Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2565/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5062/2023 saylı 09 mart 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 20 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı məxsus NZ seriyalı ******* saylı xx.xx.1989-cu il tarixli hərbi biletin surətindən görünür ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə tərkibində hərbi xidmət keçməsi barədə qeydlər edilməmişdir. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbi təmin olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 1/A- 16281 saylı xx.xx.2020-ci il tarixli və 4/3-12778 saylı xx.xx.2022-ci il tarixli imtina məktublarında qeyd edilmişdir ki, iddiaçının “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2020-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etdiyi üçün barəsində Füzuli Hərbi Prokurorluğu tərəfindən bəraətvericı əsaslar olmadan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunduğuna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 09 1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxiv tərəfindən İddiaçı verilmiş xx.xx.2020-ci il tarixli, 9/2-10063 nömrəli arxiv arayışının surətindən görünür ki, iddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 83 №-li əmrilə (əsas: §-1, səh-43) hərbi hissənin şəxsi heyətinin tərkibinə qəbul edilərək bütün növ təminatlarla təmin olunmuşdur. Cəbrayıl RHK-dan çağırılmış, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 0128 №-li əmrilə (əsas: §-8, səh-157, sıra-10) İİİ taborun İİ bölüyünün İ tağımının İİ bölməsinə nişançı vəzifəsinə təyin edilərək bütün növ təminatlarla təmin olunmuşdur və qəbul tarixi xx.xx.1993-cü il tarixdən hesablanmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 04 №-li əmrində (əsas: §-2, seh-9, sıra-128) İİ bölmənin qumbaraatanı vəzifəsində sıravi İddiaçı adı qeyd olunmuşdur. Bildirirlər ki, N () №-li hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1994- cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin “Yaralıların qeydiyyatı” kitabında İddiaçı yaralanması və Mərkəzi Arxivdə olan N №-li hərbi hissə komandirinin xx.xx.1994-xx.xx.1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı sonrakı xidməti barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin may 1994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Mərkəzi Arxivdə olan N №-li hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Fizuli rayon Hərbi Prokurorluğu tərəfindən Bakı şəhəri Qaradağ rayon hərbi komissarına və surəti iddiaçıya ünvanlanmış 17/B-21 saylı xx.xx.2005-ci il tarixli məktubunda bildirilmişdir ki, N nömrəli hərbi hissənin sabiq əsgəri İddiaçı barəsində toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 40.2.3 maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Fizuli hərbi prokuroru tərəfindən qəbul edilmiş 01 iyun 2005-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətinə əsasən N nömrəli hərbi hissənin sabiq əsgəri İddiaçı barəsində toplanmış materiallar üzrə şəraitin dəyişməsi ilə əlaqədar cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1992-ci ilin oktyabr ayında Milli Ordu sıralarına səfərbər olunaraq Füzuli rayonu ərazisində yerləşən N nömrəli hərbi hissədə xidmətə başlamış, bir ay xidmət etdikdən sonra 1992-ci ilin noyabr ayında N nömrəli hərbi hissəyə göndərilmişdir. Həmin hərbi hissədə iddiaçı X4 və X5 ilə bir yerdə xidmət etmişlər. Cəbrayıl rayonunun Sur-Armud, Qızıl Qaya və digər postlarından sonra onların hərbi hissəsi dağılmışdır. Hərbi hissə dağıldıqdan sonra iddiaçı ilə qalan döyüşçülər öz ünvanlarına qayıtdığı kimi, o da Məmmədov Rasim ilə birlikdə Qaradağ hərbi komissarlığına gəlmişdir. Hərbi komissarlıqda olan zabit onlara demişdir ki, evlərinə getsinlər, lazım olanda onları yenidən çağıracaqlar. Aradan 10 gün keçməmiş onları yenidən çağırmışlar, 1993-cü ilin sentyabr ayında yenidən N saylı hərbi hissəyə qayıtmışlar. N saylı hərbi hissədən onları N nəfərlik heyətlə birlikdə Ağdam rayonunun Güllücə kəndinə göndərmişlər. 1994-cü ilin yanvar ayının təqribən 1-də Füzuli rayonuna göndərmişlər. Füzuli rayonunun Qaraxanbəyli, Kərimbəyli ərazilərində gedən döyüşlərdə iddiaçı ilə birlikdə döyüşmüş Məmmədov Rasim şəhid olmuşdur. İddiaçı isə kontuziya aldığına görə Bakı şəhərinə hərbi hospitala göndərilmişdir. Orada yer olmadığına görə ona tibbi yardım göstərilərək müalicəsinin evdə davam etdirilməsi bildirilmişdir. Maddi imkanı olmadığına görə müalicəsini öz gücünə evdə davam etdirmişdir. Qaradağ hərbi komissarlığına məlumat vermişdir ki, hospitalda yer olmadığına görə evdə müalicə olunmuş, kontuziya aldığı üçün onu qeydiyyata almışlar. 1-2 ay müalicə olunduqdan sonra yenidən Qaradağ rayon hərbi komissarlığına gəlmişdir ki, yenidən xidmətə qayıtsın, lakin ona öz işində yenidən işləyə bilməsi barədə arayış verilmişdir. İddiaçı da öz işini davam etdirmişdir. İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək, 1992-1994-cü ilin fevral ayına kimi döyüşlərdə iştirak etdiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini xahiş etmiş, lakin cavabdehin xx.xx.2022-ci il tarixli 4/3-12778 nömrəli məktubu ilə döyüş əməliyyatları aparılan hərbi hissəni özbaşına tərk etdiyi üçün barəsində Füzuli Hərbi Prokurorluğu tərəfindən bəraətverici əsaslar olmadan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olduğuna görə bu əsasla ərizəsini təmin etməkdən imtina olunmuşdur. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı iddia ərizəsində göstərilənlər əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsində göstərmişdir ki, döyüş əməliyyatlarında iştirak etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı olan tələblərini irəli sürmüşdür. Buna etiraz edilərək bildirilir ki, Müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi və «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 7 aprel 2006-cı il tarixli 90-İİİ QD №-li Qanunu ilə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci hissəsində göstərilən «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №-li Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabineti də özünün 22 sentyabr 1995-ci il tarixli 216 №-li Qərarı ilə «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməni təsdiq etmişdir. Həmin Əsasnamənin 1-ci bəndinin onuncu yarımbəndinə uyğun olaraq, «1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9-dək erməni milliyətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir». Həmin Əsasnamənin 1-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir». Hesab edirlər ki, iddia tələbi əsassızdır. Belə ki, İddiaçı döyüş əməliyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etdiyi üçün barəsində Füzuli Hərbi Prokurorluğu tərəfindən bəraətverici əsaslar olmadan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunduğuna görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidməti yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya aministiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxlərə “Müharibə veteranı” adı verilə bilməz. Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna zidddir. Odur ki, göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47-ci və 154-cü maddələrini rəhbər tutaraq İddiaçı tələblərinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5062/2023 saylı 09 mart 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərarını iki əsasla əsaslandırmışdır. Əsaslardan biri- onun hərbi hissədə qanuni əsaslarla hərbi xidmət etməsini məhkəmədə sübut edə bilməməsi ilə bağlıdır. Ona görə də iddia tələbi təmin oluna bilməz. Birinci instansiya məhkəməsinin bu mövqeyi ilə qətiyyən razılaşmır, çünki, onun harda və hansı hərbi hissələrdə hərbi xidmət keçməsi iş materiallarına əlavə olunmuş həm hərbi bileti, həm də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin 9/2-10063 saylı xx.xx.2020-ci il tarixli arxiv arayışından açıq şəkildə görünür və bu halın əlavə sübuta ehtiyacı yoxdur və işə baxan birinci instansiya məhkəməsi bunu nəzərə almalı idi. Məhkəmənin ikinci bir əsası isə onun hərbi hissəni özbaşına tərk etməyi olmuşdur. Hesab edir ki, məhkəmənin bu əsaslandırması da tamamilə qanunsuzdur. Çünki, hərbi hissəni özbaşına tərk etmə halı yoxdur, əgər belə bir hal olsaydı barəsində hər hansı bir qanuni tədbir görülərdi. İş materiallarında olan Fizuli Hərbi Prokurorluğunun 01,06.2005-ci il tarixli məktubundan görünür ki, barəsində prokurorluqda təqsirləndirici material və cinayət işi yoxdur. Əgər özbaşına tərketmə halı olsaydı hüquqi tədbir görülərdi. Arayışdan da göründüyü kimi, barəsində heç bir hüquqi tədbir yoxdur. Həmçinin qeyd edir ki, xidmət etdiyi hərbi hissə dağıldığından bütün hərbçi yoldaşları kimi, o da evə göndərilmiş və bu barədə hərbi komissarlığa da məlumat vermiş, belə olan halda onun bu hərəkəti hərbi hissəni özbaşına tərk etmə kimi qiymətləndirilə bilməz. Onu da məhkəmənin nəzərinə çatdırır ki, hərbi hissəni birlikdə tərk etdiyi hərbçi yoldaşlarının xeyli hissəsi müharibə veteranı adını və vəsiqəsini almış, lakin onun da vəziyyəti onlarla eyni olsa da, ona həmin ad və vəsiqə verilmir. Hesab edir ki, məhkəmə bu hissədə də düzgün olmayan nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslıdır, ona görə də məhkəmənin qərarı apellyasiya qaydasında ləğv edilməli və iddia tələbinin təmin olunmasına dair yeni qərar çıxarılmalıdır. Tərəflərin izahatları: xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər. İddiaçı xx.xx.2023-cü il tarixdə teleqramla məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iclasın oktyabr ayının 20-dən sonrakı tarixə keçirilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. İddiaçı iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı tələbi “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun “hərbi hissəni özbaşına tərk etməsi” əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçı tərəfindən hərbi hissədə qanuni əsaslarla hərbi xidmət etməsinin sübut edilə bilməməsinə, inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqənin verilməsindən imtina olunmasının qanunvericiliyin tələblərinə uyğun olmasına istinad edərək iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin maddənin “qeyd” hissəsinə əsasən isə, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər müharibə veteranı sayılırlar, o şərtlə ki, həmin şəxslər döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsin, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş olsun, barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs olmasın. Bundan başqa, müdafiə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsas hesab edilmişdir. Həmin Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hissəsinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli Fərmanına əsasən «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsi və 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti, 7-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində (müharibə veteranı, Silahlı Qüvvələr veteranı adlarının verilməsi ilə əlaqədar) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər. Həmin bəndin 11-ci yarımbəndinə görə «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin (28 sentyabr 2018-ci il tarixə olan dəyişikliyə əsasən) 1-ci bəndinin tələbinə görə “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №li Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin (bənd 1.3). Müəyyən edilsin ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir (bənd 2.1.). Həmin Qanunun 7-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini aşağıdakı orqanlar öz səlahiyyətləri daxilində həyata keçirirlər-müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar-Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bənd 2.2). Məhkəmə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il, 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməni təhlil edərək qeyd edir ki, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi ona müharibə veteranı adı verilməsi üçün yetərli əsas sayıla bilməz. Belə ki, yuxarıda istinad edilən qanunvericilik aktlarının tələbindən görünür ki, döyüş əməliyyatlarında iştirak edən şəxslərə o halda müharibə veteranı adı verilə bilər ki, digər əsasların mövcud olması ilə bərabər həmin şəxsin qanuni hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə mötəbər sübutlarla təsdiq edilsin. Hazırki iş üzrə sənədlərdən müəyyən olunur ki, iddiaçının “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərinə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2020-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Əsas kimi göstərilmişdir ki, döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etdiyi üçün barəsində Füzuli Hərbi Prokurorluğu tərəfindən bəraətvericı əsaslar olmadan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunduğuna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 09 1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Beləliklə, hazırki işdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri- şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində qanuni əsaslarla xidmət etməsi halı iş materialları ilə təsdiq olunmur, həmçinin iddiaçının hərbi hissəni özbaşına tərk etməsi və bu barədə prokurorluq orqanı tərəfindən bəraətverici əsaslar olmadan cinayət işinin başlanmasının rəddi barədə qərarın qəbulu iddiaçının tələbinin təmin olunmasını istisna edir. İddiaçı isə həmin halları təkzib edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyi üçün cavabdeh inzibati orqan onun tələbinin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd olunur ki, həmin dəlillər əsassız olub, birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5062/2023 saylı 09 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5062/2023 saylı 09 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2565/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2565/2023
20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver