar 1992-ci il tarixdə Bakı şəhəri Xətai Rayon XDS İK tərəfindən verilmiş order əsasında İddiaçı ayrılmışdır. 4 iyun 1962-ci il tarixdə doğulmuş X3 həmin mənzildə qeydiyyatda olmasına baxmayaraq, faktiki olaraq sözügedən ünvanda yaşamayıb, hazırda da yaşamır və yaşayış sahəsindən istifadə etmir. Onun iddiaçıya məxsus mənzildən istifadə etməsinə ehtiyacı yoxdur. Cəmilə İsmayılovanın mənzildə qeydiyyatda qalmasına görə iddiaçı müvafiq kommunal xərcləri ödəməli olur. Həmçinin onun qeydiyyatda olması müəyyən nəticələr yaradır. Belə ki, iddiaçı mənzillə bağlı müəyyən ədqləri, hərəkətləri sərbəst həyata keçirə bilmir, bununla da iddiaçının hüquqları pozulmuşdur. İddiaçı sözügedən mənzildən həmin şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin cavabdehin 23 noyabr 2021-ci il tarixli məktubu ilə məsələnin həllindən imtina olunmuş və məhkəməyə müraciət olunması iddiaçıya tövsiyə edilmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək (dəqiqləşdirilərək) «X1 iddiaçının istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 21 saylı evin 13 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini (dəqiqləşdirilməsini) qəbul etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4404/2022 saylı 31 may 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 21 saylı evin 13 saylı mənzilindən X1 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan 3-cü şəxs X3 tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarını əsassız, qanuna zidd və qeyri-obyektiv hesab edir. Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 21 saylı evin 13 saylı mənzil qardaşı İddiaçı 17 yanvar 1992-ci il tarixdə Bakı şəhəri, Xətai rayon XDS İK tərəfindən verilmiş order əsasında verilmişdir. O, xx.xx.1995-ci il tarixdən həmin mənzildə qeydiyyatdadır və yaşayır. Ailə qurduqdan sonra müvəqqəti olaraq başqa ünvana köçmüşdür. Lakin sonradan boşanmış və hal-hazırda yaşamağa yeri yoxdur. Onun həmin mənzildə yaşayış hüququ vardır. Qardaşı tərəfindən qeydiyyatdan çıxarılmağı onun hüquqlarını pozur. Qardaşının Bakı şəhərində bir neçə yerdə evi vardır. Onun məhkəmə barədə məlumatı olmamışdır. Ona görə də məhkəmədə iştirak edə bilməmişdir. Birinci instansiya məhkəməsi İddiaçı iddia tələbini tam, hərtərəfli və obyektiv araşdırmadan formal bir qərar qəbul etmişdir. Məhkəmə qərar qəbul edərkən işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətlərinə uyğun araşdırmamış, qərarda maddi hüquq normalarına istinad etsə də, həmin normaların iddiaçı tərəfindən əməl edilməməsinə hüquqi qiymət verməmişdir. Apellyasiya şikayətinə yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə yazılı etiraz onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Belə ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-947/2018 saylı, 10 aprel 2018-ci il tarixli qətnaməsi ilə hazırki iş üzrə 3-cü şəxs X1 X2 qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülməsi tələbinə dair iddia tələbi təmin edilərək, X1 uşağı 09 iyun 2002-ci il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49-cu məhəllədə yerləşən 3 saylı evin 150 saylı mənzilindən istifadə hüququnun tanınması və onların həmin mənzilə köçürülməsi qət edilmişdir. Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, ev 21, 13 saylı mənzil 17 yanvar 1992-ci il tarixdə Bakı şəhəri Xətai Rayon XDS İK tərəfindən verilmiş order əsasında ona verilmişdir. Üçüncü şəxs 04 iyun 1962-ci il təvəllüdlü X3 mənzilində qeydiyyatda olmasına baxmayaraq, faktiki olaraq orada heç vaxt yaşamayıb, yaşamır və yaşayış sahəsindən istifadə etmir. Onun mənzildən istifadəyə ehtiyacı yoxdur. 3-cü şəxs mənzildə qeydiyyatda olduğuna görə payına düşən mənzil və kommunal xidmət haqlarını da iddiaçı ödəməli olur. Həmçinin onun mənzilində qeydiyyatda olması müəyyən fəsadlar törədir. Belə ki, o, həmin mənzillə bağlı hər hansı əqdləri, müəyyən hərəkətləri sərbəst həyata keçirə bilmir və bununla da onun hüquqları pozulmuşdur. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 3-cü şəxs X3 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı olan qardaşına məxsus mənzildə 2001-ci ilə qədər yaşamış, sonradan ailə həyatı qurduğu üçün həmin mənzildən çıxmış və oraya qayıtmamışdır. Lakin ailə həyatı qurduğu şəxslə münasibəti pisləşdiyi üçün Qaraçuxur qəsəbəsində ərinə məxsus evin yaxınlığında yerləşən qardaşına məxsus evdə bir müddət qalmış, bundan sonra ərinə məxsus Qaraçuxur qəsəbəsində yerləşən evə köçürülməsi ilə bağlı məhkəməyə müraciət etmiş, onun iddiası məhkəmə qərarı ilə təmin olunsa da, indiyənədək həmin məhkəmə qərarı icra olunmamış, yəni o, ərinə məxsus evə köçürülə bilməmişdir. Hazırda yaşamağa yeri olmadığı üçün hesab edir ki, qardaşına məxsus evdə qeydiyyatı qalmalıdır. Bununla yanaşı, iddiaçı olan qardaşının ona pul borcu olduğu üçün və həmin borc pulu da ala bilmədiyi üçün qardaşı o pulu qaytarana qədər onun bu evə qeydiyyatı saxlanılmalıdır. Odur ki, 3-cü şəxs apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddiasının təmin edilməsini xahiş etmişdir. İş üzrə 3-cü şəxs Cəmilə İbrahimova zəruri cəlb edilmiş 3-cü şəxs qismində tanınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı tələbi “üçüncü şəxs X1 ona məxsus yaşayış sahəsindən qeydiyyatdan çıxarılması” barədədir. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə mövcud qanunvericilik normalarını və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarını rəhbər tutaraq X1 İddiaçı sahibliyində və istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 21 saylı evin 13 saylı mənzilində yaşamadığından, həmin mənzildən istifadə hüququna malik olmadığından, cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən mənzilin qanuni sahibi kimi hazırki iddiaçının müraciəti əsasında adıçəkilən şəxsin sözügedən yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasından imtinasını qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməsinə istinad edərək iddianın təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İş materiallarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 21 saylı evin 13 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmamışdır. Lakin nəzərə alınmalıdır ki, iddiaçının adına müvafiq səlahiyyətli qurum tərəfindən 1992-ci ildə verilmiş order həmin sənəddə və ya kirayə müqaviləsində göstərilmiş və iddiaçı ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə mənzilin iddiaçının mülkiyyətinə keçməsinə əsasdır. Bununla da belə nəticə yaranır ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 21 saylı evin 13 saylı mənzilinin qanuni sahibi və istifadəçisidir. İddiaçı 3-cü şəxs olan bacısı Cəmilə İbrahimovanın ona məxsus mənzildə yaşamadığına, formal qeydiyyatda qalmasına və bunun onun yaşayış sahəsindən istifadəsinə maneə yaratdığına istinad edərək həmin şəxsin mənzilindən qeydiyyatdan çıxarılmasını tələb edir. Hazırda iddiaçı göstərir ki, bacısı Cəmilə İbrahimova sözügedən mənzildə yaşamır. 3-cü şəxs Cəmilə İbrahimova isə apellyasiya şikayətində iddiaçıya (qardaşına) məxsus mənzildə yaşadığını bildirsə də, apellyasiya baxışı zamanı verdiyi izahatında həmin mənzildən 2001-ci ildən ailə həyatı qurması ilə bağlı çıxdığı və orada yaşamadığını bildirmişdir. Beləliklə, 3-cü şəxsin iddiaçıya məxsus evdə yaşamaması faktı onun özü tərəfindən etiraf edilmişdir. Belə olan halda iddiaçı onunla birgə yaşamayan üçüncü şəxsin ona məxsus olan (sahiblik və istifadəsində olan, həmçinin adına rəsmiləşdirilməsində gözlənti hüququ olan) mənzildən qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh Nizami rayon Polis İdarəsinin isə həmin şəxsin qeydiyyatdan çıxarılmasından imtinası mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun müddəalarının təhlilindən göründüyü kimi, qanun hazırki iş üzrə faktiki hallar əsasında üçüncü şəxsin iddiaçının evindən qeydiyyatdan çıxarılmasını tənzimləmir. Qanunda eyni zamanda bu vəziyyətdə qeydiyyatdan çıxarılmanı qadağan edən norma da yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında məhz bu məsələləri araşdırmış və qərara almışdır ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin bu qərarının hazırki işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxsin İddiaçı məxsus mübahisəli evdə iddiaçının razılıq ərizəsi əsasında qeydiyyata alınması müəyyən olunmur. Buna görə də məhkəmə hazırki iddianın həllində Konstitusiya Məhkəməsinin qərarının 3-cü bəndindən hərəkət etməlidir. Konstitusiya Məhkəməsi eyni zamanda bununla bağlı da hüquqi mövqeyini bildirərək göstərmişdir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması hallarında qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Bu, o deməkdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən üçüncü şəxsin mübahisəli evdə qeydiyyatı üçün zəruri olan şərt (daimi və ya daha çox həmin evdə yaşaması) mövcud deyildir. Şəxsin bir ünvanda qeydiyyatda olub başqa yerdə faktiki olaraq yaşaması, qanunun yuxarıda göstərilən məqsədlərinin həyata keçirilməsini nəinki təmin etmir, əksinə mümkünsüz edir. Qeydiyyat haqqında qanunun məqsədləri və müəyyən etdiyi şərtlər baxımından üçüncü şəxsin iddiaçının mənzilində qeydiyyatda qalması üçün qanuni əsaslar yoxdur. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudları (hədləri) müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). 43. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük 9 palatanın 22 iyun 2004-cü il tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük palatanın 29 mart 2006-cı il tarixli Qərarı, § 93). Baxılan iş üzrə üçüncü şəxsin iddiaçının mənzilində qeydiyyatda qalmasını şərtləndirən cəmiyyətin üstün maraqları mövcud deyil. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə həmin dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qərarının ləğv edilməsi üçün əsas yaratmır. Nəzərə alınmalıdır ki, apelyant apellyasiya şikayətində iddiaçıya məxsus mənzildə yaşadığını bildirsə də, məhkəmə iclasında verdiyi izahatında bu fikri təsdiqləməmiş, əksinə bildirmişdir ki, iddiaçıya məxsus mənzildə 2001-ci ilə kimi yaşamış, sonra ailə həyatı qurması ilə bağlı həmin mənzildən çıxıb getmiş, həyat yoldaşı ilə münasibətləri pisləşdiyi üçün ərinə məxsus Qaraçuxur qəsəbəsində yerləşən evə köçürülməsini məhkəmə qaydasında tələb etmiş, onun bu tələbi məhkəmə tərəfindən təmin olunsa da, məhkəmə qərarı indiyənədək icra olunmamışdır. İddiaçının ona pul borclu olması və hazırda onun yaşayış sahəsinə ehtiyacının olması isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, onun iddiasının təmin edilməsi üçün əsas vermir, əksinə 3-cü şəxsin özünün də etiraf etdiyi kimi, onun 2001-ci ildən sonra mübahisəli mənzildə yaşamaması faktı onun həmin mənzildən qeydiyyatdan çıxarılması üçün birbaşa əsas verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Kollegiya onu da qeyd edir ki, 3-cü şəxs Cəmilə İbrahimovanın “qardaşının ona pul borclu olması” barədə gətirdiyi dəlillərlə bağlı onun həmin məbləği mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 3-cü şəsxin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4404/2022 saylı 31 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

3-cü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4404/2022 saylı 31 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar