Məhkəmə qərarları › İş №2-1(103)-2566/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2566/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2566/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MTK-nın Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın qismən etibarsızlığı və s.” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Xumar Afət qızı Mərdanova ibarət tərkibdə, X1-Yusiflinin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MTK-nın cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın qismən etibarsızlığı və s.” tələbinə dair idiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4815/2021 saylı 12 iyul 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 noyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MTK cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 262 saylı 14.04.2017-ci il tarixli sərəncamının 1-ci bəndindəki “icarə əsasında” sözü hissəsində etibarsız sayılması, Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MTK arasında bağlanmış 1362 saylı 26.07.2017-ci il tarixli torpaq icarə müqaviləsinin ləğv edilməsi və həmin torpaq sahəsinin İddiaçı MTK-nın adına daimi istifadə hüququ ilə rəsmiləşdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 262 saylı 14.06.2017-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri, Yasamal rayonu, 3160-cı məhəllə, X.Mustafayev, X.Dadaşov və M.Ş.Həmidov küçələrinin əhatə etdiyi ünvanda yerləşən torpaq sahəsi hündürmərtəbəli yaşayış evlərinin tikintisi məqsədilə İddiaçı MTKnın icarə əsasında istifadəsinə ayrılmış, 13.07.2017-ci il tarixli, 13277 saylı inşaat pasportu tərtib edilmiş, 17/87 saylı, 10.07.2017-ci il tarixli ayrıc aktı verilmişdir. Həmin sərəncam əsasında Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MTK arasında 1362 saylı, 26.07.2017-ci il tarixli torpaq icarə müqaviləsi bağlanmışdır. Torpaq sahəsi kooperativə daimi istifadə hüququ ilə ayrılmalı olduğundan torpaq icarə müqaviləsi qanunvericiliyinin tələblərinin pozulması ilə bağlandığından etibarsız sayılmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4815/2021 saylı 12 iyul 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı MTK apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Sərəncama əsasən İddiaçı MTK-ya ayrılmış torpaq sahəsi təyinatına görə yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədi ilə ayrılmış, MTK-nın fəaliyyət müdəti bəlli olmamışdır. Torpaq sahəsi tikinti məqsədləri üçün ayrıldıqda bir qayda olaraq daimi istifadəyə verilməlidir. Eyni zamanda həmin sərəncam qeyri-normativ akt olmaqla, torpaq sahəsinin icarə əsasında ayrılmasına dair hissədə MTK-nın qanunla qorunan mənafelərini pozur. Bu baxımdan MTK ilə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış 1362 saylı 26.07.2017-ci il tarixli torpaq sahəsinin icarə müqaviləsi bağlandığı andan, eləcə də Bakı şəhər İcra Hakimiyyətinin 262 saylı 14.04.2017-ciil tarixli sərəncamındakı “İcarə əsasında“ sözü sərəncam qüvvəyə mindiyi andan etibarsız hesab edilməliidir. Apellyasiya şikayətinə əlavənin dəlilləri Apellyasiya şikayətinə əlavənin dəlilləri onunla əsaslandırılmışdır ki, iddianın hüquqi əsası mübahisələndirmə haqqında iddia kimi müəyyən edilməlidir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini, apellyasiya şikayətini, ona əlavəni müdafiə edərək və onların məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. 24.11.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında bu barədə məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 262 saylı 14.06.2017-ci il tarixli sərəncamından görünür ki, İddiaçı Mənzil-Tikinti Kooperativinin 02.06.2017-ci il tarixli 27 saylı müraciəti nəzərə alınaraq, Yasamal rayonu, 3160-cı məhəllə, X.Mustafayev, X.Dadaşov və M.Ş.Həmidov küçələrinin əhatə etdiyi torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Kooperativə icazə verilmişdir. 1362 saylı 26.07.2017-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MTK arasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 14.06.2017-ci il tarixli 262 saylı sərəncamı, 13277 saylı 13.07.2017-ci il tarixli inşaat pasportu və 17/87 saylı 10.07.2017-ci il tarixli ayrıc aktına əsasən Bakı şəhəri, Yasamal rayonu, 3160-cı məhəllə, X.Mustafayev, X.Dadaşov və M.Ş.Həmidov küçələrinin əhatə etdiyi ərazidə yerləşən torpaq sahəsinə dair 49 il müddətinə icarə müqaviləsi bağlanmışdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə sərəncamın etibarsızlığına səbəb olan əsaslardan hər hansı birinin hazırki işdə mövcud olmadığına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddiaçının iddiasını qərarında qeyd olunanlarla bağlı təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, hazırki işdən müəyyən olunur ki, iddiaçının hazırki işdə hüquqi marağı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 262 saylı 14.06.2017-ci il tarixli sərəncamında Yasamal rayonu, 3160-cı məhəllə, X.Mustafayev, X.Dadaşov və M.Ş.Həmidov küçələrinin əhatə etdiyi torpaq sahəsində yaşayış binalarının İddiaçı Mənzil-Tikinti Kooperativi tərəfindən tikintisinin layihələndirilməsi üçün həmin torpaq sahəsinin Kooperativə “icarə əsasında” deyil, “daimi istifadə” əsasında verilməsindən ibarət olmuşdur. Bunun üçün iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilək adı çəkilən sərəncamın etirarsız hesab edilməsi (müəyyən etmə və tanınma haqqında iddia) deyil, həmin inzibati aktın dəyişdirilməsi tələb oluna bilərdi. Lakin işdən görünür ki, birinci instansiya məhkəməsi iddiaçının hüquqi marağını müəyyən etmədən, onun daha uğurlu iddia növündən istifadə etmək imkanının olduğunu ona bildirmədən, verilmiş tələbə mahiyyəti üzrə baxaraq onu təmin etməmiş və nəticədə zəruri araşdırmanı sonadək aparmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə birinci instansiya məhkəməsi iddiaçının məhkəmədə qaldırdığı iddia ilə hüquqi marağının əhatə olunubolunmadığını yoxlamalı, ona istədiyi məqsədə çatmaq üçün daha uğurlu iddia tələbini qoymaq üçün tələbini dəqiqləşdirməyi təklif etməli və yalnız bu barədə hüquqi yardım göstərdikdən sonra işə baxıb müvafiq qərar qəbul edə bilər. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Buna görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 12.07.2021-ci il tarixli qərarı ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci bəndinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4815/2021 saylı 12 iyul 2021-ci il tarixl qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar