Məhkəmə qərarları › İş №2-1(103)-257/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-257/2021

16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-257/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının pensiya hüququnun yarandığı xx.xx.2019cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-4880/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi və “iddiaçının pensiya hüququnun yarandığı xx.xx.2019-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 2020-ci il tarixində ərizə ilə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdehin xx xxxxxx 2020-ci il tarixli **********1 saylı cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, heft, qaz kondensatı, kömür və şistin emalı (10) hissəsinin neft, qaz, və qaz kondensatının hasilatı bəndində (10.2) neft, qaz, və qaz kondensatı hasilatı işlərində, quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft vermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan mexaniklər, böyük mexaniklər” vəzifələri nəzərdə tutulmuşdur. “X5” şirkətinin iddiaçıya dair xx.xx.2020 tarixli, 9 nömrəli arayışında xx.xx.2005 - xx.xx.2007 tarixləri arasındakı dövr ərzində həmin müəssisədə mexanik vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin, həmin arayışda iddiaçının işlədiyi vəzifənin siyahıda olub-olmaması barədə məlumat qeyd edilməmişdir. Halbuki, iddiaçının “X5” şirkəti tərəfindən verilmiş xx.xx.2020 tarixli, 9 nömrəli arayışında xx.xx.2005-xx.xx.2007 tarixləri arasındakı dövr ərzində həmin müəssisədə mexanik vəzifəsində işlədiyi qeyd olunmuşdur. xx.xx.2007 tarixindən xx.xx.2019 tarixinədək həmin təşkilatda yeraltı təmir ustası vəzifəsində fasiləsiz çalışmışdır. Bu illər üzrə zərərli sahə üzrə iş stajı 12 il 5 ay 09 gün təşkil edir. “SOCAR” tərəfindən verilmiş xx xxxxxxx 2019 tarixli arayışda, xx.xx.2005-xx.xx.2005 tarixinədək “Binəqədineft” NQÇİ-də NHK və VSda nasos qurğularının 5-ci dərəcəli maşinisti vəzifəsində çalışmışdır. Ümumilikdə 12 il 6 aydan çox zərərli işlərdə çalışmışdır. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçı qeyd edilən tələblə İdarəyə müraciət etdikdə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən onun fərdi sığorta hissəsində öz əksini tapmamışdır. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş “X6” tərəfindən tərtib edilmiş 9 saylı arayışda iddiaçının işlədiyi peşələr qeyd edilsə də, onun xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək mexanik vəzifəsində işlədiyi qeyd edilsə də həmin vəzifənin ona güzəştli pensiya hüququ verən peşə olması qeyd edilməmişdir. Məhz bu səbəbdən iddiaçının güzəştli pensiya hüququ verən peşələrdə işlədiyi müddət qanunvericiliklə nəzərdə tutulmuş 12 il 6 ay müddətindən azdır. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-4880/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı pensiya hüququnun yarandığı xx xxxxxxx 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddiasında göstərdiyi xüsusatları təsdiq etmək məqsədi ilə əmək kitabçasını və iş yerlərindən arayışları təqdim etmişdir. İddiaçı qeyd edilən tələblə İdarəyə müraciət etdikdə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən onun fərdi sığorta hissəsində öz əksini tapmamışdır. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş “X6” tərəfindən tərtib edilmiş 9 saylı arayışda iddiaçının işlədiyi peşələr qeyd edilsə də, onun xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək mexanik vəzifəsində işlədiyini qeyd edilsə də, həmin vəzifənin ona güzəştli pensiya hüququ verən peşə olması qeyd edilməmişdir. Məhz bu səbəbdən iddiaçın güzəştli pensiya hüququ verən peşələrdə işlədiyi müddət qanunvericiliklə nəzərdə tutulmuş 12 il 6 ay müddətindən azdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı kimi qəbul edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarından görünür ki, iddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuş, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci tarixədək hərbi xidmət keçmiş, xx.xx.1979-cu il tarixdən xx.xx.2005-ci il tarixədək “B.Sardarov adına Maşınqayırma Zavodu”nda, xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Binəqədineft ”Neft və Qazçıxarma İdarəsində nasos qurğularının 5-ci dərəcəli maşinisti, xx.xx.2005-ci il tarixdən xx.xx.2005ci il tarixədək “Binəqədineft” NQÇİ-də mexanik, xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixə qədər X6”də mexanik vəzifəsində, xx.xx.2007-ci il tarixdən xx.xx.2019-cu il tarixədək isə quyuların yeraltı və əsaslı təmir sexində yeraltı təmir ustası vəzifəsində çalışmışdır. İddiaçı onun 2019-cu ilin oktyabr ayına 25 ildən artıq ümumi stajı olduğundan, 12 il 6 aydan çox müddətdə xüsusilə zərərli və ağır işlərdə işlədiyindən güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə müraciəti etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı pensiya hüququnun yarandığı 2019-cu ilin oktyabr ayından güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2006-cı il tarixə qədər iddiaçının ümumi iş stajı 25 ildən artıq olsa da, 12 il 6 ay güzəştli iş stajı mövcud olmamışdır. Belə ki, iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən peşədə xx.xx.2005-ci ildən xx.xx.2005-ci il tarixədək mexanik, xx.xx.2007-ci il tarixdən xx.xx.2019-cu il tarixədək yeraltı təmir ustası işləməklə 12 il 7 ay 15 gün güzəştli stajını toplamışdır. İddiaçı pensiya hüququnun yarandığı xx.xx.2019-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. xx.xx.2017-ci il tarixindən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt vacibdir: 1) qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) ümumi və xüsusi iş stajının olması; 3) fərdi hesabın sığorta hissəsindən qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.2019-ci il tarixə 25 ildən artıq (41 il 08 ay 10 gün) ümumi iş stajının mövcud olması ona məxsus əmək kitabçası, həmçinin arxiv arayışı ilə öz təsdiqini tapır və həmin iş dövrləri cavabdeh tərəfindən mübahisələndirilmir. Başqa sözlə iddiaçının əmək kitabçası və arxiv arayışı ilə təsdiqini tapan ümumi iş stajı 25 ildən artıqdır və bu hal tərəflər arasında mübahisələndirilmir. Cavabdehin iddiaçıya xx.xx.2019-cu il tarixdən pensiya təyin edilməsindən imtinasının və apellyasiya şikayətinin dəlillərinin əsasında iddiaçının həmin tarixinə güzəştli stajın 12 il 6 aydan az olması durur. Kollegiya qeyd edir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” bölməsinin 10.2-ci yəni, “Neft, qaz və qaz kondensatının hasilatı” yarım bölməsində qeyd edilən “nasos qurğularının maşinisti”, “neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan mexaniklər, böyük mexaniklər”, “neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulla hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar, böyük ustalar” vəzifələrinə uyğun hesab edilmişdir. Cavabdehin “X6” tərəfindən tərtib edilmiş 9 saylı arayışda iddiaçının xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək mexanik vəzifəsində işlədiyi qeyd edilsə də, həmin vəzifənin ona güzəştli pensiya hüququ verən peşə olmasının qeyd edilməməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd edir ki, bununla əlaqədar “X5” şirkətinə sorğu ünvanlanmış, sorğuya cavabda qeyd edilmişdir ki, “X5” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən İddiaçı verilmiş 9 saylı, xx.xx.2020-ci il tarixli arayışda qeyd olunan mexanik və yeraltı təmir ustası vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarının 1 №-li əlavəsində 1100000b- 23485 və 1100000b-23187 saylı kodlarla, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 10.2-ci bəndinin b) yarımbəndində göstərilmişdir. Məhkəmə kollegiyası iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına İddiaçı fərdi uçot kartasına əsasən xx.xx.2006-cı il tarixdən yığılmış sığorta kapitalı və sığorta stajı barədə sorğu ünvanlanmış, sorğuya cavabda iddiaçının xx.xx.2006-cı ildən sonrakı dövr üçün əmək stajına uyğun hesablanmış pensiya kapitalının 11856,08 manat və sosial sığorta stajının isə 7 il 2 ay təşkil etdiyi qeyd olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə uyğun olaraq iddiaçının 2006-cı il yanvarın 1-dək qazanmış olduğu pensiya hüququ (mübahisələndirilməyən iş illəri və hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla ümumilikdə 27 il 11 ay stajı) pensiya kapitalına çevrilməklə onun fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınmalı olan pensiya kapitalının (8542,5 manat) “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən 2019-cu il 1 yanvar tarixədək indeksləşdirilməsi ilə yaranan məbləğ (11856,08 manat) və “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinin (iddiaçının qanunla tələb olunan yaş həddinə çatdığı xx.xx.2019-cu il tarixdə qüvvədə olan redaksiyada) əmək pensiyasının minimum məbləği (110 manat) nəzərə alındıqda, iddiaçının əmək pensiyasının məbləği 141.47 manat (20398,58/144=141.47), yəni qanunla müəyyən edilmiş əmək pensiyasının minimum məbləğindən az olmayan miqdar təşkil edir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilmiş şərt iddiaçı tərəfindən ödənilmişdir. Cavabdehin digər, xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən onun fərdi sığorta hissəsində öz əksini tapmaması ilə bağlı dəlili ilə bağlı qeyd olunur ki, qeyd olunan hal xx.xx.2019-cu il tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina üçün əsas deyildir. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən onun hüququnun yarandığı 63.6 yaşdan (xx.xx.2019-cu il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-4880/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar