Məhkəmə qərarları › İş №2-1(103)-2567/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2567/2022

26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2567/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 60 yaşdan, yəni 14 fevral 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1853/2022 saylı 11 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 26 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx xxxxxx 1961-ci il təvəllüdlüdür. İB seriyalı 040672 saylı xx.xx.1983-cü il tarixli diplomdan görünür ki, İddiaçı 1978– 1983-cü illərdə Azərbaycan Politexnik İnstitutunda əyani şöbədə ali təhsil almış və ona müvafiq ixtisas üzrə tam kursu bitirmişdir. BÇ seriyalı 054707 saylı xx.xx.1985-ci il tarixli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus İT-İ seriyalı xx.xx.1989-cu il taixli əmək kitabçasından görünür ki, o, 21 noyabr 1983-cü il tarixdən əmək fəaliyyətinə başlamış və hal-hazıradək işləyir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********2 saylı 28 iyul 2021ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ vardır. Filiala təqdim edilmiş əmək kitabçasında onun xx.xx.2005–xx.xx.2006-cı illərdə “X10” MMC-nin Poladəritmə sexində menecerin müavini vəzifəsində işlədiyi qeyd olunsa da, bu vəzifə Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının “Metallurgiya istehsalatı” bölməsinin (3) polad və ferroərinti istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması bəndində (rəhbərlər və mütəxəssislər yarımbəndində) nəzərdə tutulan sex rəisinin müavini vəzifəsi uyğun deyil. Təqdim edilən sənədlərdə 2009 – 2014-cü illərdə Təkrarqarametal Tədarükü sahəsində böyük usta və sahə rəisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin həmin vəzifələr yuxarıda qeyd olunan polad və ferroərintilər istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması sahəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az olmaqla 9 il 9 ay 12 gün təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 60 yaşdan, yəni 14 fevral 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1961-ci il tarixdə doğulmuşdur. Hal-hazırda “X10” MMC-də baş direktorun istehsalat üzrə 1- ci müavininin müşaviri vəzifəsində çalışır. 4 may 2021-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı ilə bağlı cavabdeh DSMF X7 üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdehin 28 iyul 2021-ci il tarixli məktubu ilə ona əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İmtinaya səbəb kimi onun işlədiyi sahənin və vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmuş sahə və vəzifələrə aid olmaması göstərilmişdir. İmtina barədə məktub ona 29 iyul 2021-ci il tarixdə təqdim olunmuşdur. İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinasını əsassız hesab edir. Belə ki, onun çalışdığı “X10” MMC-də xarici investorlar tərəfindən idarə edildiyi dövrdə bəzi vəzifələrin adlarında ingilis mənşəli sözlər yer almışdır. İddiaçının 1 sentyabr 2005-ci il tarixdən 1 noyabr 2006-cı il tarixədək çalışdığı Poladəritmə sexində “menecer müavini” vəzifəsi məhz “sex rəisinin müavini” vəzifəsi olmuşdur. Həmçinin, 1 sentyabr 2009-cu il tarixdən 1 sentyabr 2014-cü il tarixədək işlədiyi təkrarqarametal tədarükü sahəsi Poladəritmə sexinin daxilində yerləşən metal tullantılarının emalını həyata keçirən sahədir. Göründüyü kimi, həmin sahə yuxarıda qeyd edilən Siyahının 3.6-cı bəndində nəzərdə tutulan “polad və ferroərintilər istehsalı” sahəsinə aiddir və iddiaçının işlədiyi vəzifələr də uyğun olaraq 3.6 (b) yarımbəndində nəzərdə tutulmuş böyük usta, sahə rəisi, sex rəisi, onların müavinləri vəzifələrinə uyğundur. “X10” MMC-nin 30 aprel 2021-ci il tarixli 50/L saylı məktubunda yuxarıda qeyd edilənlər ətraflı şəkildə öz əksini tapmışdır. Bununla bağlı iddiaçı olaraq cavabdehin əməkdaşlarının və mütəxəssislərinin iştirakı ilə yerində baxış keçirməklə onun işlədiyi sahənin nə dərəcədə zərərli və isti sahə olması tələb etsə də, heç bir araşdırma aparılmadan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Təqdim edilən sənədlərdə qeyd olunduğu kimi, iddiaçının 60 yaşı olan müddətə, yəni 14 fevral 2021-ci il tarixədək hərbi xidmət və təhsil müddəti də nəzərə alınmaqla 42 il 9 ay ümumi əmək stajı, 15 il 11 ay güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı və 124.441 manat məbləğində pensiya kapitalı var. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli Qanunu ilə qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, məhkəmə qərarlarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın “Metallurgiya istehsalatı” bölməsinin (3) polad və ferroərinti istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması bəndində (3.6) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) sex rəisləri, onların müavinləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 21 noyabr 1983-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında 1 sentyabr 2005-ci il tarixdən 1 noyabr 2006-cı il tarixədək dövr ərzində “X10” MMC-nin Poladəritmə sexində menecerin müavini vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sex menecerinin müavini vəzifəsi yuxarıda qeyd olunan sex rəisləri, onların müavinləri vəzifəsinə uyğun deyil. Bundan başqa, iddiaçının təqdim etdiyi sənədlərdə 1 sentyabr 2009-cu il tarixdən 1 sentyabr 2014-cü il tarixədək olan dövr ərzində Təkrarqarametal Tədarükü sahəsində böyük usta və sahə rəisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Onun işlədiyi Təkrarqarametal Tədarükü sahəsində usta və sahə rəisi vəzifələri yuxarıda qeyd olunan polad və ferroərintilər istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması sahəsinə aid deyil. Bu səbəbdən güzəştli iş stajı 12 il 6 aydan az (9 il 9 ay 12 gün) təşkil edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1853/2022 saylı 11 aprel 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 14 fevral 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol vermiş, hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. Məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq eməmiş və işin faktiki hallarını dərindən araşdırmamışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, İddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 28 iyul 2021-ci il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə 06 avqust 2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçı xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən artıq olmasına, güzəştli şərtlərlə pensiya təyin olunması üçün tələb olunan 12 il 6 ay güzəştli iş stajının toplanmasına əsaslanaraq ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahı” üzrə 60 yaşdan pensiya təyin edilməsini tələb edir. Bu barədə o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun güzəştli iş stajının 12 il 6 aydan ildən az, yəni 9 il 9 ay 12 gün olması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Sonradan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun tələbi məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 60 yaşdan pensiya hüququnun yaranmasına və cavabdeh inzibati orqanın imtinasının qanunazidd olmasına istinad edərək, iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 60 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 6 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) işlərdə çalışması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, təhsil haqda sənədini (diplomu), əmək kitabçasını, iş yerindən güzəştli arayışları təqdim etmişdir. İddiaçıya məxsus diplomdan və hərbi biletdən görünür ki, o, müvafiq olaraq 1978– 1983-cü illərdə Azərbaycan Politexnik İnstitutunda əyani şöbədə ali təhsil almış, 1986- 1988-ci illərdə hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” 67-ci maddəsin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin üçüncü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Nəzərə alınmalıdır ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçının xx.xx.2006-cı ilədək işlədiyi vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 70-ci maddəsində qeyd edilir ki, pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. Bu qayda “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsində də öz əksini tapmışdır. Beləliklə, iddiaçıya məxsus əmək kitabçasındakı məlumatlar, təhsil aldığı dövr və hərbi xidmət dövrü nəzərə alınmaqla ümumilikdə iş stajının 25 ildən artıq olduğu müəyyən olunur və bu staj cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Nəzərə alınmalıdır ki, hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının xüsusi iş stajının kifayət qədər olması mübahisələndirilir. Belə ki, iddiaçının xx.xx.2005–xx.xx.2006-cı illərdə “X10” MMC-nin Poladəritmə sexində menecerin müavini və xx.xx.2009-xx.xx.2014-cü illərdə Təkrarqarametal tədarükü sahəsində böyük usta və sahə rəisi vəzifələrində işlədiyi müddət cavabdeh inzibati orqan tərəfindən güzəştli iş stajı kimi qəbul edilməmişdir. İş materiallarında olan “X11” MMC-nin 85/L saylı 19 aprel 2018-ci il tarixli araşdırıcı arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı 1 sentyabr 2009-cu il tarixdən 7 iyul 2011-ci il tarixədək Təkrarqarametal Tədarükü sahəsində böyük usta, 7 iyul 2011-ci il tarixdən 1 sentyabr 2014-cü il tarixədək Təkrarqarametal Tədarükü sahəsinin rəisi, 1 sentyabr 2014cü il tarixdən 10 oktyabr 2016-cı il tarixədək Poladəritmə sexinin rəisi, 10 oktyabr 2016-cı il tarixdən 10 mart 2017-ci il tarixədək Poladəritmə sexinin rəis müavini, 10 mart 2017-ci il tarixdən hal-hazıradək Baş direktorun istehsalat üzrə 1-ci müavininin müşaviri vəzifəsində çalışır. Qeyd edilmiş peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 3-cü “Metallurgiya istehsalatı” bölməsinin 3.6 (b) yarımbəndində ustalar, böyük ustalar, sahə rəisləri, sex rəisləri, onların müavinləri kimi öz əksini tapmışdır. “X11” MMC-nin 133/A saylı 19 aprel 2018-ci il tarixli araşdırıcı arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı “X10 Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində çalışmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi yanında X5 Salan Mərkəz tərəfindən tərtib edilmiş “X10 Limited” şirkətinin arxiv fondunun materiallarında qeyd edilmişdir ki, 28 mart 2001- ci il tarixdən 1 sentyabr 2005-ci il tarixədək Poladəritmə sexində zərərli iş şəraitində növbə rəisi, 1 sentyabr 2005-ci il tarixdən 1 noyabr 2006-cı il tarixədək Poladəritmə sexinin menecerin müavini vəzifəsində, 1 noyabr 2006-cı il tarixdən 1 sentyabr 2009-cu il tarixədək Poladəritmə sexində zərərli iş şəraitində şixtə (xəlitə) sahəsinin rəisi vəzifəsində çalışmışdır (Əsas: Azərbaycan Respublikası Milli Arxiv İdarəsi yanında X5 Salan Mərkəz tərəfindən tərtib edilmiş Arxiv fondunun materialları. Fond №1, Siyahı №1Ş, 21№li saxlama vahidi, 246№li saxlama vahidi). Qeyd edilmiş peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 3-cü “Metallurgiya istehsalatı” bölməsinin 3.6 (b) yarımbəndində növbə rəisləri, sahə rəisləri, sex rəisləri, onların müavinləri kimi öz əksini tapmışdır. “X11” MMC-nin 50/L saylı 30 aprel 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı 28 mart 2001-ci il tarixdən 1 sentyabr 2009-cu il tarixədək olan dövr ərzində “X10” MMC-nin Poladəritmə sexində növbə rəisi, menecerin müavini, şixtə sahəsinin rəisi vəzifələrində çalışmışdır. Qeyd edilən dövrdə “X10” xarici investorlar tərəfindən idarə edildiyi üçün bəzi vəzifələrin adlarında ingilis mənşəli sözlər yer almışdır. Menecer müavini sex rəisinin müavini kimi başa düşülməlidir. İddiaçı öz əmək funksiyalarını Elektrik poladəritmə sexində, isti və zərərli iş şəraitində yerinə yetirirdi. Bu baxımdan qeyd edilən vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qəran ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 3-cü “Metallurgiya istehsalatı” bölməsinin 3.6 (b) yarımbəndində növbə rəisləri, sahə rəisləri, sex rəisləri və onların müavinləri vəzifələrinə uyğundur. Bundan başqa, Təkrarqarametal Tədarükü sahəsi “metallurgiya istehsalatı”na aid olan Elektrik poladəritmə sexinin daxilində yerləşir. Həmin sahədə metal tullantıların emalı prosesi həyata keçirilir. İddiaçı 1 sentyabr 2009-cu il tarixdən 1 sentyabr 2014-cü il tarixədək olan dövr ərzində həmin sahədə böyük usta və sahə rəisi vəzifələrində çalışmışdır. Bu vəzifələr də yuxarıda qeyd edilən Siyahının 3.6 (b) yarımbəndində növbə rəisləri, sahə rəisləri, sex rəisləri və onların müavinləri vəzifələrinə uyğundur. “X10” MMC Respublikamızın metallurgiya sənayesində aparıcı rol oynayan poladəritmə müəssisəsidir. Müəssisədə iş şəraiti ağır və zərərlidir. İş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərə (o cümlədən İddiaçı) əmək şəraitinə görə güzəştlər – maaşlara artım və əlavə məzuniyyət günlərinin verilməsi təmin edilmişdir. İddiaçı iş yeri bilavasitə Elektrik poladəritmə sexinin daxilində yerləşirdi və o bütün iş vaxtım isti və zərərli iş şəraitində keçirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Hazırki işdə iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmasına əsas verən- işəgötürən tərəfindən verilmiş müvafiq arayışlar mövcud olsa da, cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayətində iddiaçıya verilmiş imtinada olduğu kimi, iddiaçının işlədiyi peşələrin zərərli sahəyə aid olması məsələsi mübahisələndirilmişdir. Bununla bağlı apellyasiya baxışı zamanı iddiaçının güzəştli iş stajının kifayət qədər olubolmaması faktı yenidən araşdırılmış və məhkəmə kollegiyası tərəfindən İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “X10” MMC-nin Poladəritmə sexində işlədiyi “menecer müavini”, həmçinin xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək Təkrarqarametal Tədarükü sahəsində “böyük usta” və “sahə rəisi” peşələrin funksiyalarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan hansı peşənin funksiyaları ilə eynilik təşkil edib-etməməsi, eynilik təşkil etdiyi təqdirdə hansı kod altında olan peşəyə uyğun olması, həmçinin həmin peşələrin vəzifə təlimatı üzrə gördüyü işlər barədə təfərrüatlı arayışın məhkəməyə təqdim edilməsi ilə bağlı “X10” MMC-yə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixdə “X10” MMC-dən məhkəməyə daxil olmuş məktubdan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı tarixədək X10 Limited şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Poladəritmə sexinin "menecerin müavini" (sex rəisinin müavini) vəzifəsində işləmişdir. (əsas: İddiaçı Əmək kitabçası). İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tarixədək "X10" MMC-nin (hazırkı QSC-nin) Təkrarqarametal Tədarükü sahəsində "böyük usta" vəzifəsində, xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək isə həmin sahədə "sahə rəisi" vəzifəsində işləmişdir. İddiaçı menecerin müavini kimi Poladəritmə sexində isti və zərərli iş şəraitində texnoloji təlimatlara ciddi əməl etməklə Polad və ferroərintilər istehsalı ilə bağlı işlərə operativ rəhbərliyi həyata keçirmişdir. Qeyd edilən peşə "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarının "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı"nın Metallurgiya istehsalatı bölməsinin 2. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (b) rəhbərlər və mütəxəssislər yarımbəndində "sex rəisləri, onların müavinləri" vəzifələri ilə eynilik təşkil edir. Təkrar qarametal tədarükü sahəsində "böyük usta" və "sahə rəisi" isti və zərərli iş şəraitində qara metal qırıntılarının və tullantılarının qəbulu, boşaldılması, emalı, şixtə sahəsinin fasiləsiz olaraq vaxtlı-vaxtında emal olunmuş metal qırıntıları ilə təmin olunması proseslərində görülən bütün işlərin təşkilatçılıqlarını və həmin işlərə rəhbərliyi həyata keçirirlər. Həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatlarm, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.6. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (b) rəhbərlər və mütəxəssislər yarımbəndində "ustalar, böyük ustalar" və "sahə rəisləri" peşələri ilə eynilik təşkil edir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, İddiaçı qeyd edilən peşələr üzrə əmək fəaliyyəti isti və zərərli iş şəraitində Polad və ferroərintilər istehsalı ilə bağlı olmuşdur. "X10" QSC Azərbaycan Respublikasında Metallurgiya Sənayesində aparıcı rol oynayan, eyni zamanda ən böyük X4. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərlidir. İddiaçı işlədiyi müddət ərzində bütün iş vaxtını isti və zərərli iş şəraitində Polad və ferroərintilər istehsalatı sahələrində keçirmişdir. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərli olduğundan iş yerlərində keçirilmiş attestasiyanın nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin, o cümlədən İddiaçı işlədiyi dövrdə tarif (vəzifə) maaşları artımlar müəyyən edilməklə ödənilmişdir və zərərli iş şəraitinə görə əlavə məzuniyyət günlərinin verilməsi təmin edilmişdir. Beləliklə, aparılmış araşdırmalar nəticəsində iddiaçının xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı tarixədək X10 Limited şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Poladəritmə sexinin "menecerin müavini" (sex rəisinin müavini), xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tarixədək "X10" MMC-nin Təkrarqarametal Tədarükü sahəsində "böyük usta" vəzifəsi, xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək isə həmin sahədə "sahə rəisi" vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.6 Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (b) rəhbərlər və mütəxəssislər yarımbəndində "ustalar, böyük ustalar" və "sahə rəisləri" peşəsinə uyğun olmaqla, zərərli peşə kimi qəbul edilir və bu sahədə onun xüsusi iş stajı 12 il 6 aydan artıq təşkil edir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisələr (işəgötürən) tərəfindən təsdiq olunur. Odur ki, iddiaçıya 14 fevral 2021-ci il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunda və iddiaya dair yazılı etirazda qeyd edilənlərlə eynilik təşkil edib, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməməsi üçün əsas yaratmır. Kollegiya onu da qeyd edir ki, iddiaçının tələbi “ona 60 yaşdan, yəni 14 fevral 2021ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” ilə yanaşı, həm də “keçmiş müddət üzrə pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə olsa da, birinci instansiya məhkəməsi qərarının nəticəvi hissəsində onun yalnız birinci tələbinin təmin olunduğunu göstərmiş, digər tələbinə münasibət bildirməmişdir. Lakin bu hal kobud prosessual pozuntu kimi qəbul edilmədiyi üçün məhkəmə qərarının ləğv edilib, iddianın bu səbəbdən rədd edilməsi üçün əsas yaratmır. Bu zaman məhkəmə kollegiyası nəzərə alır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1853/2022 saylı 11 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1853/2022 saylı 11 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar