Məhkəmə qərarları › İş №2-1(103)-2563/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2563/2023

18.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2563/2023 18.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyadan tutulan məbləğin geri qaytarılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3509/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ədalətsiz qərarın ləğv edilməsi və pensiyasından tutulmuş bütün məbləğin ona geri qaytarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə (bundan sonra – Cavabdeh) əvəz edilməsini, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının onun pensiyasından tutulma aparmasından ibarət hərəkətinin qanunsuz hesab edilməsi və tutulmuş 325,81 (üç yüz iyirmi beş manat 81 qəpik) manat pensiya məbləğinin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, pensiyaçıdır. Arvadı 1-ci qrup əlil X4 05 may 2020-ci il tarixdə vəfat etmiş və bununla bağlı AZ-İİ №103123 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Vəfatla əlaqədar pensiyanın kəsilməsi üçün məlumat tərəfindən DSMF-yə sənəd təqdim etməklə və əlavə olaraq onlayn qaydada müraciət formasında vaxtında verilmişdir. Lakin hansısa əməkdaşın səhlənkarlığı səbəbindən iyun və iyul 2020ci il üçün ödənişlər edilmişdir. Sonra artıq ödənilmiş vəsait ona dəfn üçün müavinət verildiyi zaman nəzərə alınmış və müvafiq olaraq az ödənilmişdir. Yəni bununla Fond artıq ödədiyi vəsaiti müavinətdən tutaraq əvəzləmişdir. O, tələb olunan bütün sənədləri və məlumatları Fonda və digər lazımi yerlərə vaxtında və dəqiq çatdırmışdır. Buna baxmayaraq DSMF 2 (iki) ildən artıq vaxt keçdikdən sonra ona heç bir şifahi və ya yazılı xəbərdarlıq etmədən 2022-ci ilin avqust ayı üçün pensiyasından öz istəklərinə uyğun 55 (əlli beş) manat məbləğdə pul tutmuşdur. Tutulmanın səbəbini bilmədiyi üçün o, xx.xx.2022-ci il tarixdə “DOST” xidmətinə müraciət ünvanlamış və 05 sentyabr 2022-ci il tarixdə cavab almışdır. Cavabda göstərilmişdir ki, arvadının pensiyası artıq ödənildiyi üçün onun tutulması iddiaçının pensiyasına yönəldilmişdir. Artıq ödəməni müəyyənləşdirmək üçün onlara iki il vaxt tələb olunmuş, müvafiq olaraq bu tutulma növbəti aylar üzrə də aparılmış və 2023-cü il ərzində də məbləğ bitənədək aparılması nəzərdə tutulmuşdur. O, özü də 2-ci qrup əlildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3509/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları : Şikayət onunla əsaslandırılmışdır ki, X2 xx.xx.2020-ci il tarixdə vəfat etməsi səbəbindən, xx.xx.2020-xx.xx.2020-ci il tarixədək olan dövr üzrə 183,87 (yüz səksən üç manat, 87 qəpik) manat və iddiaçıya xx.xx.2020-ci il tarixədək olan dövr üzrə 141,94 (yüz qırx bir manat 94 qəpik) manat məbləğ, ümumilikdə 325,81 (üç yüz iyirmi beş manat 81 qəpik) manat məbləğ artıqalma yaranmışdır. Qeyd olunanlara əsasən iddiaçıya X2 xx.xx.2020-ci il tarixdə vəfat etməsi səbəbindən, xx.xx.2020-xx.xx.2020-ci il tarixədək olan dövr üzrə 183,87 manat və xx.xx.2020-ci il tarixədək ümumilikdə 325,81 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Bu səbəbdən yaranmış 325,81 manat artıqalma iddiaçıya təyin edilən yaşa görə əmək pensiyasından 2022-ci ilin avqust ayından tutularaq bərpa edilmişdir. İddiaçı mərhum həyat yoldaşı xx.xx.2020-ci il tarixdə vəfat etməsinə baxmayaraq, ölüm haqqında şəhadətnaməni quruma təqdim etməmiş və beləliklə artıqalma yaranmışdır. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəf apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından aydın olur ki, İddiaçı İ qrup əlilə qulluğa görə xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. İ qrup əlilliyə görə əmək pensiyası almaq hüququ olan bəzi kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan X3 (Suraxanı rayonu, iş № 923403) xx.xx.2020-ci il tarixdə vəfat etdikdən sonra 283,87 (iki yüz səksən üç manat 87 qəpik) manat və İ qrup əlilə qulluğa görə İddiaçı 141,94 (bir yüz qırx bir manat 94 qəpik) manat, ümumilikdə 425,81 (dörd yüz iyirmi beş manat 81 qəpik) manat məbləğində vəsaitin audit yoxlaması nəticəsində xx.xx.2020-xx.xx.2020-ci il tarixədək olan dövr üzrə artıq ödənildiyi aşkar edilmişdir. Venera Məmmədovanın ölümü haqqında məlumat Filiala gec daxil olduğundan təqaüdün və müavinətin ödənişinin Filial tərəfindən dayandırılması mümkün olmamış, mərhum Venera Məmmədovanın ölümü barədə məlumat “Sosial ödənişlər” Alt Sistemindən xx.xx.2020-ci il tarixdə əldə edildiyindən Filial tərəfindən xx.xx.2020-ci il tarixdən təqaüdün ödənişi dayandırılmışdır. xx.xx.2020-ci il tarixədək 2020-ci ilin may, iyun, iyul aylarında təqaüdün və İ qrup əlilə qulluğa görə müavinətin ödənişinin həyata keçirilməsi davam etdirilmişdir. Artıq ödənilmiş 425,81 (dörd yüz iyirmi beş manat 81 qəpik) manat məbləğində vəsaitlə bağlı "xxxx" ASC-dən alınmış məlumata əsasən mərhum X2 ölümündən sonra kart hesabında qalan 100,00 (bir yüz manat 00 qəpik) manat məbləğində vəsait Filialın sosial müavinət və təqaüd hesabına qaytarılmışdır. Bu baxımdan qalıq borc 325,81 (üç yüz iyirmi beş manat 81 qəpik) manat məbləğində vəsaitin bərpa edilməsi məqsədilə və aktiv əmək pensiyası olduğundan tutulma İddiaçı əmək pensiyasına yönəldilmişdir. İddiaçı isə bununla razılaşmaraq cavabdehə rəsmi qaydada müraciət etsə də, tələbi təmin olunmamış, bundan sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarından aydın olur ki, iddiaçıdan 2 növ tutulma olmuşdur. İ qrup əlilə (Venera Məmmədovaya) qulluğa görə iddiaçıya ödənilən 141.94 manat, İ qrup əlilliyə görə əmək pensiyası almaq hüququ olan bəzi kateqoriya şəxslərə təsis edilmiş Azərbaycan Respublikası Prezident təqaüdü üzrə Venera Məmmədovaya ödənilən 183,87 manat. Kollegiya hər iki tutulmanın qanunsuz olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni haqlı hesab edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 643 nömrəli Fərmanı ilə “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği 50 manat müəyyən olunmuşdur. Həmin fərmanın 3-cü hissəsi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bir ay müddətində Fərmanın 1-ci hissəsi ilə təsis edilən təqaüdün ödənilməsi qaydasının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydası”nın xx.xx.2020-ci il tarixə olan redaksiyasına əsasən: - Bənd 1.1. Bu Qayda “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanının 3.1.2-ci yarımbəndinə əsasən hazırlanmışdır və “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün (bundan sonra – təqaüd) ödənilməsi mexanizmini müəyyən edir. - Bənd 1.2. Təqaüd, əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ olmasından, məşğulluq vəziyyətindən asılı olmayaraq, İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə verilir. - Bənd 1.5. Müraciət müddətindən asılı olmayaraq, təqaüd 2019-cu il aprelin 1-dən tez olmamaqla, onu almaq hüququ yarandığı gündən təyin edilir. - Bənd 1.6. Bu Qaydanın məqsədləri üçün İ dərəcə əllilliyi olan şəxsin ailə üzvü dedikdə, onun valideynləri (və ya övladlığa götürənlər), babaları, nənələri, əri (arvadı), övladları (o cümlədən övladlığa götürülənlər), onların ərləri (arvadları), bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, bacıları, qardaşları, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların ailə üzvü dedikdə isə onların valideynləri (və ya övladlığa götürənlər), babaları, nənələri, əri (arvadı), bacıları, qardaşları, ərinin (arvadının) valideynləri, bacıları və qardaşları nəzərdə tutulur. - Bənd 2.1. Təqaüd təyin olunması üçün İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxs (bundan sonra – Şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) “X1 Sistemi”nin “Sosial ödənişlər altsistemi”ndə tələb olunan məlumatları daxil edərək elektron qaydada və ya Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun yaşayış yeri üzrə müvafiq şəhər, rayon şöbəsinə (bundan sonra - Şöbə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 1 nömrəli əlavəyə uyğun kağız üzərində müraciət edir. Müraciətə daxil olduğu gündən 5 (beş) iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir. - Bənd 3.5. Aşağıdakı hallarda təqaüdün ödənişi dayandırılır: 3.5.1. İ dərəcə əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq, habelə Şəxs vəfat etdikdə və ya yaşayış yerini dəyişdikdə; - Bənd 3.6. Təqaüdün ödənişi bu Qaydanın 3.5.1-3.5.4-cü yarımbəndlərində göstərilən hallardan birinin yarandığı gündən, 3.5.5-ci yarımbəndində göstərilən halda isə müraciət edildiyi gündən dayandırılır. - Bənd 3.8. Təqaüdün ödənişinin dayandırılmasına səbəb olan hallar barədə təqaüd alan şəxs, təqaüd alan şəxs vəfat etdikdə, qulluq edilən şəxs və ya onun yaxın qohumları Şöbəyə 5 (beş) iş günü müddətində məlumat verməlidir. Nazirliyin X1 sisteminə inteqrasiya edilmiş dövlət orqanlarının elektron informasiya sistemləri və ehtiyatlarından istifadə etməklə Şöbə tərəfindən təqaüdün ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi və yaxud düzgün olmayan məlumatların verilməsi nəticəsində artıq təqaüd ödənildiyi aşkar edildikdə, təqaüd alan şəxs artıq ödənilmiş məbləği “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən nağdsız qaydada Şöbənin hesabına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edildikdə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Göründüyü kimi, İ dərəcə əlilliyi olan şəxs şəxs vəfat etdikdə ona qulluq edən şəxsə ödənilən təqaüdün ödənişi dayandırılır, əgər artıq ödəniş olmuşsa, həmin vəsait təqaüd alan şəxs tərəfindən könüllü olaraq nağdsız qaydada Şöbənin hesabına geri qaytarılır, geri qaytarmaqdan imtina olunduqda isə yaranmış mübahisəyə məhkəmə qaydasında baxılır. Cavabdeh inzibati orqan mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmək əvəzinə, artıq ödəməni özü tutaraq qanunvericiliyin tələblərini pozmuşdur. İddiaçıdan digər tutulma İ qrup əlilliyə görə əmək pensiyası almaq hüququ olan bəzi kateqoriya şəxslərə təsis edilmiş Azərbaycan Respublikası Prezident təqaüdü üzrə Venera Məmmədovaya ödənilən vəsaitlə bağlıdır. Belə ki, cavabdeh Venera Məmmədovanın xx.xx.2020-ci ildə vəfat etdiyini, lakin iddiaçı tərəfindən vaxtında məlumat verilməməsi səbəbindən artıq 183,87 manat pul ödənildiyini və bu əsaslada həmin məbləğin iddiaçının yaşa görə əmək pensiyasından tutulduğunu bildirmişdir. Qeyd edilənlərə münasibətdə Məhkəmə Kollegiyası bildirir ki, iddiaçıdan iki növ tutulma olmuşdur. Bunlardan ikisi də ödənilən təqaüdlə bağlı olmuşdur. Yuxarda qeyd edilən İ dərəcə əlilliyi olan şəxsə qulluğa görə artıq ödənilən təqaüdün geri alınması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş hüquqi prosedur izah olunmuşdur. Yəni, İ dərəcə əlilliyi olan şəxsə qulluğa görə artıq ödənilən vəsaitin hansı üsulla geri alınmasının mümkün olduğu qanunla təsbit olunmuşdur. Lakin İ qrup əlilliyə görə əmək pensiyası almaq hüququ olan bəzi kateqoriya şəxslərə təsis edilmiş Azərbaycan Respublikası Prezident təqaüdünün isə artıq ödənildiyi təqdirdə geri alınması üsulu barədə əlavə qayda müəyyən edilməmişdir. Buna görədə birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Qanunun Vİ fəslində nəzərdə tutulmuş qaydada icraat aparmalı, həmin icraat nəticəsində artıq ödənilmiş vəsaitin kim tərəfindən qəbul olunduğu müəyyən edilməli və bu icraat çərçivəsində müəyyən etdiyi borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul etməli və həmin aktın icrasını Qanunun 82-ci maddəsinə uyğun təmin etməli idi. Lakin iş materiallarından göründüyü kimi, bununla bağlı cavabdeh tərəfindən inzibati icraat çərçivəsində araşdırma aparılaraq inzibati akt qəbul edilməli olduğu halda, inzibati akt qəbul edilmədən artıq ödənilmiş məbləğ iddiaçıya təyin edilmiş əmək pensiyasından tutulmuş, bununlada “İnzibati İcraat Haqqında” qanunun tələbləri pozulmuşdur. İnzibati İcraat Haqqında Qanun: 82.1. Pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. [36] 82.2. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. 82.3. Tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 82.3.1. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; [37] 82.3.2. pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; 82.3.3. inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. Cavabdeh apellyasiya şikayətində əsas məqam olaraq iddiaçının onlara vəfatla əlaqədar məlumat verməməsini göstərsə də, cavabdehin qeyd edilən dəlili əsassızdır. Belə ki, hazırkı mübahisədə əsas məqam iddiaçının İ dərəcə əlilliyi olan şəxsin vəfat etməsi ilə bağlı cavabdehə müraciət edib-etməməsini müəyyən etmək deyil. Hazırkı iş üzrə əsas məqam artıq ödəmənin tutulması qaydasının qanunvericiliyə uyğun olaraq aparılıb-aparılmamasıdır. Yuxarda qeyd edilənlərdən də göründüyü kimi cavabdeh tərəfindən qanunvericilik normalarına riayət edilməyərək, iddiaçının pensiyasından birbaşa tutulma həyata keçirilmişdir. Beləliklə, qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə düzgün nəticəyə gəlmiş, cavabdehin apellyasiya şikayəti isə qərarın ləğvinə əsas verəcək hər hansı mötəbər dəlil ilə əsaslandırılmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3509/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar