Məhkəmə qərarları › İş №2-1(103)-2565/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2565/2024

05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2565/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X5 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3279/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh tərəfindən iddiaçıya “Artıq ödənilmiş pul vəsaiti haqqında” 26 iyul 2023-cü il tarixli 3-17-1/2-T-16692/2023 nömrəli məktub ünvanlanaraq son üç il üzrə ona ümumilikdə 7537.19 manat artıq pul vəsaitinin ödənildiyinin müəyyən edildiyi, həmin 7537.19 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş edilmişdir.

2. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2023- cü il tarixli 3-17-1/3-7-11298/2023 nömrəli qərarına əsasən iddiaçının əmək pensiyasının məbləği yenidən hesablanmış və hesablama nəticəsində onun əmək pensiyasının məbləği 2316,30 manat, artıq hesablanmış pensiya məbləği isə ümumilikdə 7537.19 manat müəyyən edilmişdir.

3. Məhkəmənin sorğusua əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 3- 17-1/2- 2759671/2023 nömrəli məktubla inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdə iddiaçının çoxsaylı müraciətləri olmasına baxmayaraq, onun dinlənilmə hüququnun təmin edilməsi və müraciətləri (təqdim etdiyi yeni sübubtlarla birlikdə) üzrə araşdırma aparılaraq müvafiq qərar qəbul edilməsi barədə hər hansı bir sübut aşkar edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin pensiya məbləğinin azaldılması və artıq ödənilmiş 7537,19 manat məbləğində pulun qaytarılması barədə inzibati aktın ləğv olunması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 28 avqust 1937-ci ildə doğulmuşdur. Ali məktəbdə təhsilini başa vurduqdan sonra 01 iyul 1959-cu ildən 2010-cu ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Əmək fəaliyyəti yalnız bir sahə ilə - statistika sahəsi ilə bağlı olmuşdur. 01 sentyabr 2010-cu il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə əmək müqaviləsinə xitam verilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq o, hüququndan istifadə edərək 60 ay ərzində aldığı dövlət məvacibinin hesablanması ilə ona pensiya təyin edilməsini xahiş etmişdir. Həmin dövrdə müxtəlif vəzifələrdə işlədiyi üçün vəzifə maaşı həm də, müxtəlif vəzifə təsnifatlarına əsasən hesablanmışdır. 01 sentyabr 2010-cu il tarixində o, pensiyaya çıxan zaman ona 879 manat 80 qəpik təyin olunmuşdur. 13 il ərzində pensiyasının məbləği artırılmışdır. Hesab edir ki, bu qanunauyğun bir haldır. Lakin, cavabdeh 20 iyun 2023-cü il tarixli 3-17-1/2t140549/2023 nömrəli məktubla ona müraciət edərək bildirmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü ilə və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanması üçün əsas hesab olunur. Qeyd olunanları və Qanunun 62.1-ci maddəsinin tələblərini nəzərə alaraq bildirirlər ki, Mərkəzi Filial tərəfindən həyata keçirilən inventarlaşdırma nəticəsində onun əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq 2072.70 manaat məbləğində olunmuşdur. Yuxarıda göstərilən məktub ona çatdıqdan sonra qəbul edilmiş akta öz etirazını bildirmiş və hansı səbəbdən pensiyasının məbləğinin azaldılmasının izah edilməsini xahiş etmişdir. Bununla əlaqədar cavabdeh özünün 26 iyul 2023-cü il tarixli 3-17/9-2-167692/2023 nömrəli məktubunda bildirilmişdir ki, “...aparılan araşdırma zamanı məlum olmuşdur ki, 23 iyun 2020-ci il tarixində vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1150.21 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 345.06 manat, ixtisas dərəcəsinə görə əlavəsi 100.00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 458.20 manat olmaqla orta əmək haqqı 2053,47 manat təşkil edib. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 42 il 4 ay 18 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (2053,4 manat) 80 faizi – 1642,78 manat məbləğidə hesablanmalı olduğu halda 1835,86 manat müəyyən edilməklə xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arsındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də, ona həmin dövr ərzində ümumilikdə 5843,89 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda, maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 01 yanvar 2023-cü il tarixindən əmək pensiyası 2072.70 manat məbləğində olduğu halda 2316.30 manat müəyyən edilməklə xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də, ona həmin dövr ərzində ümumilikdə 1461.60 manat artıq pul vəsaiti ödənilib. Əlavə olaraq bildirilmişdir ki, ona xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 1971,33 manat məbləğində maddi yardım ödənilməli olduğu halda, 2203,03 manat ödənilib. Nəticədə həmin dövr üzrə ona 231,70 manat artıq maddi yardım ödənilib. Qeyd olunanları nəzərə alaraq, son üç il ümumilikdə 7537,19 (5843,89+1461,60+231,70) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 7537,19 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmalar aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş olunmuşdur. Hesab edir ki, cavabdehin imtinası qanusuz və əsassızdır. Belə ki, cavabdeh ona hesablanmış pensiya məbləğini azaldarkən onun hansı meyarlarla azaltdığını göstərməmişdir. Sadəcə olaraq hesab etmişdir ki, ona verilən pensiya məbləği həddən artıq çoxdur və yəqin ki, düzgün hesablanmamışdır. Cavabdeh tərəfindən ona xəbərdarlıq məktubu məlum olan gündən iki dəfə DOST xidməndə olmuşdur. Hər dəfə də, pensiyanın necə hesablanması barədə ona məlumat vermələrini və əvvəlki hesablanmış pensiyanın ona təqdim edilməsini xahiş etsə də, bildirmişlər ki, əvvəlki hesablanmış pensiya artıq olmuşdur. Cavabdeh ona bildirmişdir ki, onun dövlət qulluqçusu kimi stajı düz göstərilməyib. Ona təklif olunmuşdur ki, keçmiş iş yerindən işlədiyi baş iqtisadçı-statistik informasiyalar qrupunun rəhbəri vəzifəsinin də, dövlət qulluğu hesab olunması barədə arayış gətirsin. Bunddan sonra o, Statistika Komitəsinə müraciət edərək, arayış alıb cavabdehə təqdim etmişdir. Arayışda da, göstərilir ki, həmin vəzifə hazırda sektor müdiri vəzifəsi ilə əvəz edilmişdir. Lakin, cavabdehin istədiyi sənədi təqdim etməsinə baxmayaraq barəsində qanunsuz akt qəbul etmişdir. Bununla əlaqədar onun iştirakı ilə pensiyanın hesablanmasını xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh aktın qəbul edilməsində bilərəkdən onun iştirakının təmin edilməməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.3.2 və 21.3.3-cü maddələrinin tələblərinə istinad etmişdir. Qərar qəbul edildikdən sonra da, onun dinlənilmək hüququ pozulmuş qərar qəbul edilərkən pensiyasının hansı qaydada hesablanması ona izah edilməmişdir. Bundan əlavə pensiyası hər bir zaman cavabdeh tərəfindən hesablanaraq təyin edilmişdir. Belə olan halda, onun yeganə yaşayış mənbəyi olan pensiyasının azaldılması və 3 il ərzində guya ki, artıq hesablanmış pul məbləğinin tutulması əsassız və qanunsuzdur. Artıq ödənilmş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısından onun yazılı razılığı ilə tutula bilər. Bu razılıq olmadıqda isə müvafiq qurumun (hazırda cavabdehin) müraciəti əsasında məhkəmə qaydasında tutulur.

6. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Filialın onun pensiya məbləğinin azaldılması və artıq ödənilmiş 7537,19 (yeddi min beş yüz otuz yeddi manat, 19 qəpik) manat məbləğində pulun qaytarılması barədə 23 iyun 2023-cü il tarixli 3-17-1/3-7- 11298/2023 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçıya Fondun Xətai rayon şöbəsi tərəfindən 1 sentyabr 2010-cu il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla aparılan araşdırma zamanı məlum olmuşdur ki, 23 iyun 2020-ci il tarixində iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1150,21 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 345,06 manat, ixtisas dərəcəsinə görə əlavəsi 100,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 458.20 manat olmaqla orta aylıq əmək haqqı 2053.47 manat təşkil edib. Bununla əlaqədar onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 42 il 4 ay 18 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (2053,47 manat) 80 faizi – 1642,78 manat əbləğində hesablanmalı olduğu halda, 1835,86 manat müəyyən edilməklə xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də, ona həmin dövr ərzində ümumilikdə 5843,89 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda maddi yardımını pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqəar 1 yanvar 2023- cü il tarixindən iddiaçının əmək pensiyası 2072.70 manat məbləğində hesablanmalı olduğu halda, 2316.30 manat müəyyən edilməklə xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də, iddiaçıya həmin dövr ərzində ümumilikdə 1461.60 manat artıq pul vəsaiti ödənilib. Əlavə olaraq, iddiaçıya xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 1971,33 manat məbləğində maddi yardım ödənilməli olduğu halda, 2203.03 manat ödənilib. Nəticədə həmin dövr üzrə ona 231.70 manat artıq maddi yardım ödənilib. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə iddiaçıya ümumilikdə 7537,19 (5843,89+1461,60+231,70) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 7537,19 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunub. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Eyni zamanda da, Qanunun 221.3-ü maddəsində qeyd olunanlara əsasən ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda və dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda inzibati orqan maraqlı şəxsləri və ya onları nümayəndələrini dinləməkdən imtina edə bilər. Belə ki, sosisal təminat hüququnun məzmununa nəzər salınsa, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisasdi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsndə bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayandıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibai aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqların ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəmnində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdəyə mənfi təsir göstərir. Bundan əlavə, yuxarıda qeyd etdikləri kimi, “İnzibati icraat haqqında” Qanunun 21.3.4-cü maddəsi icazə verir ki, şəxslərə münasibətdə qəbul edilmiş inzibati aktlar, yəni ümumi xarakterli sərəncamlar və ya avtomatik qurğuların vasitəsilə və ya çoxlu sayda identik məzmunlu inzibati aktların qəbul edilməsi zamanı inzibati orqan dinləmədən imtina etsin. Qanunda belə bir müddəanın nəzərdə tutulması zərurətdən irəli gəlir. Pensiya hüquq münasibətləri çərçivəsindən yanaşdıqda, bu kateqoriyada olan şəxslərin dairəsi geniş olduğu üçün həmin şəxslərin hamısını dinləmək fiziki cəhətdən mümkün olmur. Eyni zamanda hesab edirlər ki, formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu qərara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. Əlavə olaraq bildirilmişdir ki, inzibati icraatın formal (prosessual) tələblərinin pozulması əsası ilə əleyhlərinə qərar qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarının icrası məqsədilə müvafiq şəxslərin pensiya ödənişi bərpa edilir və ya əvvəlki məbləğı çatdırılır. Bundan sonra tərəflərindən həmin şəxslər barəsində inzibati icraatın bütün qaydalarına riayət edilməlkə yenidən pensiya ödənişinin dayandırılması və ya qanunuyğun qaydada yenidən hesablanaraq azaldılması haqqında qərarlar qəbul edilir. Yəni əleyhlərinə qəbul olunmuş qərarlar müvafiq iş üzrə inzibati orqanın yekun nəticədə qəbul edəcəyi qərarın məzmununda hər hansı dəyişikliyə səbəb olmur. Əksinə, sırf məhkəmə qərarının icrası məqsədilə dövlət büdcəsi hesabına əsassız pensiya məbləğlərinin daha bir neçə ay (inzibati icraatın formal tələblərinə riayət edilməklə aparıldığı müəddət ərzində) ödənilməsinə və bununla da, dövlət büdcəsinə vurulmuş ziyanın məbləğinin artmasına səbəb olur. Hesab edirlər ki, sözügedən işlərdə məhkəmə müdaxilənin qanuniliyi məsələsinə onun mütənasibliyi (ədalətli tarazlığa riayət edilməsi) ilə bir yerdə qiymət verməlidir. Belə ki, vətəndaşın hər hansı pozulmuş hüququnun bərpasına xidmət etməyən qərarlar, eyni zamanda dövlət büdcəsindən səmərəsiz istifadəyə gətirib çıxarır.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3279/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi X1 əmək pensiyasını məbləğinin azaldılması və ondan 7537.19 (yeddi min beş yüz otuz yeddi manat on doqquz qəpik) manat məbləğində artıq ödənilmiş pulun tutulması barədə xx.xx.2023-cü il tarixli 3-17- 1/3-7-11298/2023 nömrəli qərarın ləğv edilməsi qərara alınmışdır.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-7- 11298/2023 nömrəli qərarı nəticəsi olaraq iddiaçıdan artıq ödənilmiş pensiya məbləğinin tutulması sonuncunun razılığı və ya müvafiq məhkəmə qərarı olmadan həyata keçirildiyindən, eləcə də, iddiaçının pensiya məbləğinin azaldılması zamanı aparılmış inzibati icraat qanunvericiyiliyin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, ona ödənilməyən və artıq ödənilmiş pensiya məbləği kimi tutulmuş məbləğin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

10. Qərardan cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3279/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, nəzərə almaq lazımdır ki, sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.

d) Prosses iştirakçılarının izahatları

13. Apellyasiya baxışı zamanı iddiaçı vəfat etdiyindən hüquqi varisi X6 ilə əvəz olunmuşdur.

14. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iddiaçının hüquqi varisinin vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır

17. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 21.1 və 21.2-ci maddələrinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3-cü maddəsinə görə inzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: (21.3.1) maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda, (21.3.2) ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda, (21.3.3) dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda, (21.3.4) ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda, (21.3.5) barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda, (21.3.6) inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

18. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun: 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2-ci maddəsinə görə bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3- cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

23. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2023-cü il tarixli qərarının mübahisələndirilməsinə dair xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, iddiaçı həmin qərardan öncədən məlumatlı olmamış, cavabdeh tərəfindən həmin qərarla məhkəmə icraatında tanış olmuş və bundan sonra tərəfindən iddia tələbi dəqiqləşdirilərək sözügedən qərarın ləğv edilməsi barədə iddia qaldırılmışdır. Sözügedən tələbə qədər iddiaçı hüquqlarının müdafiəsi məqsədilə məhkəmədə öhdəliyin icrası barədə iddia növü üzrə tələb qaldırmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən 30 günlük iddia müddəti ötürülməmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

24. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmənin mövqeyi aşağıdakı kimidir:

25. Tətbiq olunan Qanunvericiliyin tələblərinin təhlili nəticəsində aydın olur ki, istər inzibati aktın qəbulu, dəyişdirilməsi, istərsə də ləğvi üzrə aparılan inzibati icraat barədə inzibati orqan maraqlı şəxsə məlumat verməyə borcludur. «İnzibati icraat haqqında» Qanun məlumatlandırmanın həyata keçirilməsindən imtinaya dair inzibati orqana səlahiyyət versə də, qeyd olunan imtinanın hansı hallarda nəzərdə tutulduğu konkret olaraq adıçəkilən Qanunun 21.3-cü maddəsində qeyd edilmişdir. İcraat nəticəsində qəbul edilən yeni inzibati akt da qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

26. Hazırkı iş üzrə iddia ərizəsindən və cavabdehin iddiaya qarşı yazılı etirazında əks olunan mövqeyindən aydın olur ki, “Əmək pensiyaları haqqında” Qanunun qeyd edilən tələblərinə uyğun olaraq cavabdeh ödənilmiş hesab etdiyi pensiya məbləğinin geri qaytarılması ilə bağlı iddiaçıya müraciət edərək onun razılığını almamış, lakin buna baxmayaraq iddiaçının əmək pensiyasından tutulmalar aparılmışdır.

27. Məhkəmə hesab edir ki, iddiaçının razılığı olmadan onun əmək pensiyasından tutulmaların aparılması artıq hesablanan məbləğin bir hissəsinin tutulması ilə bağlı qanunvericiliyin şərtlərinə əməl edilmədən icra edilməsinə yönəlmiş hərəkətdir.

28. Hazırkı halda, əmək pensiyaçısının (ərizəçinin) artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə, yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh də bu barədə heç bir dəlil təqdim edilməmişdir.

29. Məhkəmə eləcə də, qeyd edir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə mübahisələndirilən inzibati akt həmçinin inzibati icraat haqqında hüquq normalarının pozulması nəticəsində də qəbul edilmiş inzibati aktdır.

30. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir.

31. Nəzərə almaq lazımdır ki, qanunvericilikdə inzibati icraatın başlanılması üçün əsaslar, onun aparılması və yekunlaşdırılması qaydası ətraflı nəzrdə tutulmuşdur. Lakin, hazırkı mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparılması müəyyən edilməmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı maraqlı şəxs kimi başlanılmış inzibati icraata cəlb edilməli, həmin icraatı iddiaçının dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməli idi. Lakin, cavabdeh tərəfindən bu tələblərə əməl edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh iddiaya qarşı məhkəməyə təqdim etdiyi etiraz ərizəsində bunun səbəbinin pensiya hüququ münasibətləri çərçivəsində bu kateqoriyadan olan şəxslərin dairəsinin geniş olması ilə əsaslandırsa da, bu cavabdeh üçün üzürlü səbəb hesab edilə bilməz. Belə ki, inzibati orqanın öz təşəbbüsü ilə başladığı inzibati icraat çərçivəsində maraqlı şəxsin dinlənilmə hüququnun təmin edilməsi qanunvericilikdə birbaşa imperativ norma kimi nəzərdə tutulmuşdur və qanunvericiliyin tələblərinə riayət edilməsi inzibati orqanların borcudur.

32. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, cavabdeh tərəfindən həmçinin, etiraz ərizəsində dinlənilmə hüququnun təmin edilməməsinin, maraqlı şəxsin inzibati icraata cəlb edilməməsinin əsası kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 21.3.2-ci və 21.3.4-cü maddələrinə isinad etsə də, hazırki işin faktiki hallarında sözügedən maddələrdə nəzərdə tutulmuş əsasların olması müəyyən edilməmişdir.

33. Məhkəmə eləcə də, cavabdehin sırf formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə tərəflərindən qəbul edilmiş inzibati aktların məhkəmə qaydasında ləğv edilməsi nəticəsində sonda məhkəmə qərarının icrası məqsədilə dövlət büdcəsi hesabına əsassız pensiya məbləğlərinin daha bir neçə ay ödənilməsinə və bununla da, dövlət büdcəsinə vurulmuş ziyanın məbləğinin artmasına səbəb olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir və inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar, onlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

35. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X7 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

36. Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, nəzərə almaq lazımdır ki, sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir.

37. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi, cavabdehin iddiaçıdan asılı olmayan hallar nəticəsində, əmək pensiyasının güman olunan səhv hesablanıb ödənilməsi halı iddiaçıdan ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz.

38. Belə ki, nə əmək pensiyasının təyin edilməsi barədə qərarda, nə də, məhkəməyə daxil olmuş müvafiq sənədlərdə cavabdehin güman etdiyi əmək pensiyasının səhv hesablanıb ödənilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir.

39. Məhkəmə, həmçinin onu da, qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir.

40. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir.Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.( “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1, 21.2, 24.1., 24.2-ci maddələri).

41. Qeyd edilənlərə əsasən məhkəmə Kollegiyası cavabdehin şikayətin dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. 42.Bundan başqa məhkəmə Kollegiyası qeyd edir ki, İddiaçı ölümü ilə bağlı dəfn xərci pulunun da iddiaçıdan tutulmalı pul məbləinə görə büdcəyə bərpa olunduğunu bildirmişdir.Məhkəmə Kollegiyası qeyd edir ki, İddiaçı ölümü ilə bağlı dəfn xərci pulunun da iddiaçıdan tutulmalı pul məbləinə görə büdcəyə bərpa olunması Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3279/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması ilə bağlı məhkəmə Kollegiyasının qənaətinə təsir etmir.Belə ki, dəfn xərci pulunun iddiaçının vərəsəsinə ödənilməsi ilə bağlı mübahisə yaranarsa vərəsə dəfn xərci pulu tələbi ilə bağlı məhkəməyə müraciət edə bilər.

43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

44. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3279/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. 45.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3279/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar