Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2567/2025 21.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: “torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi”) QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Ələsgər qızının iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2397/2025 saylı, 04 mart 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 663 nömrəli Sərəncamı ilə Bakı şəhər, Nizami rayonu, 8-ci kilometr qəsəbəsinin şərqində, 4085-ci məhəllənin qərbində fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı 400 kv. metr olan torpaq sahəsi ayrılmışdır
2. Cavabdeh tərəfindən verilmiş imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, cizgi sxeminin verilməsinə səlahiyyəti olan orqanın müəyyən edilməsi ilə bağlı “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli, 646-VİQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli, 176 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2023-cü il tarixli Fərmanının 1.2-ci maddəsinə əsasən Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü və 5-ci hissəsində (birinci halda) müvafiq icra hakimiyyəti “orqanı (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi başa düşülür.
3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 26 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, torpaq sahəsi faktiki olaraq hasar daxili 630.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi və köməkçi tikili mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə “Yaşayış məntəqələri torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətidir. Torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilmədiyindən sahənin mövqeyini və sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün deyildir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Cavabdeh başçısının 29 noyabr 2000-ci il tarixli 696 nömrəli torpaq sahəsi ayrılması haqqında Sərəncamına əsasən Bakı şəhər, Nizami rayonu, 8-ci kilometr qəsəbəsinin şərqində, 4085-ci məhəllənin qərbində fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı ayrılmış 400 kv.m olan torpaq sahəsinə dair plan-ölçünün tərtib olunaraq, verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddianın əsaslarına görə, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 663 nömrəli torpaq sahəsi ayrılması haqqında Sərəncamına əsasən Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin 29 İİ.1996-cı il tarixli, 554 №li məktubu (BŞİHnin xx.xx.1996-ci il tarixli 7-6892/17№li qeydiyyatı) nəzərə alınaraq, Bakı şəhər Cavabdeh başçısının 29 noyabr 2000-ci il tarixli 696 nömrəli torpaq sahəsinin ayrılması haqqında Sərəncamı ilə Bakı şəhər, Nizami rayonu, 8-ci kilometr qəsəbəsinin şərqində, 4085-ci məhəllənin qərbində fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı 400 kv. metr olan torpaq sahəsi ayrılmışdır. İddiaçı nümayəndəsi vasitəsi ilə Bakı şəhər, Nizami rayonu, 8-ci kilometr qəsəbəsinin şərqində, 4085-ci məhəllənin qərbində yerləşən torpaq sahəsi dair plan ölçünün tərtib edilməsi barədə müraciət etmişdir. Bakı şəhəri, Cavabdeh 5-16/1-H-91- 159/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə ərizəni təmin etməkdən imtina etmiş, imtinanı onunla əsaslandırmışdır ki, cizgi sxeminin verilməsinə səlahiyyətli olan orqanın müəyyən edilməsi ilə bağlı "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası 2022-ci il 29 noyabr tarixli, 646-VİQD nömrəli Qanunun tətbiqi və Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2023-cü il tarixli Fərmanının 1.2-ci maddəsnə əsasən Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü və 5ci hissəsində (birinci halda) müvafiq icra hakimiyyəti "orqanı" (qurum) dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Naziriliyi başa düşülür. Lakin hesab olunur ki, cavabdeh orqanın imtinası əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
6. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır.
7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2000-ci il tarixli, 696 nömrəli torpaq sahəsi ayrılması haqqında sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsinin şərqində, 4085-ci məhəllənin qərbində fərdi yaşayış evinin tikintisi məqsədilə iddiaçıya ayrılmış 400 kv.metr torpaq sahəsinə dair yerləşmə cizgisinin tərtib olunaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” şəklində icraata qəbul edilmişdir
8. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2397/2025 saylı, 04 mart 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından müəyyən edilir ki, yerli icra hakimiyyətinin sərəncamı əsasında torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, həm sərəncam tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi verilməmiş, ticarət obyektinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair ayrıc aktını həmin dövrdə sərəncam ilə birlikdə vətəndaşa təqdim edilməmişdir.
10. Nəzərə alınmalıdır ki, iddiaçının tələb etdiyi sənədin tərtib edilməsi torpaqayırma prosedurunun ayrılmaz tərkib hissəsidir və torpaqayırma prosedurunun sonunda həmin sənədin sərəncamla birlikdə təsdiqlənmiş qaydada iddiaçıya, eləcə də arxivə təqdim olunması cavabdehin məsuliyyət sferasına aid olmuşdur. Torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə, torpaqayırma sənədlərinin tamlığının, eyni zamanda dəqiqliyinin təmin olunması cavabdehin öhdəliyinə aid edilmişdir. Odur ki, hazırda qüvvədə olan qanunvericiliyin tələbi baxımından, cavabdehin həmin səlahiyyətə malik olub-olmaması da onu mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş öhdəliyin icrasından azad etmir.
11. Bundan başqa Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin ayrılması barədə sərəncam ləğv edilmədiyindən, geri çağrılmadığından, dəyişdirilmədiyindən və hal-hazırda öz hüquqi qüvvəsini saxladığından, faktiki olaraq həmin sərəncam əsasında ayrılan torpaq sahəsinə dair cizgi aktının verilməsi təmin olunmalıdır.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
12. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-2397/2025 saylı, 04 mart 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin həmin qərarı maddi və prosessual hüquq normalarının əhəmiyyətli dərəcədə pozulması nəticəsində qəbul edildiyindən ləğv olunmalı və iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə qərar qəbul edərkən rayon ərazisində olan torpaqların kordinatlarının rayon icra hakimiyyətində deyil, Əmlak Məsələləri Dövlət Xidmətində olmasına diqqət etməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. Həmin maddənin 5-ci hissəsinə əsasən isə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Bildirilir ki, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 646-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2023-cü il tarixli Fərmanının 1.2-ci maddəsinə əsasən Torpaq Məcəlləsinin 65ci maddəsinin 4-cü və 5-ci hissəsində (birinci halda) müvafiq icra hakimiyyəti “orqanı (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi başa düşülür. Qeyd olunur ki, bu kateqoriyadan olan işlərlə əlaqədar vətəndaşlar istifadələrində olan torpaq sahələrini mülkiyyətlərinə keçirmək məqsədilə yuxarıda göstərilən qanunvericiliyin tələblərinə əsasən torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciətləri zamanı torpağın ilkin plan və ölçüsünün hazırki plan-ölçü ilə uyğun gəlməməsi (bitişik torpaqların qanunsuz zəbt edilməsi və s.) səbəbindən onlara Dövlət Xidməti tərəfindən imtina cavabları verilir. Vətəndaşlar da, qanunsuz zəbt etdikləri torpaq sahəsinə hüquqi sənəd əldə etmək üçün yeni plan-ölçünün tərtib olunmasını tələb edirlər. Bütün bunlar isə, yuxarıda göstərilən qanunvericiliyin tələblərinə zidd olduğundan, əsaslı olaraq Rayon İcra Hakimiyyəti tərəfindən imtina cavabları verilmişdir. Yuxarıda qeyd olunan torpaq zəbti məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda İddiaçı istifadəsində olan torpaq sahəsinin 400 kv. metr deyil, 630.0 kv. metr olduğu bir daha təsdiq edilmişdir. Zəbt edilmiş torpaq sahəsinin hər hansı bir sənədi (istifadə, icarə, mülkiyyət) olmadığından, sərəncamla ayrılmış 400 kv. metr torpaq sahəsinin kordinatlarını da müəyyən etmək imkan xaricindədir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (27 fevral 2001-ci il tarixli 96 İİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüş): Maddə 14. Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 22. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; ... 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 57. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir.
18. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür): Bənd 13. İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri q) torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
23. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, qanunvericiliyin müddəalarından göründüyü kimi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır.
24. İş materiallarından müəyyən edilir ki, yerli icra hakimiyyətinin sərəncamı əsasında torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, həm sərəncam tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi verilməmiş, ticarət obyektinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair ayrıc aktını həmin dövrdə sərəncam ilə birlikdə vətəndaşa təqdim edilməmişdir.
25. Nəzərə alınmalıdır ki, iddiaçının tələb etdiyi sənədin tərtib edilməsi torpaqayırma prosedurunun ayrılmaz tərkib hissəsidir və torpaqayırma prosedurunun sonunda həmin sənədin sərəncamla birlikdə təsdiqlənmiş qaydada iddiaçıya, eləcə də arxivə təqdim olunması cavabdehin məsuliyyət sferasına aid olmuşdur. Torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə, torpaqayırma sənədlərinin tamlığının, eyni zamanda dəqiqliyinin təmin olunması cavabdehin öhdəliyinə aid edilmişdir. Odur ki, hazırda qüvvədə olan qanunvericiliyin tələbi baxımından, cavabdehin həmin səlahiyyətə malik olub-olmaması da onu mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş öhdəliyin icrasından azad etmir.
26. Bundan başqa məhkəmə Kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin ayrılması barədə sərəncam ləğv edilmədiyindən, geri çağrılmadığından, dəyişdirilmədiyindən və hal-hazırda öz hüquqi qüvvəsini saxladığından, faktiki olaraq həmin sərəncam əsasında ayrılan torpaq sahəsinə dair cizgi aktının verilməsi təmin olunmalıdır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.
28. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6- cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.
29. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir.
30. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).”
32. Cavabdeh isə heç bir obyektiv araşdıma aparmadan torpaq sahəsinə dair cizgi aktının verilməsindən imtina etmişdir ki, bununla da iddiaçının etimad göstərdiyi və halhazırda qüvvədə olan sərəncama onun etimad hüququnu pozmuşdur.
33. Oxşar mövqeyi olaraq məhkəmə kassasiya instansiya məhkəməsinin aşağıdakı qərarlarına istinad edir.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1359/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “İş materiallarından müəyyən edilir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, sərəncam tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyildir. Cavabdeh qurum fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m. torpaq sahəsinə dair ayrıc aktını həmin dövrdə sərəncam ilə birlikdə vətəndaşa təqdim etməmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçıya Zirə qəsəbəsinin şimal-qərb hissəsində 145 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 629/611 həmin sərəncamı hazırda qüvvədədir.”
35. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1577/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “İş üzrə müəyyən olunur ki, iddiaçı məhz Bakı şəhər İcra Hakimiyyətinin 659 saylı 02 may 1994-cü il tarixli Sərəncamı və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 11 yanvar 1998-ci il tarixli 13 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi (Sulutəpə) ərazisində X1 (iddiaçının mərhum əri) ayrılmış 600 kv.m torpaq sahəsinin cizgisinin təsdiq edilməsini xahiş etmişdir. İddiaçı öz tələbində hər hansı digər (o cümlədən zəbt olunmuş) sahəyə deyil, məhz sərəncama əsasən ona verilmiş torpaq sahəsinə dair cizginin təsdiq edilməsini tələb etdiyindən məhkəmələr iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişlər.”
36. Yuxarıda göstərilən məhkəmə qərarlarından aydın olur ki, kassasiya instansiyası məhkəməsinin hazırkı işlər üzrə formalaşmış mövqeyi, torpaq sahəsinin ayrılması ilə bağlı aktın qəbul edilməsi zamanı yerli icra hakimiyyətinin həyata keçirməli olduğu vəzifələri və bu prosesin vətəndaşın xeyrinə tənzimlənməsi prinsiplərinə əsaslanır. Həmin qərarlara əsasən, yerli icra hakimiyyəti tərəfindən veriləcək yerləşmə cizgisinin təmin edilməsi, məhz həmin qurumun özünün məsuliyyətində və müvafiq səlahiyyətlər çərçivəsində olmalıdır. Bu zaman, yerli icra hakimiyyətinin bu vəzifəni yerinə yetirərkən qanunvericiliyə və müvafiq hüquqi normativ aktlara uyğun olaraq hərəkət etməsi vacibdir.
37. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti imtinanın dəlilləri ilə oxşar əsaslandırılmışdır və həmin dəlillərə yuxarıda hüquqi qiymət verilmişdir.
38. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə Kollegiyası onu da qeyd edir ki, şikayətdə göstərilmişdir ki, məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda İddiaçı istifadəsində olan torpaq sahəsinin 400 kv. metr deyil, 630.0 kv. metr olduğu bir daha təsdiq edilmişdir.
39. Bununla bağlı məhkəmə Kollegiyasının mövqeyi belədir ki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2397/2025 saylı, 04 mart 2025-ci il tarixli qərarı ilə iddia tələbi 630.0 kv. metr torpağa deyil, 400 kv. metr torpağa münasibətdə təmin olunmuşdur.
40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
41. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2397/2025 saylı, 04 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2397/2025 saylı, 04 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.