Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2566/2025 30.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2-1(112)-4220/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun pensiya məbləğini səhv hesablamışdır. Pensiya məbləği 144 ay nəzərə alınmaqla yox, 90 ay nəzərə alınmaqla hesablanmalıdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarım, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin Əmr və Sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində (21.5) müvafiq olaraq yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr yarımbəndində drezinaların sürücüləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1992-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC-nin 9 saylı yol distansiyasında kran drezina maşinistləri vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi sahə yuxarıda göstərilən siyahı üzrə metropolitenlər sahəsinə aid deyildir. Bu səbəbdən də onun güzəştli iş stajı yaranmamışdır. İddiaçı işlədiyi sahə yuxarıda qeyd olunan Qərar ilə təsdiq olunmuş siyahıda Nəqliyyat bölməsində (21) Dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndi (21.4) kimi öz əksini tapmışdır. Lakin sözügedən bənddə onun işlədiyi vəzifə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Daha sonra Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-H-177596/2024 nömrəli məktubu ilə iddiaçıya xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyi bildirilmişdir. İddiaçı pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 24 il 6 ay 2 gün təşkil etməkdədir. Bununla əlaqədar, xx.xx.2006-cı il tarixədək onun iş stajına uyğun olaraq Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 52.09 manat (24,51 il x 306 manat : 144 ay) hesablanaraq xx.xx.2024-cü il tarixə indeksləşdirilib 171,47 manat müəyyən edilərək üzərinə, xx.xx.2006-xx.xx.2024-cü il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 60493,48 manat sığorta kapitalına uyğun 420,09 manat (60493,48 : 144 ay) əlavə edilərək xx.xx.2024-cü il tarixinə əmək pensiyanızın məbləği 591,56 manat (171,47+420,09) məbləğində müəyyən edilmişdir. Daha sonra İddiaçı xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmış və xx.xx.2024 tarixli 3-17-1/2-H- 223130/2024 nömrəli məktubla ona təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının hesablanması haqqında məlumat verilmişdir. Belə ki, İddiaçı xx.xx.2024-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Bununla əlaqədar olaraq, pensiya hüququnun yarandığı tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 85.185,15 manat pensiya sığorta kapitalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 144 aya bölünərək əmək pensiyasının məbləği 591,56 manat (85185,15:144) müəyyən edilmişdir. Eyni zamanda sözügedən məktubda, İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün ona ödənilməli olan 2794,61 manat pul vəsaitinin hesablandığı bildirilmişdir. Həmin vəsait cari aydan etibarən hər ay 558,92 manat olmaqla pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulduğu qeyd edilmişdir. Son olaraq, İddiaçı xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmış və xx.xx.2024-cü il tarixli 3-17-1/2-H-252542/2024 nömrəli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılmasının mümkün olmadığı bildirilmişdir. N.X3 tərəfindən xx.xx.2024-cü il tarixdə Qanunun 9.1 -ci maddəsinin tələblərinə uyğun qaydada 591,56 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilir. Bakı İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2-1(112)-4220/2025 nömrəli qərarı ilə (hakim F.İsmayılzadə) İddiaçı iddiası təmin edilməmişdir. Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2-1(112)-4220/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 25 il əmək stajı düzgün hesablanmamışdır. Ona 64 yaşında güzəştli şərtlərlə pensiya təyin edilib. Lakin pensiya 90 aya yox, 144 aya bölünərək hesablanmışdır. Dünya sağlamlıq vəziyyətinin hesablamasına görə Azərbaycanda ömür uzunluğu kişilər üçün 68.8 il, qadınlar üçün 74.1 il hesab olunur, orta hesabla ömür uzunluğu 71,4 ilə bərabərdir. 25 il əmək stajına görə ona pensiya verilməmişdir. Bundan əlavə, onun üçün sığortaya görə hesablanan məbləğ 61.5 manat olmalıdır. 25 il əməyə görə ona 171,4 manat, yığıma görə isə 420,5 manat məbləğində pensiya təyin edilib. Cavabdeh inzibati orqan tərəfindən apelyasiya şikayətinə etiraz verilərək şikayətin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2-1(112)-4220/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinə qarşı etirazı müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, İddiaçı pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 24 il 6 ay 2 gün təşkil edir. İddiaçıya 01 iyul 2024-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və iddiaçının pensiya hüququnun yarandığı 09 fevral 2024-cü il tarixindən hesablanmışdır. Cavabdeh inzibati orqanın qərarına görə pensiya hüququnun yarandığı tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 85.185,15 manat pensiya sığorta kapitalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 144 aya bölünərək əmək pensiyasının məbləği 591,56 manat (85185,15:144) müəyyən edilmişdir. Eyni zamanda, əmək pensiyası üzrə keçmiş müddət üçün ona ödənilməli olan 2794,61 manat pul vəsaiti hesablanmış və cari aydan etibarən hər ay 558,92 manat olmaqla pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulmuşdur. İddiaçı pensiyası hesablanarkan gözlənilən pensiya ödənişi müddəti aylarının 144 ay deyil, 90 ay hesablanmasını xahiş edir. Bu məqsədlə cavabdehə müraciəti təmin edilməmişdir. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Birinci instansiya məhkəməsi iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçının pensiya hüququ 13 may 2022-ci il tarixindən sonra yarandığından, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış 85,185.15 manat pensiya sığorta kapitalı 144 aya bölünərək, aylıq pensiya məbləği 591.56 manat (85,185.15 : 144) müəyyən edilmişdir. Bununla belə, iddiaçının gözlənilən pensiya ödənişi müddətinin 90 ay olması ilə bağlı irəli sürdüyü tələb qanuni əsaslardan məhrumdur. Çünki onun pensiya hüququ 60 yaşında deyil, 64 yaşında yaranmışdır. Hazırda 64 yaşdan pensiya təyin edilməsi barədə qərar qüvvədədir və bu qərara uyğun olaraq pensiyanın hesablanması qanunvericiliyə tam uyğundur. Buna görə də pensiya məbləğinin hesablanması məsələsində 144 aylıq müddətin tətbiqi qanunla müəyyən olunmuş qaydalara əsasən düzgün aparılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. İİ bəndinə əsasən bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 38-ci maddəsinin İ bəndinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İİİ bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyasları haqqında” Azərbaycan Respublikası Qanunun: -1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. -7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiya) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (13 may 2022-ci il tarixdən sonrakı redaksiya) 9.1-ci maddəsinin əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (13 may 2022-ci il tarixədək olan redaksiya) 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. (13 may 2022-ci il tarixədək olan redaksiyası) 45.1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. (13 may 2022-ci il tarixdən sonrakı redaksiyası) 45.1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 6 mart 2006-cı il tarixli, 377 №-li Fərmanının 2.11-ci bəndinə əsasən həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay nəzərdə tutulur. İşin hallarından görünür ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2024-cü il tarixdən təyin edilmişdir. Göründüyü kimi, iddiaçının pensiya hüququ 13 may 2022-ci il tarixdən sonra yaranmışdır. Bu səbəbdən hazırkı mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 45.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonra qüvvədə olan redaksiyası tətbiq edilməlidir. 45.1-ci maddənin tələbinə görə əmək pensiyasının yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti (144 ay) aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (kişilər üçün 65 yaş - bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının pensiya hüququ 64 yaşında yaranmış (65 yaşı tamam olmamış), ona xx.xx.2024-cü il tarixdən pensiya təyin edilməsi ilə bağlı qərar qüvvədədir. Bu səbəbdən iddiaçının pensiya məbləğinin hesablanması məsələsində 144 aylıq müddətin tətbiqi qanunvericiliyin tələbinə uyğundur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, Kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2-1(112)-4220/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-2566/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2566/2025
30.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver