Məhkəmə qərarları › İş №2-1(103)-2568/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2568/2023

25.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2568/2023 25.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabit oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “uşaqların soyadının dəyişdirilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5007/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları, xx.xx.2021-ci il təvəllüdlü X6 və xx.xx.2022ci il təvəllüdlü X1 “Hidayətzadə” soyadına dəyişdirilməsinə dair sərəncamın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar xx.xx.2019-cu il tarixində nikaha daxil olmuşlar, birgə nikahlarından iki övladı - xx.xx.2021-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Övladlarına atalarının soyadı, yəni Allahverdiyev soyadı verilmişdir. Lakin sonradan övladlarının soyadlarının milli soyadları ilə ata Hidayətin adına uyğun olaraq “Hidayətzadə” soyadına dəyişdirilməsi qərarına gəlmişlər. Bu məqsədlə notarial qaydada təsdiq edilmiş ərizələr və digər sənədlərlə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə müraciət etmişlər, lakin cavabdeh xx.xx.2022-ci il tarixli, A-216-164 saylı cavab məktubu ilə ərizələrini təmin etməkdən imtina etmişdir. İmtina Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən əsaslandırılmışdır. Hesab edirlər ki, cavabdehin imtinası əsassızdır. Belə ki, hazırki soyadı “Allahverdiyev” keçmiş Sovet dövründə məcburi qaydada verilmiş, bu soyad onların soyunu təmsil edən ad deyildir. Soyad insanın öz soyunun müəyyən etməsi və həmin ada uyğun soyad seçməsi ilə müəyyən olunmalıdır. Məcburi qaydada onlara verilmiş soyadının övladlarına da zorla verilməsi insan hüquq və azadlıqlarının pozulması kimi qiymətləndirilməlidir. Hesab edirlər ki, “Allahverdiyev” soyadı gələcəkdə uşaqlarının mənafeyinə zidd olacaqdır. Belə ki, onlar 18 yaşa çatdıqdan sonra soyadlarını dəyişdirmək istəsələr bu onlar üçün çox çətin olacaqdır. Hər bir şəxsin sərbəst şəkildə ad, soyad seçmək azadlığı vardır. İşin birinci instansiya icraatı zamanı cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5007/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab eidlmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5007/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin A-216-164 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərinin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərinin razılığı ilə atanın və ya ananın soyadı verilir. Odur ki, mövcud qanunvericiliyə əsasən xahişinin tərəflərindən təmin edilməsi mümkün deyildir. - AZ-İİ seriyalı, 358517 nömrəli, xx.xx.2019-cu il tarixli nikah haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı1 ilə İddiaçı2 arasında xx.xx.2019-cu ildə nikah bağlanmışdır. - X4 məxsus AZ-İV seriyalı, 568785 nömrəli, xx.xx.2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən o, xx.xx.2021-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası – İddiaçı1, anası isə İddiaçı2dır. - X5 məxsus AZ-İV seriyalı, 715333 nömrəli, xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən o, xx.xx.2022-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası – İddiaçı1, anası isə İddiaçı2dır. - İddiaçı1 tərəfindən verilmiş 29 oktyabr 2022-ci il tarixli notarial ərizəsinin surətinə əsasən övladlarının xx.xx.2021-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X2 dəyişdirilərək, doğum haqqında şəhadətnamələrinin soyad qrafasında Hidayətzadə yazılmasına razılıq vermişdir. - İddiaçı2 tərəfindən verilmiş 05 noyabr 2022-ci il tarixli notarial ərizəsinin surətinə əsasən övladlarının xx.xx.2021-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X2 dəyişdirilərək, doğum haqqında şəhadətnamələrinin soyad qrafasında Hidayətzadə yazılmasına razılıq vermişdir - Asan 2 tərəfindən iddiaçı, İddiaçı1 verilmiş xx.xx.2022- ci il tarixli, ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətinə əsasən xx.xx.1981-ci il təvəllüdlü İddiaçı1, xx.xx.2021-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X7 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qeyd etmişdir ki, “iddiaçıların övladlarının soyadının dəyişdirilməsini tələb etməsinə baxmayaraq, iş üzrə “zəruriliyinin” inandırıcı olması, dəyişdirməyə sövq edən ciddi səbəblər, məsələdə qanuni bir marağın olması və xüsusilə də valideynlərindən fərqli olan soyadın daşımasının uşaqların üstün maraqlarına uygun olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, iddiaçılar tələblərini əsaslandıra bilməmiş, formal mülahizələrə (“sovet dövründən qalmış soyad” kimi göstərməklə) əsaslanmışlar.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1 və 26.4-cü maddəsinə görə, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 53.1.-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.3.-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 54.1.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tətbiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə xx.xx.2000-ci il tarixli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 54.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.11-ci bəndinə əsasən valideynlərin soyadları olmadıqda uşağa babasının və ya ulu babasının adı ilə soyad verilir. Uşağa valideynlərinin adı ilə soyad verilməsinə icazə verilmir. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən həll edilir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın 2.8.- 2.8.8-ci bəndlərində Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq, valideynlər arasında uşağın adına və soyadına münasibətdə yaranan fikir ayrılığının, uşağın mənafeyi nəzərə alınmaqla, həlli istiqamətində zəruri tədbirləri həyata keçirilməsi yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanlarına həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Hazırkı işin faktiki hallarından müəyyən edilir ki, iddiaçılar övladlarının soyadının dəyişdirilməsi ilə bağlı rəy verilməsi üçün cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmidir. İddiaçılar cavabdehin imtinasını mübahisələndirir Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Buna görə, sözügedən məsələdə qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallara istinad olmaqla adın, ata adının və soyadın dəyişdirilməsi hüququna malikdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən sözügedən məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququnu tənzimləyən 8-ci maddənin kontekstindən yanaşılır. Avropa Məhkəməsinin yerləşmiş presedent hüququna görə, bir şəxsi adını (soyadını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan Məhkəmə, dövlət öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olmasından əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağılılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad (soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir. Bununla belə, Məhkəmə dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar. Bununla yanaşı, bu sahədə Razılığa gələn Dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, Məhkəmə şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır. Beləliklə, Məhkəmə adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı şəxslərin müraciətlərinin təmin edilməsindən dövlət orqanları tərəfindən imtina edilməsi məsələsinə yanaşmada onların şəxsi həyata hörmət göstərilməsi hüquqlarını istifadə etmələrinə müdaxilə təşkil etdiyi prinsipindən hərəkət edir. Müvafiq Məhkəmənin presedent hüququna görə bu cür bir müdaxilə bir məqsəd ya da məqsədlərə çatmaq üçün “qanunla nəzərdə tutulduğu”, 8-ci maddənin 2-ci bəndi baxımından bir və ya birdən çox qanuni (legitim) məqsədə yönəlmiş olduğu və bu məqsədlərə çatmaq üçün “demokratik bir cəmiyyətdə zəruri olduğu” halda Konvensiyaya zidd hesab edilmir. Göründüyü kimi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələ şəxsi həyata və ailə həyatına hörmət hüququ çərçivəsindən qiymətləndirilməli olan konstitusion hüquqdur. Ona görə də, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçılar övladları, xx.xx.2021-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X1 “Hidayətzadə” soyadına dəyişdirilməsini xahiş etsələr də, bu tələblərini əsaslandıra bilməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan müvafiq qanunvericilik normaları və işin faktiki halları hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinasının əsaslı olduğu qənaətinə gəlməyə imkan verir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5007/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5007/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar