Məhkəmə qərarları › İş №2-1(103)-2569/2019

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2569/2019

06.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2569/2019 06.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı, hakimlər Ağayev Valeh Məmməd oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın təyin olunması tələbi barədə inzibati mübahisə üzrə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 02 avqust 2019-cu il tarixli, 2-1(81)-3131/2019 saylı qərarından cavabdehin vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə iclasında baxaraq, Müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 avqust 2019-cu il tarixli, 2-1(81)- 3131/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 22.01.1982-ci ildən 01.01.2006-cı ilə qədər işlədiyi dövrü güzəştli iş stajına daxil edilməklə 57 yaşı tamam olduğu tarixdən, yəni 05.09.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi Cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim T.Əsədova). Həmin qərardan cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona 22.01.1982-ci ildən 01.01.2006-cı ilə qədər işlədiyi dövrü güzəştli iş stajına daxil edilməklə 57 yaşı tamam olduğu tarixdən, yəni 05.09.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci ildə Sabirabad rayonunda doğulmuşdur. 22.12.1981-ci ildən hazırki vaxta qədər əmək fəaliyyəti ilə məşğul olur. Həmin işlər zərərli iş şəraitində aparılan işlərə aiddir. O, AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarına əsasən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən 2 saylı siyahı üzrə 25 il ümumi, 12 il 6 ay zərərli iş stajını tamamlamışdır. Pensiya yaşı tamam olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün İdarəyə müraciət etmişdir. lakin, ona pensiya təyin olunmasından imtina edilmişdir İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətində göstərmişdir ki, İddiaçı xx.xx.1961-ci ildə anadan olmuşdur, yəni ƏPQ qüvvəyə minən tarixdə iddiaçının 45 yaşı olmuşdur. "Vətəndaşların pensiya təminatı haqqında" qanunun 13-cü maddəsinin (b) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər -55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.Bundan əlavə, iddiaçının işlədiyi doker-mexanizator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 savlı Qərarı ilə təsdiq edilmiş "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin"-in 2 nömrəli siyahısında nəzərdə tutulmamışdır.Göründüyü kimi, "Vətəndaşların pensiya təminatı haqqında" qanunun qüvvədə olduğu dövrdə iddiaçı, güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, pensiyanın təyini üçün zəruri olan sığorta hadisəsi - 55 yaşa çalma, reallaşmamışdır. Bu mənada. ƏPQ-nin 9.8-ci maddəsinə əsasən "Vətəndaşların pensiya təminatı haqqında" qanunun müddəalarının İddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Nümayəndə və vəkil apellyasiya şikayətində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.08.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada dəfələrlə xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə tərəfindən iddiaçının adına tərtib olunmuş pensiya işinin əsli İdarədən tələb olunmuş və iddiaçıya pensiya təyin olunmasından imtina olunduğu üçün həmin qovluq materialları məhkəməyə təqdim olunmamışdır. İddiaçı xx.xx.1961-ci ildə Sabirabad rayonunda doğulmuşdur (AZE 0******* №-li Şəxsiyyət Vəsiqəsi). İddiaçı oktyabr 1979-cu ildən oktyabr 1981-ci ilə qədər və 08.06.1994-cü ildən 03.07.1995-ci ilə qədər hərbi xidmətdə olmuşdur (Bakı şəhəri Nəsimi rayon Hərbi komissarlığın Hərbi bilet əvəzi arayışı). İddiaçı 22.12.1981-ci ildən 01.02.2009-cu ilə qədər Bakı Beynəlxalq Dəniz Ticarət Limanında doker-mexanizator, 01.02.2009-cu ildən 02.02.2016- cı ilə qədər stividor vəzifəsində işləmiş, 02.02.2016-cı ildən hazırki vaxta qədər isə «X2» MMC-də stividor vəzifəsində işləyir (əmək kitabçasının əsli, Sığortaolunanın ümumi iş stajı barədə 21.05.2019-cu il tarixli Məlumat). İddiaçının «doker mexanizator» vəzifəsində güzəştli əmək pensiyasına çıxması üçün stajı 22.01.1982-ci ildən 01.02.2009-cu ilə qədər 27 il 1 ay olmaqla, «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının» təsdiq edilməsi barədə AR Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 №-li qərarında 21 saylı bölmənin 21.2 bəndinin «C» yarımbəndinə əlavə edilən «yükvurma-yükboşaltma işlərində çalışan kompleks birqadaların mexanizatorları (dokermexanizatorları)» qeydlərinə görə güzəştli əmək pensiyasına çıxmağa əsas verir (X2 MMC-nin İR 002/04 №-li 24.04.2019-cu il tarixli Arayışı). İddiaçı ərizə ilə 22.05.2019-cu il tarixdə İdarəyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. İdarə tərəfindən iddiaçıya onun müraciətinin təmin olunmaması barədə məktub ünvanlanmışdır (24.06.2019-cu il tarixli **********2 №-li məktub). İmtinaya səbəb kimi iddiaçının işlədiyi doker-mexanizatorları peşəsinin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrin siyahısında olmaması qeyd olunmuşdur. Hazırda iddiaçı ona 22.01.1982-ci ildən 01.01.2006-cı ilə qədər işlədiyi dövrü güzəştli iş stajına daxil edilməklə 57 yaşı tamam olduğu tarixdən, yəni 05.09.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını istəyir. Birinci instansiya məhkəməsi aşağıdakı hüquqi əsaslara görə hesab etmişdir ki, iddia təmin olunmalıdır. AR Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək ensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 9.8-cimaddəsinə əsasənbu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən sılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyuntarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcudolması; 2) İddiaçının 01.01.2006-cı ilə qədər azı12 il 6 ay güzəştli iş stajının mövcud olması. Tədqiq olunmuş əmək kitabçasından müəyyən olunur ki, iddiaçının 01.01.2006- cı ilə qədər hərbi xidmət dövrü də daxil olmaqla 25 il 11 ay 9 gün ümumi və 23 il 11 ay 9 gün güzəştli iş stajı mövcuddur. İddiaçının işlədiyi “doker mexanizatorları” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 2 nömrəli Siyahısı»da qeyd olunmasa da, AR Nazirlər Kabinetinin 06.10.2008-ci il tarixli 236 №-li qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının» təsdiq edilməsi barədə AR Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 №-li qərarında 21 saylı bölmənin 21.2 bəndinin «C» yarımbəndinə əlavə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, həmin hal iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığından onun iddiaçıya münasibətdə geriyə qüvvəsi tətbiq olunmalı və bununla da iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Göründüyü kimi, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni 05.09.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərarında iddia tələbini təmin edərək düzgün nəticəyə gəlmişdir. Ona görə də qərarının ləğv edilməsi üçün heç bir əsas olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94, 99-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 avqust 2019-cu il tarixli, 2-1(81)- 3131/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar