Məhkəmə qərarları › İş №2-1(103)-2564/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2564/2023

19.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2564/2023 19.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «ailə başçısını itirməyə görə pensiya təyin edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-548/2023 nömrəli 27 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «ailə başçısını itirməyə görə pensiya təyin edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) 2-1(112)-548/2023 nömrəli 27 yanvar 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2021-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının pensiya növünün dəyişdirilməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixə qədər pensiya fərqinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Hazırda cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-548/2023 nömrəli 27 yanvar 2023-cü il tarixli qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-548/2023 nömrəli 27 yanvar 2023-cü il tarixli qərarı xx.xx.2023-cü ildə daxil olmuşdur. Daxil olan müvafiq qərardan qanunvericiliklə nəzərdə tutulmuş müddət daxilində nümayəndə tərəfindən apellyasiya şikayəti hazırlanmışdır. Lakin iş üzrə məsul əməkdaşın səhhəti ilə bağlı problem yarandığı üçün müvafiq apellyasiya şikayətinin birinci instansiya məhkəməsinə qanunla müəyyən edilmiş müddətdə təqdim edilməsi mümkün olmamış, həmin əməkdaş işə çıxdıqdan dərhal sonra, yəni xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti təqdim edilmişdir. Göstərilənlərə əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-548/2023 nömrəli 27 yanvar 2023-cü il tarixli qərarından şikayət üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin dinlənilmə hüququnu təmin etməklə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin edilməsini və apellyasiya şikayətinin mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ötürülmüş müddətin bərpa edilməməsini və apellyasiya şikayətinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, prosessual müddətin bərpa edilməsi barədə ərizəni və apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ərizə təmin edilməməli, apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. İş materiallarından görünür ki, cavabdehin nümayəndəsi qərarın surətini xx.xx.2023ci il tarixdə poçt xəbərnaməsinə imza etməklə rəsmi olaraq qəbul etmişdir, apellyasiya şikayəti isə xx.xx.2023-cü il tarixdə poçta təqdim edilmişdir. Göründüyü kimi, qanunla müəyyən edilmiş qərardan şikayət vermə müddəti cavabdeh tərəfindən buraxılmışdır (2 ay 5 gün). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 85.2-ci maddəsinə əsasən şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin əməkdaşının səhhəti ilə bağlı problemin olması qərardan apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılmasının üzrlü səbəbi hesab oluna bilməz. Cavabdeh inzibati orqandır, məhkəmə qərarından şikayətin hazırlanması və təqdim edilməsi cavabdehin digər əməkdaşları tərəfindən də həyata keçirilə bilər. Cavabdeh buraxılmış prosesual müddətin bərpa olunması barədə ərizəni məhkəməyə təqdim etsə də, həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Buna görə də buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür və apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Buna görə də cavabdehin qərardan verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-548/2023 nömrəli 27 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar