Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-257/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); X2 və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1953-cü il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “evin tam bərpa edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(112)-4079/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 03.02.2021-ci il tarixində cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, xüsusi ilə başçının müavini Etibar Əhmədovun və 66 saylı MİS-in rəisi Füzulinin ona, ailəsinə və mülkiyyətinə edilən təhdidlərinin qarşısını almaq üçün qərar çıxarılmasını, onun mülkiyyətinə dəyən zərərin Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Əhmədov Etibar və 66 saylı MİS-in rəisi Fizulinin şəxsi vəsaitləri hesabına bərpa etmələri üçün qərar çıxarılmasını, söküntü zamanı 66 saylı MİS-in rəisi Fizulinin anası Nəsirova Rubabə və 6 yaşlı qız uşağı İsmayılova Ruqiyyənin qətlinə təşəbbüsünə hüquqi qiymət verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus ünvan 3 ünvanında yerləşən mülkiyyətində olan, şəxsi evinə 01.02.2020-ci il tarixində Xətai rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən basqın təşkil edilmişdir. Evinin hasarını, yardımçı tikilini, ikinci mərtəbənin bir hissəsini, mansard və birinci mərtəbənin iki divarını uçurtmuşlar. Evin ikinci mərtəbəsinin qapısını sındırıb, evə girən 66 saylı MİS-in rəisi evin əşyalarını küçəyə atmış, 1200 AZN pulu və 12 qram 583 əyyarlı qızıl boyunbağını oğurlamışdır. Qaz, işıq, su xətlərini kəsmişlər, qaz və işıq sayğacını oğurlamışlar. Ən dəhşətlisi isə odur ki, bu hadisələr evdə olan kiçik yaşlı qız uşağının və anasının gözü qarşısında baş vermiş, onların evdən çıxmasına imkan verməmişlər. Bu hadisəyə dözə bilməyən qonşular cavabdehin əməkdaşlarının qeyri-insani hərəkətlərinə dözə bilməyib, onları hadisə yerindən uzaqlaşdırmışlar. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ünvan 4 ünvanında yerləşən xüsusi mülkiyyətində olan talan və viran edilmiş şəxsi evinin tam bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(112)-4079/2021 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(112)-4079/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. İddiaçı tərəfindən 29.10.2021-ci il tarixində apellyasiya şikayətinə əlavə məhkəməyə daxil olmuşdur. İddiaçı tərəfindən 16.11.2021-ci il tarixində məhkəməyə daxil olmuş vəsatətə əsasən real vəziyyətin hansı şəraitdə olmasının müəyyən edilməsi məqsədi ilə hadisələrin baş verdiyi əraziyə baxış keçirilməsi, şahidlərin məhkəmədə dindirilməsi, iş üzrə müvafiq qiymətləndirmələrin və ekspertizaların keçirilməsi barədə qərardadlar çıxarılmasını, iş üzrə Azərbaycan Respublikası CM-in korrupsiya və korrupsiya motivi üzərində törədilən cinayətləri nəzərdə tutulmuş çoxsaylı maddələrlə müvafiq cinayət işinin başlanması və istintaq edilməsi və s. məqsədi ilə xüsusi qərardad çıxararaq Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi xahiş olunmuşdur. 29.11.2021-ci il tarixində məhkəməyə daxil olmuş vəsatətə əsasən Xətai RİH-in uydurma razılaşma aktının ləğv edilməsi xahişi ilə Bakı İnzibati Məhkəməsinə təqdim etdiyi iddia ərizəsinin nəzərə alınmasını, Bakı ŞİH-in 10.06.2003-cü il tarixli, 225 saylı sərəncamının ləğv edilməsi xahişi ilə Bakı İnzibati Məhkəməsinə təqdim etdiyi iddia ərizəsinin nəzərə alınmasını, Bakı Apellyasiya Məhkəməsinin 07.08.2018-ci il tarixli, 2- 1(103)-1440/2018 №li iş üzrə qəbul edilmiş qərarına hörmətlə yanaşılması xahiş olunmuşdur. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə də təqdim edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(112)-4079/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 15.03.2019-cu il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 312.9 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. - İşdə olan sənədlərdən görünür ki, ərazidə aparılan yenidənqurma və abadlıq işləri ilə əlaqədar Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən bir sıra yaşayış və qeyri-yaşayış sahəsinin sökülməsinə zərurət yaranmışdır. Bu və yaxın ərazidə aparılmış sorğulara əsasən Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli Fərmanına əsasən sökülən tikilinin yaşayış sahəsinin 1 kv.m-üçün 20 % əlavə hesablanmaqla birlikdə tikilinin yaşayış sahəsinin 1 kv.m-nin alğı-satqı orta bazar qiyməti 1000 (bir min) manat, həyət tikilisi sahəsinin 1 kv.m-nin alğı-satqı orta bazar qiyməti 300 (üç yüz) manat, qazanxana sahəsinin 1 kv.m-nin alğı-satqı orta bazar qiyməti 200 (iki yüz) manat, mansard sahəsinin 1 kv.m-nin alğı-satqı orta bazar qiyməti 500 (beş yüz) manat, talvar sahəsinin 1 kv.m-nin alğı-satqı orta bazar qiyməti 100 (bir yüz) manat, torpaq sahəsinin 1 sotunun alğı-satqı orta bazar qiyməti 15000 (on beş min) manat müəyyənləşdirilərək, İddiaçı, ünvan 5 ünvanında yerləşən və İddiaçı mülkiyyətində olan 618.0 kv.m tikilisi və 2.5 sot torpaq sahəsi üçün cəmi alacağı təzminat məbləği – 278530 manat təklif edilmişdir. Həmin pul vəsaiti cavabdeh tərəfindən "xxxx" ASC-nin Xətai Filialında olan bank hesabına köçürülmüşdür. Ödəniş tapşırığında, ödənişin təyinatı – “Ağ şəhər” layihəsi çərçivəsində əhalinin köçürülməsi göstərilmişdir. 16.02.2021-ci il tarixli kassa məxaric orderinə əsasən İddiaçı 278530.00 AZN məbləğində vəsaiti təhvil almışdır. - cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 544 nömrəli, 03.06.2021-ci il tarixli məktubun surətindən görünür ki, Bakı Ağ Şəhər Layihəsi ilə əlaqədar BŞİH-ti Başçısının 225 saylı, 10.06.2013-cü il tarixli sərəncamı ilə Bakı şəhərində sosial infrastrukturun daha da, inkişaf etdirilməsi üçün bir çox küçə və prospektləri birləşdirən yolun yaxınlığında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Göstərilən sərəncamın icrası ilə əlaqədar köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai rayon İcra Hakimiyyəti Başçısının 22.05.2017-ci il tarixli, 157 saylı Sərəncamı ilə təsdiq olunmuş komissiya yaradılmışdır. Sözügedən sərəncamın icrasının təmin edilməsi istiqamətində 17.02.2017-ci il tarixdə, 52/1 saylı məktubla Rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" Qiymətləndirmə (Əmlak Qiymətləndirilməsi) Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət olunmuşdur. "xxxx" Qiymətləndirmə MMC-nin 53/M saylı, 24 fevral 2017-ci il tarixli cavabında qeyd olunmuşdur ki, Xətai rayon Turşu küçəsi üzrə yaşayış evlərinin yaşayış sahəsinin bir kv.m üçün 1000 manat, yaşayış evlərinin köməkçi sahəsinin 1 kv.m üçün 750.0 manat, əlavə tikililərin 1 kv.m üçün 50.0-350 manat ödənilmişdir. İddiaçı yuxarıda qeyd olunan şərtlər əsasında komissiyaya dəvət olunmuş və fərdi yaşayış evi 278.530 (iki yüz yetmiş səkkiz min beş yüz otuz) manat dəyərində qiymətləndirilərək pul vəsaiti X5 filialına köçürülmüş və həmin vəsaiti müvafiq sənədlərə imza ataraq qəbul etmişdir. - Bakı Apellyasiya Məhkəməsi tərəfindən Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə “İşin obyektiv və hərtərəfli araşdırılması məqsədilə İddiaçı hansı mənzillə və ya evlə bağlı hansı tarixdə, hansı məbləğdə kompensasiyanın verilib-verilməməsi, verilmişsə verilməsini təsdiq edən sənədlərin surətlərinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi” məzmununda sorğu ünvanlanmış, sorğuya verilmiş 16.02.2022-ci il tarixli, 171 №li cavab məktubuna əsasən qeyd edilmişdir ki, Bakı Ağ Şəhər layihəsi ilə əlaqədar BŞİH-ti Başçısının 225 saylı, 10.06.2013-cü il tarixli sərəncamı ilə Bakı şəhərində sosial infrastrukturunun daha da inkişaf etdirilməsi, Milli parkın genişləndirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması, ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə əlaqədar paytaxtda aparılan abadlıq və yenidənqurma işlərinin tərkib hissəsi olaraq Xətai rayonunda da yolların, kommunikasiya xəttlərinin və digər infrastrukturun yaxşılaşdırılması üçün Bakı şəhəri, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Y.Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Babək prospektini birləşdirən yolun yaxınlığında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Göstərilən Sərəncamın icrası ilə əlaqədar olaraq köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai Rayon İcra Hakimiyyəti Başçısının 22.05.2017-ci il tarixli, 157 saylı Sərəncamı ilə təsdiq olunmuş komissiya yaradılmışdır. Sözü gedən Sərəncamın icrasının təmin edilməsi istiqamətində 17.02.2017-ci il tarixində 52/1 saylı məktubla Rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" Qiymətləndirilmə (Əmlak Qiymətləndirilməsi) Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət olunmuşdur. "xxxx" qiymətləndirmə MMC-nin 53/M saylı, 24 fevral 2017-ci il tarixli cavabında qeyd olunmuşdur ki, Xətai rayon Turşu küçəsi üzrə yaşayış evlərinin və həyət tikililəri üçün Azərbaycan Respublikasının “X1 üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun (20 aprel 2010) müvafiq bəndlərini (maddə 32; maddə 56; maddə 58; maddə 59; maddə 66) nəzərə alınmaqla hesablanmış bazar qiymətinə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 saylı Fərmanın 2.3-cü bəndinə əsasən 20% əlavə haqq ödənilmək şərti ilə orta qiymətlər aşağıdakı kimi müəyyən olunsun. Yaşayış evlərinin yaşayış sahəsinin 1 kv.m üçün 1000 manat, yaşayış evlərinin köməkçi sahəsinin 1 kv.m üçün 750,0 manat, həyətdə əlavə tikililərin 1 kv.m üçün 50,0- 350 manat. Vət.İddiaçı yuxarıda qeyd edilən şərtlər əsasında komissiyaya dəvət olunmuş və onun fərdi yaşayış evi 278.530 (iki yüz yetmiş səkkiz min beş yüz otuz) manat dəyərində qiymətləndirilərək pul vəsaiti X5 filialına köçürülmüş və İddiaçı həmin vəsaiti müvafiq sənədlərə imza ataraq qəbul etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 71.3-cü maddəsinə əsasən inzibati aktın icrasının nəticələrini aradan qaldırmaq mümkün olmadıqda, məhkəmə inzibati orqan tərəfindən kompensasiyanın ödənilməsi barədə qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən müəyyən edilir ki, ünvan 5 ünvanında yerləşən, iddiaçının mülkiyyətində olan ümumi sahəsi 618.0 kv.m olan tikili və 2.5 sot torpaq sahəsi Bakı Beynəlxalq Dəniz Vağzalından Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsinə kimi olan ərazidə salınmış yeni bulvar və avtomobil yolunun tikintisi layihəsinin altına düşmüş, əmlakın sökülməsi ilə əlaqədar tikililərin texniki vəziyyətindən və iş həcmindən asılı olaraq iddiaçının evi qiymətləndirilmişdir. Qiymətləndirmə nəticəsində 618.0 kv.m olan tikili və 2.5 sot torpaq sahəsinin real bazar dəyəri 278.530 manat müəyyənləşdirilərək, iddiaçıya təklif olunmuş, iddiaçı sözügedən kompensasiya məbləği ilə razılaşmış və həmin kompensasiya məbləğini "xxxx" ASCnin Xətai filialından almışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya kompensasiyasının ödənilməsi iddiaçının özünün etirafı və işdə olan sənədlərlə öz təsdiqini tapdığından, hazırkı iş üzrə iddiaçının mövcud tələbi olan evin bərpa olunması əsassızdır və birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq rədd edilmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili olan cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında iştirak etməməsi ilə bağlı qeyd edir ki, iş materiallarına əsasən müəyyən edilir ki, 06.04.2021-ci il tarixdə cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iştirak etmiş, izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Həmçinin cavabdeh digər məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırılmışdır. İddiaçının apellyasiya şikayətinin digər dəlili olan ona iş materialları ilə tanış olmasına şərait yaradılmaması ilə əlaqədar qeyd edilməlidir ki, məhkəmə iclas protokollarından, həmçinin iş materiallarından iddiaçının bu məzmunda hər hansı müraciətinin, vəsatətinin, ərizəsinin olması müəyyən edilmir. Eyni zamanda iddiaçının 28 səhifədən ibarət apellyasiya şikayətinin böyük hissəsi Bakı şəhəri Xətai rayon İcra Başçısı, onun müavinləri, İcra Hakimiyyətinin əməkdaşları, birinci instansiya məhkəməsinin hakimi barədə fikirlərindən ibarət olduğundan, məhkəmə kollegiyası apellyasiya şikayətinin bu hissələrinə münasibət bildirməyə lüzum görmür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(112)-4079/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(112)-4079/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-257/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-257/2022
15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver