Məhkəmə qərarları › İş №2-1(103)-2567/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2567/2023

25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2567/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı3 nümayəndəsi və vəkili Vəkil, İddiaçı3 nümayəndəsi X8 və İddiaçı1 iştirakı ilə, İddiaçı1 və digərlərinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs "xxxx" ASC) «kompensasiya ödənilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1998/2023 nömrəli 20 aprel 2023-cü il tarixli qərarından iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və X2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı1, İddiaçı2, İddiaçı3, X2, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 cavabdeh Xətai Rayon İcra Hakimiyyətiə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış binasının yaşayış sahələrinin hər 1 kv.m - 6000 manatdan, qeyri-yaşayış sahələrinin (əlavə sahə və ümumi istifadədə olan sahələr daxil olmaqla) hər 1 kv.m - 2.500 manatdan, yaşayış binasının həyətyani torpaq sahəsinin hər 1 kv.m məhkəmə ekspertizasından sonra müəyyən edildikdən sonra həmin məbləğə uyğun hesablanaraq kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Xətai rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11365/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı9, İddiaçı10 iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsi təmin edilmiş, İddiaçı1 və digərlərinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı «kompensasiya ödənilməsi» tələbinə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı9, İddiaçı10 münasibətdə geri qaytarılmış və onlara münasibətdə iş üzrə icraata xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11365/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçıların “iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1, X2 və İddiaçı8 mülkiyyətlərində olan yaşayış sahələrinin hər 1 kv.m sahəsi üçün 4500 manat məbləğində kompensasiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsi” barədə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11365/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" ASC adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Elvin Əliyev) 2-1(112)-1998/2023 nömrəli 20 aprel 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və X2 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kompensasiyanın natura, yaxud digər formalarda ödənilməsi imkanı qanunvericilikdə birmənalı olaraq göstərilmişdir. Belə ki, qanunvericilik dövlət ehtiyacları üçün nəzərdə tutulan torpaqların alınması ilə bağlı mübahisələrdə vətəndaşa seçim etmək hüququ vermişdir ki, bu hüquq qarşılığında şəxs öz seçimi əsasında alan orqana kompensasiya və ya köçürülməsinin təmin edilməsini tələb edə bilər. Nəzərə alınmalıdır ki, “kompensasiya” anlayışı özü-özülüyündə geniş məna kəsb etmir və kompensasiya məbləğinin müəyyən edilməsində geniş xüsusları ehtiva edir. Nəzərə alınmalıdır ki, hüquqi aspekt baxımından kompensasiya məbləği ağlabatan məbləğdə olmalıdır. Yəni kompensasiya məbləği cavabdeh təşkilat və ya cavabdeh vasitəsilə dövlət büdcəsi qarşısında kəskin və ağırlaşıdırıcı maliyyə öhdəliyi yaratmamalıdır. Lakin burada mühüm əhəmiyyətli olan hal odur ki, “kompensasiya” məbləğinin müəyyən edilməsi təktərəfli olaraq yalnız inzibati orqanın xeyrinə olmasına deyil, ümumiyyətlə vətəndaşın mülkiyyət hüquqlarının mövcudluğu nəzərə alınaraq hər iki tərəfin hüquq və maraqlarının qorunması ilə nəticələnir. Qeyd olunmalıdır ki, qanunvericilik kompensasiya məbləğinin müəyyən edilməsi zamanı təsiredici amillərin əhatə dairəsini konkret olaraq müəyyən etmişdir ki, bu amillərdən biri də əmlakın bazar qiyməti çıxış edir. Qanunvericiliyin müddəalarını hazırki məhkəmə qərarında göstərilənlər ilə birgə qiymət verdikdə məlum olur ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən aşağıdaki pozuntulara yol verilmişdir: Heç bir əsas olmadan cavabdehin Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin (əmlakın) dəyəri hər kv.m-ə görə 2200-2500 manat müəyyən edilməsini əsaslı hesab etməkdə; İş üzrə mütəxəssis rəyini nəzərə almamaqda; məhkəmə icraatı zamanı digər əmlak ilə bağlı daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəyi nəzərə almamaqda. Yuxarda da qeyd olunduğu kimi “kompensasiya” anlayışı özüözülüyündə geniş məna kəsb etmir və kompensasiya məbləğinin müəyyən edilməsində geniş xüsusları ehtiva edir. Nəzərə alınmalıdır ki, kompensasiya məbləğinin müəyyən edilməsi zamanı həm qanunvericilik, həmçinin formalaşmış məhkəmə təcrübəsi hər iki tərəfin hüquq və maraqlarını nəzərə alınmasını zəruri hesab etmişdir. Oxşar iş üzrə formalaşmış məhkəmə mövqeyi kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-1418/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarını əsas gətiririk. Həmin məhkəmə qərarında qeyd olunmuşdur ki, “İşə yenidən baxan apellyasiya instansiya məhkəməsi iddiaçı orqanın sözügedən evi almasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa və “İnsan hüquqlarının və əsas azadlıqdarın müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinə uyğun olub-olmadığını müəyyən etməli, sökülmüş evin bazar qiymətinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin etməli, ekspert rəyindən asılı olaraq iddiaçının təklif etdiyi kompensasiya məbləğinin ədalətli və ağlabatan olub-olmadığını qiymətləndirməli, cavabdehlərin qarşılıqlı iddiasında mənəvi ziyana görə tələb etdikləri 100.000 manat məbləğində pul tələbinə münasibət bildirməli və araşdırmanın nəticəsindən asılı olaraq əsaslı və ədalətli qərar qəbul etməlidir. Eyni mövqe həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1906/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarında da nümayiş etdirilmişdir. Göründüyü kimi kassasiya instansiya məhkəməsinin oxşar iş üzrə formalaşmış mövqeyi məhz o istiqamətdə olmuşdur ki, sökülmüş əmlakın bazar qiymətinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilməsi və ya mütəxəssis rəyinin alınması, əmlakın real bazar qiymətinin müəyyən edilməsində əhəmiyyət kəsb edir. Lakin məhkəmə hər hansı ekspertiza tədqiqatı aparmadan, məhkəmə icraatı zamanı isə təqdim olunmuş qiymətləndirmə rəyini nəzərə almadan, cavabdeh inzibati orqan tərəfindən müəyyən edilmiş kompensasiya məbləğini ağlabatan hesab etmişdir. Bu hal məhkəmə tərəfindən araşdırmanın aparılmadığını, iddiaçıların hüquq və maraqlarının nəzərə alınmadığını göstərir, bununla da onların hüquqlarının pozulmasına səbəb olmuşdur. Bundan başqa qeyd olunmalıdır ki, məhkəmə tərəfindən 2022-ci il ərzində Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov və Afiyyədin Cəlilov küçəsində inşa edilən yeni tikili binalarda yerləşən mənzillərin alqı-satqısı ilə bağlı müvafiq notariat ofislərinə sorğular ünvanlansa da, 2022-ci ildə notariat hərəkətləri aparılmadığından əmlakların satış qiymətinin müəyyən edilməsi mümkün olmamışdır. Baxmayaraq ki, ünvanlanmış sorğular əsasında notariat ofisləri tərəfindən verilmiş sorğulara cavab məktubları hər hansı nəticə verməsə də, bu hal vəziyyəti iddiaçıların ziyanına dəyişmir. Belə ki, notariat ofisində həmin ildə alqı-satqı ilə bağlı notariat hərəkətlərinin aparılmaması cavabdehi haqlı etmir və onun tərəfindən müəyyən edilmiş məbləğin əsaslı olduğuna dəlalət etmir. Hər nə qədər də məhkəmə tərəfindən qiymətləndirilmə rəyləri əsas kimi götürülməsə də, aparılmış qiymətləndirmə rəylərinə əsasən ünvan 2 ünvanı dislokasiyasında yerləşən yaşayış binalarının orta bazar qiyməti 4000-4500 manat arası təşkil edir. Əlbəttə bu məlumatlar müvafiq olaraq mənzil satışı bazarının vəziyyətini xarakterizə edən operativ məlumatlardan, bu tipli əmlaka olan tələb və təklifdən, eləcə də digər etibarlı mənbələrdən alınmış informasiyalardan, o cümlədən xüsusi düsturlardan istifadə olunmaqla müəyyən edilmişdir. Göründüyü kimi iddiaçıların kompensasiya məbləği tələb etdikləri əmlakın hər 1 kv.m görə orta bazar qiyməti 4000-4500 manat arası təşkil etməsi müvafiq ixtisasa malik olan mütəxəssislər tərəfindən müəyyən olunmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov və Afiyyədin Cəlilov küçəsində yerləşən yaşayış binasının (hal-hazırda sökülmüş) yaxınlığında olan və dövlət tərəfindən qiymətləndirilmə aparılan əmlak - ünvan 3 ünvanında yerləşən əmlakdır. Həmin əmlak mübahisə predmetini təşkil edən əmlakın yerləşdiyi ünvana ən yaxın olan və qiymətləndirilməsi aparılan əmlakdır. Məhkəmə icraatı zamanı təqdim olunmuş daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəydən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 4 ünvanında yerləşən mənzilin qiymətləndirilməsi işi aparılmış, mənzilin hüquqmüəyyənedici sənəd üzrə ümumi sahəsi 318,4 kv.m müəyyən edilmiş, 13 aprel 2021-ci il tarixinə bazar dəyəri 1.850.000 manat müəyyən edilmişdir. Göründüyü kimi, mənzilin ümumi sahəsini müəyyən edilmiş bazar dəyəri ilə birgə təhlil etdikdə müəyyən olunur ki, mübahisə predmetini təşkil edən əmlaka ən yaxın olan yaşayış binasında əmlakın hər 1 kv.m görə ödənilməli məbləğ 5.810 manat təşkil edir. Ümumiyyətlə, mübahisəli yaşayış binasının dislokasiyası nöqteyi-nəzərindən aparılmış qiymətləndirilmənin nəticəsi bir qədər gözləniləndən aşağıdır. Belə ki, ünvan 2 ünvanında yerləşən yaşayış binası Bakı şəhərinin mərkəzində, dənizkənarı bulvarın yaxınlığında yerləşdiyindən, həmçinin də yaşayış binasının ətrafında yalnız X26, X23 kimi yaşayış kompleksləri olduğundan, yaşayış sahəsinin hər 1 kv.m üçün qiyməti təxmini 6000 manat məbləğində dəyərləndirilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi hər hansı araşdırma aparmadan, iddiaçılar tərəfindən təqdim olunmuş sübutlara qiymət vermədən, cavabdehin irəli sürdüyü mülahizələri əsaslı hesab edərək iddiaçıların tələbinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqan tərəfindən əmlakın hər 1 kv.m görə müəyyən edilmiş 2000-2500 manat məbləğin əsasında duran hal, yəni qiymətləndirilmənin hansı qaydada aparılmasını təsdiq edən sənədlər müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsinin qərarı əsassız olduğundan ləğv olunmalı və iddia tələbi təmin olunmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı3 nümayəndəsi və vəkili Vəkil, İddiaçı3 nümayəndəsi X17 və İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə digər iddiaçılara, cavabdehə və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2011-ci il qeydiyyat tarixli, MA seriyalı, ******* nömrəli, **********52-05301-093019 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 156,5 kv.m olan mənzil İddiaçı2 xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2018-ci il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli, **********52-05301-093013 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 161.39 kv.m olan mənzil İddiaçı8oviçin xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2021-ci il qeydiyyat tarixli, **********52-05301- 093020 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 168.80 kv.m olan mənzil İddiaçı3 xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2010-cu il qeydiyyat tarixli, MA seriyalı, ******* nömrəli, **********52-05301-093015 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 189,89 kv.m olan mənzil İddiaçı1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2013-cü il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli, **********52-05301-093022 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 152.7 kv.m olan mənzil İddiaçı4 xüsusi mülkiyyətindədir. İş materiallarında olan İddiaçı1 (ipoteka qoyan), "xxxx" ASC (ipoteka saxlayan) və "xxxx" MMC (borc alan) arasında xx.xx.2018-ci il tarixdə İpoteka müqaviləsi bağlanılmışdır. İpoteka müqaviləsinin predmetini Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2010-cu il tarixində verilmiş reyestr nömrəsi **********52- 05301-093015 olan çıxarışa əsasən ünvan 12 ünvanında yerləşən ümumi sahəsi 189,89 kv.m olan mənzil yüklü edilmişdir. Bağlanılmış müqaviləyə əsasən kreditin məbləği 200000 (iki yüz min) manatdan ibarət olmuşdur. İş materiallarında olan Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov 1 a, ünvanında yerləşən binada yaşayan sakinlər tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə və Xətai Rayon İcra Hakimiyyətinə məktubla müraciət olunmuş və tələb edilmişdir ki, Azərbaycan Respublikasının qanunlarına riayət etməklə iddiaçılara məxsus evləri, müstəqil qiymətləndirmə şirkəti tərəfindən qiymətləndirilib və qiymətləndirməyə uyğun olaraq aşagıda qeyd olunanlara əsasən kompensasiya verilməsi tələb edilmişdir: 1. İddiaçı5 4 otaq - 819 460 manat; 2. X18 3 otaq - 688 000 manat; 3. İddiaçı6 4 otaq -848 000 manat;

4. X13 3 otaq - 679 890 manat; 5. X9 4 otaq - 807 850 manat; 6. X4 4 otaq - 805 480 manat; 7. X4 3 otaq – 629 910 manat; 8. İddiaçı3 (Penthouse) - 2 000 000 manat; 9. İddiaçı2 3 otaq - 652 030 manat; 10. X3 3 olaq - 628 570 manat; 11. X1 3 otaq - 636 200 manat; 12. X5 3 otaq - 672 000 manat; 13. X6 3 otaq- 667 850 manat; 14. X21 4 otaq- 848 000 manat; 15. İddiaçı1 4 otaq- 788 860 manat; 16. İddiaçı9 4 otaq- 890 400 manat; 17. Yusif Nəcəf 4 otaq- 700 000 manat. İş materiallarında olan "xxxx" MMC-nin 01/22-486 nömrəli xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən aparılan təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış (Seriya RX, №1245697, qeydiyyat tarixi xx.xx.2018-ci il) əsasında İddiaçı8oviçə məxsus ünvan 8 ünvanında yerləşən mənzilin xx.xx.2022-ci il tarixə olan dəyəri 549000 (beş yüz qırx doqquz min) manat; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış (Seriya RX, №0186650, qeydiyyat tarixi xx.xx.2013-cü il) əsasında İddiaçı4 məxsus ünvan 11 ünvanında yerləşən mənzilin xx.xx.2022-ci il tarixə olan dəyəri 519000 (beş yüz on doqquz min) manat; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış (Seriya MA, №0034977, qeydiyyat tarixi xx.xx.2010-cu il) əsasında İddiaçı1 məxsus ünvan 10 ünvanında yerləşən mənzilin xx.xx.2022-ci il tarixə olan dəyəri 646000 (altı yüz qırx altı min) manat; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış (Seriya MA, №0268173, qeydiyyat tarixi xx.xx.2011-ci il) əsasında İddiaçı2 məxsus ünvan 7 ünvanında yerləşən mənzilin xx.xx.2022-ci il tarixə olan dəyəri 532000 (beş yüz otuz iki min) manat; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış (Qeydiyyat nömrəsi №**********, qeydiyyat tarixi xx.xx.2021-ci il) əsasında İddiaçı3 məxsus ünvan 9 ünvanında yerləşən mənzilin xx.xx.2022-ci il tarixə olan dəyəri 532000 (beş yüz otuz iki min) manat təşkil edir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 278 nömrəli xx.xx.2021-ci il tarixli Sərəncamı ilə: 1. Xətai Rayon icra Hakimiyyəti Bakı şəhərinin Xətai rayonu, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi üzrə vahid sifarişçi təşkilat təyin olunsun. 2. "xxxx" MMC (Abit Əliyev) ayrılmış 29 219 000.0 (iyirmi ioqquz milyon iki yüz on doqquz min) manat vəsaiti Xətai Rayon icra Hakimiyyətinin təqdim etdiyi bank hesabına köçürülməsini təmin etsin. 3. Xətai Rayon İcra Hakimiyyəti: 3.1. Bu Sərəncamın 2-ci bəndinə uyğun ayrılmış vəsatilə Xətai rayonu Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən 10 mərtəbəli yaşayış binasının 2 mərtəbəsi idə yerləşən qeyri-yaşayış sahəsinin, 8 mərtəbəsində yerləşən 32 mənzilin və bundan əlavə 2 ədəd (“Qədim Qəbələ" restoranı və “İnternational SOS" Bakı klinikası) qeyri-yaşayış obyektinin mülkiyyətçiləri ilə qanunvericiliyə uyğun olaraq münasibətlərin tənzimlənməsi şərti ilə əmlakların alınmasını və köçürülmə işlərinin aparılmasını təmin etsin; 3.2. Köçürülmə işləri başa çatdıqdan sonra həmin ünvanda yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin sökülərək ərazisinin abadlaşdırılmasını və qanunvericiliyə uyğun digər tədbirlərin görülməsini təmin etsin. İş materiallarında olan Xətai Rayon İcra Hakimiyyəti başçısının 373 nömrəli xx.xx.2021-ci il tarixli Sərəncamından görünür ki, Bakı şəhərinin Xətai rayonu ərazisində abadlaşdırma işlərinin həyata keçirilməsi ilə əlaqədar Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işləri Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 noyabr 2021-ci il tarixli 278 saylı Sərəncamı ilə Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Bu məqsədlə Komissiya yaradılmışdır. Sərəncama əsasən: “2. Komissiyaya tapşırılsın ki, Xətai rayonu, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən 10 mərtəbəli yaşayış binasının 2 mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin, 8 mərtəbəsində yerləşən 32 mənzilin və bundan əlavə 2 ədəd (“Qədim Qəbələ restoranı və “İnternational SOS" Bakı klinikası) qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri ilə qanunvericiliyə uyğun olaraq münasibətlərin tənzimlənməsi şərti ilə əmlakların alınması və köçürülməsi işlərinin aparılmasını təmin etsin. 3. Köçürülmə işləri başa çatdıqdan sonra həmin ünvanda yerləşən yaşayış və qeyriyaşayış sahələrinin sökülərək ərazisinin abadlaşdırılması və qanunvericiliyə uyğun digər tədbirlərin görülməsi təmin edilsin. 4. Sərəncamdan çıxarış Bakı Şəhər İcra Hakimiyyətinə və aidiyyatı təşkilatlara təqdim edilsin.” İş materiallarında olan Xətai Rayon İcra Hakimiyyəti başçısının 1251 nömrəli, xx.xx.2022-ci il tarixli məhkəməyə ünvanladığı sorğuya cavab məktubunda qeyd edilmişdir: məlumat üçün bildiririk ki, Xətai rayonu ərazisində yol qovşağının genişləndirilməsi və abadlıq işlərinin həyata keçirilməsi ilə əlaqədar Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Bu səbəbdən də, Bakı şəhər İcra Hakimiyyəti başçısının 02 noyabr 2021-ci il tarixli, 278 saylı sərəncamının icrasını təmin etmək məqsədilə köçürülməsi nəzərdə tutulan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai rayon İcra Hakimiyyəti başçısının 12 noyabr 2021-ci il tarixli, 373 saylı sərəncamı ilə komissiya yaradılmışdır. Komissiya sökülməsi nəzərdə tutulan evlərin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007ci il tarixli Fərmanına əsasən sökülən tikililərin 1 kv.metri üçün 20 faiz əlavə hesablanmaqla qiymətləndirmə həyata keçirilir. Göstərilən sərəncamlara əsasən köçürülmə ilə əlaqədar qiymətləndirmə müəyyən edilərək yaşayış evlərinin 1 kv.m-nə 2200 manat, qeyri-yaşayış sahələrinin 1 kv.m-nə isə 2500 manat müəyyən edilmişdir. Məlumat üçün bildiririk ki, iddiaçılar İddiaçı5, İddiaçı6, İddiaçı9, İddiaçı10 alqı-satqı müqaviləsinə əsasən ödəniləcək kompensasiya ilə razılaşmışlar və ödəniləcək vəsait onların bank hesablarına köçürülmüşdür. Digər iddiaçılara isə qeyd olunan komissiyaya müraciət etmələri barədə məlumat verilmişdir. İş materiallarında olan AN-İ ******* nömrəli, xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən, (alıcı) Cavabdeh tərəfindən (satıcı) İddiaçı3 satdığı tam hissəni (18 kv/m) ondan 45891.00 manat (qırx beş min səkkiz yüz doxsan bir manat sıfır qəpik) qiymətinə almışdır. İş materiallarında olan AN-İ ******* nömrəli, xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən, (alıcı) Cavabdeh tərəfindən (satıcı) İddiaçı3 satdığı tam hissəni (18.1 kv/m) ondan 46145.95 manat (qırx altı min yüz qırx beş manat doxsan beş qəpik) qiymətinə almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən məhkəmə ünvanladığı 2830 nömrəli, xx.xx.2022-ci il tarixli məhkəmənin müvafiq sorğusuna cavab məktubunda qeyd etmişdir ki, “Elektron notariat” informasiya sistemində ünvan üzrə deyil, yalnız əmlakın qeydiyyat nömrəsi ilə axtarış edilməsi mümkün olduğundan və mənzillərin satış qiyməti ilə bağlı ümumiləşdirmə aparılmadığından sorğunu cavablandırmaq mümkün deyildir. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 17 ünvanladığı X-899 nömrəli, xx.xx.2022-ci il tarixli məhkəmənin müvafiq sorğusuna cavab məktubunda qeyd etmişdir ki, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrində yerləşən yeni tikili binalarda 2022-ci ildə mənzillərin satış qiyməti barədə heç bir məlumat yoxdur. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 18 ünvanladığı 453 nömrəli, xx.xx.2022-ci il tarixli məhkəmənin müvafiq sorğusuna cavab məktubunda qeyd etmişdir ki, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrində inşa edilən yeni tikili binalarda yerləşən mənzillərin alqı-satqısına dair notariat hərəkəti aparılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 17.2, 17.3 və 17.5-ci maddələrinə əsasən ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır. “Qiymətləndirmə haqqında” Qanunun: Maddə 7. Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Maddə 8. Qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun preambulasında göstərilmişdir ki, bu Qanun Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydalarını, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyir. Maddə 1.Əsas anlayışlar 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 1.1.1. alınma-dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; 1.1.2. torpaq — mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər hesab edilir. (-); 1.1.5. alınan torpaq-bu Qanunun 19-cu maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün alınması barədə müvafiq qərar qəbul edilmiş torpaq; 1.1.6. kompensasiya-bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz; - Maddə 3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. - Maddə 4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 159. Əşyaya sahiblik Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 211. Mülkiyyət hüququna xitam verildikdə əmlakın qiymətləndirilməsi Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Maddə 246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.4. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə uyğun olaraq torpağın alğı-satqı müqaviləsi bağlandıqdan sonra alan orqan 90 (doxsan) təqvim günü ərzində aşağıdakıları həyata keçirir: 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. 246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 247. Torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən kompensasiya 247.4.4. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş ümumi istifadədə olan əmlakla bağlı təminatlar; 247.4.5. torpaq və digər kapital itkisinə görə bu fəslin müddəalarına uyğun olaraq, müəyyən edilmiş məbləğdə birdəfəlik pul ödənişi. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İşin faktiki hallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 278 nömrəli xx.xx.2021-ci il tarixli Sərəncamına əsasən Bakı şəhərinin Xətai rayonu, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi üzrə Xətai Rayon İcra Hakimiyyəti vahid sifarişçi təşkilat təyin olunmuşdur. Xətai rayonu Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən 10 mərtəbəli yaşayış binasının 2 mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin, 8 mərtəbəsində yerləşən 32 mənzilin və bundan əlavə 2 ədəd (“Qədim Qəbələ" restoranı və “İnternational SOS" Bakı klinikası) qeyri-yaşayış obyektinin mülkiyyətçiləri ilə qanunvericiliyə uyğun olaraq münasibətlərinin tənzimlənməsi şərti ilə əmlakların alınmasını və köçürülmə işlərinin aparılmasını təmin etməsi və köçürülmə işləri başa çatdıqdan sonra həmin ünvanda yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin sökülərək ərazisinin abadlaşdırılmasını və qanunvericiliyə uyğun digər tədbirlərin görülməsininin təmin edilməsi Xətai Rayon İcra Hakimiyyətinə havalə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarına əsasən iddiaçıların mülkiyyətində olan əmlak ərazinin abadlaşdırılması məqsədilə icra edilən söküntüyə məruz qalmış, yəni qanuni məqsədlər daşımış və cəmiyyətin maraqlarına xidmət edən dövlət ehtiyacı baxımında sökülmüşdür. Cavabdeh inzibati orqan tərəfindən iddiaçılara kompensasiyanın ödənilməsi ilə bağlı olaraq komissiyaya müraciət etmələri barədə məlumat verilmişdir. Lakin iddiaçılar təklif olunan kompensasiyanı almaqdan imtina etmişdir. Qeyd olunmalıdır ki, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi nəzərdə tutulan evlərin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən sökülən tikililərin 1 kv.metri üçün 20 faiz əlavə hesablanmaqla qiymətləndirmə həyata keçirilir. Köçürülmə ilə əlaqədar qiymətləndirmə müəyyən edilərək yaşayış evlərinin 1 kv.m-nə 2200 manat, qeyri-yaşayış sahələrinin 1 kv.m-nə isə 2500 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Bakı şəhəri Xətai rayonu, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin (əmlakın) dəyəri hər kv.m-ə görə 2200-2500 manat müəyyən edildiyindən hər kvadratmetrə görə 4500 manat kompensasiya ödənilməli olması barədə iddiaçıların şikayətlərinin dəlilləri əsaslı olmamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Alqı-Satqı Müqavilələrindən də görünür ki, İddiaçı3 18 kv/m qeyri-yaşayış sahəsinə görə 45891.00 manat, 18.1 kv/m qeyri-yaşayış sahəsinə görə 46145.95 manat kompensasiya məbləğinə razılaşaraq cavabdehlə alqısatqı müqaviləsi bağlamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1998/2023 nömrəli 20 aprel 2023-cü il tarixli qərarı həmin iddiaçılara münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar