Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2569/2021 22.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əvvəlki dövr üzrə ödənilməyən məbləğin ödənilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2919/2021 saylı, 29 iyun 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2919/2021 saylı, 29 iyun 2021-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı əmək pensiyasının 2014-2019-cu illər üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı onun pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılaraq (101 ay olmaqla) yenidən hesablanması öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsuması qərara alınmışdır. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın təmin edilməsini xahiş etmiş və apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar iddiaçının əmək pensiyası 01.01.2020-ci il tarixindən etibarən 307,33 manat müəyyən edilmişdir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar iddiaçının əmək pensiyası 01.01.2021-ci il tarixindən etibarən 342,37 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayədəsi iddiaçının pensiyasının əvvəllər düzgün hesablanmadığını, məhkəmənin qərarından sonra pensiyanın yenidən hesablanaraq pensiya məbləğinin 352 manat 35 qəpik təşkil etdiyini, növbəti məhkəmə iclasında apelyasiya şikayətindən imtina edəcəklərini bildirsə də, bu barədə ərizə təqdim etməmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Аzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İddiaçı cavabdeh orqana müraciət edərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Bundan sonra iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək 2006-2014-cü illər üzrə əmək haqqının sığorta hissəsinin pensiya üzərinə köçürülməyən 6 manat məbləğin, yəni 3.360 manat pulun və 2014-2019-cu illərdə əmək haqqının sığorta hissəsinə köçürülməyən 10 manat məbləğin, yəni 996 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşır. İşin müəyyən edilmiş hallarından görünür ki, DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən İddiaçı pensiya hüququ yarandığı 9 fevral 2014-cü il tarixdən 164,62 manat məbləğindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsinin iddiaçıya ünvanlanmış 14 yanvar 2020-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, 2019-cu ilin oktyabr ayında işdən azad olunma ilə bağlı onun (ərizəçinin) əmək pensiyası yenidən hesablanmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxcslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 + 22) pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla yenidən hesablanır. Ərizəçinin pensiya təyin olunduqdan sonra sosial sığorta ödənilmiş sayı 63 aydır və 3.892,37 manat təşkil edir. Bölünmə isəə 103 olacaqdır (144 + 22 – 63 = 103). Pensiya 3.892,37/103= 37,79 manat artırılmışdır. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 30 dekabr 2020-ci il tarixli məktubunda bildirilmişdir ki, “ Sizə (ərizəçiyə) 9 fevral 2014-cü il tarixdən DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Eyni zamanda, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 48 nömrəli misalda qeyd edildiyi kimi, yenidən hesablanma zamanı gözlənilən pensiya ödənişinin aylarının sayı müəyyənləşdirilir. Bununla əlaqədar olaraq, DSMF xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 19 iyun 2020-ci il tarixli ərizəyə əsasən əmək pensiyası 4 oktyabr 2019-cu il tarixdən vaxtilə pensiya təyin edildikdən sonra işləməyən əmək pensiyaçısı kateqoriyasına keçənədək qazanılmış 4.811,43 manat sığorta kapitalına görə «Əmək pensiyaları haqqında» AR Qanununun 37.3.1-ci maddəsinin, həmçinin yuxarıda qeyd olunan Qaydaların tələblərinə uyğun qaydada (4.811,43/101ay (64 yaş 6 ay – 62 yaş 7 ay = 23 ay + 144 ay – 66 ay (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçənədək işlədiyi ayların sayı)) = 47,64 manat) yenidən hesablanaraq 222,72 manatdan 263,58 manata artırılmışdır. Bundan başqa, «Əmək pensiyaları haqqında» AR Qanununun 29-cu maddəsinə əsasən əmək pensiyasının hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar Sizin əmək pensiyası 1 yanvar 2020-ci il tarixdən etibarən 307,33 manat müəyyən edilmişdir. Əmək pensiyanız qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq 307,33 manat məbləğində müəyyən edilməklə Mərkəzi Filial tərəfindən müvafiq kart hesabınıza köçürülür. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 4.2-ci bəndinə əsasən yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: sığorta hissəsindən, yığım hissəsindən. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 48 nömrəli misalda qeyd edildiyi kimi yenidən hesablanma zamanı gözlənilən pensiya ödənişinin aylarının sayı müəyyənləşdirilir. Məhkəmə kolelgiyası qeyd edir ki, iddiaçıya 2014-cü ildə yaşa görə əmək pensiyası təyin edilsə də, o, 2019-cu ilin noyabr ayınadək işlədiyinə görə işləməyən əmək pensiyaçısı kateqoriyasına qeyd olunan tarixdə, yəni 5 il 9 ay işlədikdən sonra aid edilməsi, belə olan halda, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 38.3.1-ci maaddəsinin tələblərinə əsasən onun işlədiyi həmin dövrə aid sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilməli və həmin maddədə nəzərdə tutulan müvafiq qaydada (gözlənilən pensiya ödənişi aylarının sayı 101 olmaqla) hesablanmasına dair birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Eyni zamanda cavabdehin nümayəndəsinin məhkəmə iclasındakı izahatında iddiaçının iddia tələbində haqlı olduğunu, iddiaçının əmək pensiyasının cavabdeh tərəfindən yenidən hesablandığını və iddiaçının hazırkı pensiya məbləğinin 352 manat 35 qəpik təşkil etdiyini bildirmişdir. Lakin cavabdeh tərəf bu barədə məhkəmə kollegiyasına rəsmi sənəd təqdim etməmişdir. İddiaçı da öz izahatında cavabdehin hazırkı hesablaması ilə razı olduğunu, lakin pensiyasının yenidən hesablanmasından məlumatı olmadığını bildirmişdir. Mübahisənin aradan qalxmasına dair rəsmi məlumat olmadığından iddia tələbinə münasibətdəməhkəmə kollegiyası Azərbaycan Respublikası İnzlbati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinin tətbiqini məqsədə müvafiq saymamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir və qərarda göstərilmiş nəticələr işin hallarına uyğundur. Apelyasiya şikayətinin dəliləri formal mülahizələrdən ibarət olduğundan, onun təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən və İPM-in 68, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2919/2021 saylı, 29 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Azər Hüseynov Hakim: Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-2569/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2569/2021
22.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver